Qələmsiz yazılanlar
Başını aşağı salıb
təvazökarlıqla, əzmlə,
peşəkarlıqla sevdiyi
işə ömür
sərf edib uğur qazanmağın ən bariz nümunəsi:
Qurban Qurbanov!
lll
Kininizi körükləməyə sərf
etdiyiniz enerjini pozitiv istiqamətlərə
yönəltsəydiniz, indi
özünüz də
başqa olardınız,
ətrafınız da.
lll
İmkan
edəndə televiziyalarımıza
baxmaq lazımdır; dəyərli verilişlər
çoxdur.
lll
Yerinə
düşən sözü
tapmağın səadəti!
lll
Sənətə, sənət adamlarına
ehtiram göstərən
insanlar həm də özlərinə hörmət qazanırlar.
lll
Öyrəşdiyi qaynar həyatdan
sakitliyə çəkilib
yaşamağı hər
adam bacarmır. Diqqət mərkəzində
olmaq arzusu zamanla xasiyyətə çevrilən vərdişdir,
xəstəlikdir - özünəgüvəni
azaldır, depressiya yaradır. Sonu da ki məlum.
lll
İnsanın əsl xarakteri gərgin və əsəbi olanda üzə çıxır.
Sakit vaxtlarda nəyisə gizləmək
olur. Ekstremal məqamlarda iç öz mahiyyətini açıb-tökür. Xisləti
uzun zaman gizləmək
mümkün deyil.
lll
Yazmaq rahatlaşdırır, sakitləşdirir.
Ürəyini kiməsə boşaltmaq,
içindəkiləri kiminləsə
bölüşməkdən etibarlısı, yazmaqdır.
Terapiyadır.
lll
Sosial şəbəkələr üstün
məziyyətləriylə bərabər, mühiti zəhərləyən tərbiyəsiz,
əxlaqsız, vicdansız,
düşüncəsiz adamlara
da meydan yaratdı. Heç bir məsuliyyət hiss etməyən
belə adamların sosial mediada yaydığı çirkab,
ürəkbulandıran ab-hava
nəfəs almağa
imkan vermir.
lll
Harınlıq - cəmiyyətin və
sadə insanların yaşayış tərzinə
yuxarıdan aşağı
baxmaq, meydan oxumaq, empati hissindən məhrum olmaq, öz həyat tərzini gözə soxmaqla insanları aşağılamaqdır.
Bu isə mənəvi,
dini, etik prinsiplərə görə
haçansa və necəsə cəzalandırılır.
lll
Bilən-bilməyən ağlına nə gəldi danışır. Bu da sosial
medianın yaratdığı
xaotik gerçəklikdir.
lll
Deyir,
21-ci əsrin adamının
1 həftədə aldığı
informasiyanı, gördüyü
insanları 19-cu əsrin
rus kəndlisi 70 ildə alırdı, görürdü. Bu hesabla
bu gün Kitab sərgisində 19-cu əsrin
rus kəndlisinin 70 illik həyatını yaşadıq.
Üstəgəl, sərginin fəxri
qonağıyla fəxri
ölkə - Qətərin
tünd qəhvəsindən
dadmaq, Tiflisdəki M.F.Axundzadə muzeyinin direktoru nurani Leyla xanımla, əfsanəvi Tərlan Musayevayla və digər dəyərli insanlarla görüşləri
də nəzərə
alsaq, rus kəndlisi heç nə yaşamayıb!..
Hələ davamında ağsaqqal
dostlarla səmimi məclisi, həmkarımızın
övladının toyunda
dəyərli insanlarla
ünsiyyəti də
əlavə etsək,
19-cu əsrin adamından
heç nə qalmaz...
lll
Kitab sərgisində UNEC-in Beynəlxalq
Münasibətlər fakültəsinin
iki tələbəsiylə
rastlaşdıq. Qızlar
ingilis dilində kitablar almışdılar.
Bir az gileyləndilər;
ispan və italyan dillərində kitablar tapmayıblar, ingiliscə arzuladıqları
kitablar az olub. Qısa söhbətdə onların
öyrənmək şövqünə,
savadlarına, özgüvənlərinə
heyran oldum.
"Hər azərbaycanlı azı 4 dil bilməlidir. Biz bilirik, özümüzü daha
da təkmilləşdirməyə çalışırıq".
Bu tələbələrin dünyanın
istənilən ölkəsinin
gəncləriylə müzakirə
aparacaq səviyyədə
hazırlıqlı olduqlarını
hiss etdim.
Sevindim.
Qürur duydum.
Qalib Azərbaycana və Zəfərimizə layiq gənclər yetişir.
lll
İpək Məcid yeganə
oxucudur ki, Kitab sərgisində
həm Anar müəllimlə şəkil
çəkdirib, həm
Kəramətlə...
lll
Müəllim obrazı mənim
üçün həmişə
ehtiram və hörmət mənbəyi
olub.
lll
Paxıllıq pis xəstəlikdir.
Paxıllığı gizləyə
bilməmək, büruzə
vermək, başqasının
uğurundan əndişələnib
pörtmək isə
lap əcaib görünür.
lll
Erkin Qədirlinin sözü yadımda qaldı:
"Kitab oxuyan adam gözündən tanınır".
lll
"Qanunvericiliyin tələbi"
Xahişdən boyun qaçırmağın
peşəkar və möhkəm bəhanəsi...
lll
Unudulan doğum günləri...
lll
Sosial şəbəkədəki istedadlı
və ağıllı
adamlar çox zaman dinmirlər, abırlarına
qıslırlar, hansısa
vacib mövzuya münasibət bildirmirlər.
Buna görə də
qaragüruhun və bədniyyətlərin səsi
gur çıxır;
sərsəm fikirlərini
doğru, yanlış
düşüncələrini haqlı sayırlar.
Ağıllı fikirlər nə
qədər çox səslənsə, bədniyyətlər
küncə sıxışacaqlar,
əmin olun.
Doğrunun tərəfini saxlamaqdan,
həqiqəti söyləməkdən,
yanlışı qınamaqdan
çəkinməyin!
lll
Suyun da dadlısı var...
lll
Xoş ovqatlı şəkillərə
baxanda həmin anın aurası və xatirəsi canlanır. Yaxşı şəkillər terapiyadır.
lll
Hamı
həyatında dəyişiklik
arzulayır.
lll
Tədbirlər tənhalıq və
lazımsızlıq duyğusunu
arxa plana atır.
lll
Xərifləməkdənsə, ayaqdan qocalmaq yeydir...
Şairin
sualındakı kimi:
"Dünyada hərə bir cür qocalmağa
başlayır;
Başdanmı qocalan çox,
ayaqdanmı?
Kim bilir.
Hansı
pisdi -
yerişi,
yoxsa ağlı itirmək?
Axsaqdanmı soruşaq, axmaqdanmı?
Kim bilir".
lll
Dünyada vəfa, etibar, minnətdarlıq duyğusu
qədər insanı
təsirləndirən keyfiyyətlər
azdır.
Şuşa sakini, tar həvəslisi,
yeniyetmə Məcid Məmmədov gecə saat 3-də Şuşadan yola düşüb Bakıya, Xalq artisti Ramiz Quliyevin vida mərasiminə gəlib. Deyir, bu, mənim vəfa borcum, minnətdarlığımdır.
İki
il öncə Ramiz müəllim
Şuşada "Qarabağ"
otelinin qarşısında
Məcidin tar çalmağını
görmüşdü, ona
ustad məsləhətlərini
vermişdi, barmaqlarını
pərdələrdə necə
tutmağınacan söyləmişdi.
Sonra da Məcidə çatdırmaqçün
mizrab, tar simləri, musiqi kitabları yollamışdı. Məcidin
anası da Ramiz müəllimə
Şuşa kəkotusu
göndərmişdi. Bu barədə
Xalq artistinə həsr olunan "Ötən günlər"
verilişində də
danışmışdım.
İndi Muğam Mərkəzində
Xalq artisti Ramiz Quliyevlə vida mərasimində Məcidi
görmək məni təsirləndirdi. Yüksək
insani keyfiyyətlərin
dünyanın sabahını
qoruyacaq əsas amil olduğuna dəlicəsinə
inanan insan kimi çox duyğulandım.
Ruhu şad olsun, Ramiz müəllimin!
Gözəl keyfiyyətlərimiz daim yaşasın!
lll
Tıxacdan öncə şəhərdən
çıxmaq igidlikdir.
lll
XI Bakı Beynəlxalq Kitab Sərgisində "Alfacin"
nəşriyyatının stendinin
qarşısından keçərkən
naşir Mübariz Həsənov məni söhbətə tutdu. Rəhbərlik etdiyi nəşriyyatın Göygöl
şəhərində fəaliyyət
göstərdiyindən, rayon rəhbərliyinin kitaba, ədəbiyyata marağından
və şərait yaratmasından, nəşr
etdiyi kitablardan danışdı, sonra Orxan Arazın "Helenendorfun sonuncu şahidi" kitabını
mənə bağışladı.
Maraqlı sürpriz oldu. Həm bölgədə fəaliyyət
göstərən belə
bir nəşriyyatımızın
olmasından, həm Orxan Arazın bu mövzuda kitabının çapından
məmnuniyyət duydum.
Orxan Araz tanınmış nasir, jurnalist, tədqiqatçıdır. Uzun
illərdir Almaniya və Türkiyədə yaşayır. Azərbaycan
sevdalısıdır, dostumuzdur.
"525-ci qəzet"də çoxlu yazıları çap olunub, dəyərli kitabların
müəllifidir.
Tədbirlərdən baş açılan kimi vaxt edib bu
yığcam kitabı
oxumağa başladım
və elə birnəfəsə bitirdim.
Orxanın Azərbaycana sevgisini
bilirəm. Ona görə
də bu kitabında da gəzdiyi kəndlərimiz, bölgələrimiz,
orada yaşayan insanlarımız barədə
məhəbbətlə söz
açmasını təbii
qarşıladım.
Amma bu kitabda əlbəttə
ki, Helenendorfun sonuncu şahidi adlandırdığı
Sami adlı qəhrəmanla
təsadüfi görüşü,
sonra macərayla onu yenidən axtarıb tapması və sonuncu şahidin təsirli söhbətlərini həyəcanla,
coşquyla qələmə
alması məni valeh etdi.
Orxanla əlaqə saxladım, kitabına görə təbrik etdim. Düzü, heç soruşmadım bu Sami obrazı uydurmadır, təxəyyüldür, yoxsa
gerçək insandır.
Kitabın yazılmasından
illər keçib, yəqin ki, əsərin yaşlı qəhrəmanı
gerçək, real insan
imişsə də, dünyasını dəyişmiş
olar.
Amma onun danışdığı
xatirələr, əhvalatlar
çox təsirlidir və Helenendorfun tarixinə, vaxtilə orda yaşayan almanların taleyinə, məişətinə, mədəniyyətinə,
həyat tərzlərinə
nisgil və hüzn dolu səyahətdir.
Mən arzu edərdim ki, Orxan Araz əsərin
əsas məğzini
təşkil edən bu qəmli hekayəni
ayrıca əsər kimi işləsin, almancaya çevirib orada da nəşr etdirsin. Bu həm də Azərbaycan-Almaniya dostluğuna, vaxtilə Helenendorfda yaşayan almanların hüznlü taleyinə bir daha diqqət cəlb edər.
Əziz
dostumuz Orxan Arazı bu kitaba
görə təbrik edir, yaradıcılıq şövqünün azalmamasını
arzulayıram. Göygöllü
naşirimizə də
təşəkkürümü bildirir, belə sürpriz nəşrlərlə
bizi təəccübləndirməyə
davam etməsini diləyirəm.
lll
Fürsətcil adamlar təhlükəlidir...
lll
"Mücrü" nəşriyyatı
"Yol" adlı sanballı və lazımlı bir kitab nəşr edib. Kitabın xeyli iddialı təqdimatı
var və haqq üçün deyim ki, bu iddia xeyli
əsaslıdır: "Həyatı
və özünü
dərk etməyə çalışan hər
kəs üçün
bir düşüncə
səyahəti...
Xoşbəxtlik nədir? Həyatın
mənasını necə
tapa bilərik?
Kitab aktual suallar qoyur, dilemmalara toxunur, zehnimizdəki gizli mexanizmlərə diqqət çəkir, beyin fırtınası keçirməyə çağırır".
Kitabın müəllifi Simran Qədimi
tanıyıram, Azərbaycan
Yazıçılar Birliyinin
üzvüdür, romanlar,
publisistik yazılar müəllifidir. Fiziki məhdudiyyətlərə səbirlə
sinə gərib həyatını mütaliəyə
və yazmağa həsr edən əzmkar bir gəncdir. Ləng fiziki gücünün əksi olan iti beyni, sərrast
müşahidə qabiliyyəti
və ağıllı
təhlilləri heyranlıq
doğurur. Kitabı oxuduqca müəllifin zəngin mütaliə və müşahidə dairəsi ilə tanış olur, gəldiyi qənaətlərin,
çıxardığı nəticələrin dəqiqliyinə
təəccüblənirsən. Həm də istər-istəməz düşünürsən:
bir otaqdan çıxmadan, kitabların
gücüylə belə
aydın düşüncəyə,
ağıllı qənaətlərə
sahib olmaq axı necə mümkündür?
Kitabı
"7 dayanacağ"a bölən
müəllif şəxsiyyətin
formalaşmasından tutmuş,
ecazkar layihə mərkəzi adlandırdığı
elmi yeniliklərə,
informasiya burulğanından
süni zəkaya, robotlaracan psixoloji dalğalanmaların havasında
minillik suallara cavab axtarışına çıxır. Hər
"dayanacaq"da da təəccübləndirməyə,
rəğbət qazanmağa
davam edir.
"Buddizmə görə, xoşbəxtlik əzabın
olmamasıdır. İstəklərimizi
azaltsaq, ruhi-mənəvi
dincliyə - nirvanaya çatarıq. Konfutsiçiliyə
görə, xoşbəxtlik
insanpərvərlikdir. Daosizmə
görə, həyatın
təbii axarı ilə barışmaqdır.
Stoiklərə görə,
xoşbəxtlik xeyir əməllərdir".
Bəs bu minillik qənaətlərdən
sonra, çağdaş
dövrün ab-havasında
bu suallara kitabda necə cavab verilir?
Müəllifin qənaətləri ilə
tanış olmaq üçün kitabı
oxumaq lazımdır. Oxusanız, peşman olmayacaqsınız.
Bəlkə kitablara marağın
azaldığı indiki
zəmanədə Simran öz
düşüncələrini həm də qısa-qısa sosial şəbəkədə, öz
profilində paylaşsa,
daha çox diqqət çəkə
bilər.
Naşir
Müşfiq Xana ayrıca təşəkkür
edirəm. Bu kitabı
nəşr etməklə
savab iş görüb. Təbliğini
və reklamını
da qurmaq lazımdır.
Bədbin
deyiləm, ən xaotik, qarmaqarışıq,
ağız deyəni qulaq eşitmədiyi tiktokvari zəmanədə
də ağıllı
fikirlərin, dərin
düşüncələrin sakit beyinlərdə reaksiya doğuracağına
çox inanıram. Simrana isə güc, enerji və sonsuz şövq arzulayıram.
lll
Vəzifə bəzilərinin düşüklük
və səyliyini pərdələyirmiş.
Rəşad MƏCİD
"525-ci
qəzet"in baş
redaktoru, Azərbaycan Yazıçılar Birliyinin
sədr müavini
525-ci qəzet .- 2025.- 25 oktyabr (№195).- S.9.