Stalindən Qorbaçova kimi...
KİMİNDƏ RƏĞBƏT,
KİMİNDƏ HEYRƏT, KİMİNDƏ HƏSƏD,
ANCAQ HAMIDA HÖRMƏT DOĞURAN FENOMEN - MİRZƏ
İBRAHİMOV
Misir MƏRDANOV
AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor
(Əvvəli ötən saylarımızda)
"Məni yolumdan heç nə döndərə bilməz!"
Mirzə
İbrahimovun başçılıq
etdiyi Ali Sovetin Rəyasət Heyəti konstitusiya müddəasının
həyata keçirilməsində
xüsusilə təkid
göstərirdi. Üç
nazirliyin bu sahədəki işinin Rəyasət Heyətində
müzakirəyə çıxarılması
dövlət strukturlarında
böyük əks-səda
doğurmuşdu. Rəyasət
Heyəti Mədəniyyət
Nazirliyində, Kənd
Təsərrüfatı Nazirliyində
və Maliyyə Nazirliyində yoxlama keçirərək, kargüzarlığın
Azərbaycan dilinə
keçirilməsi vəziyyətini
araşdırmışdı. Maliyyə Nazirliyində yoxlama aparılması isə xüsusilə əlamətdar idi. "Azərbaycan dili dövlət idarələrində"
məqaləsində Mirzə
İbrahimov yazırdı ki, "Bəziləri də idarənin "xüsusiyyətini"
bəhanə gətirirlər.
Məsələn, deyirlər
ki. Maliyyə Nazirliyi sistemində guya Azərbaycan dilini işlətmək çətindir
və sairə".
Sonra siyasi gediş kimi Lenindən sitat gətirərək, bu fikrin necə
əsassız olduğunu
göstərirdi.
Maliyyə Nazirliyinin də
yoxlanılması Rəyasət
Heyətinin işə
necə ciddi diqqət yetirdiyini göstərirdi. Müzakirə
zamanı nazirliklərin
rəhbərləri Azərbaycan
dilinin məcburi tətbiqinə etirazlarını
bildirmişdilər. Azərbaycan
SSR mədəniyyət naziri
Məmməd Qurbanov (Mamed Kurbanoviç kimi tanınırdı) sonralar Azərbaycan KP MK-nın VIII plenumundakı
(1959-cu ildə) çıxışında
bu barədə belə söyləmişdi:
"Mən dedim ki, bu məsələni bu cür metodlarla
həyata keçirmək
doğru deyildir, çünki bu, olduqca dərin siyasi məsələdir, onun üzərində ciddi düşünmək
lazımdır. Həmin
iclasda MK üzvü
Vitali Səmədov da çıxış
etdi. Mən də, o da qeyd etdik ki, belə söhbətlər olduqca pis təəssürat yaradır, millətçilik
ruhuna yoluxmuş bəzi elementlər yerlərdə bundan istifadə edirlər, onlar narazılıq doğura bilərlər...
Lakin Mirzə İbrahimov yoldaş
sözümü kəsərək
mənə dedi ki, əgər bu sənin xoşuna gəlmirsə, hara istəyirsən,
gedə bilərsən".
Prosesdə əyintilər də
özünü göstərirdi.
Bəzi yığıncaqlarda
auditoriya azərbaycanlıların
rus dilində çıxış etməsinə
etirazını bildirir,
bəzən belə çıxışlara imkan
verilmirdi. Mirzə
İbrahimov belə halların
ola biləcəyini qabaqcadan
görmüşdü və
haqqında danışılmış
məqaləsində bundan
çəkinməyə çağırırdı:
"Dövlət idarələrinin
Azərbaycan dilində
aparılması o demək
deyildir ki, azərbaycanca
bilməyən bir vətəndaşı cavabsız
buraxasan, yaxud onun şikayətinə anlamadığı dildə
cavab verəsən. Təbiidir ki, bu da yanlış bir hərəkət olar. Belə vətəndaşlara
rus dilində cavab vermək, yəni onu başa
salıb təmin etmək lazımdır".
Həmin
illərdə assimilyasiyaya
uğramış azərbaycanlılar
özləri ana dillərini
bilmədikləri halda,
rus dilini yaxşı bilməyən
azərbaycanlılara uzun
illər ərzində
həqarətlə baxırdılar.
Belə "yeni azərbaycanlı"
tipinin formalaşmağa
başladığı qırxıncı
illərdə hətta
Mircəfər Bağırov
müşavirələrin birində
demişdi: "Azərbaycanlılardan
elə yoldaşlar vardır ki, onlar öz ana dillərində yazmamaları, oxumamaları,
danışmamaları ilə
fəxr edirlər. Bu,
saxta fikirdir. Öz ana dilini bilməmək və bununla fəxr etmək - ikiüzlü beynəlmiləlçiliyin özünəməxsus
gizli formasıdır".
Çətinliklərə baxmayaraq, ictimai rəy tərəfindən böyük
razılıqla qəbul
edildiyinə görə
Azərbaycan dilinin tətbiqi uğurla həyata keçirilirdi.
Ali Sovetin Rəyasət
Heyətində bütün
kargüzarlıq işləri
ana dilində aparılırdı.
1958-ci il iyunun 27-də özünün
işdən azad olunduğu MK bürosunun iclasında Nazirlər Sovetinin sədri Sadıq Rəhimov Nazirlər Sovetində bütün işlərin
Azərbaycan dilində
aparıldığını etiraf etmişdi.
Yaranışından süqutuna qədər rusdilli təşkilat olan Azərbaycan KP MK-da belə,
dəyişiklik əmələ
gəlmişdi. 1957-ci il martın
22-də Azərbaycan KP MK katibliyi
"Azərbaycan KP MK-ya
Azərbaycan dilində
daxil olan və MK-dan Azərbaycan dilində göndərilən
sənədlərin sayının
artması ilə əlaqədar tədbirlər
haqqında" qərar
qəbul etmişdi. Qərarda qeyd olunurdu ki, "Son vaxtlarda Azərbaycan KP MK-ya Azərbaycan dilində daxil olan və
MK-dan Azərbaycan dilində
göndərilən sənədlərin
xeyli çoxalması,
Azərbaycan KP MK bürosunun,
katibliyinin və plenumlarının mühüm
qərarlarının respublika
rayonlarına göndərilməsi
üçün Azərbaycan
dilinə tərcümə
olunması zəruriyyəti,
həmçinin Azərbaycan
KP MK-nın keçirdiyi
büro iclaslarında,
plenumlarda, müşavirələrdə
kommunistlərin Azərbaycan
dilində çıxışlarının
artması ilə əlaqədar olaraq Sov.İKP MK-dan xahiş edilsin ki, Azərbaycan KP MK
aparatı işçilərinin
sayının 5 nəfər
artırılmasına icazə
versin".
Azərbaycan dilinin dövlət
idarələrində tətbiqi
ilə əlaqədar
səylər 1958-ci il yanvarın
23-də Mirzə İbrahimovun
öz xahişi ilə (?!) vəzifəsindən
azad edildiyi vaxtadək fəal surətdə davam eləmişdi (Görünür,
ictimai rəy nəzərə alınaraq,
o, həmin sessiyada Azərbaycan SSR Ali Sovetinin
sədri seçilmiş,
1959-cu il martın 25-dək - yeni çağırış Ali Sovetinin
rəhbərliyi seçilənədək
həmin vəzifədə
çalışmışdı).
İyunun
16-17-də keçirilmiş VIII plenumda "Stalino vilayətinin zəhmətkeşləri
arasında kütləvi-siyasi
işin vəziyyəti
və onu yaxşılaşdırmaq tədbirləri
haqqında" Sov.İKP
MK-nın qərarı
ilə əlaqədar
olaraq Azərbaycan partiya təşkilatının
vəzifələri" müzakirə
olunmuşdu. Məruzəçi
- Azərbaycan KP MK katibi
Abdulla Bayramov dil haqqında
qanuna yox, Mirzə İbrahimovun
"Azərbaycan dili dövlət idarələrində"
məqaləsinə toxunmuşdu.
Ancaq sonrakı çıxışlarda dil
haqqında qanun müzakirə olunmuşdu
və bu məsələyə həddən
çox yer verildiyinə görə Sov.İKP MK-nın məsul işçisi Polyanov müzakirənin gedişinə müdaxilə
edib söyləmişdi
ki, çıxışların üçdə iki hissəsinin dövlət dili haqqında qanuna həsr edilməsi diqqəti əsas məsələdən
yayındırır. Müzakirələrdə
məqsəd bu idi ki, Mirzə İbrahimov
səhvə yol verdiyini etiraf etsin. Bu, sağlam məntiqə zidd mövqe idi - qanun layihəsi sessiyadan əvvəl MK bürosunda yekdilliklə təsdiq olunmuşdu.
Mirzə
İbrahimov isə çıxışında
demişdi: "Mən
respublika Ali Sovetinə
gələndə hər
həftə adamları
qəbul eləyirdim, hər qəbulda qırx, otuz, iyirmi adamla görüşürdüm.
Külli miqdarda da məktub alırdım. Qəbullarda və məktublarda İmam Mustafayevin
fəaliyyəti sayəsində
deyil, ondan əvvəl işləmiş
adamların fəaliyyəti
nəticəsində yaranmış
bir sıra qeyri-təbii hallar haqqında məlumat verilirdi. Misal üçün, azərbaycanlı
nazirliyə məktub göndərir və kolxoz əmlakının dağıdılmasından, çatışmazlıqlardan
yazır. Azərbaycan
dilini bilməyən şöbə müdiri dərkənar qoyur: "Yoxlanılsın, məlumat
verilsin". Bir aydan sonra ona yoxlamanın
nəticələri barədə
məlumat təqdim olunur. Yenə dərkənar qoyur: "Yoxlanılsın, məlumat
verilsin".
Yerli dili bilməmək, yerli dilə ayrı-ayrı yoldaşlar
tərəfindən göstərilən
etinasızlıq dövlət
və partiya işinə ziyan vurmuşdur, buna qarşı
çıxmaq lazım
idi. Mən də qulaqlarımı bağlayıb, gözlərimi
yuma bilərdim. Vəziyyətim o zaman çox
yaxşı idi, mən də bir kəlmə danışmaya bilərdim.
Lakin kommunist vicdanım
məni bu barədə danışmağa
təhrik etdi. Bütün bu eybəcərlikləri ləğv
etmək lazım idi. Belə bir vəziyyətin əleyhinə çıxmaq
lazım idi ki, mühasib qadın azərbaycanlı fəhlənin
məzuniyyət haqqında
ərizəsini üstünə
atıb demişdi:
"Mən sizin fransız dilini bilmirəm!" Biz belə
işlərə qarışmalı,
ona qarşı çıxış etməli
idik, yoxsa beynəlmiləl tərbiyə
haqqında dediklərimiz
boş ibarə və ritorika olardı".
Mirzə
İbrahimovun çıxışından
sonra müzakirəni bütünlüklə onun
əleyhinə yönəldən
çıxışlar olmuşdu.
Onun getdiyi yolu "xalqın mənafeyinə xidmət etməyən yol" adlandırır, ona "hər şeydən əvvəl özünü
dərk etmək" tövsiyə olunurdu. Plenumdakı çıxışı
"dəyəri bir qəpik olan hiylənin nəticəsi",
dövlət dili haqqında qanunun qəbul edilməsi "xırda burjua, millətçilik təmayülləri",
"millətçilik dalğasının
qaldırılması", "dil məsələsində
milli əlahiddəlik, "özününkülərə atəş açan artilleriya" kimi qiymətləndirilirdi. Mirzə
İbrahimov "dialektikanı, marksizm-leninizm nəzəriyyəsini
dərindən bilməyən",
"marksist-leninçi nəzəriyyənin
zənginlikləri ilə
hələ də barışmayan", "kəndli
psixologiyası, kəndli
nəzəriyyəsi" ilə
yaşayan, "millətçi
məsələ qaldıran
adam" adlandırılırdı,
"millətçi ünsürlərin
fəallaşması ilə
şovinist ünsürlərin
də fəallaşmasından"
bəhs edilirdi.
Çıxış edənlər ya büro üzvü,
ya da MK üzvü, yaxud Ali Sovetin deputatı kimi qanunun qəbul olunmasında iştirak etmişdilər. İndi ondan
tələb edirdilər
ki, məhz o, səhvə
yol verdiyini etiraf etsin. Bu qədər təzyiqlərə
baxmayaraq, Mirzə
İbrahimov ikinci dəfə
söz alıb qətiyyətlə və
cəsarətlə çıxış
etmişdi. Bu çıxışı
ilə də rəhbərliyi razı salmadığına görə
plenumun qərarına
onun barəsində xüsusi bənd daxil edilmişdi: "Azərbaycan KP MK plenumu qeyd edir ki, MK üzvü Mirzə
İbrahimov yoldaş öz
çıxışında Azərbaycan KP MK katibi A.Bayramovun məruzəsində
haqlı tənqid edilmiş səhvlərinə
düzgün, prinsipial
qiymət vermədi".
Cəsarətli Mirzə İbrahimov plenumdakı
cavab nitqində əleyhdarlarına qarşı
olduqca kəskin çıxış etmiş,
hətta təhqiramiz ifadələrdən belə
çəkinməmiş, dolayısı
ilə ünvanını
tapan "Sanço Pança", "idiot", "dəli", "kabinet siçovulları", "abırsız"
kimi sözlər də işlətmişdi.
Burada bir məsələni də qeyd etmək istəyirəm ki, uzun müddət Mirzə İbrahimovu dəstəkləməsinə,
dillə bağlı qərarın Moskva hökuməti
tərəfindən təsdiqlənməsini
təmin etməsinə
baxmayaraq, respublika rəhbəri İmam Mustafayev həmin
iclasda vəziyyətin
mürəkkəbləşdiyini, Moskvanın bununla bağlı sərt addımlar atacağını
görərək mövqeyini
qismən dəyişməyə
məcbur olmuş, geriyə çəkilmiş,
Azərbaycan dilinin dövlət dili kimi işlənməsinin qeyri-mümkün olduğunu
bəyan etmişdi. Həmçinin Mirzə İbrahimovu beynəlmiləlçilik
ideallarından qaçmaqda
günahlandırmış, dil məsələsində
mövqeyinə görə
və "Azərbaycan
dili dövlət idarələrində" adlı
məqaləsi ilə
bağlı tənqid
edəndə o, dövlət
başçısından çəkinməyərək
yerindən replika vermişdi ki, mən kənd təsərrüfatı
ilə bağlı məsələlərdə səninlə
mübahisə etmərəm,
lakin ədəbiyyat və incəsənətlə
bağlı məsələlərdə
sənə güzəştə
gedə bilmərəm.
Plenumdan
dərhal sonra rus dilinin üstün
vəziyyətini təmin
etmək üçün
tədbirlər görülməyə
başlandı. İyunun
20-də Azərbaycan KP MK və
Azərbaycan SSR Nazirlər
Soveti "Azərbaycan
SSR məktəblərində rus və Azərbaycan
dillərinin öyrənilməsini
yaxşılaşdırmaq tədbirləri haqqında"
qərar qəbul etdilər.
On maddədən ibarət olan bu qərarın
yalnız bir maddəsində "Azərbaycan
dilinin tədrisini yaxşılaşdırmaq üçün
tədbirlər hazırlayıb
həyata keçirməkdən"
bəhs edilirdi. Qərarın 1-ci maddəsində
Azərbaycan, erməni
və gürcü dillərində dərs keçilən məktəblərdə
rus dilinin; rus dilində, habelə başqa dillərdə dərs keçilən məktəblərdə
Azərbaycan dilinin şagirdlərin və onların valideynlərinin
arzusu ilə öyrənilməsi prinsipi
qeyd olunsa da, sonrakı maddədə
"Başqa dildə
dərs keçilən
məktəblərdə rus
dilinin öyrənilməsinin
son dərəcə böyük
əhəmiyyəti olduğunu
və onun millətlərin bir-biri ilə ünsiyyət etməsinin, SSRİ xalqları
arasında dostluğun
möhkəmləndirilməsinin və onların rus və dünya
mədəniyyətinə yaxınlaşdırılmasının
qüdrətli vasitəsi
olduğunu nəzərə
alaraq, habelə respublika zəhmətkeşlərinin
arzusu nəzərə
alınaraq" respublikanın
partiya, sovet və maarif orqanlarına tapşırılırdı
ki, "respublikanın bütün
ümumtəhsil məktəblərində
rus dilinin öyrənilməsini xeyli
yaxşılaşdırmaq üçün lazımi
tədbirlər görsünlər".
Qərarda kompleks tədbirlər
rus dili müəllimlərinin hazırlanması,
yeni rus dili dərsliklərinin, rus dilinin tədrisinə dair metodik vəsaitlərin
nəşr olunması,
"Qeyri-rus məktəblərində
rus dili" adlı metodik məcmuənin ildə 12 nömrəsinin buraxılması,
sinifdənkənar işin
genişləndirilməsi, xüsusi
seminar-kurslar, radio və
televiziya verilişləri
təşkil edilməsi,
qrammofon plastinkaları
istehsal olunması və sair nəzərdə
tutulurdu. Qərarda belə bir müddəa
da vardı ki, "xarici
dillərin tədrisi üçün şərait
olmayan məktəblərdə
dərs planında həmin dillərdən ötrü ayrılmış
saatlardan rus dilinin öyrənilməsi
üçün istifadə
olunsun". Qərarın
mahiyyəti ondan ibarət idi ki, Azərbaycan dilinin öyrənilməsinin könüllülük
prinsipi bir daha təsbit olunduğu halda, qeyri-rus məktəblərində
rus dilinin tədrisinin zəruri olması əsaslandırılırdı.
Azərbaycan dilinin dövlət
dili kimi tətbiq edilməsi uğrunda 1956-cı ilin avqustunda Mirzə İbrahimovun təşəbbüsü
və əməli fəaliyyəti ilə başlanan gərgin mübarizəyə 1959-cu ilin
noyabrında son qoyuldu.
Ancaq Azərbaycan SSR konstitusiyasında
dövlət dili haqqında maddə saxlanıldı və
formal da olsa, konstitusiya
müddəası kimi
əhəmiyyətli idi.
1956-cı il qanunu əllinci
illərdə nəinki
Azərbaycan dilinin dövlət idarələrindən
sıxışdırılmasının qarşısını aldı,
eyni zamanda milli şüurun dirçəlməsində
böyük rol oynadı və sonrakı illərdə də Azərbaycan dilinin hüquqlarının
qorunması üçün
təməl rolunu oynadı. 1991-ci ildə, həyatının ahıl
çağında ömrünün
ötən illərinə,
dövlət dili haqqında qanunu qəbul elətdirdiyi dövrə nəzər salan böyük Mirzə İbrahimov demişdi:
"Çox çətinliklə
olsa da, bizim 50-ci illərdə gördüyümüz
işlərin bir faydası oldu. Hər halda, Çingiz Aytmatovun yana-yana göstərdiyi hadisə - Qırğızıstanda
(özü də yalnız orada yox) qırğız dilinin başına gələnlər Azərbaycan
dilindən yan ötdü. İndi qırğız
dili kimi Azərbaycan dilini də əcəl girləmir."
Qətiyyət, təmkin və
məntiq
Xalq yazıçısı, mərhum
Elçin Əfəndiyev
bir dəfə mənə maraqlı bir hadisə danışdı. "1980-ci ildə,
o zamanlar çox dəbdə olan yubileylərin digər müttəfiq respublikalarda
keçirildiyi dövrdə,
Mərkəzi Komitənin
katibi Kamran Bağırovun
rəhbərliyi altında
Ukraynaya getmişdik. Həmin il Azərbaycanda sovet hakimiyyəti qurulmasının 60 illik yubileyi tamam olurdu. Digər respublikalarda bu yubiley tədbirinin necə keçirilməsindən
xəbərim yox idi, ancaq Ukraynaya
gedən nümayəndə
heyətinin tərkibinə
mən də daxil edilmişdim. Xoşbəxtlikdən həmin
heyətdə Mirzə
İbrahimov da var idi. Qeyd
edim ki, "insan yolda tanınar" deyimi nahaqdan söylənməyib, babalarımız
çox müdrik olublar. Qatarda iki günlük yol müddətindəki həmin səfər zamanı Mirzə müəllim öz söhbətləri, mehribanlığı,
hadisələrə münasibəti
ilə hamının rəğbətini qazandı
və çox nəhəng insan olduğunu bir daha təsdiq etdi.
Rəsmi
tədbirdə qaydalara
görə nümayəndə
heyətinin rəhbəri
yarım saatlıq məruzə etməli idi. Kamran Bağırova söz verildi və o, əvvəlcədən
hazırlanmış çıxışı
oxumağa başladı.
Burada Azərbaycanın
tarixi, onun keçdiyi yol, inkişaf mərhələləri,
xalqımızla bağlı
digər əhəmiyyətli
hadisələr Ukrayna
ictimaiyyətinə təqdim olunmalı
idi. Ancaq Kamran Bağırovun çıxışı
o qədər sönük
oldu ki, Azərbaycandan
gələn biz də
heç nə başa düşə bilmədik, qalmışdı
ki, zalda əyləşənlər
olsun.
Kiyevin ən böyük iclas salonunda keçirilən, iki mindən artıq qonağın iştirak etdiyi tədbiri aparan Ukraynanın
o vaxtkı rəhbəri,
SSRİ-nin siyasi elitasında ən nüfuzlu şəxslərdən
biri sayılan Vladimir Şerbitski, görünür,
bir şey anlamadığına görə
nümayəndə heyətimizə
müraciət etdi ki,
əlavə kim danışmaq istəyir? Əslində protokola görə Mərkəzi Komitənin katibindən savayı, heç kəs danışmamalıydı,
digər tərəfdən
də belə hərəkət olsaydı,
Kamran Bağırov tərəfindən
yaxşı qarşılanmayacaqdı,
o da gedib bunu bir az da "şirinləşdirərək" Birinci katib Heydər
Əliyevə deyəcəkdi
və heç yaxşı nəticə gözlənilməzdi. Hamı
bir-birinə baxdı,
təbii ki, heç kəs tribunaya çıxmağa cəsarət
etmədi. Digər tərəfdən də böyük bir kütlənin qarşısında,
televiziya kanalları vasitəsilə translyasiya
edilən bu ağır tədbirdə
əvvəlcədən hazırlaşmadan,
qeydlər etmədən
rus dilində çıxış etmək
elə də sadə məsələ deyildi. Həqiqət naminə onu da deyim ki, Kamran Bağırovun
monoton, yuxugətirən
zəif çıxışı
nə respublikanı, nə də xalqı lazımi qədər təqdim edə bilmədiyinə görə hamımızı
daxilən narahat edirdi...
Birdən
Mirzə İbrahimov əlini
qaldırıb söz
istədi. Vladimir Şerbitski
bunu gördü və onu tribunaya
dəvət etdi. Mirzə müəllim tribunaya doğru addımlayanda təəccüb,
bir az da istehza doğuraraq zalda təbəssüm yaratması hazırlıqsız,
qeydlərsiz, ekspromt şəraitdə etdiyi parlaq çıxış
nəticəsində tədricən
heyrətə və rəğbətə çevrilməyə
başladı. Nə
Kamran Bağırovun kinayəli
baxışları, nə
Vladimir Şerbitskinin az
qala "divarı dələ bilən" aurası, nə də zalda əyləşənlərin
tanımadıqları bu
arıq yaşlı kişinin cəsarətinə
təəccübü onu
karıxdıra bildi.
O, öz gözəl,
bəlkə də yalnız ona xas olan parlaq
diksiyası ilə Azərbaycanın tarixi, xalqımızın qəhrəmanlıqlarla
dolu keçmişi, bu günü, əldə etdiyi uğurlar haqda o qədər aydın, dəqiq, faktlarla zəngin, həm də olduqca maraqlı məlumatlar verdi ki, elə bil bir aydır
bu çıxışa
hazırlaşır. Onun
nitqi zalda divarları silkələyən
sürəkli alqışlarla
qarşılandı, ən
bərkdən və ürəkdən əl çalanlar isə Vladimir
Şerbitski ilə Azərbaycan nümayəndə
heyətinin üzvləri
idi..."
Evə kəndindən
Afrikaya kimi
Heydər Əliyevin
Mirzə İbrahimova həmişə xüsusi
rəğbəti olmuşdur.
1981-ci ildə o dövr
üçün çox
yüksək mükafat
olan Sosialist Əməyi Qəhrəmanı
adının verilməsi,
həmin ildə üçüncü dəfə
Azərbaycan Yazıçılar
İttifaqı İdarə
Heyətinin sədri seçilməsi bilavasitə
onun qayğısı
ilə reallaşmışdır.
Mirzə İbrahimovun
arzusu nəzərə
alınaraq məhz Heydər Əliyevin təşəbbüsü ilə
Elmlər Akademiyasının
Nizami adına Ədəbiyyat İnstitutunda
Cənubi Azərbaycan
ədəbiyyatı şöbəsi
yaradılmış, böyük
yazıçı ömrünün
sonunadək ora rəhbərlik etmişdir.
Heydər Əliyevin
Mirzə İbrahimovla
bağlı qəbul etdiyi qərarlardan biri də 1977-ci ildə SSRİ xarici işlər nazirinin müavini postuna analoq olan Asiya
və Afrika ölkələri ilə Sovet Həmrəylik Komitəsinin sədri vəzifəsi boşalanda
həmin yerə onun namizədliyini irəli sürməsi və Kremlin çətin labirintlərindən
bu namizədi keçirə bilməsidir.
Tanınmış ictimai xadim, o vaxtlar məsul vəzifələrdə çalışan
Azad Şərifin xatirələrindən: "Həmin
illər ölkədə
(SSRİ-ni nəzərdə
tutur - M.M.) Asiya və Afrika ölkələri ilə Sovet Həmrəylik Komitəsi adlı çox mötəbər
bir təşkilat fəaliyyət göstərirdi.
Bu komitəyə rəhbərlik nə üçünsə çox
vaxt Tacikistandan olan nümayəndələrə
həvalə edilirdi.
1977-ci il idi. Heydər Əliyev MK-nın Beynəlxalq əlaqələr şöbəsinin
müdiri Ənvər
Cəbrayılovu və
məni öz yanına dəvət etdi: "Asiya və Afrika ölkələri ilə Həmrəylik Komitəsinə
Tacikistan nümayəndələrinin
daima rəhbərlik etməsini axı kim ənənə halına salıb? İndi orada boş yer var.
Bizə lazımdır
ki, bu vəzifədə
azərbaycanlı yazıçı
çalışsın. Məsələn,
elə Mirzə İbrahimov. O, nüfuzlu ədəbiyyatçı, məşhur
ictimai xadimdir. Bu məsələnin həlli üçün hər ikiniz Moskvaya yola düşün.
Ənvər, sən Sov.İKP MK-nın beynəlxalq şöbələri
ilə əlaqə yarat, Azad isə
Komitəni öz üzərinə götürsün.
Orada Aleksandr Dzasoxov məsul katibdir. Bilirəm ki, sən onunla
komsomolda birgə çox çalışmısan.
Sonra SSRİ Yazıçılar
İttifaqında Georgi
Markov və Yuri Verçenkoya baş çək. Onların dəstəyini al. Nəhayət MK-nın Mədəniyyət
şöbəsi ilə
də danışmaq lazımdır. Belə fikirləşirəm ki, orada da bizim
təklifimizə müsbət
yanaşmalıdırlar. Mirzəni
onlar yaxşı tanıyırlar".
Azad müəllim
yazır ki, biz Heydər Əliyevin ssenarisi ilə hərəkət edib Moskvada müsbət
rəylər aldıq,
ancaq bizə dedilər ki, bu məsələni elə-belə, bizim sözümüzlə həll
etmək mümkünsüzdür,
Siyasi Büroda ideoloji sahəyə cavabdeh olan "boz kardinal" Mixail Suslova demək lazımdır, onun razılığı
olmasa, iş düzələn deyil. Digər tərəfdən
də, həmin vəzifəyə xeyli sanballı, Kremldə
"adamı" olan
namizəd var, bir az tələsmək
lazımdır. Biz bu barədə Heydər Əliyevi məlumatlandırdıq, o, bir
qədər düşünüb
(M.Suslov çox ağır təbiətli,
olduqca sərt adam idi), "bir şey fikirləşmək
lazımdır", - dedi.
Bilmədik, o, Suslova, yoxsa başqa kiməsə, bəlkə
də Brejnevə zəng etdi, ancaq bir həftədən
sonra Asiya və Afrika ölkələri ilə Sovet Həmrəylik Komitəsinin növbədənkənar
konfransı keçirildi
və bu məsələdən qəti
xəbəri olmayan Mirzə İbrahimov yekdilliklə təşkilata
sədr seçildi.
1956-cı ildə təsis edilmiş həmin Komitədə Sosialist Əməyi Qəhrəmanı, Tacikistanın
Xalq şairi Mirzo Tursunzadə, görkəmli sovet şərqşünası Mixail
Kapitsa, SSRİ-nin Suriyada səfiri olmuş diplomat Aleksandr Dzasoxov və digər tanınmış
şəxsiyyətlər sədrlik
etmişdi və həmin ərəfədə
Kremllə sıx əlaqələri olan Rəsul Həmzətov, Aman Kekilov, Georgi Kim, Vladimir Şubin kimi namizədlərin olduğu bir seçki marafonunda hələ Sosialist Əməyi Qəhrəmanı
adını da almamış Azərbaycan
yazıçısının qalib gəlməsi real görünmürdü.
Ancaq Heydər Əliyev bunu bacardı.
Mirzə İbrahimov
da bu etimadı
ləyaqətlə doğrultdu.
O, Komitə sədri kimi dəfələrlə
Amerika, İngiltərə,
Fransa, Portuqaliya, Əfqanıstan, Vyetnam, Misir, Kipr, Suriya,
Zambiya və digər ölkələrdə
gərgin keçən
səfərlərdə olmuş,
beynəlxalq konqres, sessiya və müşavirələrdə Sovet
nümayəndə heyətinə
uğurla başçılıq
etmişdir. Təmkin və soyuqqanlılıq isə xarakterinin ən önəmli cəhəti kimi hətta ən gərgin və dramatik anlarda da onun xasiyyətini
tərk etməmişdir.
1978-ci il fevralın
18-də Kiprin paytaxtı
Nikosiyadakı Hilton otelində
Mirzə İbrahimov Asiya-Afrika Həmrəylik Hərəkatının tədbirinə
sədrlik edirmiş. Bu zaman iki
terrorçu zala daxil olaraq Asiya-Afrika
Həmrəylik Hərəkatının
aparıcı simalarından
biri, Misirin mədəniyyət naziri,
prezident Ənvər Sədatın yaxın dostu və "intellektual məsləhətçisi"
kimi tanınan Yusif əs-Sibaini güllələyir və
Kipr hökumətindən
Misirə getmək üçün təyyarə
tələbi ilə Mirzə İbrahimov da daxil olmaqla
30-a yaxın konfrans iştirakçısını girov götürürlər.
Şahidlər danışırlar
ki, istər əsir götürülərkən,
istərsə də girovluqda qaldıqları üç gün ərzində ölümlə
üz-üzə olduqlarına
görə müxtəlif
reaksiyalar verən, qışqıran, yerə
yıxılan, hay-həşir
salan insanların içində bircə nəfərin tükü də tərpənmirdi. Hamı məəttəl qalmışdı, istər
Hilton otelində, istər
zorla avtobusa mindirilərkən, istərsə
də Kiprin Larnaka hava limanında
avtomat altında üç gün, üç gecə ac, susuz saxlanılarkən
bir nəfər öz təmkini, soyuqqanlılığı
ilə digərlərinə
nümunə göstərirdi
- bu, Mirzə İbrahimov idi. Sonralar özü danışırmış ki,
"Mən o qədər
çətin günlər
görmüşəm, ağır
sınaqlardan çıxmışam
ki, Nikosiyadakı hadisə onların yanında elə bir şey deyildi".
(Ardı var)
525-ci qəzet 2025.- 30 oktyabr
(¹198).- S.10-11.