Stalindən Qorbaçova kimi...
KİMİNDƏ RƏĞBƏT,
KİMİNDƏ HEYRƏT, KİMİNDƏ HƏSƏD,
ANCAQ HAMIDA HÖRMƏT DOĞURAN FENOMEN - MİRZƏ
İBRAHİMOV
Misir MƏRDANOV
AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor
“Ey mənim xalqım,
ey mənim ümidim və pənahım. Ürəyimin
istiliyi səndəndir.
Fikrim işığını
səndən alır.
Həyatımın hər
yolunun sürüşkən
döngələrində qolumdan
tutan, məni yıxılmağa qoymayan
sən olmusan. Gözəl binalar üçün mənə
daş yonduran sənin eşqindir. Yolların kənarında
ağac əkdirən,
səhralara su gətirdən, yerin altını eşib sərvət tapdıran, çöllərdə məhsul
yetirmək həvəsimi
alovlandıran, qolumdan
tutub yaz deyən sənsən. Alçaq əllər məni
uçuruma itələyəndə
dadıma sən çatmısan, amansız
qorxu başımın
üstünü alaraq
məni ağır fikirlərə saldığı
zaman, xoş günün
dönük dostları,
zəif və qorxaq yoldaşlar məndən üz döndərdiyi zaman yeganə
dayanacağım sən
olmusan”.
Mirzə
İbrahimov
Azərbaycan tarixinin XX əsrdə
yetişdirdiyi nadir şəxsiyyətlərdən
biri, Cənubi Azərbaycanın ucqar bir kəndində dünyaya gəlib, yetimçiliklə, min bir
əziyyətlə böyüyüb
ölkənin ən tanınmış şəxslərindən
birinə çevrilməyi
bacarmış fitri istedad, qeyrətli Vətəndaş, böyük
azərbaycanlı! Doğrudan
da Mirzə İbrahimov 82 illik
mürəkkəb ömür
ərzində, ömründən
də mürəkkəb
olan zəmanədə
edilməsi real olmayan bütün mümkünsüzlükləri
etməyi bacarmış,
Sosialist Əməyi Qəhrəmanı, Xalq yazıçısı, “Stalin” mükafatı laureatı,
3 dəfə Lenin ordeni,
Oktyabr inqilabı ordeni, Dövlət mükafatı laureatı,
Beynəlxalq Nehru mükafatı
laureatı və dövrün digər onlarla yüksək mükafatlarını, Fəxri
adlarını almış,
Azərbaycan SSR Ali Soveti
Rəyasət Heyətinin
sədri, Azərbaycan
SSR Nazirlər Soveti sədrinin müavini, Azərbaycan SSR Maarif komissarı və naziri, Azərbaycan Yazıçılar İttifaqı
İdarə Heyətinin
sədri, SSRİ Yazıçılar
İttifaqı İdarə
heyətinin katibi,
SSRİ xarici işlər
naziri ilə bərabər statusda olan Asiya və
Afrika ölkələri ilə
Sovet Həmrəylik Komitəsinin sədri, Azərbaycan Milli Elmlər
Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, Opera və Balet teatrının direktoru və digər irili-xırdalı
vəzifələrdə şərəflə
çalışmış, 39 il (8 çağırış - I, II, III, IV, V,
VII, VIII və X çağırışlar)
SSRİ Ali Sovetinin deputatı,
1950-ci ildən 1979-cu ilədək
fasilələrlə 21 il Azərbaycan
SSR Ali Sovetinin deputatı,
Azərbaycan Elmlər
Akademiyasını təsis
edən 15 nəfərdən
biri olmuşdur.
Mən də bir çox
insanlar kimi, ictimai fəaliyyətin insanın elmi və digər yaradıcılıq imkanlarını
xeyli məhdudlaşdırdığını
bilirəm. Elə bu səbəbdən də çəlimsiz, zahirən çox zəif görünən bu böyük iradəli insanın hansı tükənməz
enerjiyə malik olduğuna
təəccüb edirəm.
Bu məqalədə onun
ictimai-siyasi fəaliyyətinin
bəzi məqamlarına
ətraflı diqqət
yetirməyə çalışacağam.
Onun Cənubi Azərbaycanda Milli Azadlıq
hərəkatına dəstək
verməsindən İkinci
Dünya müharibəsi
illərində 416-cı Taqanrok
Diviziyanın izi ilə Vladivostoka qədər gedib çıxmasına, Ümumdünya
Sülh Tərəfdarları
Konqresində
iştirakından Azərbaycan
SSR Ali Soveti Rəyasət
Heyətinin sədri, Nazirlər Soveti sədrinin müavini kimi respublikada ictimai-mədəni həyatın
inkişafı üçün
gördüyü işlərə
qədər fəaliyyəti
insanı valeh edir, ancaq bununla
bərabər, ədəbiyyatın
inkişafı üçün
də gərgin çalışmasına heyrət
etməmək olmur. İnsanda nə qədər qüvvət,
xalq qarşısında
məsuliyyət, vətən
məhəbbəti, fədakarlıq
olmalıdır ki, eyni
zamanda belə böyük işləri görməyi bacarasan?!
Onun ədəbi yaradıcılığı
çox möhtəşəmdir,
bunu hər bir azərbaycanlı yaxşı bilir, bu möhtəşəm əsərləri, onların
dilini, süjet xəttini, aktuallığını,
bədii priyomları ədəbiyyatşünaslar dəfələrlə
təhlil etdiyinə görə bu barədə danışmayacağam.
Onu bir yazıçı
kimi mənə qədər də çox səciyyələndiriblər,
əminəm ki, məndən
sonra da bu barədə çox yazacaqlar, çünki Mirzə İbrahimov XX əsr
Azərbaycan ədəbiyyatının
ən görkəmli nümayəndələrindən biridir. Bu əsərlər
barədə yazılan
saysız-hesabsız məqalələr,
monoqrafiyalar, namizədlik
və doktorluq dissertasiyaları belə bir həqiqəti təsdiq edir ki, son 100 ildə - ədəbiyyatımızın
bütün mərhələlərində
Mirzə İbrahimov böyük
bir sənətkar kimi öz sözünü
deyib. Bununla yanaşı, Azərbaycan
folklorunu və klassik poeziyasını dərindən bilən, klassiklərin əsərlərini
orijinaldan, yəni fars dilində oxuyan akademik Mirzə İbrahimov şifahı
xalq ədəbiyyatımıza,
aşıq poeziyasına,
klassik irsimizin Əfzələddin Xaqani,
Nizami Gəncəvi, Məhəmməd Füzuli,
İmadəddin Nəsimi,
Marağalı Əhvədi,
Molla Pənah Vaqif, Heyran xanım
və başqalarının
yaradıcılığına həsr olunmuş onlarla elmi tədqiqat
əsəri ərsəyə
gətirmişdir ki, onlar
öz elmi dəyərini və aktuallığını bir
çox cəhətdən
bu gün də qoruyub saxlamaqdadır. Xalq yazıçısı İsmayıl
Şıxlı yazır
ki, Mirzə İbrahimovun
bir sənətkar və ictimai xadim kimi geniş
əhatəli fəaliyyəti
mənə fransız
maarifçilərini xatırladır.
O da “ensiklopedistlər” kimi,
hər şeydən əvvəl, öz xalqına yeni söz demək, yeni fikir aşılamaq istəyir.
Çox
vaxt öz həyatının ayrı-ayrı
epizodlarını qələmə
aldığı ilk hekayələrində
ictimai-siyasi mübarizə
və toqquşmaları,
qadın azadlığı
problemini, quruculuq işlərini əks etdirən gənc Mirzə İbrahimov çox
tez bir zamanda
həyat fəlsəfəsini,
böyük və əbədi dəyərləri,
humanizm, vətənpərvərlik,
xeyirxahlıq ideyalarının
ritmini, ahəngini tuta bilir. Bu qeyri-adi zəka sahibi və görkəmli mütəfəkkir
bütün gərgin
ictimai fəaliyyəti
ilə yanaşı,
“Həyat”, “Madrid”, “Kəndçi
qızı” kimi pyeslər, “Cənub hekayələri”, “Fırtına
quşu” povestləri,
“Gələcək gün”,
“Böyük dayaq”, “Pərvanə” kimi romanlar, “Böyük demokrat” kimi elmi-publisistik əsərlər,
ümumilikdə 5000 səhifəyə
yaxın bədii əsər yazmış, Şekspirin “Kral Lir”indən Molyerin “Don Juan”ına kimi onlarla əsəri dilimizə tərcümə
etmişdir. Məəttəl
qalmamaq da olmur, nə vaxt, hansı
şəraitdə, necə
zaman tapıb bu qədər işləri görmək olar?!
Əvvəldən planlaşdırmışam ki, çalışacağam onun
bədii yaradıcılığı
haqqında heç nə yazmayım, ancaq mümkün olmur. Mirzə İbrahimovu dünyanın
ən məşhur yazıçılarına bağlayan
bir məqam var, burada onu qeyd
etmək istəyirəm.
O da bir çox görkəmli yazıçılar
kimi ayrıca bioqrafik əsər, memuar yazmayıb, ancaq bədii yazılarında öz portretini yaradıb, həyat yolunu, rastlaşdığı hadisələri,
gördüyü insanları
qələmə alıb.
Bunu tam müşahidə
etmək, onu olduğu kimi görmək üçün
sadəcə “Sarı
sim”dən Üzeyir Hacıbəyov haqqında yazdığı
(son əsəri hesab edilir) “Tufanlara kömək edən bir qələm”ə kimi bütün əsərlərini diqqətlə
oxumaq lazımdır.
Bu çox maraqlı və dəyərli əsərləri oxumağa
vaxtı olmayanlar üçün müəyyən
məlumatları, o cümlədən
nə üçünsə
indiyədək heç
yerdə çap edilməyən, 1930-cu illərin
əvvəllərində özünün
ərəb əlifbası
ilə qələmə
aldığı tərcümeyi-halından
bəzi məqamları
bu məqalədə yazacağam. Məhz tərcümeyi-halın heç
yerdə çap edilmədiyini nəzərə
alaraq ona daha çox istinad edəcəyəm
ki, böyük şəxsiyyətin
həyatının ilk dövrləri
haqqında yazılan fərqli fikirlərə, tarixlərə və statistik məlumatlara dəqiqlik gəlsin.
Gün gələcəkmi?
Mirzə
İbrahimov 1911-ci il oktyabrın 15-də
(yeni stillə 28-də) Cənubi
Azərbaycanın Sərab
mahalının Evə
kəndində (bu kəndin adı müxtəlif mənbələrdə
İvə, Eyvəq, Eyvaq və s. kimi göstərilir. Biz adı çəkilən
tərcümeyi-halında olan
Evə toponimini əsas götürürük)
dünyaya gəlmişdir.
O dövrdə pasportlaşma,
əhalinin siyahıya
alınması və digər dəqiq mənbələr olmadığına
baxmayaraq, onun anadan olma tarixini
evlərində olan Quranı Kərimdə dəqiq qeyd edən babasının yazıları əsasında
götürülür: “...Atam da, anam da savadsız idi, biz göz açıb bir şey qananda
artıq qocalmış
olan babam Fətəli də oxumamışdı. Bunu ondan bilirəm ki, o zaman Bakıda neft mədənlərində işləyən
dayıma kağız
yazdıranda kənd mollasının yanına gedərdilər. Buna baxmayaraq,
otağımızın taxçasında
sarı meşin cildi əzilib-əyilmiş
Quran vardı. Babamın
dediyinə görə,
onu cavanlıqda Təbrizdən almışdı,
çünki əvvəllər
oxumaq həvəsinə
düşmüşdü, lakin nə öyrədən
olmuş, nə də işdən baş açıb öyrənməyə vaxt
tapmışdı. Buna görə
də o, ailə üzvlərinin doğulma
tarixini göstərən
bir növ qeyd dəftərinə çevrilmişdi. Mənim,
məndən iki yaş böyük qardaşım Rzanın və ailədə hamının sevimlisi olan körpə bacım Solmazın doğulma tarixi orada qeyd olunmuşdu”.
Həmin
tərcümeyi-hal ilə
yaxından tanış
olduqda görmək olur ki, bu insanın
həyatı körpəlikdən
çox ağır başlamışdır. Qapısının
ağzından qışda
buz bağlayan, yazda bulanıb-daşan, yayda isə tamamilə quruyan çayın axdığı
boz palçıq divarlı balaca həyətdə böyüyən, 6-7 yaşlarından
ev və təsərrüfat işlərinə
cəlb edilən balaca Mirzə biçinə gedər, başaq yığar, onu ələyər, küzə ilə bulaqdan su gətirərmiş.
Həyatın çətinliklərini
normal qarşılayan, sonrakı
mərhələlərdə göründüyü kimi
hətta cüzi işıq gələn yerdən təsəlli tapıb özünü ovunduran böyük şəxsiyyət yazır
ki, naz-nemət içində
böyüməsək də,
etdiklərimdən, gördüklərimdən
zövq alardım, xırman
zamanı vəlin üstündə oturub öküzə hay basmaq mənə hər şeydən artıq ləzzət verərdi.
Valideynləri zəhmətsevər insanlar olan Mirzə
İbrahimov uşaqlıqdan əməyə alışmış,
onlardan yorulmazlıq, insanlara qayğıkeşlik,
ruhdan düşməmək,
mehribanlıq və sədaqət öyrənmişdir.
“Atam və anam xəyalıma mehribanlıq və sədaqət rəmzi kimi daxil olmuşdu.
...Atam yaxşı toxum səpər və biçin biçərdi. Yadımdadır
ki, payız axşamlarında
qonşular qapımızı
kəsər, ondan xahiş edərdilər
ki:
- Əziyyət də olsa boyun qaçırma,
sən səpən toxum yaxşı çıxır. Tarlanın
bir yerində küt, o biri yerində seyrək olmur.
Biçin dövrü isə
deyərdilər:
- Əjdərin əlində
oraq da cana gəlir, bir sünbül yerə düşmür...
Atam heç kəsi qapıdan məyus qaytarmazdı:
- Yaxşı, gələrəm.
Səhər özüm
də səpinə başlayaram. İkindi çağı məni gözlə.
Anam onu danlayardı:
- Nə olub özünü
əldən salırsan?
Canına da yazığın
gəlsin, naxoşlayıb
yatağa düşəndə
bu körpələrə
kim baxacaq?
Atamın
anama acıqlandığı
mənim yadıma gəlmir, onun etiraz və danlağına sakit qulaq asar, mehriban
səslə deyərdi:
- Fikir eləmə, Zəhra. Canım salamatdır, mənə heç şey olmaz.
Belə
deyib atam onu sakit edər,
gələcək barədə
arxayınçılıq yaradardı. Anam həyəcanlı və titrək səslə:
- Bircə saat əvvəl dedin ki, heç kəsə vədə verməyəcəksən,
bəs nə oldu? -deyə atamı dara qısnayardı.
- Adam adamın karına gələr, necə deyim “yox”?!
Atam heç kəsə “yox” deməzdi. Xahiş edənlərə
razılıq verib yola salar və
sözünə əməl
edərdi”.
Onun valideynlərini itirməsi
ilə bağlı da
müxtəlif məlumatlar
vardır, guya
3 yaşında, 5 yaşında
anasını, bir müddət sonra da atasını itirmişdir.
Ancaq yazdığına
görə, anası
1918-ci ildə, yeddi yaşı olarkən vəfat etmişdir: “Qış gəlib damları basanda kənd aclığın dəhşətli pəncəsinə
düşdü. Aclıq
birinci olaraq xəstələri və zəifləri apardı. Kənd qəbiristanı təzə qazılmış
qəbirlərlə dolmaqda
idi. Bizim də evdə nə yeməyə, nə satmağa bir şeyimiz qalmadı. Babam, sonra da körpə bacım vəfat etdi. Aclığın ən ağır zamanında anam süpürgəni götürüb
təndirin divarlarını
süpürdü, bir
cam torpaq qarışıq
un çıxarıb horra bişirdi.
Bu bizim Evə kəndində yediyimiz son xörək oldu. Səhər alaqaranlıqda
atam bizi oyatdı:
- Durun bala, ananız
gedir, axırıncı
dəfə görüşün,
- dedi və üzünü yana çevirdi...
Kürsünün yanında, soyuq
torpaq döşəmədəki
cırım-cındır kilimin
üstündəki çox
nimdaş bir yataqda anam can verirdi. Onun dən
düşmüş qara
saçları çiyinlərinə
səpələnmişdi. Huşu
özündə idi.
Bir əli ilə məni, o biri əli ilə qardaşımı qucaqlayırdı,
atama baxdı, elə bu halda
da gözləri axıb
getdi...”
Bu dəhşətli hadisədən
sonra Əjdər kişi daha kənddə duruş gətirə bilmirdi, digər tərəfdən
də kənddə olan acınacaqlı vəziyyət, ehtiyac və aclığın tüğyan etməsi onun fikrini qətiləşdirirdi.
Həmin dövrdə
bütün dünyada,
o cümlədən İranda
baş verən siyasi hadisələr böyük iqtisadi problemlər yaratdığından
əməyini (bir çox hallarda canını da) satıb ailəsini aclıqdan xilas etmək istəyən minlərlə
Cənublu Bakıya - neft çıxdığı
üçün ucuz işçi qüvvəsinə
ehtiyac duyulan şəhərə fəhləliyə
üz tuturdu. Bir-birinə oxşayan, öz yoxsul görkəmi ilə seçilməyən, çiy
kərpicdən tikilən
balaca evləri, komaları olan Evə kəndində də Bakı haqqında müxtəlif rəvayətlər dolaşırdı.
Balaca Mirzənin dayısı Məşədi Ağabala
əsrin əvvəllərindən
həmin şəhərdə
idi, ailəsinə yazdığı məktublardan,
göndərdiyi pullardan
məlum olurdu ki, orada kənddə mahiyyəti bilinməyən
dartayçı işləyir,
Balaxanıdan Zabrata gedən yolda bir fəhlə kazarmasında yaşayır,
tanıdığı adamlar
da var... Kazarmanı dəbdəbəli
yaşayış yeri,
dartayçılığı mötəbər vəzifə
hesab edən Evəlilərin bir çoxu Bakıya getmiş, burada özünə yeni həyat
qurmağa başlamışdı:
“Daha bu kənddə qalmaq olmaz, - atam belə
deyib mitil, yorğan-döşəkdən bir bağlama düzəltdi. Qapını
qıfılladı, dama
çıxıb bacadan
açarı içəri
atdı, üzünü
bizə tutdu:
- Bu, sizin ata-baba yurdunuzdur,-
dedi, - işdir, mənim başıma bir iş gəlsə,
bir-birinizə həyan
olun, böyüyəndə
kəndimizə qayıtsanız,
bacadan düşüb
açarı götürün,
qapımızı çıraqsız
qoymayın!
Atam da
on minlərlə Cənubi
azərbaycanlılar kimi
üzünü Bakıya
tutub yola düşdü. Əlbəttə,
o zaman bu yol çox ağır idi. Pulsuz-parasız, piyada, iki uşaqla
Bakıya gəlib çıxmaq asan deyildi. Biz böyük əziyyətdən sonra neçə gün yol gedib Ərdəbilə
çatdıq, Oradan Astara və Lənkəran yolu ilə Bakıya üz tutduq. Yollar minlərlə bizim kimi Bakıya
iş və çörək ardınca
gələnlərlə dolu
idi. Arvad, uşaq, qoca, cavan bir-birinə qarışmışdı”.
Kənddəki dözülməz vəziyyət,
aclıq, xəstəliklər
isə tüğyan edirdi və Mirzənin anası Zəhra xanım bu bəlanın qurbanı olandan sonra Əjdər kişi iki oğlunu
götürüb Bakıya
yol aldı. Ancaq Balaxanı, Suraxanı, Sabunçu neft mədənlərini, palçığı dizə
çıxan, bəzi
yerlərinə daş
döşənmiş küçələri
gəzə-gəzə, soraqlaşa-soraqlaşa
işdən yorğun-arğın
qayıdan fəhlələrin
arasında dayını
tapa bilmirlər. Bakının
yüz minlərlə
əhali yaşayan böyük bir şəhər olduğunu
və soraqlaşmaların
bir nəticə vermədiyini gördükdə:
- Burada it yiyəsini tanımır! - deyən Əjdər kişi ümidini üzmüşdü.
Atası
Bakıya çörək
pulu qazanmağa axışan həmyerlilərinin
köməkliyi ilə çətinliklə
Sabunçuda balaca həyəti olan iki mərtəbəli bir evin qaranlıq
zirzəmisində yer kirələyib pulunu işə düzəldikdən
sonra verəcəyinə
vəd verərək iki uşağı ilə orada məskunlaşdı. Yazıq
kişi Nobelin, Mantaşovun, Musa Nağıyevin,
Murtuzayevin mədənlərinə
müraciət etdisə
də, iş tapa bilmədi. Mirzə
İbrahimov yazır: “Atam
xəstələnərək 1919-cu ilin təqribən fevral və mart aylarında bizim gözümüzün qabağında
vəfat etdi. Mən onun vəfat
edərkən gah qardaşıma,
gah da mənə dikilən
min həsrətlə dolu
gözlərini heç
vaxt unutmamışam.
Sanki bu gözlər deyirdi: “Mən sizi kimin ixtiyarına
qoyub gedirəm?” Atamın vəfatından bir həftə sonra qardaşım Rza da vəfat etdi: Uzun ehtiyac
və aclıq onların hər ikisini əldən salmışdı.
Mən tamamilə tək qaldım və neçə gün küçələrdə yaşadım”.
8 yaşlı arıq, çəlimsiz Mirzə bu nabələd şəhərdə, tanımadığı
mühitdə tamamilə
tək qalır. Zavallı tifilə rəhmi gələn fəhlə ailələri
onu həyətlərinə
aparıb bir neçə gün saxlayırlar və dayısını axtarmağa
başlayırlar. “Soraq-soraqla
nəhayət dayım
Məşədi Ağabalanı
tapdılar. O, Nobelin və Mantaşovun mədənlərində dartayçı
idi. Məni böyük mehribançılıqla
və ağlaya-ağlaya
bağrına basdı:
onun öz arvadı və uşaqları da Cənubi
Azərbaycandakı aclığa
tab gətirməyərək qırıldığından ürəyi
dağlı idi.
1919-cu ilin axırlarına kimi mən dayımın
yanında, Sabunçu
mədənlərindən birinin
fəhlə kazarmalarında
qaldım”.
Lakin 8 yaşlı uşağın
kazarmalarda uzun müddət qalması mümkün olmur, müxtəlif problemlər
yaranır, ən böyük narahatlıqlar
isə Mirzənin yeməyi, yatmağı, əyin-başı ilə
bağlı olur. Uşağın bütün
gün ərzində
ac, baxımsız qaldığından
narahat olan dayısı acından ölməmək üçün
dartayçıların böyüyü
usta Qiyasdan xahiş edib Mirzəni onun həyətində nökərçiliyə
düzəldir. Bir müddət
o həyətdə işləyir,
ancaq maddi vəziyyətin ağırlığı
Qiyasa həyətdə
əlavə bir uşaq saxlamağa, onu yedizdirməyə imkan vermir və
dayısı onu həmin həyətdən
götürməli olur.
Yenə kazarmaya qayıdan Mirzə üçün dayısı
yeni iş yeri axtarmağa başlayır.
Bir müddət çox
ağır günlər
yaşayır, dayısına
yük olmaq balaca ürəyinin qüruruna sığmır,
ancaq gecələr acından gözlərinə
yuxu getmir, gündüzlər də cansız olduğuna görə heç kəs yaxın buraxmadığı üçün
iş tapa bilmir. Nəhayət dayısı onu Zabrat kəndində Yunis bəy adlı bir kişinin evinə işə düzəltdi. Mirzə
İbrahimov sonralar yazırdı
ki, Xalq yazıçısı
adı alanda, Nazirlər Sovetinin sədr müavini, Ali Sovetin Rəyasət Heyətinin sədri vəzifələrinə təyinat
alanda bu qədər sevinməmişdim,
bəyin həyətində
nökərlik edəcəyimi
eşidəndə elə
bil dünyanı mənə bağışladılar.
“Bir ay sonra dayım məni Zabrat kəndində Yunis bəy
adlı o zamana görə az çox varlı bir evə işə
düzəltdi. Burada
da eyni işlərdən
başqa bir də ata baxmalı
idim - onu ovdanlara suvarmağa aparır, cidarlayıb otarır, axşam axuruna yem tökür,
səhər altını
təmizləyirdim. Lakin bundan
da ağır iş, iki kilometrə qədər aralı olan mədənlərdəki
gölməçələrdən vedrələrə neft yığıb çiynimdə
kəndə daşımaq
idi: o zaman Bakının
çox yerində çörək və xörək bişirmək,
ev qızdırmaq, paltar yumaq və
sairə məqsədilə
quyudan çıxan təbii neft yandırırdılar. Mənim
olduğum Yunis bəyin
evində də bu qayda hakim idi. Hər gün
və ya günaşırı gölməçələrdən
neft yığıb gətirmək mənim boynuma düşmüşdü.
Yalnız yay aylarında
bu işdən canım qurtarardı, çünki yayda bütün ailə Ləhiş bağlarına
köçürdü. Yunis bəygilin iki bağı vardı, ev bağı, çöl bağı. Ev bağında özləri olurdu, çöl bağında
mən qarovul çəkirdim. Bakı bağlarını mən
orada sevdim. Bütün günü tək-tənha bağda olur, sarı təmiz qumun üstünə yatmış
meynələrin arasında
gəzir, tut ağacının
altında uzanıb dincəlir, axşamlar isə açıq qumun üstündə oturaraq mavi ulduzlu
göylərə baxıb
xəyala getməkdən
doymurdum.
Burada mənim ürəyimdə
qəribə isti duyğular oyanır, xəyalım uzaqlara gedirdi. Elə ki, payız düşürdü,
bağdan köçürdük.
Ağır zəhmətlə
dolu həyatım başlayırdı, bu evin Qızlar ağası adlı kiçik qızı, munis və mehriban
idi. Mənimlə yaxşı rəftar edərdi, hərdən öz yeməyindən bir parça çörək, bir az da pendir gətirib
mənə verirdi. Qarı arvad Fatmanisə və yaşı qırxdan keçdiyinə baxmayaraq,
ərə getməmiş
Kiçkinə adlı
böyük qız isə acıqlı idilər, daim deyinər, narazılıq
göstərər, mənə
iş buyurmaqdan yorulmazdılar. Mən isə o qədər yorulardım ki, axşamlar
sement dəhlizdə daş kimi yatardım...”
Aradan uzun illər keçəndən sonra,
40-cı illərdə Mirzə
İbrahimov Nazirlər Sovetində
sədr müavini işlədiyi vaxtlarda bir gün katibəsi
deyir ki, yanınıza
çadralı bir xanım gəlib, qucağında da uşaq.
Mirzə İbrahimov qadını
qəbul eləyir və gözlərinə inana bilmir; bu,
bir vaxt ona pendir-çörək
verən bəyin balaca qızıymış!
Qız Mirzə İbrahimovun adını eşidəndən sonra o illər yadına düşüb, onu axtarıb tapır və dərdini danışır, məlum
olur ki, Sovet hökuməti qurulandan sonra atası ölkədən gedib, bacılarının hərəsi
bir diyara düşüb, qardaşı
da içkiyə qurşanıb
məhv olub. Həmin ağır illərdə Mirzə
İbrahimov ona əlindən
gələn yardımı
edir. Qadın Mirzə İbrahimova heç bir ünvan vermir, yenə gələcəyəm
deyir, amma bir daha heç
vaxt gəlmir. Böyük insan onu çox axtarır, ancaq tapa bilmir...
“Təhsil - insanı dəyişə bilən ən güclü vasitədir” (Əbu Turxan).
Mirzə
11 yaşında Sabunçuda
açılan orta məktəbə, 15 yaşında
isə Balaxanıdakı
Fabrik-zavod məktəbinə
(peşə məktəbi)
gedir. Bu məktəblərdə oxuyarkən
də müxtəlif işlərdə çalışır,
gah Sabunçu vağzalında su satır, gah yük daşıyır, fəhləlik edir: “Bakıda ailə qurduğu arvadını, onun qoca anasını,
təqribən mənim
yaşda olan oğlunu da saxladığından və
özlərinin də
uşağı olduğundan
dayım maddi cəhətdən çətinlik
çəkirdi. Buna görə də məni bir işə
düzəltmək istəyirdi.
Bu o demək idi ki, mən
məktəbdən ayrılım.
Bunu eşidəndə
çox pis oldum. Mənim ağladığımı görüb
dayım bu qərara gəldi ki, məktəbdən sonra vağzalda irisdən, papirosdan satıb gündəlik çörək pulumu çıxarım. Mən
məmnuniyyətlə buna
razı oldum. Dərslərimi gündüz
saat 11-12-də qurtarardım.
Kitablarımı kəmərimin
altına bağlayıb
boynuma balaca qutu asaraq Sabunçu
vağzalında gün
batana qədər qışda papiros və iris, yayda
isə su satar, gündə bir manata qədər
qazanıb xərcimi çıxarardım. Vaxt
olan kimi kitablarımı kəmərimin
altından çıxarıb
oxuyardım. Lakin bu vəziyyət məni çox sıxırdı, bunu məktəb yoldaşlarımdan,
müəllimlərimdən gizli saxlayırdım, onlardan birisini vağzalda görəndə
qaçıb gizlənirdim
ki, gözlərinə
dəyməyim - sanki alçalırdım”.
Peşə məktəbi
gələcək böyük
yazıçının həyatında
mühüm rol oynayır. Burada dərs deyən müəllimlər, oxuduğu
kitablar, yorulmadan çalışması Mirzəni
dəyişdirir, gələcəyi
haqda onda nikbin xəyallar yaradır: “Bizim sənət məktəbinin
şagirdləri arasında
çox yüksək
ruh var idi...
Burada bizə Azərbaycan maarifinin və məktəbinin tanınmış xadimlərindən
olan İbrahim İbrahimbəyli, Azərbaycan
Dövlət Universitetinin
müəllimi olan Cəlil İbrahimov, Qambay Vəzirov, böyük şairimiz Səməd Vurğunun qardaşı Mehdixan Vəkilov kimi müəllimlər dərs
deyirdi. Onlar daima bizdə geniş maraq oyatmağa çalışır,
ata mehribanlığı
və tələbkarlığı
ilə çalışmağa
ruhlandırır, yeri
düşdükcə böyük
alimlərin həyatı,
uşaqlığı ilə
də tanış edir, onların ancaq səy və çalışmaqla
o dərəcəyə çatdıqlarını
deyirdilər. Mehdixan Vəkilovun şirin danışıqlarına biz
elə valeh olardıq ki, zəngin çalındığından
xəbər tutmazdıq.
Səməd Vurğunla
mənim ilk tanışlığım da
o zaman Mehdixan müəllim vasitəsi ilə qiyabi olmuşdu. Mehdixan Vəkilov Səmədin bir çox şeirlərini əl yazması halında bizə oxuyur, onun orijinal və
qaynar həyatından
maraqlı səhnələr
nəql edirdi.
Ədəbiyyata ilk həvəs də məndə bu dövrdə, yəni 1927-1928-ci illərdə
oyanmışdı”.
Fabrik-zavod məktəbini
bitirdikdən sonra Mirzə mədəndə
usta köməkçisi
işləyir, sonra Neft Sənaye Texnikumuna daxil olur. Yeri gəlmişkən
qeyd etmək istəyirəm ki, şanlı tarixi və yaxşı ənənələri olan
həmin texnikumda vaxtilə Mirzə İbrahimovdan savayı, Azərbaycanın bir sıra görkəmli şəxsiyyətləri - Fərman
Salmanov, Əliş Ləmbəranski, İsmayıl
İbrahimov, Süleyman
Vəzirov, Əli Quliyev, Şamil Əzizbəyov və başqaları təhsil almışdı.
Mirzə İbrahimov
texnikumda da yaxşı oxuyurdu, riyaziyyata isə böyük həvəsi vardı. Əsərlərində
yazır ki, bir dəfə beş misalı hamıdan tez həll etdiyinə görə İbrahimov familiyalı müəllim
ona loqarifma cədvəli bağışlamışdı.
Neft Sənaye
Texnikumunda oxuduğu illərdə Mirzə eşitmişdi ki, Seyid Hüseyn adlı məşhur bir yazıçı o vaxtlar texnikumun yerləşdiyi Vorovski qəsəbəsindəki (indiki Azadlıq
Prospekti yaxınlığında,
Binəqədi rayonu ərazisində) kitabxanaya
gəlib ədəbiyyat
həvəskarları ilə
görüşür, onların
şeir və hekayələrini dinləyir,
dəyərli məsləhətlər
verir. Mirzə də həmin fəhlə ədəbiyyat
dərnəyinə üzv
yazılır. Burada Seyid Hüseynin ədəbiyyat haqqında
söhbətlərinə qulaq
asır, utana-utana ilk hekayələrini (“Zöhrə”, “Mələk”)
ustada oxuyur. Cavan oğlanın fitri istedadını görən Seyid Hüseynin köməyi ilə həmin hekayələr dövri mətbuatda çap olunur. Bu barədə
böyük yazıçı
sonralar yazırdı:
“Fabrik-zavod məktəbini
də 1929-cu ildə qurtarıb Balaxanı rayonunun 6-cı mədənində
çilingər köməkçisi
işləməklə neft
texnikumunun axşam şöbəsinə daxil
oldum. Gündüzlər
altı saat mədəndə işləyir,
axşamlar da dörd-beş saat texnikumda oxuyurduq. Həmin ildə Vorovski qəsəbəsindəki
kitabxananın yanında
fəhlə ədəbiyyat
dərnəyi təşkil
olundu və mən oraya yazıldım.
Xoşbəxtlikdən bizim dərnəyə Azərbaycanın ən tanınmış yazıçılarından
biri, duzlu hekayələrini sevə-sevə
oxuduğumuz Seyid Hüseyn rəhbərlik edirdi. O çox mülayim təbiətli, səbirli və xeyirxah bir adam
idi. Ortaboy, enli kürəkləri, eynək taxdığı
iri ağıllı gözləri vardı. Həmişə əlində
əsası olardı.
Hər həftə Bakının “Kukuşka” adlanan balaca qatarı ilə - o zaman elektrik tramvayının yalnız
Bakı-Sabunçu xətti
hazır idi, o biri rayonlarla əlaqə xeyli çətin idi və vaxt tələb
edirdi - Vorovskiyə gələr, saatlarla bizimlə ədəbi məşğələ aparardı.
Adətən Seyid Hüseyn bizə ədəbiyyatın əhəmiyyətindən,
ədəbi məktəblərdən,
yazıçılıq texnikasından
danışar, sonra dərnək üzvlərinin
əsərlərini oxudar,
oxunan əsər haqqında bizim fikrimizə qulaq asar, axırda özü yekun vurardı. Onun təşəbbüsü ilə
kitabxananın yanında
mətbəə üsulu
ilə aylıq ədəbi vərəqə
buraxılırdı, orada
həm dərnək üzvlərinin bədii əsərləri, həm
də ayrı-ayrı
kitablar haqqındakı
mülahizələri çap
olunurdu. Hansısa bir kitab haqqında
isə mənim ilk yazım orada çıxmışdı.
Dərnəkdə ən
çox bəyənilən
əsərləri isə
Seyid Hüseyn seçib özü ilə aparar, üzərində işlər
və mərkəzi mətbuatda çap etdirərdi. Mənim “Şərq qadını” jurnalında çap olunmuş “Mələk” və “Zəhra” adlı ilk hekayələrim
də bu yolla mətbuatda çıxmış və
məni yazıçılığa
son dərəcə ruhlandırmışdı”.
(Ardı var)
525-ci qəzet 2025.- 28 oktyabr (¹196).- S.10-11.