Şakir Paşa ailəsinin
beş möcüzəsi
İnandığı
hər şey üçün möhtəşəm xətalar
edən qadın
Atatürk
Kültür Mərkəzində "Şakir Paşa ailəsinin
beş möcüzəsi" adlı sərgi
açılıb. Sərgidə
ailənin rəssam olan beş fərdinin - Cavad Şakir
Kabaağaçlı, Fahrelnisa Zeid, Aliyə Berger, Füreya
Koral və Nejad Devrimin əsərləri nümayiş
etdirilir. Sərginin kuratorları Siret Uyanık və Ömər
Faruk Şərifoğludur.
Əslində
bu sərginin açılmağı əla oldu.
Çünki ailə "Aşkı Məmnu", "Yarpaq
Dökümü" tərzində çəkilən
"Şakir paşa ailəsi: möcüzələr və
skandallar" adlı teleserialla
son zamanlarda gündəmə düşdülər. Toplumun
yaddaşında "gəlininə göz dikən və
oğlu tərəfindən öldürülən" o məlum
məsələ ilə qaldılar. Nəzərə alaq ki, əhalinin
yarıdan çoxu Osmanlı kimi nəhəng imperatorluğun
tarixini "Möhtəşəm Yüz il" adlı
serialı izləyərək öyrəndiklərinə
inanırlar. Məsələn, sən tarixi fakt qoyursan ortaya,
onlar deyir ki, yanlışdır, serialda belə bir şey
yoxdu. Bu halda Şakir Paşa ailəsi ilə bağlı da
bütün uydurmaları real qəbul edəcəkləri
danılmazdır. Şübhəsiz ki, rəsmə, kitaba
marağı olanlar ailənin yüksək keyfiyyətlərin,
sənətlə iç-içə olan həyatlarına
yaxşı bələddilər. Amma görünən odur ki,
şou həmişəki kimi daha çox maraq doğurdu.
Şakir Paşa ailəsinin serialda bəhs edilən hekayəyə
etiraz etməklərindən və xeyli çək-çevirdən
sonra dayandırıldı.
Bir şəcərənin
xronologiyası
Elə sərginin
girişində göstərilən şəcərənin
xronologiyası ailənin böyüklüyünü, əhəmiyyətini,
mədəni-bədii həyatda tutduğu mühüm yeri
gözlər önünə sərir. Gördüklərimizdən
və oxuduqlarımızdan belə anlayırıq ki, Sultan Əbdülhəmidin
sadrazamlarından Əhməd Cavad Paşanın qardaşı
Şakir Paşa və onun övladları Osmanlı
İmperatorluğu və Cümhuriyyəti əhatə edən
150 illik tarix boyunca siyasi tarixdən daha çox sənət
tarixində ciddi rol oynayıblar.
Ailə
hekayəsinə həsr olunmuş birinci otaqdan sonra ilk olaraq
Şakir Paşanın oğlu, Halikarnas
Balıqçısı kimi tanınan yazıçı Cavad
Şakir Kabaağaçlının rəsmləri ilə
qarşılaşırıq. Yazıçının rəssamlığı
haqqında Bodrumda ziyarət etdiyim ev-muzeyindən azacıq da
olsa məlumatlı idim, amma düzünü desəm, onun bu qədər
mükəmməl rəssam olduğunu və bu əsərlərində
ən müxtəlif tərzlərdən istifadə etdiyini
bilmirdim. Yazıçının orientalist təsiri
daşıyan və "1001Gecə"dən ilham alan rəsm
əsəri məni valeh etdi. Sərgidə ailənin ən
önəmli türk rəssamlarından biri olan Fahrelnisa Zeidin
bir çox əsərləri nümayiş etdirilir. Qeyd edim
ki, Fahrelnisa Şakir Paşanın qızı, Cavad Şakirin
bacısıdır.
Günəşin
doğuşu
Sərginin
digər maraqlı adlarından biri həyatını heyrət
və çaşqınlıq içərisində öyrəndiyim
Şakir Paşanın kiçik qızı Aliyə Bergerdir,
bu mövzuya qayıdacam. Uzaqdan impressionist görünən,
lakin yaxınlaşdıqca təfərrüatları həqiqətən
heyrətləndirən "Günəşin
doğuşu" tablosu mütləq şəkildə
görülməyə dəyər əsərlərindəndir.
Mənə elə gəlir ki, başqa bir tablo olmasaydı, sərgiyə
sırf bu rəsmə baxmaq üçün gedərdim. Bundan
əlavə, burada Aliyə Bergerin oyma və rəsm əsərlərini
də görmək mümkündür.
Sərgidə
ailənin digər rəssamı Fahrelnissa Zeidin oğlu yəni
Şakir paşanın nəvəsi Nejad Melih Devrimin əsərləri
ilə də qarşılaşırıq. Devrim əsərlərində
daha çox mücərrəd kompozisiyalara yer verib.
Gecikən
dəyər
Sərginin
beşinci sənətçisi Türkiyənin keramika
mövzusunda ən görkəmli sənətkarlarından biri
sayılan Füreya Koraldır. Füreyya Şakir
Paşanın qızının qızı, yəni nəvəsidir.
Bilmirəm niyə, amma Füreyanın öz əlinin
fortepiano virtuozunun əllərini xatırladan qəlibi,
keramikadan tikdiyi kiçik evlər məni çox təsirləndirdi.
Əsərlərini görəndə belə qənaətə
gəldim ki, Füreyanın dəyəri
hələ də yetəri qədər qiymətləndirilməyib.
Yüksəlişin
təməli
Daha əvvəl
yazıçı Cevat Şakir Kabaağaçlıdan dəfələrlə
yazmışam. Hətta Bodrumda ziyarət etdiyim evindən, məzarından
da bəhs etmişəm. Amma bu yazıların heç birində
atası və şəxsi həyatı xaric digər ailə
üzvlərindən söhbət açmamışam.
Keçmişi
acı hadisələr və macəralarla dolu olan Şakir
Paşa ailəsi İstanbulun aristokratlarından idilər.
Soyağacları ata tərəfi türk
torpaqlarındandır, ana tərəfi isə Giritdəndir. Dədələri
vaxtilə Afyonkarahisarın Kabaağaç qəsəbəsinə
din xadimi kimi təyin edilir. Ailəni davam etdirən oğul
Mustafa Asım bəy hərbçi kimi təhsil alır. Sonra
polkovnik rütbəsinə qədər yüksəlir və hərbi
şuranın üzvü olur, o dövrdə mühüm vəzifələr
tutur. Lakin vaxtsız ölümü ilə doqquz yaşlı
qızı, beş və yeddi yaşlı oğlanları
İstanbula gətirilir. Cavad və Şakir uşaqlar
üçün pulsuz internat məktəblərinə yerləşdirilir
və burada atalarının peşəsi olan hərbi xidmət
yönündə yetişdirilirlər.
İkisi
də iti zəkaları və təqdirəlayiq
davranışları ilə qərargah zabiti və paşa
rütbəsinə qədər yüksəlirlər. Hər
iki qardaş hərbi karyeraları ilə yanaşı,
tarixçi və sənətçi kimi də ad
çıxarır, siyasi arenadakı rolları və bilikləri
ilə də tanınırlar.
Sultanın
qorxusu, Paşanın sonu
Böyük
qardaş olan Cavad Paşa tezliklə Sultan Abdulhamid səltənətinin
ən gənc baş vəzirlərindən biri olur.
Fotoqrafçılığa xüsusi maraq göstərən
Cavad Paşa bu işin ustasına çevrilmişdi. Hətta
hər markadan ibarət fotoaparatları toplayaraq zəngin
kolleksiya yaratmışdı. Çəkdiyi şəkilləri
evdə yaratdığı qaranlıq otaqda özü
çıxardırdı, o dönəm bu işlər elə
də asan deyildi. Yeri gəlmişkən, qeyd edim ki, həmin
fotoşəkillərdən biri 1901-ci ildə Parisdə
mükafat qazanmışdı.
Təxminən
5000 kitabdan ibarət kitabxanası olan sadrazam Cavad Paşa
Osmanlı hərbi tarixi ilə bağlı da əsərlər
yazmışdı. Cavad Paşanın Sultan Abdulhamidə
qarşı Parisdə mərkəzləşmiş
"Jön Türklər"ə qarşı ilıq
yanaşması, padşahı şübhəyə salır,
hətta bunu özünə təhlükə kimi
görür və onu vəzifədən azad edərək
Şama sürgünə göndərir. Bəlkə də
belə bir şey yox idi, amma beş yüz min kvadratmetrlik Ulduz
Sarayında öldürüləcəyi qorxusu ilə bir yataq
otağı belə olmayan Sultanın bu cür qorxuya
qapılmasını kifayət qədər normal hesab edirəm.
Sürgünə
göndərilən Paşanın səhhəti Şamın
iqlimi ilə uyuşmur və ciddi xəstəliyə tutulur. O
dəcədə ki, İstanbula xərəklə gətirilir
və gənc yaşda ölür. İki dəfə ailə
həyatı qurmağına baxmayaraq, övladı olmayan Cavad
Paşanın adını Şakir Paşa
qardaşının sağlığında dünyaya gələn
ilk övladına verir öz adını da yanına qoyur.
Paşa qardaşının oğlu Cavad Şakir
Kabağaçlını öz balası kimi sevirdi. Hətta
Cavad Şakir atası ilə bəzi davalarında əmisinə
görə onunla pis davrandığını iddia edirdi. Təbii
ki, bunlar mübahisəli məsələlərdir. Eynən
Şakir Paşanın oğlu Cavad Şakir tərəfindən
öldürülməsi kimi.
Şakir
Paşa və ailəsi
Ailənin
ikinci ən məşhur üzvü Şakir Paşa idi. O da
böyük qardaşı Cavad kimi tarixçi idi və gənc
türklərin ideyalarını qəbul etməyə meyilli
idi. Bu səbəbdən o, Hərbi Akademiyada oxuyarkən 17
gün həbsdə qalmışdı. Qardaşı Cavad
Paşa kimi xarici dillər bilirdi. İki dəfə xarici
ölkələrdə səfir kimi Osmanlı
İmperiyasını təmsil etmişdi. Şakir Paşa da
iki dəfə evlənmişdi. Birinci həyat
yoldaşından olan oğlu atasının peşəsini
seçmişdi. İkinci həyat yoldaşı Giritdən gələn
Sare İsmət Xanım olub. Böyük oğlu Cavad
Şakir Kabağaclı bu evlilikdən doğulan oğlu idi.
Şakir Paşanın böyük qızı Hakkıyə
Xanım (keramikçi Füreya Koralın anası) əl
işləri ilə, ikinci qızı Ayşə Xanım isə
pianoçuluğu ilə tanınırdı. Hakkıyə
Xanım Sidedə məskunlaşıb və oradakı
böyük bir malikanəni otelə çevirmişdi. Qədim
Səlcuqlu tikililərindən rəngarəng və oyma taxta
tavanlar, qapılar və digər elementləri toplayıb
onları Side otelinin tavan və qapılarına yığaraq
canlandıran o idi. Ailənin üçüncü
qızı Fahrelnisa Zeyd tanınmış dünya rəssamı
idi.
"Hər
şeyi sevgi və ehtirasla etdim"
Ailənin
son övladı bu yazının mövzusu olan Aliye Bergerdir.
Yuxarıda
da qeyd etdiyim kimi, onun yaşadıqları mənə olduqca
maraqlı gəlmişdi. Bəzi macəraları var, ondan bəhs
edib, indi yazacağım eşq hekayəsini kölgələməyəcəm.
Amma dəlisov eşq məsələlərinə
marağı olanlar Aliyə xanımın həyatını dərindən
araşdıra bilərlər.
Həyat
devizi "Sevgi ilə yaşadım, ölüm belə
içimdəki sevgini öldürə bilmədi. Hər
şeyi şövqlə, ehtirasla, sevgi ilə etdim!" idi.
Aliyə Berger həyatını həqiqətən də bu
cümlədə dediyi kimi yaşamışdı;
coşğulu, təlatümlü, sevgi dolu.
Sevgi, hikkə,
yoxsa xəstəlik?
Ailənin
ən kiçik qızı Aliyə musiqi bilikləri əldə
etmək üçün İstanbulda məskunlaşan
tanınmış macar virtuozu Karl Bergerin yanına göndərilmişdi.
Balaca Aliyə gənc müəllimindən skripka dərsləri
almağa başlayır. Ancaq tezliklə vəziyyət dəyişir
və qızcığaz müəlliminə aşiq olur. Karl
Berger həddən artıq yaraşıqlı adam idi. Daha əvvəl
türk və əcnəbi ailələrin qızları ilə
xeyli eşq macəraları olmuşdu. Aliyənin böyük
bacıları Hakkıyə və Ayşə balaca
bacılarının Karl Bergerə olan münasibətini hiss
edərək ona xəbərdarlıq da etmişdilər. Amma
Aliyə bu xəbərdarlıqlara "Berger mənimlə evlənəcək!"
deyərək cavab vermiş, onları vecinə
almamışdı. Bir müddət sonra İstanbulun müxtəlif
məhəllələrində müxtəlif sevgililəri
olduğu haqda söz-söhbətlər yayılan musiqi müəllimi
get-gedə Aliyədən uzaqlaşır, hətta musiqi
qabiliyyəti olmadığını deyərək dərslərini
dayandırır. Sevgisinin rəddi ilə nəticələnən
bu hadisə Aliyənin hirsinin, əsəbinin pik nöqtəyə
çıxmasına səbəb olur. Hətta iş
Karılın evinə basqın etməyinə, onu ölüm
təhdidi ilə hədələməyə qədər gedib
çıxır. Vəziyyətin içindən
çıxılmaz hal aldığını görən
kaman müəllimi İstanbulu tərk etməyə
hazırlaşır. Hətta qısa zamanda iş yerini
boşaldır. Evinə də gedə bilmir. Üsküdarda
sadəcə gecələr dərs dediyi tələbələrdən
Onnanın evində qalmağa başlayır.
Ailəsinin
xəbərdarlıq və manelərinə baxmayaraq, Aliyə
bu evi tapır və özünə rəqib kimi
gördüyü qızı silahla vurmaq qərarına gəlir.
Bir gecə bacısının həyat yoldaşının
silahını götürür Üsküdar yollarına
düşür. Karl Bergerin qaldığı evə gəlir.
Tophanelioğlu təpəsində otuz dörd nömrəli
evdə yaşayan məşhur erməni ailəsi və əsilzadələrindən
sayılan, Parisdə təhsil almış tanınmış
hüquqşünas Hırant bəyin qapısına
döyür. Qızı Mani beş-altı il idi ki, Karl Bergerdən
dərs alırdı. Bu ailə ilə sıx
bağlılığı olan məşhur macar virtuozu gecə
gec saatlarda buraya gələcəkdi. Ona görə də, Aliyə
bu qapıya gəlmişdi. Qapını qızın
açacağını fikirləşir və açılan
kimi atəş edir. Köməkçi, bəzi mənbələrdə
isə evin xanımını vurduğu deyilir. O anlarda Karl
Berger aşağı mərtəbədən qaçmağa
çalışır.
Nəticədə,
Aliyə otuz beş sutka həbs cəzasına məhkum edilir.
Tibbi rəyə görə, cinayətin qəzəb zəminində
törədildiyi və günahkarın tanınmış ailədən
olduğundan, həmçinin onun belə bir cinayəti təkrar
etməyəcəyi müəyyən olunduğuna görə
cəza müddəti təxirə salınır.
Sonun
başlanğıcının başladığı yer...
İşə
bax ki, bu hadisədən sonra Aliyə Bergerin Karl Bergerlə
münasibəti 23 il davam edir. Onların evliliyi Karl Bergerin
ölümündən altı və ya yeddi ay əvvəl rəsmiləşir.
Karl və Aliye Bergerin simvolik evliliyi 1947-ci ildə Karl Bergerin
ölümü ilə sona çatır. Büyükada
körpüsündən gəmiyə minmək istəyərkən
Karl Bergerin ürəyi dayanır. Bu itki ilə dəli olmaq həddinə
çatan Aliyə Berger ərini atası Şakir
Paşanın yanında, Büyükadadakı müsəlman
qəbiristanlığında dəfn edir. O vaxta qədər
Karl Bergerin İslamı qəbul edib adını dəyişdiyini
bilən yox idi. Bu həqiqət, Aliyə Bergerin Cümhuriyyət
qəzetində yerləşdirdiyi elandan məlum olur. Qəzetin
17 sentyabr 1947-ci il tarixli sayında belə
yazılmışdı: "Ömər Baki-Karl Bergerin vəfatı
şəhərimizin sənət çevrəsində kədərlə
qarşılandı. Ölkəmizin tanınmış skripka
ustası Şakir Paşanın kürəkəni və Aliyə
xanımın həyat yoldaşı Ömər Bakinin (Karl
Berger) cənazəsi günorta
namazının ardından Böyükada məzarlığında
dəfn ediləcək".
Sevgi
insana nələr edər, etdirər....
Aliye
Bergerin gəncliyində skripka çaldığı, lakin
heç vaxt rəsm çəkmədiyini bilməyən
yoxdur. Karl Bergerin ölümündən sonra bacısı
Fahrülnisa onu bu sənətə yönləndirir. O da
içində başa çıxa bilmədiyi ehtiraslı
sevgisini qravüraya həsr edərək şöhrət
qazanır. Özünün dediyinə görə,
uşaqlıq və yeniyetməlik illərində
atasının kitablarını vərəqləyərkən
Çin rəsmlərinə rast gələndə ilk dəfə
rəssamlığa məhəbbət bəsləyib. Ancaq
daha çox maraq böyük qardaşı Cavad
Kabaağaçın İtaliyadan gətirdiyi çılpaq
qadınların tammetrajlı rəsmlərini görəndə
yaranıb. Atası Şakir Paşa bu rəsmlərə o qədər
qəzəblənib ki, onları malikanədən
yığışdırıb. Aliyə Berger uşaqlıq
illərində onlara heyran olmaq üçün
çardağa necə girəcəyini xarakterik şəkildə
təsvir edir. Üçüncü marağı isə
böyük bacısı Fahrülnisa malikanənin
bağçasında rəsm çəkərkən
huşunu itirməsi ilə yaranıb. Bacısı içəriyə
aparılanda Aliyə onun palitrası, fırçaları və
boyaları ilə bağda tək qalır, içindəki rəsm
həvəsini hiss edir.
Amma rəssamlığı Karl Bergerin itkisinə dözə bilmədiyini görən Fahrülnisanın onu Avropaya aparması ilə başlayır. Karl Berger artıq yox idi! Aliye Berger ərinə olan sevgisini əvvəlcə heykəltaraşlığa, sonra isə qravüraya yönəldir. Üç il ona dərs keçən müəllimi Con Baklend Raytın studiyasında işləyir. Bu sənət Karl Bergerə olan sevgisi kimi, onu bütünlüklə əhatə edirdi. Qravüraları Aliyənin daxili dünyasının əksi idi. Onun sənətkarlığı Karl Bergerə duyduğu sevgi ilə dolu idi. Qara və ağa üstünlük verirdi. Sonralar Karlın ağrısını unutmaq üçün bu sənət növünü seçdiyini deyirdi. İlk sərgisini 1951-ci ildə İstanbulda keçirsə də, 1954-cü ildə bu peşədə göstərdiyi səylərə görə mükafatlandırılır. Şəxsi sərgiləri Paris, London və Vyana kimi böyük sənət mərkəzlərində, iştirak etdiyi qrup sərgiləri isə on dörd xarici şəhərdə keçirilib. Rəssamın dörd əsəri İstanbul Şəkil və Heykəl Muzeyində, üçü isə Albertina Muzeyində nümayiş etdirilir. Aliye Berger oymağa gec başlamışdı, lakin qısa müddət ərzində rekord sayda əsər yaratmışdı. Karl Berger onun nə bu sənətin zirvəsinə çatmasının, nə də həyatını həsr etdiyi sevginin şahidi oldu. 1974-cü ildə onun da ürəyi dayandı. Ərinin yanında dəfn edildi. Çünki ölümündən sonra böyük sevgisi Karl Bergerə qovuşacağına inanırdı. Bəlkə də belə idi! Bəlkə də qovuşdular.
Türkan
TURAN
525-ci qəzet
.- 2025.- 25 oktyabr (№195).- S.23.