Unutmaq - yaddaşın yox,
ruhun seçimi
Şahanə MÜŞFİQ
Çoxlarının qorxduğu, bəzilərinin isə arzuladığı bir hadisədir unutmaq. Kimi yaddaşına sıx-sıx
sarılır, keçmişini
buraxmaq istəmir, kimisi isə keçmişin yükündən
xilas olmağa can atır. Ancaq istəsək də, istəməsək də,
yaddaş kimi, unutmaq da insanın təbii mexanizmidir. Necə ki, nəfəs almaq üçün bəzən dərindən
nəfəs veririk, yaşamaq üçün
də bəzən unutmaq lazımdır.
İnsan
yaddaşı yalnız
xatırlamaq üçün
deyil, həm də yaşamağı davam etdirmək üçündür. Əgər
biz hər şeyi, bütün ağrılarımızı,
itkilərimizi, utanclarımızı
eyni intensivliklə daşısaydıq, ruhumuz
çoxdan yorulardı.
Unutmaq bəzən bir müdafiədir, bəzən də bir mərhələ.
Zaman keçdikcə hər şey silinir - şəkillər solur, səslər dəyişir,
simalar yadlaşır.
Amma qəribə bir tərəfi var: insan hər şeyi unutduğunu sandıqca, yaddaş yeni bir məna formalaşdırır.
Bəlkə də unutmuruq, sadəcə, xatirələrin kəskinliyini
yumşaldırıq.
Uşaqkən dizimizi qanadanda duyduğumuz ağrı ilə illər sonra bir yaxınını
itirəndə çəkdiyimiz
ağrı eyni deyil. Amma hər ikisi bizdə iz buraxır. Fərq ondadır ki, bədən yarası sağalır, ruhun yarası isə zamanın "unutmaq" adlı dərmanı ilə sağalır.
Yaddaşla zamanın münasibəti
dənizlə sahilə
bənzəyir. Dənizin
hər dalğası sahildəki izləri silir. Amma izlərin silinməsi dənizin laqeydliyindən deyil, həyatın axışından
xəbər verir. Unutmaq da belədir: hər dəfə yeni dalğa gəlir, bir az duzlu,
bir az sərin,
bir az təzə.
Və köhnə izlər, köhnə ağrılar yavaş-yavaş
itib gedir.
Bəzən unutmaq bizi özümüzə günahkar
hiss etdirir. Hiss etdiyimiz
sevginin, çəkdiyimiz
ağrının unudulması
özümüzə də
qəribə görünür.
Halbuki unutmaq xəyanət deyil. Əksinə, yaşamaq üçün ən insani cəhdlərdən biridir. Çünki insan bəzən unudaraq özünü xilas edir. Axı
yaddaş həmişə
dost deyil. Bəzi xatirələr bizi azad etmir, əksinə,
əsir saxlayır. O xatirələr ki, hər səhər oyananda keçmişin kölgəsini
gözümüzün önünə
gətirir, o xatirələr
ki, bizi gələcəyin
sevinclərindən məhrum
edir, bax, onlardan azad olmaq
üçün unutmaq
lazımdır. Xatırlamaq,
yaddaşını hər
zaman təzə tər
saxlamaq bir növ sədaqətdirsə,
unutmaq azadlıqdır.
Hər insan bir gün sədaqəti
buraxıb azadlığa
çıxmaq ehtiyacı
duyur. Əslində, unutmaq ağrını tam
mənası ilə silmək deyil, onunla barışmaqdır.
Bir vaxtlar səni dərindən sarsıdan,
qəlbini yandıran hadisələr zamanla ağrısı çəkilib
izi qalmış yara kimi durar
bir kənarda, xatırlayarsan, amma daha ağrıtmaz.
Bəzən paradoksal səslənir,
amma bu sürətli
zamanda insan alacağı yeni informasiyaları
yadda saxlamaq üçün
də unuda bilməlidir. Yaddaşın
çoxluğu ağırlıq
yaradır. Əgər
beyin hər xırda təfərrüatı
saxlasaydı, yeni biliklərə,
yeni hisslərə yer
qalmazdı. Unutmaq bizə seçməyi öyrədir. Nəyi saxlamaq, nəyi buraxmaq lazım olduğunu onun sayəsində öyrənirik.
Həyat da elə bu seçimlərin cəmi deyilmi? Biz sevdiklərimizi, yaşadıqlarımızı,
başımıza gələnləri
süzgəcdən keçiririk.
Bəzilərini qoruyuruq
- çünki onlar kimliyimizin bir parçasıdır. Bəzilərini
isə buraxırıq
- çünki onlar bizi daşımaq əvəzinə, ağırlaşdırır.
Bu mənada, unutmaq yalnız keçmişdən
qaçış deyil,
həm də gələcəyə yer açmaqdır.
Unutmaqla
bağışlamaq arasında
incə bir xətt var. Hər bağışlama unutmaq deyil, amma hər
unutmaq bir növ bağışlamaqdır.
Birini bağışlayanda,
onun sənə etdiyi ağrını unutmursan, sadəcə, artıq o ağrının
içində yaşamaqdan
imtina edirsən. Bu, passivlik deyil, müdriklikdir. İnsan bağışlayaraq, yəni
unudaraq özünün
mənəvi azadlığını
qazanır. Çünki
yaddaşda kök salmış hər kin, hər nifrət insanın ruhunu zəhərləyir. Unutmaq
isə təmizlənməkdir.
Ruhun nəfəs almasıdır.
Ən dərin yaddaş unudulmazlar üçündür.
Bəli, hər şeyi unutmaq mümkün deyil. Bəziləri bizim yaddaşımıza deyil,
varlığımıza yazılır.
Onları silmək istəsək də, silə bilmirik. Amma bu unudulmazlar bizi yaşamdan ayırmır, əksinə,
ona rəng qatır. Bəlkə də ən gözəl unudulmazlıq
elə budur - həyatın özünü
əngəlləmədən onun bir hissəsinə
çevrilə bilmək.
Unutmaq, əslində, itirmək deyil, dəyişməkdir.
Biz yaşadıqca həm
yadda saxlayırıq, həm
də unuduruq. Hər ikisi bizim varlığımızı
tarazlayır. Yaddaş
bizi insan edir, unutmaq isə
insan kimi qalmağa imkan verir. Çünki bəzən yaşamaq elə unuda bilmək cəsarətidir.
525-ci qəzet .- 2025.- 30 oktyabr
(№198).- S.13.