Böyük Zəfərimizin 5-ci ildönümü Maltada da qeyd edilib
Maltanın paytaxtı
Valletta şəhərində
yerləşən “Palazzo
de La Salle” sarayında Azərbaycanın
İkinci Qarabağ müharibəsində Zəfərinin
5-ci ildönümü münasibətilə
tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir
Maltada yaşayan azərbaycanlıların Koordinasiya
Şurası tərəfindən,
Malta İncəsənət
Cəmiyyəti ilə
əməkdaşlıq şəklində
və Azərbaycan Respublikasının Diasporla
İş üzrə
Dövlət Komitəsinin
dəstəyi ilə həyata keçirilib.
Gecədə ölkədə akkreditə
olunmuş diplomatik korpusun nümayəndələri,
Azərbaycan icmasının
üzvləri və çoxsaylı yerli qonaqlar iştirak ediblər. Qonaqlar arasında Malta Respublikasının Azərbaycandakı,
Ukraynadakı və Qazaxıstandakı səfiri
Con Debono, Azərbaycanın Maltadakı
fəxri konsulu Dr. Kris Balzan, eləcə
də Malta, Türkiyə, Rumıniya,
Bolqarıstan, Özbəkistan,
Polşa, İtaliya və İspaniyadan olan diaspor nümayəndələri
yer alıblar.
Tədbirin açılışında
çıxış edən
Aysel Ramiz qızı Şkembri qeyd edib ki,
Zəfər Günü
Azərbaycanın müasir
tarixində ən önəmli mərhələlərdən
birini — İkinci Qarabağ müharibəsində
qazanılmış Qələbəni
və Azərbaycan xalqı üçün böyük tarixi və mədəni əhəmiyyətə malik
olan Şuşa şəhərinin azad edilməsini əks etdirir. Daha sonra
tədbir iştirakçıları
Azərbaycanın azadlığı
və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin müqəddəs
xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Azərbaycan Respublikasının Maltadakı
fəxri konsulu Dr. Kris Balzan çıxış
edərək vurğulayıb
ki, Zəfər Günü Azərbaycan Respublikasının Prezidenti
tərəfindən 3 dekabr
2020-ci il tarixində imzalanmış Sərəncamla
təsis edilib və hər il 8 noyabr tarixində
qeyd olunur. O, bu günün Azərbaycanın ərazi
bütövlüyünün bərpasını və milli qürurun yenidən dirçəlişini
simvolizə etdiyini qeyd edib.
Tədbir dostluq
və harmoniya ruhunu əks etdirən rəngarəng musiqi proqramı ilə davam edib.
İlk dəfə
olaraq maltalı və azərbaycanlı musiqiçilər eyni səhnədə birgə
çıxış ediblər.
Bu, iki xalq
arasında bədii əməkdaşlığın və mədəni birliyin tarixi anı kimi qiymətləndirilib.
Proqramda İsveçdən
gələn pianoçu
Aynur Məlikova və tenor Sinan
Xəlili, Azərbaycandan
gələn tarzən
Səxavət Məmmədov,
eləcə də maltalı folklor musiqiçisi və multiinstrumentalist Françesko
Sultananın ifasında
Azərbaycan və Avropa klassik musiqisinin inciləri səsləndirilib. Onların
arasında Vasif Adıgözəlovun “Qərənfil”,
Həsən Rzayevin “Cahargah Rapsodiyası”, Səid Rüstəmovun “Oxu, tar”, Rauf
Hacıyevin “Azərbaycan”
əsərləri və
xalq mahnısı “Sarı gəlin” yer alıb.
525-ci qəzet 2025.- 29 oktyabr
(¹197).- S.9.