GÖRÜNƏN VƏ GÖRÜNMƏYƏN
BAKININ HEKAYƏTLƏRİ
Hamımız vaxta tabeyik, hamımız zamana bağlıyıq. Bir insan
olsun, ya bir məmləkət. Heç kəs kiminsə təsirində və təzimində olmağı, bir başqasının hökmü
altında qalmağı
ömründə sevməz.
Amma zaman elə fövqəladə
güc, elə qeyri-adi hökmdardır
ki, insan ixtiyarsız vaxtın tabeliyinə düşür, həm də bu asılılığı,
bu hökmətabeliyi könüllü qəbul
edir.
Ölkədən-ölkəyə səfərlər
edirik. Bir ölkədə
ayrı bir saatdır, digər ölkə ayrı bir saat qurşağındadır.
Amma qədəm basdığımız
hər yeni ölkədə,
hər təzə şəhərdə saatımızın
əqrəblərinə əl
atır, vaxtı dəyişir, o yerin cari saatına uyğunlaşdırırıq. Bunu həm könüllü,
həm də elə ən azı işimizin xatirinə könüllü
edirik. Hamımız saatın, günün, təqvimin qaçılmaz
cazibəsindəyik.
Bu gün, keçmişlərdə
olduğu kimi, ayrı-ayrı ölkələrin
öz təqvimi, başqalarına nisbətən
fərqli vaxthesablaması
var: hansısa ölkədə
1, hansısa ölkədə
2 təqvim işlənməkdədir.
Çin təqviminə
görə, hazırda
4722, yəhudilərinkinə görə 5786, tay təqviminə əsasən
2568, islam təqviminə
baxarkən 1447-ci ildir
və hələ bunlar da hamısı deyil, digərləri də var. Ancaq kimin öz ölkəsi
içərisində hansı
ənənəvi təqvimi
əsas götürərək
işlətməsindən asılı
olmayaraq, dünyanın
gedişi elədir ki,
hamımızın dünyadakı
ortaq nizam xatirinə bağlandığımız müştərək
təqvimimiz də
var. Bütün dünyanın
qəbul etdiyi ortaq təqvim çağdaş dünyanın
gündəlik müştərək
həyatını tənzimlədiyi
kimi, hər bir millətin ümumi təqvimin fövqündə olan öz məxsusi təqvimi də var. Bu, millətin ömründən
keçən hadisələrin
sığındığı, xalqın tarixində həmişəlik qalan elə günlərin toplusudur ki, məhz həmin günlər milləti millət edir, hər xalqın tək ona məxsus bənzərsiz surətini
keçmiş yaradır.
O günlər, həmin
günləri dolduraraq
onlara tarixi məzmun verən, nəsil-nəsil insanları
tərbiyələndirən, yetişdirən, yönəldən
hadisələr olmasaydı,
xalqların təbiəti,
xasiyyəti, səviyyəsi,
özünəməxsusluğu da dəyişərdi, millət
bu cür yox, bir başqa
hüsn qazanardı.
Milləti millət edən
ən əvvəl onun üstün şəxsiyyətləri, taleyindən
keçən hadisələr,
tərcüme-yi halında
əbədilik qalan günlərdir.
Qədim
el bayatısı
"İl var bir günə
dəyməz, gün
var min aya dəyər"
söyləyirdi. Öz
fəlsəfəsini daşıyan,
hikməti olan sözlərdir. Əlbəttə,
ömürdən keçən
elə illər olur ki, adama yelə sovrulmuş, bihudə ötüb-keçmiş
kimi gəlir. O cür sanki ildırım sürəti
ilə uçub gedən illərin haqqında düşünəndə
aylarını, həftələrini
bəzəyən əlamətdar
hadisələrin olmaması
ucbatından onları
elə yadda qalmayan yuxuymuş kimi qəbul edirsən.
Lakin hərdən ilin içərisində bircə,
ikicə, üçcə
gün olur ki, bütöv ili doldura bilir, nəinki ili, bütöv bir ömrü də ləbələb edir.
Və zərbülməsəlləşmiş o bayatı misrasının əslində sadəcə
şairanə bir deyiş olmamasının mötəbər qaynağı
var. O həqiqəti hər
sözü ölçüb-biçən,
hər kəlmənin
dəqiq yerini bilən müqəddəs
"Quran" çatdırır, "Qədr" surəsinin
3-cü ayəsində "Qədr gecəsi min aydan daha xeyirlidir"
deyir.
1000 ay nədir ki! Sözdə böyük görünür.
Rəqəmə çevirəndə
isə vur-tut 83 ildən bir qədər çox edir. Fəqət Azərbaycan tarixinin minillərə sığan
keçmişi içərisində
elə günlər yaşanıb ki, onları
min deyil, minlərlə
aylara bərabər tutmaq mümkündür.
Millət
təqvimi vərəqləndikcə
yurdun və xalqın müqəddəratında
həlledici olmuş və işığı
heç vaxt sönməyən neçə
belə əziz gün sayrışmağa
başlayır.
Salnamələr, tarixi məxəzlər,
qədim və köhnə əlyazmalar,
son əsrlərin yazılı,
səsli, görüntülü
arxiv sənədləri
axıb getmiş vaxtı dondurub saxlayan, istənilən anda canlandırmağa qadir etibarlı qaynaqlardır. O mənbələrə
üz tutanda minillər öncəki, əsrlər qabaqkı, onillər əvvəlki gün də çağdaşımıza çevrilir,
indi qarşımızdakı
işlək təqvimdəki
günlər kimi canlanır.
O qəbildən olan günlər və həmin günlərin hadisələri bizə yaxın olduqca, tariximizi də, millətimizi də, keçmiş içərisindəki
yurdumuzu və hər bir insanımızı
da yalnız daha yaxşı görmür,
həm də daha dərindən dərk edir, bir-birini tamamlayan, bir-birinə güc verən o sənədlərin
müstəvisində Azərbaycanı
uca Azərbaycana döndərmiş dəyərlərin
mahiyyətini də dolğunluğu ilə anlayırıq.
Millət
cəfakeşi Mirzə
Fətəli Axundzadə
əlində qələm
yenə ağ vərəqlə üzbəüz
idi və narahat düşüncələrini
kağıza köçürürdü.
Bu gərgin düşüncələr
millətin aqibəti və yurdun istiqbalı ilə bağlı idi. Mirzə Fətəli sözünü deməkçün
Kəmalüddövlə ilə
Cəmalüddövləni danışdırırdı, guya
bu ona, o buna məktub yazırdı. Ancaq bir adamın
öz-özü ilə
şahmat oynaması kimi, bu məktubları
göndərən də,
alan da eyni adam idi - Mirzə
Fətəlinin özü.
Ancaq əlbəttə
ki, Mirzə Fətəli
bu məktublarındakı
qənaətlərini bütün
millətə ünvanlayırdı.
Kəmalüddövlə Cəmalüddövləyə
yazırdı ki, Misirdə
olanda orada yaxşı durbinlər gördüm, ürəyimdən
keçdi ki, alım,
amma sonra fikrimdən çıxdı,
almadım, buna görə
peşman da oldum. Sonra
eşitdim ki, bir firəng dükanında yaxşı durbinlər
var, getdim, amma tapa bilmədim. İndi mənim
yaxşı durbinə
çox ehtiyacım
var. Biriylə alıb
mənə göndərin.
Mirzə
Fətəli ömründə
boşuna söz deməzdi. "Durbin" deyirdisə,
bunun altında ayrı bir hikmət
yatırdı. Mirzə
Fətəlinin qələmi
elə millətdən
ötrü binokl idi, uzaqdakını yaxına gətirən, keçmişdəkini böyüdüb
göstərən durbin.
O cür durbinə millətin həmişə
ehtiyacı var və mütəmadi olaraq millət təqvimini vərəqləmək elə
vaxtaşırı durbin
götürərək dününənləri
seyr etmək kimidir.
Moskvada
1934-cü ildə Sovetlər
İttifaqının dörd
bucağında yaşayan
yazıçılar toplaşmışdı.
Hamısı məşhur
qələm adamı idi və sovet
yazıçılarının birinci ümumittifaq qurultayı keçirilirdi.
Orada Azərbaycandan olan qələm adamları da vardı, digər respublikalardan da - əksəri canlı klassik sayılan ünlü ədiblərdi.
Maksim Qorki çıxışında
belə bir təklif irəli sürür ki, gəlin hamımız yığışıb
müştərək kitab yaradaq: "Dünyanın
bir günü".
Çox
keçmədən həmin
kitab yaranır, 1935-ci ildə
nəşr edilir və əsərin araya-ərsəyə gəlməsində
yüzlərlə qələm
sahibi iştirak edir.
Üstündən 25 il keçəndən sonra həmin mövzuya bir də qayıdılır.
Qərara alınır
ki, yenə köhnə
ideyaya uyğun olaraq təzə bir kitab buraxılsın. Ancaq dünyanın 1 günü daha əvvəlki boyda deyildi. 25 ilə dünya elə yeyin inkişaf etmiş, sürətlər
elə artmışdı
ki, hadisələrin sayı
bəlkə birəbeş
çoxalmışdı. 1960-cı ildə dünya elə çoxhadisəli idi ki, daha, 25 il qabaqkı kimi, bu kitabı bir neçə yüz yazıçının
ortaya çıxarması
imkan xaricində idi. Bu ayrı dünyanın qələmlə
"şəklini" çəkməkçün
gərək minlərin
səyləri qovuşa
idi.
Onu da edirlər, dünyanın nəbzinin çırpındığı
mükəmməl bir
kitab da ortaya qoyulur. O işi bu gün
görmək istəsən,
indi - XXI yüzildə
dünyanın 1 gününü
kitablaşdırmaq fikrinə
düşsən, çətin
ki, səhifələri ağlasığan
həcmdə nə qədər çox olur-olsun, belə bir kitab tək cildə sığışa.
Dünyanın dörd
bucağında bir günün içərisində
hər saniyədə
o qədər hadisələr
baş verir ki, hamısını da deyil,
ən vacibdən də vacibləri yazaraq bir kitabda
qovuşdurmaq istəsən,
min səhifələrlə dolu cildlər sırası yaranar.
Ancaq millətin tarixini düşünəndə və
ilin 365 gününü
saf-çürük edəndə
razılaşmalı olursan
ki, bu 365 günün heç də hamısı millət təqviminə düşəsi
müstəsna günlər
deyil.
Millət
təqvimini yaradacaq günləri bütün
tariximiz boyu, minillər ərzində arayacaq olsaq, görərik ki, bu günlərin sayı heç 100-200-dən artıq
deyil. Di gəl, o günlərin hər biri neçə-neçə
illərə, bəzən
əsrlərə bərabərdir.
Millət təqvimini yaradan, milləti millət edən, yurdu yurda çevirən
həlledici günlərin
hər birinin çəkisi həddən
ziyadə ağırdır.
Gün-gün izləyəcəyimiz,
doğruçu hekayətlərini
söyləyəcəyimiz millət təqvimini dolduran o günlərin hər biri bu
yurdun şərəf
tarixçələridir.
...Göyçək Bakı
bizimkidir, hamımızınkıdır.
Bu da Bakının bir
başqa sehridir ki, ilk
dəfə görən
ona vurulmaya bilmir. Uşaqlığı,
gəncliyi burada keçməyən, Azərbaycanın
hansısa uzaq bir guşəsində təvəllüd tapan, həyatı Bakıyla sonradan bağlanan da içərisində elə
zənn edir ki, elə binədən bakılı imiş, dədə-babadan buralara bağlıymış. Bakıda
bu cazibə həmişə olub. Heminquey ilk dəfə Parisi görüb valeh olanda yazırdı
ki, "Paris həmişə səninlə olan nəğmədir". Bakı
da hər bir azərbaycanlının içərisində
daim səslənən
elə əziz nəğmədir ki, zərif
gözəlliyi, qəlbəgirən
mehribanlığı ilə
hər azərbaycanlının
könlündə daim
səslənməkdə davam
edəcək.
...Bakı əvvəl qala divarlarının arasına sığacaq boyda idi: elə
İçərişəhər böyüklükdə - tanış
küçələri, hərəsinin
özünəməxsus xüsusiyyətləri,
vərdişləri, adətləri
olan məhəllələri
ilə, öz insanlarıyla, öz söz-sovuyla.
XIX yüzil gəldi, İçərişəhər böyüməyə başladı,
qala divarlarından dışarı çıxdı,
Bayır şəhər
yarandı. Yeni tikililərlə,
yeni küçələrlə, yeni insanlarla, yeni adətlərlə.
Neft bumu asta-asta Qara şəhəri əmələ
gətirdi.
Zaman ötürdü, Bakı durmadan qanadlarını daha geniş açmağa başlayırdı.
Paytaxtımızın indisinə baxın, görün Bakı nə nəhənglikdə olub!
İndi onun köksünə sıra-sıra İçərişəhər,
sıra-sıra qala divarları yerləşə
bilər. Ancaq Bakının ruhu həmənki ruhdur və doğma şəhərimizin keçmişlərdən
bugünə uzanan həyatı şərəfli
bir yoldur. O yol dünənlərdən
- minillərin uzaqlarından
bugünə çatır,
bugündən də sabahlara uzanır. Ancaq minillərin ardından, əsrlərin
o üzündən bugünə
gəlib yetişən
və sabaha uzanan bu yolun
bütün tarixindəki
bir günün məxsusi mənası
var. Əlbəttə ki, bu
illərin içərisində
yadda saxlanmağa, lap elə
millət təqviminə
düşməyə layiq
saysız günlər
olub: sevincli, kədərli, qaçhaqaçlı,
vahiməylə dolu, fərəhlə daşan,
zəfərlə çağlayan
günlər. Lakin bütün
bu unudulmaz yaxşılı-yamanlı günlərin
arasında bir günün yeri büsbütün ayrıdır.
O gün yalnız Bakının yox, elə bütöv Azərbaycanın da qismətindəki
müstəsna gündür:
1918-ci il sentyabr ayının
15-i. Bu, Bakının Qurtuluş
Günüdür. Bu, Bakının
istiqlala qovuşduğu
gündür.
Bütün tarixi boyunca bu gün həmişə
ən ucalarda qalacaq. Çünki bir millətin var olduğu müddətcə
qazandığı ən
ali dəyər onun istiqlalı, dövlət müstəqilliyidir.
Azərbaycanın tarixində
İstiqlal Bəyannaməmizin
elan edildiyi 28 may hansı
ucalıqdadırsa, üçrəngli
bayrağımızın ilk dəfə ucaldıldığı
gün hansı qiymətdədirsə, 15 sentyabr
da həmin ülviyyətdədir
və 15 sentyabr olmasaydı, bəlkə
28 may da təlatümlü tarix gedişində zavala uğrayardı.
Bakının tarixində, Azərbaycanın
keçmişində, millət
təqvimində bayramının
təntənəsi heç
vədə bitməyəcək
şanlı 15 sentyabr
var: Bakının Qurtuluş
Günü. Azərbaycanın
istiqlal tarixinin ən parlaq səhifələrindən biri.
Qədim
bir zərbülməsəldir
ki, "müharibənin ilk qurbanı həqiqət olur". Doğrudan da, hər müharibə dağıdır, məhv
edir, viran qoyur, göz yaşları gətirir, qüssə oyadır, amma nə qədər
paradoksal - tərsavand
səslənsə də,
hər müharibə
həm də inkişafa təkanverici olacaq, tarixdə təzə səhifələr
açacaq yeniləri
yaradır. Dağıntıların
üzərində bəzən
xəritədə yeni dövlətlər
də yaranır, yeni müstəqilliklər də
qazanılır, dünənəcən
asılılıqda yaşamış
hansısa yeni ərazilərdə
yeni istiqlal bayraqları
da qaldırılır.
Yəni
müharibə dağıdırsa,
qəm gətirirsə,
həm də kimlərisə məsud edə, kimlərəsə
fayda da gətirə bilir.
XX yüzil nəhəng bir savaşla başladı. Birinci Dünya müharibəsinə
qədər də bəşəriyyət ən
qədim zamanlardan XX əsrə qədər çox müharibələrin
acısını dadmışdı,
müddətcə Birinci
Dünya müharibəsindən
uzun olan müharibələr də
baş vermişdi.
Birinci Dünya müharibəsi 4
ildən bir az artıq davam
etdi. Ancaq bu savaş əhatə
dairəsinə görə,
o müharibəyə qatılan
ölkələrin miqdarı
baxımından ötən
yüzillik və minilliklərdə baş vermiş müharibələrin
hamısından seçilirdi.
Birinci Dünya müharibəsi neçə imperiyanı çökdürdü. İmperiyaların
dağılmasıyla onların
içərisindən yeni dövlətlərin
çıxması da labüdləşdi.
Azərbaycanın da yarısını
düyünlü tarixi
tale XIX yüzilin ilk onillərindən
çar imperiyasının
boyunduruğuna bənd
etmişdi. Müharibə
əsnasında çarizmin
süqutu imperiya ərazisindəki bir sıra başqa xalqlar kimi, azərbaycanlıların
da milli qüvvələrini dirçəltdi, bizimkilərin
də ürəklərdə
mürgü vuran müstəqillik arzuları,
istiqlal eşqi coşmağa başladı
və azadlıqsevərlik
duyğuları Azərbaycanın
dörd bucağındakı
milli qüvvələri bir
yerə toplaşmağa
səfərbər etdi,
onlar son məqsədə
aparan yolu fərqli görsələr
də, hamısında
əqidə səsləşməsi,
fikir eyniyyəti vardı.
O millət pərvanələrinin ən
fədakarlarından olmuş
Nəsib bəy Yusifbəylinin atalar sözü siqlətli deyimi yadigar qalıb: "Başsız
bədən olmaz".
"Baş" deyirkən o, Bakını, "bədən"
söyləyirkən bütün
Azərbaycanı nəzərdə
tuturdu.
Azərbaycanın müxtəlif guşələrində
- birində bir az çox, birində bir qədər az - milli qüvvələr fəal
idilərsə və bu fəallıq get-gedə də artırdısa, əsas
milli mərkəz Gəncə
idi. Ortaq amal da çıxış
yolunu birlikdə tapmaqçün milli fəalları
Gəncə sarıya
çəkirdi. Bakı
isə düşmənlər
əlində idi, orada hakimiyyət bolşeviklərin ixtiyarında
idi. Bolşevik lideri Vladimir Lenin Bakıda
Xalq Komissarları Sovetinə rəhbərlik
edən, bolşevik cildli, daşnak mahiyyətli Stepan Şaumyan
qarşısında xüsusi
teleqramı ilə qəti tələb qoymuşdu: Bakını nəyin bahasına olur-olsun əldə saxlamalı!
Şaumyan və onun bir çoxu ermənilərdən ibarət
26 komissarının, bütövlükdə
bolşevik hakimiyyətinin
milli qüvvələrə nisbətdə gücünü
xeyli artıran o idi ki, tam silahlı və azərbaycanlıların
qanına yerikləyən
daşnaklarla əlbir
idilər, üstəlik,
Bakıya neft qoxusuna gələn ingilislər də onlara qoşulmuşdular.
Bütün bu qorxulu təfərrüatlardan yetərincə
agah olan, qarşıdakı günlərin
də hansı bəlalar gətirə biləcəyini yaxşı
təsəvvür edən
milli qüvvələr bir
yerə toplaşaraq Gəncədə təcili
müşavirə keçirmiş,
yollar axtarmışdılar
ki, mövcud maneələri
aşaraq Azərbaycanı
müstəqilliyə aparan
yolu necə qət etmək lazımdır. Azərbaycanı
müstəqilliyə aparan
yolun bir tərəfi isə mütləq şəkildə
Bakıdan keçirdi
və gələcəyi
də bilavasitə Bakı ilə bağlı idi.
Azərbaycan vətənpərvərlərinin müstəqillik eşqi və bu yolda
səyləri nə qədər çox olsa da, ortada sərt gerçəklik dayanırdı: qüvvələr
nisbəti müqayisəedilməz
dərəcədə idi.
Nəsib
bəy Azərbaycanın
müxtəlif bölgələrindən
gələrək Gəncədə
toplaşmış Müsəlman
Milli Komitəsinin üzvlərinə,
Azərbaycan vətənpərvərlərinə
müraciətlə deyirdi
ki, biz Bakının mərkəzini
mütləq düşmənlərdən
təmizləməliyik, ancaq
bu məsələdə
böyük yardıma
ehtiyac vardır, həmin yardımı isə yalnız Osmanlı imperatorluğundan
istəyə bilərik.
Ona görə də hökmən ora səlahiyyətli bir nümayəndə heyəti
göndərməliyik.
XX əsrin əvvəllərinin
saxlancı olan qəzetlərin irili-xırdalı
yazıları həmin
çağın mənzərəsini
müəyyən qədər
yarada bilir. Lakin o dövrün hər gün rəngi xeyli dəyişmiş çöhrəsini lazımınca
bərpa etməkdən
ötrü vaxt şahidi köhnə qəzetlər azlıq edir, o saralmış səhifələrdəki bilgiləri
bütövləşdirmək, tamamlamaqçün uyğun
arxiv sənədləri
də gəlir. Təsəvvürün tam aydınlaşmasından
ötrü isə canlı şahidlərə,
kağızlardakı məlumatlara
qarışan insan səsinə ehtiyac hiss edilir. Heyiflər ki, o illərin, o çağların
xatirələrini hafizəsində
daşıyan insanların
əksəri artıq
həyatdan gedib.
1980-ci illərin sonları,
90-cı illərin əvvəllərində
yaşı 80-i, 90-ı ötmüş
bir çox insanlar iti yaddaşlarıyla
həyatdaydılar.
1990-cı
illərin başlanğıcında
mən Gəncədə
yaşamış məşhur
nəsillərin tarixini
araşdırır, Rəfibəylilər
şəcərəsi ilə
bağlı kitab üzərində
işləyirdim və
dindirdiyim həmsöhbətlərimin
hər birini lentə alırdım.
İndi o gəzəri tarix
olan həmin insanların yoxluğuna çox təəssüflənsəm
də, bununla təsəlli tapır və sevinirəm ki, nə yaxşı, bunlar zamanında edilib. O çağlardakı
axtarışlarım çərçivəsində
mən arada Türkiyəyə də səfər etmiş, İstanbulda köhnə mühacirlərdən olan
Yavuz Şıxzamanlı ilə
görüşmüşdüm. Yavuz bəy Azərbaycan Cümhuriyyəti dövründə
gənc respublikanın
təhlükəsizlik idarəsinin
rəisi işləmiş
Nağı bəy Şıxzamanlının oğlu
idi və atasından əvvəl də həmin vəzifəni dost-doğma
əmisi Məmmədbağır
bəy tutmuşdu. Nağı bəy Şıxzamanlı həmin
dövr haqqında xatirələrini ahıl çağlarında qələmə
alaraq ayrıca bir kitab şəklində
də nəşr etdirmişdi və Yavuz bəylə görüşənədək
həmin kitabı oxumuşdum. Bir neçə
gün çəkən
ardıcıl görüşlərimiz
və söhbətlərimizdə
bəlli oldu ki, Nağı bəyin o kitaba düşməmiş
çox xatirələri,
hətta yazılı
qeydləri varmış.
Yavuz bəy həmin ayrı-ayrı vərəqləri,
dəftərçələri mənə göstərməklə
yanaşı, Nağı
bəyin ona danışdıqlarını da nağıl edirdi.
Kitabda oxuduqlarım, Nağı bəydən qalan tikə-para qeydlər və Yavuz bəyin dinlədiyim yaddaşları
istiqlalöncəsi dönəmin
fırtınalı həftələri
və günlərinin,
müstəqillik aylarının
nəbzi yeyin çarpan anlarının
mənzərəsini mənə
əyaniliyi ilə göstərirdi.
Nağı bəy Şıxzamanlının
xatirələrinin mühümlüyü
və əvəzedilməzliyi
ondan ibarətdir ki, o,
həmin dövrdə
bu hadisələrin sadəcə şahidi deyil, həlledici icraçılarından olmuşdu.
Müsəlman Milli Komitəsinin Gəncədə
keçirilən iclasında
Nəsib bəy Yusifbəyli Osmanlı imperatorluğuyla danışıqlar
aparmaq və yardım istəmək üçün buradan bir nümayəndə heyəti göndərmək
təklifini irəli sürəndə, bu təklif bəyənilərək
qəbul ediləndə
elə oradaca nümayəndə heyətinə
kimlərin daxil olacağını müəyyənləşdirmək
də qərara alınmışdı. Həmin
nümayəndə heyətinə
daxil olanlardan biri və elə
heyətə rəhbər
seçilən də
Nağı bəy olmuşdu.
İstiqlalın gəlişi öncəsi
çağların hadisələrini
izlədikcə Nağı
bəy Şıxzamanlının
gələcəkdə təhlükəsizlik
idarəsinin rəisi vəzifəsinə müfəssəl
müşahidələrin, onun bir para üstün
məziyyətlərinin dərin
təhlilindən sonra
təyin edildiyini başa düşürük.
Həmin keyfiyyətlər
- çevik düşüncə,
qətiyyətlilik, qəliz
məqamlarda ən çətin suallara cavab tapmaq məharəti
bu insanda varmış və ətrafındakı dostları,
məsləkdaşları onun
bu qabiliyyətlərini
daimi sıx ünsiyyətlər zamanı
duyurmuşlar ki, məhz
bu son dərəcə
çətin vəzifəni
də onun boynuna qoymuşdular.
Bolşeviklər Bakıda hakimiyyətdə
idilər və onların əsas məkrli niyyətlərindən
biri də Gəncəyə həmləni
gerçəkləşdirmək, milli qüvvələri təslim
edərək axırına
biryolluq çıxmaq
idi. Bu, sadəcə, onların qırımına
əsasən edilən
təsəvvürlər deyil.
Bu qara niyyətlərin
danılmaz sübutları
da qalmaqdadır.
Bakıdakı bolşevik hakimiyyəti
və həm onlarla birgə, həm də ayrılıqda daşnaklar
Gəncədə cərəyan
edənləri, milli qüvvələrin
bütün tərpənişlərini,
niyyət tədarüklərini
öz casusları vasitəsilə yaxından-uzaqdan
güdməkdə idilər.
Həmin səbəbdən
Nağı bəygil Osmanlı imperatorluğunda
danışıqlar aparmaq
üçün yola düşəcək nümayəndə
heyəti ilə bağlı məlumatların
məxfiliyini ən ciddi tərzdə qorumağa çalışırdılar.
Əslində bu heyət İstanbula 5-6 gün ərzində gedib çata bilərdi. Ancaq həmin məsafəni elə çətin, elə dolanbac, elə izazdıran yollardan keçərək
qət eləmişdilər
ki, mənzil başına
ay yarıma gedib çatmışdılar.
Bakıdakı Azərbaycanadüşmən qüvvələrdə hər
halda bu ehtimal da olmamış deyildi ki, milli qüvvələr
kənardan ("kənar"
deyiləndəsə yalnız
Osmanlı imperatorluğu
ağla gəlirdi) kömək istəyə bilər.
Azərbaycan milli qüvvələrinin artıq bu haqda
qəbul etdiyi qərardan duyuq düşsəydilər, söz
yox, qabaqlayıcı addımlar atmağın hayında olacaqdılar.
Ona görə də diqqət yayındırmaqçün
belə xəbər yaymışdılar ki, Nağı
bəy Şıxzamanlının
rəhbərliyi altındakı
səlahiyyətli nümayəndə
heyəti Gəncədən
Trabzona türklərlə
rumlular arasında ixtilafda Azərbaycan tərəfindən sülhyaradıcı,
vasitəçi dəstə
kimi iştirak etməyə yola salınır.
Ay yarıma qət edilmiş həmin yol haqqında Yavuz bəy Şıxzamanlı
atasının söylədiyi
hekayətləri danışırdı:
gedib çatanacan başlarına nə qədər bəlalar gəlib, neçə dəfə təhlükələrlə
üz-üzə qalıblar.
Həmin macəralarla
dolu səfər əslində özü bir ayrıca dastandır.
Gəncədən Trabzona yollanan nümayəndə heyətinin
tərkibinə Ömər
Faiq Nemanzadə, bir də o vaxtlar
Gəncədə olan
türk zabiti Hüsaməddin Tuğac daxil idi.
Mənzərə tam həqiqətə uyğun görünsün
deyə, elan etdikləri
kimi, Trabzona çatınca orada sülh vasitəçiləri
qismində bir neçə görüş
də keçirmişdilər.
Ancaq təbii ki, əsas hədəf başqa idi. Məqsəd III ordu komandanı Mehmet Vəhib paşa ilə görüşməkdi. Tezliklə
bu görüş də baş tutur. Vəziyyəti izah edirlər, anladırlar ki, milli qüvvələr
müstəqillik əzmindədir
və istiqlalı qazanmağa hazırlıqlar
da, münasib şərait
də var, lakin əks qüvvələrin
hərbi imkanları çoxdur, mümkün qarşıdurmalarda aradakı
xeyli fərqli olan güc nisbəti
nigaranlıq doğurur.
Söyləmişdilər ki, Bakıda hakimiyyətdə
Rusiyadan mütəmadi
yardımlar alan bolşeviklərdir, yaxşı
silahlanmış ermənilər
də onlarla əlbirdir, qüvvələr
nisbətində fərq
böyükdür; bizim
müstəqillik arzularımız,
müstəqillik niyyətlərimiz
qana boğula bilər: ona görə köməyinizi,
bizə arxa durmanızı umuruq. Bunu da izah etmişdilər
ki, Azərbaycan müstəqillik
qazanarsa və Cənubi Qafqazda bir müsəlman türk dövləti yaranarsa, bu, Osmanlı imperatorluğu üçün də əsl etibarlı dayağa çevrilər.
Mehmet Vəhib paşa onları diqqətlə dinləmiş, Hüsaməddin
Tuğacdan ayrıca hesabat yazmasını rica etmişdi.
Vəhib
paşa ləngimədən
o yazılı hesabatı
və Nağı bəy Şıxzamanlıyla
Ömər Faiq Nemanzadədən eşitdiklərini
o zaman hərbiyyə naziri
vəzifəsini daşıyan
Ənvər paşaya
çatdırmışdı.
Məlumatlar Mərkəzə yetişincə
İstanbul Azərbaycan nümayəndə
heyətinin dərhal qəbula gətirilməsi
göstərişini vermişdi.
Bu, taleyüklü tarix məqamı idi. Bu görüş istiqlalın,
Azərbaycanın gələcək
müstəqilliyinin aqibəti
ilə birbaşa bağlı idi.
Azərbaycan təmsilçilərini sədr-i əzəm - baş nazir Tələt paşa qəbul edəcəkdi. Əvvəlcə
Nağı bəy Şıxzamanlını, Ömər
Faiq Nemanzadəni, Hüsaməddin Tuğacı
birgə qəbul etmişdi, dinləmişdi,
sonra Nağı bəy Şıxzamanlıyla
təkbətək danışıqlar
aparmışdı.
Qapını açıb sədr-i
əzəmin otağına
girmişdilər, ancaq
sanki bir məkandan ayrı bir məkana adlamamışdılar, sanki
zamanın sehrli çubuğu onları tarixin bir mərhələsindən
ayrı bir daha yüksək, ümidləri və inamı bol mərhələsinə keçirmişdi.
Sədr-i
əzəm Tələt
paşa ilə Nağı bəy Şıxzamanlının təkbətək
görüşündən daha əvvəl həmin otaqda Azərbaycan nümayəndə
heyəti ilə bərabər, baş nazirlə yanaşı, hərbiyyə naziri Ənvər paşa, ədliyyə naziri Xəlil bəy də olmuşdu. Onların ikisi də Osmanlı imperatorluğunda yüksək
səlahiyyət və
nüfuz sahibi idilər, onların rəyi ilə ən yuxarı qatda hesablaşırdılar.
İndi o söhbətlərin yekunu vurulacaqdı. Baş nazir, sədr-i əzəm Tələt paşa ilə Nağı bəy Şıxzamanlı üzbəüz
idi. Nağı bəy demişdi ki, paşa həzrətləri,
Azərbaycanın 100 ildən
çoxdur çarlıq
üsul-i idarəsinin
zülmü altında
əziyyət çəkdiyindən
agahsınız. 8 xanlıqdan
ibarət yurdumuz sizinlə dini bir, qanı bir, dili bir
türk millətidir. Millətimiz bu müddət ərzində
çarlıq istilası
ilə heç vəchlə barışmamış,
daim bu əsarətdən
qurtulmaq əzmində
olmuşdur. İndi Qafqazda
çox münasib bir tarixi şərait
yaranmışdır. Millətimiz
müstəqil yaşamaq
əzmindədir. Ancaq
bu yolda bizim ciddi bir
çətinliyimiz vardır.
Xalqımız vaxtilə
hərbi təlim və tərbiyədən
məhrum olub, çarlıq hökuməti
daim hələ Birinci Pyotrdan qalan göstərişə
əsasən Osmanlı
və İran onların
himayəsinə düşməyincə
Qafqaz müsəlmanlarından
əsgər almamaq xəttini yürüdür.
Odur ki, bu, bizlərdə yaxşı
təlim görmüş
əsgəri qüvvə
çatışmazlığı yaradıb. İndi həlledici
tarixi məqamda millətimiz sizdən kömək diləyir. Millətimiz müstəqil
olmaq niyyətindədir,
qardaş əlinizi bizə uzadın. Bizə böyük hərbi qüvvə göndərməyin, hərbi
təlimçilər yollayın:
bizdə qısa vaxt ərzində sanballı hərbi qüvvə yaratmağa imkan vardır. Türk olduğumuz üçün lazım olan qüvvə qanımızda mövcuddur.
Yardım edilərsə,
gücümüz artarsa,
qısa müddətdə
istilaçıları yurdumuzdan
kənara ata bilərik.
Baş
nazir Tələt paşa
özünün də,
ədliyyə naziri Xəlil bəyin də, Camal paşanın
da Azərbaycana imperatorluğun
kömək göstərməsi
məsələsində yekdil
olduqlarını bildirəndə
Nağı bəy incə bir məqamın
üzərinə gəlmişdi.
Söyləmişdi ki, bizdə
- millətimizin içərisində
istiqlalçılarla yanaşı
ilhaqçılar da var. Əksəriyyət
istiqlal tərəfdarı
olsa da, yanlış düşünərək, ya
da məqsədli şəkildə
bu cür istiqamətləndirilərək Osmanlıya ilhaq edilməyimizi, Osmanlı dövlətinə birləşməyimizi
təşviq və təbliğ edənlər,
məhz bu yolu düzgün sayanlar da var. Bizim ali məqsədimiz isə müstəqillikdir.
Sizdən, qardaş xalqdan diləyimiz bu müstəqilliyin qazanılmasında və qorunub saxlanmasında bizə arxa durmanızdır.
Azərbaycan nümayəndə heyəti
İstanbuldan böyük
ümidlərlə ayrılmışdı.
...Fəqət yurdumuzun və xalqımızın
millət təqvimində
iftixarlı, bəxtiyar
1918-ci ilin 15 sentyabrıyla
yanaşı elə həmin ildəcə iztirablı, ah-naləli, qana boyanmış 31 mart
da var.
Bolşeviklərin
körüklədiyi, ilhamlandırdığı,
silahlandırdığı və azərbaycanlı qanına
həris daşnaklar ən müxtəlif bölgələrimizdə
qırğınlar törətməkdə idilər: 1918-ci
ilin 31 martına gəlib çatanacan da ayrı-ayrı
bölgələrdə qan su yerinə axmışdı.
Azərbaycanın
dörd bucağında o günlərdə məsum
insanların torpağa tapşırıldığı
sıra-sıra yeni qəbiristanlıqlar yaranırdı.
Bütün bunlar əbəs deyildi. Bu, erməni
üçün azərbaycanlılara qarşı öz qan
düşmənçiliyini bacardıqca əzazil bir şəkildə
həyata keçirmək girəvəsi idisə, bolşeviklərdən
ötrü Azərbaycan xalqının istiqlal eşqini ürəyindəcə
boğmaq addımı idi.
Milli
qüvvələrin toplaşdığı Gəncəyə
ilk növbədə hücum çəkərək oranı
tam tabeliklərinə salmaq Şaumyanın gizlətmədən
açıq elan və təkid etdiyi fikir idi, qələbə
həmləsinə də hazırlaşırdılar.
Şaumyanın həmnəfəsi, quldur daşnakların daha
bir ünsürü Arsen Əmiryansa bölgələrdə
törədilən qırğınları ikinci dərəcəli
hesab edərək onları bir kənara qoymağa
çağırır, ən əvvəl Gəncənin zəbt
olunmasını tövsiyə edirdi. Deyirdi, əsas məsələni
qoyub ikinci dərəcəli işlərlə məşğulsunuz,
Şərqin Versalı olan Yelizavetpolu birinci növbədə
işğal etmək lazımdır.
1918-ci
ilin 31 martı və onacan törədilən
qırğınların, soyqırımlarının
hamısı müstəqilliyin cəzası idi.
Eyni şəkildə
1990-cı ilin yanvarında Bakıda hər dürlü
azğınlıq icazəsi verilmiş sovet ordusunun törətdiyi
vəhşiliklər də müstəqilliyin cəzası
idi.
Tam eyni
biçimdə 1992-ci ilin 26 fevralında Xocalıda dinc
insanlara tutulan amansız divan, XX yüzilin ən müdhiş
soyqırımlarından olan faciəli gedişat yenə
suverenliyin, istiqlalın cəzası idi.
Və Azərbaycan insanının ruh böyüklüyüdür ki, düşmən nə qədər qəvi olsa da, nə qədər əlləşsə də, millətimizin gözünün odunu ala bilmədi, xalqın varlığındakı istiqlal atəşini söndürməyi bacarmadı.
...Bolşeviklərin, daşnakların birləşərək azərbaycanlılara qarşı müsibətlər yaşatdığı, üstəlik ingilislərin də Bakıya təşrif gətirəcəyi haqqında xəbərlərin yayıldığı çağlarda qüvvələr nisbətinin yerlə göy fərqi olduğu tamam aşkar idi və həmin dövrdə Batumdakı sülh konfransında Azərbaycan nümayəndə heyəti Osmanlı imperatorluğu tərəfindən iştirak edən həm ədliyyə, həm də xarici işlər naziri olan Xəlil bəy qarşısında hərbi dəstək məsələsini dönə-dönə qaldırırdı.
Sülh konfransının davam etməkdə olduğu günlərdə isə Tiflisdə, keçmiş Qafqaz canişinliyinin iqamətgahındakı yığıncağında az sonra ilk Azərbaycan Parlamentini idarə etməyə başlayacaq Həsən bəy Ağayevin dilindən İstiqlal Bəyannaməmiz səsləndi. Elan edilmiş müstəqillik artıq Osmanlı imperatorluğu ilə münasibətlərdə daha qəti addımlar atmaqçün əlverişli bünövrə idi.
1918-ci ilin ilk iyun günlərində Azərbaycan Cümhuriyyəti ilə Osmanlı imperatorluğu arasında dostluq müqaviləsi imzalanır və bu, Osmanlı imperatorluğundan rəsmən kömək istəmək üçün daha ciddi hüquqi əsaslar yaradırdı.
Yenicə fəaliyyətə başlamış Azərbaycan Cümhuriyyətinin ilk sənədlərindən birini xarici işlər naziri Məmmədhəsən Hacınski imzalamışdı. Osmanlı imperatorluğuna ünvanladığı məktubda o, Azərbaycan hökuməti adından yardım istəyirdi: "Rusiyadakı inqilabın nəticəsi olaraq Azərbaycanda mürəkkəb bir vəziyyət yaranıb. Bolşeviklər Bakını və Bakı vilayətini tutub əhalini qırır, Azərbaycan hökumətini tanımır. Bakıdan başqa Şamaxı, Quba və Lənkəran kimi ərazilərdə də qırğınlar törədilmişdir. Şimalda güclənməkdə olan müttəfiqləri, habelə İrandakı ingilislərdən yardımlar almaqda olan bu qüvvənin qarşısını yeni yaranmış Cümhuriyyət ala bilməz. Bu məsələ yaxın zamanlarda həll edilməsə, Cümhuriyyətin mövcudiyyəti təhlükə altına düşəcək, əhali fəlakətə məruz qalacaqdır".
Ardıcıl və təkidli müraciətlər, aparılmış danışıqlar bəhrəsiz qalmamışdı. Qafqaz İslam Ordusu Nuru paşanın rəhbərliyi altında yaradılmış və Azərbaycana doğru hərəkətə başlamışdı. Azərbaycan ərazisinə daxil olduğu ilk anlardansa qədəm basdıqları hər yerdə onları sonsuz məhəbbətlə, toy-bayram əhvalı ilə qarşılamışdılar.
Rafael HÜSEYNOV
Akademik
22 oktyabr 2025
525-ci qəzet 2025.- 25 oktyabr
(№195).- S.16-17.