Süni intellektin tətbiqi:
gələcəyin təhsil
modelində mühüm
istiqamət
UNEC-in REKTORU, PROFESSOR
ƏDALƏT MURADOVUN FİKRİNCƏ, SÜNİ
İNTELLEKT TƏHSİLDƏ NƏ QƏDƏR BÖYÜK
ROL OYNASA DA, MÜƏLLİMLƏRİ TAM ƏVƏZ EDƏ
BİLMƏYƏCƏK
Texnologiyanın sürətli inkişafı,
xüsusilə süni
intellektin yaranması və geniş tətbiqi, insan həyatının bütün
sahələrinə olduğu
kimi, təhsil sisteminə də öz təsirini göstərir. Müasir dünyada, demək olar ki, süni
intellektsiz bir təhsil modeli təsəvvür etmək
çətindir. Süni
intellekt artıq təhsilin gələcəyini
formalaşdırır.
Mütəxəssislərin
fikrincə, bu texnologiya sayəsində tədris prosesi daha çevik, əlçatan və effektiv olur. Ancaq unutmamalıyıq ki, təhsilin əsas məqsədi yalnız bilik ötürmək deyil, həm də şəxsiyyət formalaşdırmaqdır.
Buna görə də süni intellektlə yanaşı,
insan amili - müəllimlərin, tələbələrin
və valideynlərin rolu həmişə ön planda qalmalıdır.
Süni intellekt
insan zəkasını
təqlid edən, öyrənmə, düşünmə,
qərarvermə və
problemləri həll etmə qabiliyyətinə
malik sistemlər toplusudur. Təhsildə süni intellektin əsas məqsədi öyrənmə prosesini fərdiləşdirmək, müəllim
və tələbə
arasındakı əlaqəni
gücləndirmək, eyni
zamanda tədris prosesinin səmərəliliyini
artırmaqdır. Süni
intellektin təhsildə
ən böyük imkanlarından biri öyrənməni fərdiləşdirmək
qabiliyyətidir.
Süni intellekt
təhsili daha maraqlı, səmərəli
və hamı üçün əlçatan
edəcək
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov hesab edir
ki, gələcəyin
təhsil modelinin əsas istiqamətlərindən
birinin məhz süni intellekt texnologiyalarının tətbiqi
olacaq. Ədalət Muradov süni intellektin təhsildə fərdiləşdirmə, interaktiv
öyrənmə, müəllimlərin
işini asanlaşdırma,
inklüzivlik və gələcək iş bazarına hazırlıq baxımından yaratdığı
imkanlardan bəhs edib: “Süni intellekt və təhsilin gələcəyi,
gələcək təhsilin
əsas konturları daha aydın görünməyə başlayır
və burada əsas amillərdən birinin məhz süni intellekt olacağı artıq qəbul edilir. Təhsilin fərdiləşdirilməsi. Süni
intellektin təhsildə
ən böyük imkanlarından biri öyrənməni fərdiləşdirmək
qabiliyyətidir. Süni
intellekt hər bir təhsilalanın güclü və zəif tərəflərini,
öyrənmə sürətini
təhlil edərək
onun üçün fərdi təhsil planı yarada bilir.
İnteraktiv öyrənmə
Saatlarla mühazirə
dinləmək dövrü
artıq geridə qalır. Gələcəyin
təhsili interaktiv öyrənmə alətləri
ilə zəngin olacaq. Virtual reallıq (VR)
və artırılmış
reallıq (AR) dərsləri
canlandıraraq öyrənməni
daha maraqlı edəcək.
Süni intellekt
- müəllimin köməkçisi
İdarəetmə işlərindən tutmuş
təhsilalanlara əlavə
dəstək göstərməyə
qədər, süni intellekt müəllimlərin
vaxtına qənaət
edərək onların
əsas işi olan öyrətməyə
daha çox diqqət ayırmasına şərait yaradır.
Əlçatanlıq və inklüzivlik
Təhsilalanlar təhsil imkanlarına bərabər çıxış
əldə edirlər.
Eyni zamanda, süni intellekt tədris materiallarını
müxtəlif dillərə
tərcümə edə
bilir ki, bu da ana
dili fərqli olan təhsilalanlar üçün maneələri
aradan qaldırır.
Gələcək iş bazarına hazırlıq
Süni intellekt
inkişaf etdikcə əmək bazarı da əhəmiyyətli dərəcədə dəyişəcək.
Gələcəyin təhsili
yalnız ənənəvi
fənləri deyil, həm də təhsilalanları süni
intellekt ilə idarə olunan dünyada uğurlu olmağa hazırlayan bacarıqları öyrədəcək.
Beləliklə, süni
intellekt təhsili daha maraqlı, səmərəli və hamı üçün əlçatan edəcək.
Süni intellekt
müəllimləri heç
vaxt əvəz edə bilməyəcək
Süni intellektin
müəllimi tam əvəz etməsi mümkün deyil. Çünki tədris prosesi təkcə bilik ötürməkdən
ibarət deyil, o, həm də insani münasibət, emosional əlaqə və dəyərlərin
formalaşdırılması prosesidir. Süni intellekt isə nə qədər inkişaf etmiş olsa da, empatiya,
anlayış və duyğu paylaşımı
kimi insana xas keyfiyyətlərə malik deyil. O, verilən məlumatları
emal edə bilər, amma şagirdin duyğularına
və motivasiyasına
insan kimi təsir göstərə
bilməz. Texnologiya öyrətmə prosesini asanlaşdıra bilər,
amma insanı insan edən ünsiyyət, emosional bağlılıq və mənəvi dəyərlərin
ötürülməsi yalnız
müəllim vasitəsilə
mümkündür. Ona
görə də, gələcəyin təhsil
modeli süni intellekt və müəllimin birgə fəaliyyətinə əsaslanmalı,
amma müəllimin yerini tam olaraq
texnologiyaya buraxmamalıdır.
“Müəllimlərin rolu daha da
önəmli olacaq”
Rektorun sözlərinə
görə, süni intellekt təhsildə nə qədər böyük rol oynasa da, müəllimləri
heç vaxt əvəz edə bilməyəcək. Əksinə,
müəllimlərin rolu
daha da önəmli
olacaq: “Onlar artıq yalnız bilik verən deyil, həm də təhsilalanları süni intellekt vasitəsilə mövcud informasiya dünyasında istiqamətləndirən bələdçilərə
çevriləcəklər. Müəllimlər tənqidi
düşüncə, emosional
zəka və sosial bacarıqların inkişafına fokuslanacaqlar.
Təhsilalanlarla müəllimlər
arasındakı əlaqə
əsas olaraq qalacaq, Süni itellekt isə sadəcə bu əlaqəni gücləndirən
bir vasitə rolunu oynayacaq. Bu baxımdan həlledici məqam həm də süni intellekt təhsil və təlimin hansı mərhələsində tətbiq
edilməsidir. Mütəxəssislərin
böyük əksəriyyətinin
haqlı fikirlərinə
görə, süni intellekt auditoriyada dərslərə deyil, dərsdən sonrakı hazırlıq mərhələsinə
tətbiq edilməsi daha doğru və daha faydalıdır.
Nəticə etibarilə,
gələcəyin təhsili
şübhəsiz ki,
süni intellekt gücündən istifadə
edəcək, lakin hər bir təhsilalanın
ehtiyac və potensialını ön planda tutacaq. Texnologiya ilə insan münasibətlərinin
düzgün balansı
qurulduqda, bizi fərdiləşdirilmiş, keyfiyyətli,
əlçatan və
istədiyimiz təhsil
gözləyir”.
Süni intellekt
müəllimlərin işini
tamamlayacaq
Ədalət Muradov qeyd edib
ki, süni intellekt artıq gündəlik həyatımızın
ayrılmaz hissəsinə
çevrilib, iş tərzimizi, öyrənmə
və ünsiyyət üsullarımızı dəyişdirir:
“Artıq təsəvvür
etmək çətin
deyil ki, gülümsəyən, süni
intellektlə idarə
olunan bir müəllim sizin adınızı bilir, öyrənmə tərzinizi
anlayır və dərsləri sizin fərdi ehtiyaclarınıza
uyğunlaşdırır. Üstəlik, süni intellekt yorulmur və 24/7 rejimində fəaliyyət göstərə
bilər, bu da tələbələrin
istənilən vaxt kömək almasına imkan verir. Süni
intellektin müəllim
kimi fəaliyyət göstərməsi ilə
bağlı əsas narahatlıqlar məlumat məxfiliyi, iş yerlərinin itirilməsi qorxusu ilə bağlıdır. Lakin bir çox ekspertlər və biz də hesab
edirik ki, süni intellekt müəllimləri tam əvəz etməyəcək,
əksinə, onların
işini tamamlayacaq. Rutın və təkrarlanan tapşırıqları
yerinə yetirməklə,
süni intellekt müəllimlərə yaradıcı
və analitik işlərə daha çox vaxt ayırmağa imkan verəcək. Əlbəttə,
süni intellektin tətbiqi üçün
həm də mütləq qaydada etik çərçivələr
müəyyən edilməlidir.
Bütün bunlara baxmayaraq, əgər süni intellekt müəllim olsa belə, ən real ssenari
əməkdaşlıq ssenarisidir.
Süni intellekt müəllimlərin bacarıqlarını
artıraraq onların
daha səmərəli
və effektiv işləməsinə kömək
edəcək. Təhsildə
süni intellekt müəllimlərə fərdi
öyrənməni izləmək
və tədrisi fərdiləşdirmək üçün
yeni imkanlar yaradacaq. Onu rəqib deyil, tərəfdaş kimi qəbul etməklə, biz təhsili daha əlçatan və keyfiyyətli edə bilərik. Süni intellektin müəllim rolunda çıxış etməsi
bu gün fantastik səslənsə
də, yaxın gələcəkdə bu ssenarilər reallığa
çevrilə bilər.
Gələcək artıq
çox yaxındadır
və süni intellekt onun ən güclü müəllimlərindən biri
olacaq. Ancaq müəllim və süni intellektli müəllimin rolları tam fərqli olacaq. Müəllim nüfuzu əhəmiyyətli
dərəcədə artacaq
(və ya arta bilər). Hər şey süni intellektin tətbiqi ilə bağlı qərar verməzdən öncə
onun güclü və zəif tərəflərini düzgün
anlamaqdan asılıdır”.
Ədalət Muradovun fikrincə, Türk dövlətlərinin
vahid Süni İntellekt İnstitutu yaradılmalıdır: “Türk
Dövlətləri zaman-zaman
öz fəaliyyətlərini
birləşdirirlər. Bu
baxımdan, təhsil sahəsində də inteqrasiya mühüm əhəmiyyət kəsb
edə bilər. İkincisi, onu bildirməyi özümə
borc hesab edirəm ki, süni intellekt bu gün müxtəlif
sahələrə - ağır
və yüngül sənayeyə, iqtisadiyyata,
təhsilə, mədəniyyətə
və s. daxil olur. Bu istiqamətdə
süni intellekt sahəsində keyfiyyətli
kadr hazırlığının
həyata keçirilməsi
institut çərçivəsində
daha məqsədəuyğundur.
Daha dəqiq ifadə etsək, süni intellekt istiqamətində kadr hazırlığı müxtəlif
elmlərin inteqrasiyası
istiqamətində həyata
keçirilməsi daha
səriştəli mütəxəssislərin
formalaşmasına imkan
verə bilər”.
Rektor institutun mərkəzinin Bakı ola biləcəyini bildirib. Ədalət Muradov birgə təhsil proqramlarının hazırlanmasının vacibliyini də deyib: “Eyni zamanda türk dövlətlərinin ortaq təhsil proqramlarının hazırlanması xüsusi əhəmiyyətlidir. Bu, hətta ortaq universitetlərdən də vacibdir. Bununla bərabər, Elm Fondu ilə bağlı düşüncələrə meydan verməyin də vaxtıdır. Çünki tədqiqatların coğrafiyası çox dardır”.
525-ci qəzet .- 2025.- 28 oktyabr (¹ 196).- S.15.