Suyun
lal axanı...
Ədəbiyyatşünas-alim
Rəhim Əliyevin 75
illiyinə
Asif
RÜSTƏMLİ
Filologiya elmləri doktoru,
professor
Su - həyat, dirilik, duruluq, şəffaflıq
rəmzidir. Mövlana
Nizami Gəncəvi
"Sözün də
su kimi lətafəti
var..." - deyəndə suya
məxsus gözəlliyi,
incəliyi, şaqraqlığı,
məlahəti, lətafəti
əlahəzrət sözə
də şamil etmişdir. Ulu müdriklərimizin
yüzilliklərdən süzülüb
çağımıza axıb
gələn deyimləri
və duyumları içərisində böyük
şəxsiyyətlərin görünməyən, naməlum
yönlərini tanıtmaq,
təqdim etmək, insanın iç dünyasına işıq
salmaq, mühüm, əhəmiyyətli məqamları
üst qata qəlbiləndirmək qayəsi
ilə suya aid metaforaların, məcazların
sirli-sehrli simvolikasından
bəhrələnməyin tarixi
ənənələri mövcuddur.
"Suyun lal axanı..." - deyimindəki
kimi əməlində
və amalında dərinlik, dolğunluq, tutumluluq, təmkinlilik, təvazökarlıq, sabitlik,
saflıq, səmimilik,
səviyyəlilik anlamını
ruhunda, mahiyyətində
ehtiva edir, mənasında, məğzində
yuvalandırır. Xalq
fəlsəfəsində frazeoloji
metaforaya çevrilmiş
bu mənəvi xüsusiyyətlər, insani
keyfiyyətlər haqqında
düşünəndə qırx ildən bəri yaxından tanıdığım, nəşr
və tədqiqat işlərində dəstəyindən
və məsləhətlərindən
yetərincə barındığım,
tanınmış nasir,
görkəmli ədəbiyyatşünas-alim,
tənqidçi, filologiya
elmləri doktoru, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Cənubi Azərbaycan ədəbiyyatı
şöbəsinin müdiri
Rəhim Əliyev ilk olaraq göz önündə canlanır.
"Suyun lal ax"masında diqqət çəkən çoxqatlı
məna məqamlarından
biri də mübhəmlilik, məxfilik
və sirlilik sığınacağı olmasındadır.
R.Əliyevin həm şəxsiyyətinin
panoram-portretində, həm
də elmi və bədii yaradıcılığının irimiqyaslı mənzərəsinin
alt qatında suya aid vurğulanan müsbət əlamətlərin, xüsusiyyətlərin
mötəbər naxışları,
incə cizgiləri müşahidə edilməkdədir.
O, Azərbaycan ədəbiy-yatşünaslıq
elminin hər üç istiqamətində
- ədəbiyyat tarixi,
ədəbiyyat nəzəriyyəsi
və ədəbi tənqid sahəsində
yeni və fərqli baxışlar modeli sərgiləmiş, ədalətli,
cəsarətli qənaətləri
ilə oxucu cameəsinə açıq
həqiqətləri bəlağətsiz,
qərəzsiz, pafossuz
söyləməyi bacaran
çox nadir ədəbi
tənqidçilərimizdən biridir.
Rəhim
Əliyevin həyat və yaradıcılıq
yolu dolğun, mənalı və bəhrəlidir. O, 75 il öncə
Bakının Ramana qəsəbəsində
dünyaya göz açmış, Bakı
Dövlət Universitetinin
(keçmiş ADU) Filologiya
fakültəsini bitirmiş,
diplom işini Mirzə Fətəli Axundzadə haqqında yazmışdır. Onun elə həmin il (1973)
professor Yaşar Qarayevin
"Səhnəmiz və
müasirlərimiz" adlı
kitabına həsr etdiyi ilk mətbu məqaləsi "Azərbaycan
gəncləri" qəzetində
çap olunmuşdur.
Yarım əsrə yaxın yaradıcılıq
yolunu AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
ilə bağlayan Rəhim Nadir oğlu təmkinli addımlarla laborantlıqdan baş elmi işçi, şöbə müdiri vəzifəsinədən dolğun,
dəyərli bir alim ömrü, yazar həyatı yaşamışdır.
Doğrudur, bu əlli il (1975-2025) ərzində
o, "Ədəbiyyat və
incəsənət" qəzetinin
Tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri,
Azərbaycan Respublikası
Prezidenti Aparatında məsləhətçi, Azərbaycan
Teleradio şirkətində
sədr müavini vəzifələrində də
çalışmışdır. Rəhim müəllimlə
ilk tanışlığımızın
tarixçəsi də
onun "Ədəbiyyat
və incəsənət"
qəzetində şöbə
müdiri işlədiyi
vaxtlara təsadüf etmişdir. 1985-ci ilin yaz aylarından birində görkəmli dramaturq Cəfər Cabbarlının 1969-cu ildə
nəşr edilən üçüncü cildinə
salınmış özgə
felyetonlar haqqında yazdığım tənqidi
məqalə ilə qəzetin redaksiyasına üz tutdum. Burada şöbə müdiri Rəhim Əliyev mənimlə səmimi görüşüb
yazını təbəssümlə
qəbul etdi. Dövrün yazılmamış
qaydalarından biri də o idi ki, Yazıçılar İttifaqının
üzvü olmayanların
əsəri bu mətbuat orqanında dərc edilmirdi. Bir müddətdən sonra redaksiyada Rəhim müəllimlə görüşdük,
o, məqalənin məzmunundan
razı qalmışdı.
Amma redaktor qəti mövqe sərgiləmədiyi
üçün gözləmək
lazım gəlirdi...
"Ədəbiyyat və
incəsənət" qəzetinin
1985-ci il noyabr sayında
məqaləmi görəndə
sevincimin miqyasını
təsəvvürdə canlandırmaq
indi çox çətindir. Bu yazı
o vaxt respublika mətbuatında ilk tədqiqat
işim idi.
Rəhim
Əliyev xarakter etibarilə müstəqil
mövqeyə malik, həqiqətsevər,
xeyirxah və prinsipial ziyalıdır.
O, sonralar da araşdırmalarımı
izləyir, diqqət və qayğısını
əsirgəmirdi. 1986-cı ildə N.Gəncəvi
adına Ədəbiyyat
İnstitutunun Elmi Şurasında fəlsəfə
doktorluğu (sabiq elmlər namizədi) mövzumun təsdiq edilməsi ərəfəsində
elmi katib prof. Şirindil Alışanlıya
zəng edərək mənim haqqımda zəmanət xarakterli geniş rəy bildirmişdir.
R.Əliyevin ilk kitabı
"Poeziyanın təbiiliyi"
(1982) adlı 70-ci illər
lirikasının bədii-estetik
meyllərindən bəhs
edən məqalələr
toplusudur. Gənc ədəbiyyatşünasın ilk kitabına Xalq yazıçısı Elçin
ön söz yazaraq vurğulamışdır:
"R.Əliyev Azərbaycan tənqidçilərinin
yeni nəslinin nümayəndəsidir
və onun ədəbi düşüncələrində,
bədiyyata münasibətində,
onu qavramasında həmin nəsil üçün xas olan bədii-estetik meyarlar və prinsiplər təhlillərin,
araşdırmaların əsasını
təşkil edir. Rəhim nəzəri hazırlığa malik, elmi
metodologiyası aydın
olan bir tənqidçidir". Elçin
müəllimin gənc
tənqidçini layiqincə
dəyərləndirməsi və onun gələcəyinə
dərin rəğbət
bəsləməsi şübhəsiz
ki, ilk növbədə dövrün
60-cılar ədəbi nəslindən
təsirlənən yaradıcı
gəncliyə inam və etimadının parlaq nümunəsi idi.
R.Əliyev ilk kitabında
konkret şəxslərin
yaradıcılıq məziyyətlərindən
daha üst qatda olan dövrün
poeziyasının problematikasını
diqqət mərkəzinə
çəkməklə geniş
ümumiləşdirmələr aparmağa nail olmuş, çılğın və
polifonik axınların
məcrasına çevrilmiş
ədəbi proses nəhrində
təlatümlü poeziya
selinin dərinliklərinə
sirayət etməkdən
çəkinməmişdir. Onun "Sənətkarlıq
axtarışlarının yeni mərhələsi", "Poetik
konkretliyə doğru",
"Aparıcı meyllərin
təmsilçiliyi", "Müasirlərimizin mənəvi
aləmi", "Təbiətin
poeziyası və poeziyanın təbiiliyi",
"Lirikanın intimliyi,
bəşəriliyi və
müdrikliyi" kimi mühüm mövzularda dolğun təcəssümünü
tapan problemlərə
yeni elmi-nəzəri müstəvidən
yanaşma tərzi, orijinal təhlil taktikası mübahisəsiz
dövrün ədəbi-elmi
isteblişmenti tərəfindən
qəbul olunurdu.
Rəhim
Əliyevin mənim fikrimcə, ən sanballı elmi işi 1989-cu ildə "Yazıçı" nəşriyyatında
çap etdirdiyi "C.Cabbarlının yaradıcılıq təkamülü"
adlı monoqrafiyasıdır.
Böyük zəhmətin
və uzunmüddətli
tədqiqatın nəticəsi
olaraq görkəmli sənətkarın yaradıcılığında
metod, üslub, janr problemlərinə həsr edilmiş tədqiqat işi milli ədəbiyyatşünaslığımıza
dəyərli töhfə
hesab edilməyə layiqdir. Görüşlərimizin
birində Rəhim müəllim yeni kitabını
avtoqrafla mənə bağışlamışdır. O, hələ yaşıdları
arasında yetərincə
tanınmayan yeni tanışı
haqqında səmimiyyətlə
yazırdı: "Böyük
Cəfərin ən cavan tədqiqatçısı
və qədrbiləni,
zəhmətkeş və
istedadlı araşdırıcı
Asif Rüstəmə balaca
hədiyyə. İmza.
23.03.1990".
.
Cəfər Cabbarlının həyat
və yaradıcılığı
1917-ci ildən indiyədək
həmişə ədəbi
tənqidin, elmi tədqiqatın gündöyənində
olub. Eyni mövzuya onlarla kitab həsr edilsə də, R.Əliyevin
monoqrafiyası ideoloji
hüdudlara sığmayan,
"sosrealizm"in baryerlərini
aşan, ədəbi doqmatiklikdən uzaq, elmi-nəzəri aspektdə
yenilikçilik ruhu ilə yazılmış azsaylı və çox dəyərli elmi əsərlərdən
biridir. AMEA-nın müxbir üzvü,
professor Yaşar Qarayev
tədqiqat işinə
geniş ön sözündə yazırdı:
"Monoqrafiya ədibin
irsini tam halda, yeni təfəkkürün və
müasir ədəbiyyatşünaslığın
problemləri baxımından
şərh etmək sahəsində ilk təcrübədir
və məhz ilk təcrübənin bütün
qüvvətli və zəif cəhətlərini
özündə əks
etdirir. Tənqidçi
öz tədqiqatını,
əsasən, dörd
təhlil səviyyəsində
aparır: qəhrəman,
metod, janr, üslub. O, ədibin istisnasız bütün əsərlərini milli-tarixi
kontekst, realist, romantik,
sosial və bioqrafik zaman konsepsiyaları
baxımından nəzərdən
keçirir. Belə əhatəli fon yeni müşahidələr üçün
əlavə imkanlar yaradır və müəllif həmin imkanlardan geniş bəhrələnir".
Professor Yaşar Qarayev qənaətlərində haqlı
idi, böyük dramaturqun zəngin ədəbi irsini R.Əliyev "yeni təfəkkürün və
müasir ədəbiyyatşünaslığın"
işığında zərrəbinlə
araşdırmış və
belə nəticəyə
gəlmişdir ki: "Cabbarlı
müasir dram dilimizin banisidir: xalq danışıq dilinə
əsaslanan dram dilinin
yox, normativ bədii dilə əsaslanan dram dilinin yaradıcısıdır...
Cabbarlı yaradıcılığı
üslub baxımından
da son dərəcə
mürəkkəb və
əlvan bir hadisədir. Onun bədii üslubunun mürəkkəbliyi, çoxqatlığı
müəllifin keçdiyi
yaradıcılıq yolunun
mərhələləri ilə
şərtlənir".
Rəhim Əliyev
milli sənətkara məhəbbətinin ifadəsi
olaraq 1994-cü ildə
"C.Cabbarlı Maarif
- Xeyriyyə Fondu"nu
təsis etmiş və üç onillikdən çoxdur ki, dəyərli kitabların nəşrində
elmimizə, ədəbiyyatımıza
əhəmiyyətli töhfələr
vermişdir. Fondun nəşr etdiyi ilk kitablardan biri Cəfər Cabbarlının "Ədirnə
fəthi" (toplayanı,
tərtib edəni və ön sözün müəllifi
A.H.Rüstəmli, redaktoru
R.N.Əliyev. Bakı:
"Elm", 1996, 320 s.) adlı
nəşrlərdən kənarda
qalmış əsərlər
toplusudur. Kitabda C.Cabbarlının cildlərinə
daxil edilməmiş irili-xırdalı 6 pyesi,
4 hekayəsi, 30-a yaxın
lirik və satirik şeiri, 50-dən çox məqalə və məktubları yer almış, Fondun vəsaiti hesabına ilk dəfə nəşr edilərək oxuculara ünvanlanmışdır. "Ədirnə fəthi"ndə
təqdim olunan əsərlərin böyük
əksəriyyəti sosialist
ideologiyasına zidd olduğu üçün
və Cümhuriyyət
dönəmində yazıldığına
görə sovet senzurasından keçməmişdir.
Rəhim Əliyevin
elmi-nəzəri aspektdə
yazdığı araşdırmalarının
müəyyən bir qismi - xüsusilə "Dilimiz, ədəbiyyatımız,
tariximiz" ("Elm",
1997, 260 s.), "Nəsimi və
klassik dini üslubun təşəkkülü"
("Nafta-Press", 2006, 354 s.), "Taleyin sözü"
("MBM", 2008, 486 s.), "Ədəbiyyat
nəzəriyyəsi" ("Mütərcim", 2008, 360 s.), "Sözün mifi"
("Mütərcim", 2011, 176 s.),
"Cavidannamə" ("Elm", 2016, 142 s.) və digər kitabları Cəfər Cabbarlı fondunun maddi və mənəvi dəstəyi ilə nəşr olunmuş, milli ədəbiyyatşünaslıq
elmimiz üçün
mühüm əhəmiyyət
kəsb edən sanballı tədqiqat işləridir.
Elmi yaradıcılığının
müəyyən dövrünü
XX əsr ədəbiyyatına
həsr edən ciddi araşdırmalar müəllifinin səmtini
qəfil klassik ədəbiyyata çevirməsi,
Qazi Bürhanəddin və Nəsimi divanları əsasında
"Nəsimi və klassik dini üslubun
təşəkkülü" adlı monoqrafiya elmi metodologiyası, məzmun dolğunluğu və mündəricə mükəmməlliyi ilə
diqqət çəkir.
Kitabın yaranmasında
bəzi örtülü,
sual doğuran məqamlar bəlli olur, müəllifin klassik ədəbi irsə sevgisinin səbəbləri üzə
çıxır. Bu barədə R.Əliyev
"Müəllifdən" başlıqlı yazısında
qeyd etmişdir:
"...Mirzə İbrahimovun
rəhbərlik etdiyi
XIX-XX əsrlər Cənubi
Azərbaycan ədəbiyyatı
tarixi şöbəsində
çalışmağa başladım.
Mirzə müəllim
mənə "XIX əsrin
birinci yarısında
Cənubi Azərbaycan
ədəbiyyatı" adlı
iki müəllif vərəqi həcmində
oçerk yazmağı
tapşırdı... Mən
yüksək hörmət
bəslədiyim Mirzə
müəllimə bu sahədən uzaqlığım
barədə bir söz deyə bilməzdim. Canımı dişimə tutub hesabata bir ay
qalmış işə
girişdim. Azərbaycan
xalqının tarixi, taleyi və ədəbiyyatı mənim
üçün yenidən
açıldı".
Monoqrafiya həqiqətən
böyük zəhmətin,
sevgi ilə yoğrulmuş araşdırmanın
və istedaddan qaynaqlanan analitik təfəkkürün məhsuludur.
Tədqiqat işi bir-biri ilə qırılmaz vəhdət
təşkil edən iki kitabdan ibarətdir.
Müəllifin islami qaynaqlardan bəhrələnərək
sufilik və hürufilik dini-fəlsəfi
təlimlərinin araşdırılmamış
üslubi məqamlarına
Qazi Bürhanəddin,
Nəsimi və Həqiqi divanlarının
materialları müstəvisində
mübhəm rəmzi
çalarlara aydınlıq
gətirilməsi, izah
edilməsi tədqiqat
işinin elmi yeniliklər kateqoriyasına
daxildir.
Elmi camedə
Rəhim Əliyev geniş erudisiyalı, dərin nəzəri biliklərə sahib, humanitar düşüncəmizin
öncül mütəxəssislərindən
biri kimi yaxşı tanınır.
Onun "Ədəbiyyat
nəzəriyyəsi" əsəri
də klassik ədəbi irsə və ənənəyə
söykənərək mövcud
marksist ehkam və doqmalardan uzaq, mifin, sözün,
yazının, mətnin,
obrazın mənşəyinə,
məna dərinliklərinə
başvurmaqla ədəbi
norma və qaydaların təməlinə,
dərin köklərinə,
rişələrinə işıq
salmışdır. Nəzəriyyəçi-alimin
bu sahədə də elmi qənaətləri
çağdaş tədqiqatçıların
araşdırmalarında aprobasiyasını
tapmaqda və təsdiqlənməkdədir.
Azərbaycan ədəbiyyatı tarixi sahəsində Rəhim Əliyevin xidmətləri
danılmazdır. Onu bu sahəyə, özünün də etiraf etdiyi kimi,
hələ 1980-ci illərin
ortalarında akademik Mirzə İbrahimov cəlb etmişdir. Son on ildə
akademik İsa Həbibbəylinin rəhbərliyi
ilə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda
hazırlanan on cildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin
Cənubi Azərbaycan
ədəbiyyatına həsr
edilmiş IX cildinin (Bakı, "Elm", 2021,
1220 s.) məsul redaktoru,
bir sıra irihəcmli, bütöv bir ictimai-siyasi dövrün ədəbi mənzərəsini ehtiva
edən icmalların, elmi oçerklərin müəllifi Rəhim Əliyevdir. Onun doqquzuncu cild üçün yazdığı
"XIX əsrin birinci
yarısında Cənubi
Azərbaycanda ədəbiyyat",
"Milli azadlıq uğrunda mübarizə dövrü Cənubi Azərbaycan ədəbiyyatı
(1906-1920)", "Cənubi Azərbaycanda milli müqavimət ədəbiyyatı
mərhələsi (1920-1941)", "Milli-demokratik hərəkat
dövrü Cənubi
Azərbaycan ədəbiyyatı
(1941-1946)", "İkinci Dünya müharibəsindən
sonra Cənubi Azərbaycanda ədəbi
proses (1947-1979)" və
böyük bir epoxanı əhatə edən, zəngin ərəbqrafikalı qaynaqlara
söykənən icmallar,
elmi oçerklər müəllifi haqqında təsəvvürlərimizi daha
da genişləndirmişdir.
Onun ötən il nəşr olunan "Yeni Azərbaycan ədəbiyyatı
tarixi oçerkləri"
(Bakı, KEA poliqraf,
2024, 428 s.) adlı kitabı
ədəbiyyat tarixçiliyi
sahəsində davamlı
və səmərəli
fəaliyyətinin əyani
təsdiqidir. Tarix isə ona ləyaqətlə
və sədaqətlə
xidmət edənləri
daşlaşmış yaddaşında
əbədi yaşadacaqdır...
AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutu Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, tənqidçi, filologiya elmləri doktoru, mənalı ömür və yaradıcılıq yolu keçmiş, görkəmli ədəbiyyatşünas-alim Rəhim Nadir oğlu Əliyevi 75 yaşının tamam olmas münasibətilə təbrik edir, ona möhkəm cansağlığı və yaradıcılıq uğurları arzulayırıq.
525-ci qəzet 2025.- 25 oktyabr (№195).- S.18;19.