"Qarabağ müharibəsindən sonra
ölkə kimi fərqli dalğadayıq"
İLKİN
RÜSTƏMZADƏ: "QALİB XALQIN BİR
NÜMAYƏNDƏSİ KİMİ GÖZÜMÜ
AÇIB GÖRDÜM Kİ, BİZ KİFAYƏT
QƏDƏR YAXŞİ MİLLƏTİK"
İctimai-siyasi fəal, "Qaranlığın hekayəsi",
"Quberniya",
"Yoldaş"
və "Bahar mehi" ktablarının müəllifi, yazıçı
İlkin Rüstəmzadə
ilə söhbət
- O gün yazmışdınız
ki, gedirsiniz ölkə
üçün incəsənət
yaratmağa. Maraqlıdır,
sənətin hansı
səmtində görəcəyik
sizi?
- Mən sənəti fərqli-fərqli sahələrə
bölmürəm, vahid
bir orqanizm kimi görürəm. Hansısa xüsusi bir sahə ilə
məşğul olmaq
niyyətində deyiləm.
Bütöv şəkildə
sənətin özü
ilə məşğul
olmaq istəyirəm -
filmdən tutmuş operaya, rəssamlığa,
ədəbiyyata, heykəltaraşlığa
kimi.
- Yəni heykəl düzəldə bilirsiniz
ki?
- Bəli. Niyə də yox? Hazırda
bir heykəl üzərində işləyirik.
- Qalereya da açmısınız.
- Aha, bəli. İndi bütün
enerjimi incəsənətə
yönəltmişəm.
- Sizcə, ilin-günün bu vədəsində qalereya açmaq çox romantik addım deyil ki?
- Əksinə, kifayət qədər realist addımdır.
Mən uzun illər Avropa ölkələrini, əsas
şəhərlərinin muzeylərini
gəzmişəm, tarixlərini
detallı şəkildə
oxuyub, xeyli sənədli filmlərə
baxmışam. Onların
bu yolu necə
keçdiklərini dərk
etməyə çalışmışam.
Daha sonra öz tariximizdə öz yolumuza baxmışam. Bizdən öncəkilərin nəyi
ki etməyə zamanları
çatmayıb, mən
o boşluqları tapıb
doldurmağa çalışıram.
Təbii ki, bunların
hamısını təkbaşına
çatdıra bilmərəm.
Ona görə də qərara gəldim ki, Azərbaycanın çox
istedadlı gənclərini
toplayıb bu işləri görək.
Mən həmçinin
bir menecer kimi buradakı iqtisadi potensialı görürəm. İnsanlara
indi bir qədər təəccüblü
görünə bilər,
ancaq mən yaxşı başa düşürəm ki, etdiyim
yenilik həm incəsənət, həm
də biznes baxımından önəmli
addımdır.
- Səmimi olsaq, sizi bu işə
sənət sevgisi vadar edib, yoxsa
qazanmaq eşqi?
- Mən pulu əlli
yerdən qazana bilərəm, amma sənət sahəsində
özümü xoşbəxt
hiss etdiyimə görə
bu yola girmişəm.
Bütün yaxın çevrəm bilir, bu yaxınlarda Birləşmiş Ərəb
Əmirliklərindən kifayət
qədər prestijli turizm layihəsinə dəvət almışdım.
Təbii ki, təklif etdikləri maliyyə də yüksək idi. Bir neçə dəfə gedib-gəldikdən
sonra anladım ki, bu işi görmək
istəmirəm, Azərbaycanda
daha yaxşısını
edə bilərəm.
Düzdür, burada da
müəyyən çətinliklər
var. Siyasi keçmişimdən
dolayı hələ də biznes dünyasının 80 faizində
mənə qarşı
skeptik yanaşma var. Elə vaxt olur
ki, qarşı tərəf
təqdim etdiyim layihəni çox bəyənir, ancaq axırda son sözü belə olur: mənə deyilməsə
ki, İlkinlə bu işi gör, görə bilmərəm.
Bir çox işlərim
də beləcə başlamadan bitir. Bəlkə də başqalarını bu kimi şeylər həvəsdən salar. Ancaq mən elə çətin mərhələlərdən keçmişəm
ki, bunları sadəcə
növbəti pilləkən
kimi görürəm.
Heç nəyə görə narahat deyiləm. Məsələn,
bu gün maddi gəlirlərim xeyli aşağı düşüb, ancaq bu mənim öz
seçimimdir.
- Deyəsən, turizm sahəsində yaxşı
qazanırdınız. Necə
oldu ki, birdən-birə
sahəni dəyişmək
qərarına gəldiniz?
- Adamlar yordu məni.
Bir şeyin fərqinə
vardım ki, intellektsiz
insanlarla işləmək
çox çətindir.
Turizmdə müştəri
kimi intellektsiz insanların sayı çoxdur. Xüsusilə
də, iki müştərim oldu ki, məni boğaza yığdılar. Onlardan
sonra özümə söz verdim ki, bu tipli adamlar
bir də mənim ofisimdən içəri girməyəcəklər.
Hazırda qalereyamdakı
tablonun qiyməti 246
min manatdır. Əslində,
bu qiyməti qoymağım o təbəqədəki
insanlara bir mesajdır ki, İlkin istəsə, bir rəsm ortaya çıxarıb bu qiymətə satacaq qədər özünə
güvənir.
- O tabloya niyə 246 min manat versinlər ki?
- Çünki o rəsmin qiyməti on ildən sonra ən azı
on milyon dollar olacaq.
- Tablonu belə dəyərli edən nədir axı?
- Məni yanlış anlamayın, ancaq siz bu rəsmin
dərinliklərini anlayacaq
qədər ensiklopedik
bazaya sahib deyilsiniz.
- Yaxşı, mən olum dayaz adam.
Sizcə, bu ölkədə o əsərin
qiymətini anlayacaq dərin insanlar çoxdurmu?
- Az da olsa, var. Həm də mən hazırda cəmiyyətin
bütün təbəqələri
ilə işləmirəm.
Çox uzun illər sıravi insanlarla işləməyə
çalışdım. Bəlli
bir yerə çatanda gördüm
ki, yox, müəyyən
intellekt səviyyəsinin
altında olan adamlarla işləmək mənim üçün əzabdır. İndi sadəcə
ən intellektual insanların anlaya biləcəyi dildə gördüyüm işimi
təbliğ edirəm.
- Bəs niyə məhz rəssamlığa
fokuslanmısınız?
- Mənim bəzi ideyalarım var ki, olduqca dəyərlidir. Sadəcə
yazıçı kimliyim,
siyasi keçmişim
var deyə bir papkanı əlimə alıb kabinet qapılarında gözləmək
mənlik deyil. Yazmışam, qalıb qıraqda, imkan düşəndə istifadə
edəcəyəm. Rəssamlıq
isə ucuz materiya ilə bahalı iş ortaya qoya biləcəyin
nadir sahələrdəndir. Məsələn, Azərbaycan
standartlarında normal kino çəkmək
üçün minimum 100 min manat lazımdır. Rəssamlıqda isə heç kimi yormadan, kabinet qapılarında gözləmədən
öz istedadını
sübut edə bilərsən.
- Sizcə, bu gün incəsənətimizin
əsas problemləri hansılardır?
- Marketinq. Sata bilmirik. Mən demirəm ki, biz İtaliya,
Fransayıq. Ancaq həmin liqadayıq. Mən Azərbaycan incəsənətini digər
ölkələrlə müqayisə
edərkən bu qənaətə gəlmişəm
ki, Avropa ortalamasının
üstündə olan
ölkəyik, ancaq bunu sata bilmirik.
Təbii ki, Fransa, İtaliya ilə müqayisə etmək ədalətli olmaz. Mənim Fransadan, Çexiyadan sənət sahəsində çoxlu dostlarım var. Özüm
də bir müddət Praqada yaşamışam. Onlar bizim incəsənətimiz
haqqında danışarkən
həmişə deyirdilər
ki, siz sərvətin üstündə oturmusunuz,
sadəcə dərk etmirsiniz. Rəssamlığımız
da çox güclüdür.
O vaxt həmin çex dostlarımdan biri tez-tez Azərbaycana
gəlib buradan bizim rəssamların o qədər də çox məşhur olmayan rəsmlərini 3-5
min manata alıb, aparıb xaricdə 50 min avroya satırdı. Məsələn, Azərbaycan
naxışları dünya
modasında çox yaxşı yer tutacaq potensiala sahibdir. Düzdür, indi bu istiqamətdə
çalışanlar var. Mən
əvvəllər bunu
görmürdüm, ancaq
indi həm bunu edənləri görürəm, həm də etdiklərindəki çatışmazlıqları. Bir sözlə, bizim möhtəşəm incəsənətimiz
var.
Pianoda bir nömrəyik, hətta deyərdim ki, Avstriya ilə baş-başa gedirik. Rəssamlıqda çox inkişaf etmişik. Məsələn, biz incəsənət
mövzusunda Türkiyədən
də üstünük.
- Hətta?
- Bəli. Sadəcə Türkiyə böyük
dövlətdir, uzun illər sənətin təbliğatı gedib.
Buna görə də
insanlarımıza belə
deyəndə qəribə
gəlir. Ümumiyyətlə,
xalq olaraq özümüzə lazımi
dəyəri verməmişik.
Biz Qarabağ müharibəsinə
qədər o qədər
sınmışdıq ki, özümüzdə
olana inana bilmirdik. Müharibədən
sonra yavaş-yavaş
özümüzə güvənimiz
yerinə gəlir. Qalib xalqın bir nümayəndəsi kimi gözümü açıb gördüm
ki, biz kifayət qədər
yaxşı millətik.
Sadəcə müəyyən
şeyləri düzəltmək
lazımdır. Mən
müharibədən öncə
etdiyim səfərləri
xatırlayıram, bir
də indi səfər zamanı göstərilən münasibətə
baxıram. Aeroportdakı
işçilərin pasporta
baxışı belə
dəyişib. Təbii
ki, bu gün ölkədə hər şeyin ideal vəziyyətdə
olduğunu demirəm,
problemlərimiz var və
biz onlar haqqında danışmalıyıq. Sadəcə
danışanda nəzərə
almalıyıq ki, qarşımızdakı
da bizim millətin övladıdır. Fakt odur ki, Qarabağ müharibəsindən sonra
ölkə kimi fərqli dalğadayıq.
- Ədəbiyyatla münasibətiniz
nə yerdədir?
- Bu yaxınlarda beşinci kitabım çıxacaq.
- İlkin, maraqlıdır,
necə oldu ki, kitab yazmaq qərarına gəldiniz?
- Uğursuz evliliyimdən sonra şiddət mövzusunda gedən söhbətlərin fonunda
həyatımda çox
şey dəyişdi.
Həmin vaxt mənim bütün ictimai sektordan tanıdığım dostlarımın,
cəbhədaşlarımın ən yaxşı davrananı səssiz qaldı. Əksəriyyəti
isə məni linç etdi, qorumaq əvəzinə, sındırmaq istədilər.
O depressiv, maddi, mənəvi çökdüyüm
günlərdə özümə
söz verdim ki, mən bunlardan heyfimi çıxacağam.
Ancaq necə? Düşündüm ki, nə
edə bilərəm?
Topum yox, topxanam yox, yalnız
qələmim var. Dedim,
mən elə kitablar yazacağam ki... və onlara göstərəcəyəm ki, kiminlə əlləşirsiniz.
Mənə qarşı
həyat yoldaşımla
bağlı kampaniyada
iştirak edən hər kəsi peşman elədim. Bütün ölkəyə
də sübut etdim ki, mən keçmiş həyat yoldaşıma qarşı
heç bir zorakılıq etməmişəm.
Beləcə, intiqamımı
aldım.
- Sizcə, bunu bacardınız?
- Kitabım besteller oldu. Sizcə?
- Deməli, sizi ədəbiyyata hikkəniz
itələyib.
- Hikkə yox, daha çox əzilmişlik duyğusu
və intiqam hissi.
- O adamlar kitablarınızda
var?
- Yox, sadəcə bir neçəsi ötəri şəkildə
keçir. Düzü,
onlar kitablıq personajlar deyillər. Bəzən pis insanların arasında elə koloritli obrazlar olur ki, onları yazırsan. Ancaq haqqında danışdıqlarımız boz və əzbərçi
adamlardır.
- Bu gün Azərbaycanda yazıçıya olan münasibət sizi qane edir?
- Şəxsən mənə
qarşı olan münasibət qane edir. Hazırda vəziyyət belədir
ki, bacarığın varsa,
yaz, heç kim əlini tutmayıb. Mənim "Qaranlığın hekayəsi"
kitabım son 20 ildə
sistemi ən sərt tənqid edən kitabdır. Bu dövlətdə o kitab çap
olunub.
- Qeyd etdiyiniz kimi, besteller müəllifisiniz. Ona görə
də, bu sualın sizdə cavabı var. Bu gün Azərbaycanda kitabdan pul qazanmaq nə
qədər realdır?
Daha da konkretləşdirsək,
siz qazana bilmisinizmi?
- Çox cüzi. Kitablarımın naşiri
Şahbaz bəyə əvvəldən demişəm
ki, mənim düşüncəmə
görə, kitabdan pulu naşir qazanmalıdır. Siz çap edib satın, nə qazansanız, halal xoşunuz
olsun. Ancaq elə edin ki, mənim kitablarım əlçatan olsun. Bunu deyəndə Şahbaz bəy çox təəccübləndi,
çünki bu, ədəbiyyatımızda gənc
yazıçılar arasında
görünməmiş bir
şeydir. Yəni yazıçı gəlib
desin ki, qonorardan imtina edirəm.
- Belə olmamalıdır axı. Normal olan bu deyil.
- Maddi cəhətdən ən çətin vəziyyətdə
olduğum dövrdə
belə anlayırdım
ki, kitabdan qazanacağım
pul məni xilas etməyəcək.
Ona görə də həmin puldan birdəfəlik imtina etdim ki, o kitablar mənim adıma xidmət etsin.
- Tez-tez deyirlər ki, İlkin dəyişdi. İlkin niyə dəyişdi?
- İlkin dünyada ən təbii proses olan inkişafın damarını tuta bildi. Mənim bu ölkədə bir çox şeyə münasibətim
dəyişib - dövlətdən
tutmuş, müxalifətə
qədər. Ancaq bu dəyişiklik bir gecənin içərisində baş
verməyib. Kimsə mənim qarşıma nə qədərsə pul qoyub deməyib
ki, gəl bizim adam ol. Mənim
keçdiyim yol bütün ölkənin
gözünün qabağında
olub.
Spartalıların bir sözü
var. Deyir ki, sülh günləri zəif insanlar yaradır, müharibə günləri
güclü. Əgər
bu qədər çətinlik, əzab görməsəydim, 33 yaşında
özümü bu qədər inkişaf etdirə bilməzdim. Bu əzabı haradasa yaşamalısan. Ya sevdiyin qadın səni tərk etməlidir, ya həbsxanada yatmalısan, ya da siyasi fəaliyyətdə
uğursuz olmalısan.
Yaxud da bunların hamısını
birdən yaşamalısan
- mənim kimi.
Aytac SAHƏD
525-ci qəzet 2025.- 25 oktyabr (№195).- S.11.