Bahar ruhlu şəxsiyyət - Şıxəli
Qurbanov
Əbədi
gedişindən 60 ilə yaxın bir müddət keçməsinə
baxmayaraq, Şıxəli Qurbanov deyəndə bu gün də
hər kəsin (hətta yeni nəsil ortastatistik azərbaycanlının
belə) yadına ilk növbədə Novruz bayramı, "Sənsiz"
dramı və onun müəllifinin müəmmalı
ölümü düşür...
Şıxəli
Qurbanovun adını ilk dəfə nə vaxt eşitmişəm?
Məktəbə gedən gündən. 10 il təhsil
aldığım 18 nömrəli məktəb bu şəxsiyyətin
adı verilən küçədə yerləşirdi. Şəhərin
mərkəzi... Get-gəlin üstü. Sağda "Azad
qadın", solda Akademik Dram Teatrı. Öndə isə
yazıçının böyüyüb boya-başa
çatdığı məhəllə.
Hər
şey nəzərə alınıb,
düşünülüb...
Şıxəli
Qurban oğlu Qurbanov 1925-ci il avqustun 16-da Bakıda fəhlə
ailəsində anadan olmuşdu. Əsli-nəsli Bakının
Novxanı-Kürdəxanı kəndlərindən idi.
Yazıçı özü tərcümeyi-halında
yazıb: "15 yaşına çatan kimi işləməyə
getdim. Bacarırdım da. Harda mümkün oldu, işləyirdim".
Orta məktəbi
bitirəndən sonra yaşı çatmasa da, xeyli canatmadan,
hərbi komissarlığa get-gəldən sonra, nəhayət,
cəbhə xəttinə düşə bilir. Halbuki boyu o
vaxtlar elə tüfənglə bir imiş. Cəbhə xatirələrini,
orada qəhrəmanlıq arzusu ilə yaşadığı kədərli
və məzəli macəraları "Həyatımdan səhifələr"
adı ilə qələmə almışdı.
Müharibədən
döndükdən sonra o vaxtın "Lenin adına
APİ"də təhsilini davam etdirir, daha sonra aspiranturaya
daxil olub "Puşkin və Azərbaycan poeziyası"
mövzusunda namizədlik dissertasiyası müdafiə edir. S.Ə.Şirvanidən
başlayaraq, Puşkin haqqında söz deyən, onu dilimizdə
danışdıran ziyalılarımızın - Firudin bəy
Köçərlinin, Rəşid bəy Əfəndiyevin,
Abbas Səhhətin, Səməd Vurğunun
yaradıcılığını bu istiqamətdə
geniş araşdırmış, nümunələrlə,
müqayisələrlə zəngin bir tədqiqat işi ortaya
qoymuşdu. A.Səhhətin çevirmələrinə
xüsusilə diqqət çəkmiş, "Qafqaz"
şeirinin azərbaycancasını müdhiş bir tərcümə
hesab etmişdi. Doktorluq dissertasiyasını "XIX əsrdə
Azərbaycan-rus ədəbi əlaqələrinin inkişaf mərhələləri"
mövzusunda yazaraq müdafiə etmişdi.
Ş.Qurbanovun
ədəbi irsi geniş spektrli, çoxşaxəlidir. Silsilə
hekayələr, publisistik məqalələr, gözəl
şeirlər müəllifidir. Şeirlərini müxtəlif
imzalarla yazıb: Şıxəli Qurbanzadə, Şıxəli
Sadiq...
Yaradıcılıqda
satiraya böyük önəm verir, ondan bir silah kimi istifadə
edirdi. Gülüşlə islahın yolunu tutmuşdu.
Çünki onun gücünə inanırdı. Əsərlərində
sovet quruluşunun əsas hədəfləri - karyeristlik, məmur
özbaşınalığı, süründürməçilik,
rüşvətxorluq tənqid olunurdu. "Telefon zəngi"
adlı satirik şeiri və "Telefon zəngləri"
adında ilk hekayəsi üslub fərqliliyi ilə
seçilir. "Telefon zəngləri" 1963-cü ildə
"Kirpi" satirik-karikatura jurnalında çap olunmuşdu.
60-cı illərin telefonsuzluğu bu gün təbəssüm
doğursa da, telefon şəraitsizliyi zamanında çox
problemlər yaradırdı.
Satira tək
cəmiyyətin deyil, məişətin də eybəcərliklərini
ifşa edirdi:
Allah
heç kəsə göstərməsin
Xəsis
evində qonaq olmağı.
Belə
hallarda
İsməti
olanlar həyadan yeyir,
Həyasız
mayadan yeyir.
Xəsis
xəsisə rast gələndə
Elə
bil daş qayaya rast gəlir.
Ş.Qurbanov
həm də gözəl lirik şeirlər müəllifidir.
Şövkət Ələkbərovanın oxuduğu məşhur
mahnının sözləri onundur:
Uca
dağlar qatar-qatar
Dörd
dövrənə çəkib hasar.
Nə gəzməli
oylağın var...
Addım-addım,
qədəm-qədəm
Dağlarını
çox gəzmişəm...
Dayanıb
bir dağ təki
Dağlar
qoynunda Şəki!
Ş.Qurbanov
7 pyes, libretto yazmışdı. Ən məşhur pyesi
"Milyonçunun dilənçi oğlu"dur. Əsəri
səhnə üçün Şəmsi Bədəlbəyli
hazırlamışdı. 1967-ci ildə Üzeyir Hacıbəyov
adına Mükafata layiq görülən bu tamaşa
(Ş.Qurbanov bu mükafatı ilk alanlardan idi) 2008-ci ildə,
uzun illər onun öz adını daşımış
Musiqili Komediya Teatrında yenidən səhnəyə
qoyulmuşdu. Zamanında onun pyeslərinə görkəmli
rejissorlar səhnə ömrü veriblər, zamanla da bu
ömür uzadılıb. Sonradan Azərbaycan teatrının
parlaq ulduzlarına çevrilən aktyor və aktrisalar
Ş.Qurbanovun əsərlərində püxtələşiblər.
"Rəis məşğuldur", "Əcəb işə
düşdük", "Özümüz bilərik",
"Olmadı elə, oldu belə", "Sevindik qız
axtarır" pyesləri belə əsərlərdəndir.
Daim fəal
milli mövqe nümayiş etdirməsi ilə seçilən
Ş.Qurbanov birinci dəfə vəzifəsindən elə
milliliyinə, vətənpərvərliyinə və cəsarətinə
görə uzaqlaşdırılmışdı. "Azərbaycan
Kommunist Partiyasının Tarixi" kitabında
Şaumyanın adının 140, N.Nərimanovun isə 400 dəfə
çəkilməsi kimi gülünc ittihama görə ermənilərin
havadarı olan Sov.İKP funksionerlərinin qəzəbinə
tuş gəlmişdi. Azərbaycan MK-da şöbə
müdiri işləyən Ş.Qurbanov bu iddiaya belə məntiqli
cavab vermişdi: "Biz Azərbaycan tarixini hər halda sizlərə
nisbətən daha yaxşı bilirik. İcazə verin biz
öz təşkilatımızın tarixini özümüz
və bildiyimiz kimi yazaq".
Onun son
"nəğmə"si "Sənsiz" dramı olub
.Lakin premyeraqabağı, "pərdələr
açılmaq ərəfəsində" anlaşılmaz
faciə baş verir: Şıxəli Qurbanovun fiziki
ömrü qəfil bitir...
Kimin
sözüdür, unutmuşam: "Pərdələr qalxar, pərdələr
enər, Əzrayıla "xoş gəldin" demək də
bir hünər..."
"Sənsiz"
əsəri Stalin repressiyalarına - onun əzmək, zülm
etmək, susdurmaq metodlarının faciəvi nəticələrinə
həsr edilib. Qeyd etmək lazımdır ki, "Sənsiz"
bu mövzu ilə səhnəyə çıxan ilk əsər
idi. Kameral səhnə üçün yazılmış bu
dram həssas mövzusu, ağrılı süjeti ilə
yanaşı, dar məkan, az personaj, dərin psixoloji
dialoqları ilə bütöv bir səhnə hadisəsi idi.
Tamaşanın anonsu getmişdi, ədəbi ictimaiyyət,
teatr cameəsi, teatrallar möhtəşəm bir premyeraya
hazırlaşırdı. Əsərin adı mistik məna kəsb
edərək tamaşaçını elə Onsuz -
Şıxəlisiz qoyur. "Sənsiz"in premyerası
1967-ci il iyunun 2-də, müəllifin vəfatından 1 həftə
sonra Akademik Dram Teatrında baş tutur. Müəllifin
dünyadan qəfil, gözlənilməz gedişi
premyeranın möhtəşəmliyinə bir nisgil,
ağır kədər qatmışdı. Tamaşadan sonra
bütün zal, truppa mərhum dramaturqu yarım saat göz
yaşları içərisində ayaq üstdə
alqışladı. Teatrımız bu faciəni böyük Cəfər
Cabbarlıdan sonra ikinci dəfə yaşayırdı...
Ş.Qurbanov
"Bahar adam", "Bahar oğlu" idi. Öz sevimli
baharına "Sənsiz"də də yer vermişdi. Tərlanın
monoloqunda baharı həm də nicat, ümid kimi dinləyirik:
"Yenə də bahar gəlir. Ömrümün qırx
beşinci baharı. Bahar! Mən sənin
gülüşünü gülər üzlə
qarşılamalıyam. Həyatımın ən çətin
çağlarında belə! Sənin necə də
yumşaq, ilıq nəfəsin var. Ucsuz-bucaqsız
çölləri, meşələri ağ qar
örtüyü bürüyəndə, şaxta iliklərimə
işləyəndə mən səni gözləmişəm,
sənin gəlişinə inamımı itirməmişəm".
1967-ci ilə
qədər "Novruz" sanki qorxulu bir söz kimi yasaq
olunmuşdu. Halbuki hamı evində Novruzu bütün
ritualları ilə bayram edirdi. Lakin "yeni gün"ün
süfrə başından qalxıb küçələrə,
meydanlara, xalq içinə ayaq açması məhz
Şıxəli Qurbanovun adı (və canı ilə)
bağlıdır...
Mərkəzi
Komitənin katibi, Ali Sovetin neçə
çağırış deputatı kimi nüfuzundan istifadə
edən Ş.Qurbanov uzunmüddətli fasilədən sonra
1967-ci ildə ilk dəfə Azərbaycanda Novruz
bayramının təntənə ilə keçirilməsinə
müvəffəq oldu. Özü də yüksək səviyyədə.
İlk təcrübə olmasına rəğmən. Bəzi
cılız güzəştlərə də getdi. Məsələn,
yadelli element olan Qarqıza bənzər "Bahar qız"
obrazının pərçim edilməsi tələbinə də
dözdü. Novruzun adını özünə, bayramı
xalqa qaytardı.
Bu bayram təntənəsindən
sonra Ş.Qurbanov Moskvaya Novruzun dini deyil, milli bayram olduğunu
sübuta yetirən 22 səhifədən ibarət izahat
yazmış və buna Kremlin ideoloji katibi Suslovu inandıra
bilmişdi. Sonra da arxayınlıqla demişdi: "Novruz
pasport aldı". Bu gün Şıxəlinin ruhu
şaddır, onun sevimli Novruzunun "pasport"u YUNESKO-nun
qeyri-maddi irs siyahısında qeydiyyatdan keçib.
Şıxəlinin
özü də, ömrü də elə Novruz bayramı,
onun atributları ilə assosiasiya olunur, özünü
yandırıb ətrafı nura qərq edən şam ilə.
O bu bayramdan sonra cəmi 2 ay yaşadı...
Azərbaycan
Jurnalistlər İttifaqının da yaradıcısı məhz
Ş.Qurbanov olub. Onun xalq qarşısında mənəvi xidmətlərindən
biri də, böyük maarifçi və pedaqoq Həsən bəy
Zərdabinin nəşinin qalıqlarının tapılıb
Fəxri xiyabanda torpağa tapşırılmasına nail
olmasıdır.
Rəsmi
vəzifələrinə rəğmən, Ş.Qurbanov birinci
növbədə yazıçı idi... Sosializm
ideologiyası dövründə tərbiyə alıb yüksəlsə
də, onda partiya nomenklaturasına xas quruluqdan əsər-əlamət
yox idi.
Şıxəli
Qurbanovun yaradıcılığı haqqında görkəmli
ədəbiyyatşünaslar dəyərli sözlər deyiblər.
İosif Braqinski, Abbas Zamanov, Bəkir Nəbiyev, Yaşar
Qarayev və başqaları onun
yaradıcılığını yüksək qiymətləndiriblər.
Akademik
Azad Mirzəcanzadə deyirdi: "Vətənpərvər
olmağı mən Ş.Qurbanovdan öyrənmişəm. O,
ölümündən sonra da simasını itirməyən
bir insan idi".
Bəstəkar
Tofiq Quliyev xatirələrində yazırdı: "Onun cəsarəti
və xeyirxahlığı sərhəd
tanımırdı".
Müdriklərdən
kimsə deyib ki, ölüm son məntəqə deyil, sadəcə
bir otaqdan digərinə keçiddir. AMEA-nın müxbir
üzvü Əziz Mirəhmədov yazırdı: "Dostum
Şıxəli Qurbanovu nisgilli-nisgilli yada salıb haqqında
yazmaq istəyəndə elə bil kimsə təkidlə mənə
gözləmədiyim bir sual verdi: Həyatdan çox tez
getmiş o mərhum, fikrinizcə, necə adam idi - xoşbəxt,
ya bədbəxt?" Bu sətirləri oxuyanda diksindim... Bu, mənim
sualım idi. O "kimsə" də yəqin ki, özüm
olmuşam... Yaxın, ya uzaq, rəhmətə gedən olanda həmişə
mərhumu, onun necə bir ömür yaşamasını
düşünürəm. Əgər tərəzinin
"xoşbəxt" gözü ağır gəlirsə,
bunu rəhmətliyin ruhuna, yaxınlarına bir təsəlli
hesab edirəm. Burada isə təsəlli tək evə deyil,
elədir. Şıxəli Qurbanov parlaq bir ömür
yaşamışdır. Onun həyatı - Azərbaycan ədəbiyyatı,
elmi, mədəniyyəti tarixində öz izini qoyan, milli
şüurun oyanmasında müstəsna rol oynayan, ziya yayan,
azərbaycançılıq ideyaları ilə
alışıb-yanan, özünü xalq üçün
Novruz şamları kimi əridən bir insanın, vətəndaşın,
alimin, liderin nümunə ömrüdür. O, bu gün də
sıralarımızdadır, bizimlədir. Sanki "harasa
gedib... Bəlkə "Sənsiz" tamaşasına
baxmağa, bəlkə Səməd Vurğunun
yanına"... (Qəşəm Nəcəfzadə)
Ş.Qurbanovun
"Sənsiz"i dövrünün yüksək təltifinə
layiq görüldü.
Fəxri
xiyabanda onun "başının üstündə Səməd
Vurğun dayanıb".
Şıxəli Qurbanovun yaşı yoxdur... Novruz bayramı kimi!
Dilarə
ADİLGİL
525-ci qəzet .- 2025.- 25 oktyabr (¹195).- S.23.