Vətən Savaşçıları abidələri
necə tikilməli?
Himayə Şurasının üzvü olduğum "Ulus" Fondu QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Vətən Savaşçıları abidələri"nin monitorinqi, tikiləsi abidələrin optimal stilizasiya olunması barədə təkliflərin hazırlanması" layihəsini icra edib. Mövzunun vacib və aktual oduğunu nəzərə alıb layihə üzrə ekspertlərin təkliflərini oxucularla bölüşmək istədim.
Yurdumuzun
sərhədləri və suverenliyimiz tam bərpa olunandan sonra
Azərbaycan Prezidenti cənab İlham Əliyev
çıxışlarının birində dedi: "Milli
qürur subyektlərimiz olan vətən keşikçilərimiz
ən vacib mənəvi resurslarımızdan biri kimi dəyərləndirilməlidir".
Cənab
Ali Baş Komandanın bu çıxışında da bəyan
olunduğu kimi, Qazilik və Şəhidlik anlayışı
milli ruhun formalaşmasında xalqların ən dəyərli
mənəvi resurslarındandır. Bu mənəvi sərvəti
dəyərləndirən xalqlar qəhrəmanlıq tarixini və
ənənəsini yaşatmaq, milli ruhu gücləndirmək,
əbədiləşdirmək üçün "Bura mənim
vətənimdir!" deyə torpağa möhür
vururmuş kimi abidələr tikir, igid oğullarının
xatirəsini uca tuturlar. Dünyanın qabaqcıl ölkələrinə
səfərlərimiz zamanı adətən ilk olaraq o ölkələrin
elmi-ədəbi-hərbi keçmişini görkə gətirən
abidələrini, ulkan tikinti mənzərələrini seyr
edir, muzeylərinə gedir, xalqları yaratdıqları maddi-mədəni
zənginlikləri ilə dəyərləndiririk.
Anlaşılır
ki, qalib xalqın mənəvi zənginliyinə nail olmaq - azərbaycançılıq
ideologiyasının bitgin mənzərəsini tanıtmaq, cəmiyyətin
ideoloji bazasını gücləndirmək, gənclərin
sosial düşüncəsini formalaşdırmaq, milli mənafeyi
qəhrəmanlara layiq davranışla qorumaq üçün
Savaş dəyərlərini öndə tutmaq çox vacib
şərtlərdəndir. Biz bu fürsəti
qaçırmamalıyıq!
İkinci
Dünya savaşı bitəndən qısa müddət sonra
SSRİ-də vətən qoruyucularına abidələr
ucaldıldı. Həmin memarlıq və heykəltaraşlıq
örnəkləri qalib ordunun xilaskar qüdrətini, arxa cəbhədə
qalan, cəbhə üçün əlindən gələni
edən insanların dəyanətini ifadə edir. Bu xatirə
komplekslərinin əzəməti gənclərin vətənə,
dövlətə, orduya sevgi və ehtiramının
formalaşmasında mühüm rol oynayıb.
Vətən
uğrunda döyüşənlərin şərəfinə
ucaldılan abidələr, anım səhnələri sadəcə
xatirə tikintisi deyil, həm də milli ruhun xarakterini
cızan əsərdir. Abidənin hər bir elementinin mənası
və məqsədi olur - millətin savaşlarla
ötmüş tarixini yaşadır, keçmişin
ağırlığını, gələcək
özgürlüyü qorumağın əzmini göstərir.
Ustad dəyəri
ilə ucaldılan abidələrdə yurdqoruma igidliyini
göz önünə gətirmə gerçəkliyi
savaşların tarixini yaddaşlarda daim sərgiləyə
bilir - quruluşunun mükəmməlliyində ifadə olunan
dramatikliklə, əzəmətlə insanlarda qürur
duyğusu oyadır, həm savaşın
amansızlığını, həm gücün qüdrətini,
həm də qələbənin sevincini yaşadır. Məhz
yüksək sənətkarlıqla, əzəmətli
görünüşlə tikilən abidələr əbədiyaşarlıq
qazanır. Abidə sadəcə daş və metal
olmaqlıqdan çıxır, hər bir detalı insanlıq
ruhunu yaşadan, keçmişin görüntülərini
cızıb da gələcəyə ötürən bir
örnək, bir ideya və mənəvi yükün ifadəsi
olur.
Qarabağ
savaşı bitdi. Ölkənin ərazi
bütövlüyü və suverenliyi uğrunda gedən
savaşlarda əsgəri borcunu ödəyən Vətən
Savaşçıları hər birimizin qürur
ünvanımız oldu. Cəmiyyətin onlara münasibəti
milli ideoloji kurs, dəyər və layiqlik örnəyi oldu,
döyüş səhnəsində qələbə
uğrunda canını əsirgəməyən Vətən
övladlarına hər bir yaşayış məntəqəsində
anım divarları, şəhid bulaqları tikildi, büstlər,
heykəllər qoyuldu.
Bu uca
milli-mənəvi sərvətimizin durumunu öyrənmək
üçün QHT-lərə Dövlət Dəstəyi
Agentliyinin maliyyə yardımı, Azərbaycan Bələdiyyələrinin
Milli Assosiasiyasının tərəfdaşlığı ilə
kənd və şəhərlərimizi aradıq,
savaşçılarımız adına tikilmiş abidələri,
anım yerlərini ziyarət etdik.
Razılaşa
bilərik ki, uzun sürən atəşkəs dövrü,
üzgün savaş itkilərinin çoxluğu
yaddaşımıza şəhidliyi hopdurmuşdu. Bu sürədə
bütün şəhərlərdə şəhidlər
xiyabanı, kənd və qəsəbələrdə
ayrı-ayrı şəhid adına yüzlərlə
anım divarı, şəhid bulaqları tikilməsi ənənəsini
doğurmuşdu.
Qazanılmış
böyük qələbədən sonra durum dəyişdi,
yeni gerçəklik döyüşçülərimizin
adına tikiləsi abidələrin məzmununa yenidən
baxmağımızı gərəkli etdi. Biz öz təkliflərimizi
topladıq. İndi isə bu mövzuda ekspertlərlə
etdiyimiz geniş müzakirələrin yekununu oxucularla
bölüşmək istədik.
Araşdırmamız
gedişində müəyyən etdik ki, şəhid adına
tikilmiş anım yerləri, çox vaxt şəhidin
qohumları və ya kimsə tərəfindən qeyri-peşəkar
qaydada tikilir. Layihə eskizlərini memarlar cızmır,
ayrı-ayrı şəxslərin istək və tələbinə
uyğun olaraq ustaların fantaziyası ilə tikilir. Çox
vaxt uyğun olmayan yerlərdə, basırıqda, yolkənarı
tozanaqa, bəzən qəbiristanlıq
yaxınlığında qeyri-peşəkar formada tikilmiş
bu anım yerləri daha çox ölümü, kədəri,
məyusluğu, itkini təsvir edir, Vətən
Savaşında qazanılmış qələbənin əzəmətini
ifadə etmir.
Bayram
günlərində, zəfər törənində şəhidlərin
xatirəsinə inşa edilmiş bulaqların, anım
divarlarının əhatəsində toplantılar
keçirilir. Bu abidələrin, xatirə
tağlarının, bulaqların, yaxud lövhələrin əksəriyyəti
müəyyən zaman keçimində baxımsız
qalır, ömrü uzun olmur, ziyarətçilərdə
ikrah oyadır. Şəhid bulaqları, anım divarları
abidə kimi tikilmədiynə görə
inventarlaşdırılmır, uyğun qurumların
balansında olmur deyə qorunmur.
Böyük
Zəfərimizdən illər keçir. Müəyyən
etdik ki, ölkəmizdə yalnız Bakı, Sumqayıt,
Şirvan və Gəncə şəhərlərində
örnək olası "Zəfər" abidəsi
ucaldılıb.
Şəhid
olanları döyüş səhnəsindən
çıxardan, yaralıları həkimlərə yetirən,
sonacan döyüşüb savaşı qələbə ilə
başa çatdıran, Şuşaya qələbə
bayrağını sancan, taleyinin buyruğu ilə sağ
qalıb da döyüş anlarını-günlərini hekayələndirən,
sonra da o anların ağrılı xatirələri ilə
yaşayan döyüşçülərimizi təsvir edən
əsgərin də haqqını tanımaq, abidə örnəklərini
heç olmasa şəhidli-qazili bütün
savaşçıların adına ucaltmaq, yəni Vətən
Savaşçılığında xidməti olan hər bir
döyüşçünün adının əbədiləşdirilməsi
yaxşı olmazmı?
O cümlədən,
araşdırmamızdan aydın oldu ki, dövlətçiliyi
qurulmuş, milləti formalaşmış Azərbaycanda batal,
yəni savaş heykəltaraşlığı hələ də
özünün əzəmətli örnəklərini
yaratmayıb.
Bir
sözlə, Vətən
savaşçılığını ifadə edən abidələrlə
bağlı yeni ciddi düşüncə ortaya
qoyulmalıdır. Bu sayaq abidələrin həm milli, həm
də dünya memarlığı ilə uzlaşan məzmunu
yaradılmalıdır.
Gəzintimiz boyunca II Dünya savaşından qalma abidələrin çoxunun baxımsız, yiyəsiz, uçulub-sökülmüş durumda olduğu ilə rastlaşdıq. Sayı yüzlərlə olan bu abidələrdən yalnız 14-nü Mədəniyyət Nazirliyi pasportlaşdırıb. Bu abidələr heç bir qurumun qorumasında deyil. SSRİ adında dövlət yıxılması ilə öz ideoloji əsasını da itirdi. İndi o abidələrin ya sökülməsinə, ya da böyük qələbəmizin abidələşməsi ilə uzlaşdırılaraq yenilənməsinə gərək yoxdurmu?
Tanınmış memarlarımız, rəssam-heykəltaraşlarımız ekspert olaraq dedilər ki, incəsənət və arxitektira qaydalarına və normativlərinə uyğun olaraq:
- Abidə vətənə sevginin əzəmətini sərgiləyən, ehtiram duyğularına layiq obrazla tikilməlidir.
- Abidə səssiz dili ilə döyüşün, qəhrəmanlığın, xilaskarlığın dramatizmini ifadə etməli, ziyarətçilərin duyğu və düşüncələrində qürurun, iftixarın həyacanını oyatmalıdır.
- Abidə əsasən gənclərin ziyarət etmələri üçün uyğun-ortalıq yerlərdə, kəndin, qəsəbənin ən cazibəli guşəsində tikilməli, parklaşdırılmalıdır.
- Abidə ölçüsünə, məzmununa uyğun olan ərazidə, hündürlükdə tikilməlidir. Yaxınlıqdakı tikililər onun əzəmətinə kölgə salmamalıdır.
- Abidə uyğun dövlət orqanında pasportlaşdırılmalı, inventarlaşdırılmalı, bələdiyyələrin balansında qorunmalıdır.
- Abidələrin ucaldılması istəyi olanda memarlar, heykəltaraşlar arasında müsabiqə elan olunmalı, ən yaxşı əsəri ustad mütəxəssislər seçməli, məzmunun tamlığı üçün tikintisinə axıracan nəzarət etməlidirlər.
Ekspertlər onu da dedilər ki, Vətən Savaşçılarının adına tikiləcək abidələr ümumiləşdirilməli, yaşayış məskənindən döyüşə gedib şəhid və ya qazi olmuş bütün döyüşçülərin xatirəsini ifadə etməlidir.
Bu şərtlərin gözlənilməsi, tikiləsi abidələrin memarlıq üslublarına uyğun qurulması üçün Mədəniyyət Nazirliyində Ekspert Komissiyası yaradılıb. Abidənin tikilməsi təşəbbüsləri öncə memar studiyalarında və heykəltaraş emalatxanalarında cızılır, hazır eskizlərə bu komissiyada baxılır, mütəxəssislərin imzası ilə layihələrin tikilməsinə müsbət rəy verilir.
Estetik, məzmunlu abidələr ideoloji baxışları dəyişir, Vətən savaşçılığının məzmununu daha layiq ifadə edə bilir, torpaq uğrunda min illərdən bəri canından keçən milyonlarla soydaşımızın ümumiləşmiş ziyarətgahına çevrilir.
Belə abidələr fərdi himayəçilikdə olmur, dövlət tərəfindən inventarlaşdırılır və bələdiyyələrin xidməti səlahiyyətinə verilir, qorunur, zaman-zaman təmir və təmin edilir.
Bu dəyərdə cızılmış abidələr arxitektura və heykəltaraşlıq normativlərinə uyğun olur, yaşayış məskəninin görükən-seçilən yerində tikilir, kənd, qəsəbə bu abidələrlə abadlaşır, gözəlləşir, vətəndaş məmnunluğu yaradır. Bu abidələr bizim köklərimiz, ruhumuz, kimliyimiz adına zamanla silinməyəcək bir tarix olur. Yaşayış yerlərinin abadlaşdırılmasında, insanların mənəvi kultivasiyasının zənginləşməsində, vicdan və borc duyğularının qalxınmasında mənəvi, ideoloji təsirini buraxır, qürurumuzun simvolu olur.
Ümid edirik ki, zaman keçidində bütün yaşayış məntəqələrində böyük qələbəmiz adına möhtəşəm abidələr tikiləcək.
Əlisafa MEHDİ
ULUS
Fondunun Himayə Şurasının üzvü
525-ci qəzet .- 2025.- 25 oktyabr (№195).- S.10.