Stalindən Qorbaçova kimi...
KİMİNDƏ
RƏĞBƏT, KİMİNDƏ HEYRƏT,
KİMİNDƏ HƏSƏD, ANCAQ HAMIDA HÖRMƏT
DOĞURAN FENOMEN - MİRZƏ İBRAHİMOV
Misir MƏRDANOV
AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor
(Əvvəli ötən saylarımızda)
"Allah
kimisə cəzalandırmaq
istəyəndə..."
Elə bu zəngin həyat təcrübəsinin,
dəfələrlə ölümlə
üz-üzə qalmasının,
Stalindən Mircəfər
Bağırova, Xruşşovdan
Qorbaçova kimi onlarla diktatorun qarşısında sınmadığına,
daha da bərkidiyinə
görə həyatının
bütün mərhələlərində,
Nikosiya hadisəsi kimi olaylardan tutmuş gördüyü
digər irili-xırdalı
imtahanların hamısından
üzüağ çıxa
bilib. Deyirlər ki, bəzən çıxışları
zamanı düşmənləri,
bədxahları onu kürsüdən aşağı
düşürmək üçün
çəpik çalıblar,
ona söz atıblar, ancaq Mirzə İbrahimov heç
vaxt təmkinini pozmayıb, yolundan dönməyib, balansını
itirməyib, sakitcə,
heç nə olmayıbmış kimi sözünə davam edib...
Yeri gəlmişkən qeyd edirəm ki, elə bu qətiyyət, təmkin, dərin məntiq özünü
1989-cu ilin may-iyun aylarında Moskvada keçirilən SSRİ Xalq
deputatlarının Birinci
Qurultayında çıxışı
zamanı da göstərmişdir.
Qorbaçovun məkrli
siyasəti ilə qızışdırılan və
ilk addımları atılan
Qarabağ münaqişəsinin
müzakirəsi keçirilərkən
əvvəlcədən öyrədilən
erməni deputatlarının
həyasız və hücum üslubunda olan çıxışlarından
sonra Mirzə
İbrahimov söz istəyir.
Qorbaçovun sədrlik
etdiyi həmin qurultayda xalqımızın
ünvanına səslənən
hədyanlardan, böhtanlardan
sonra emosiyaları idarə edərək çıxış etmək
sadə məsələ
deyildi. Elə sədr də Mirzə İbrahimova söz verərkən düşünürdü ki, bu
yaşlı ədəbiyyat
adamı hisslərini gizlədə bilməyəcək
və verdiyi cavabla vəziyyəti bir qədər də gərginləşdirəcək.
Lakin dünyagörmüş müdrik Mirzə
İbrahimov təmkinini pozmadan
danışır: "Təəssüf
ki, aramızda lazımsız
sözləri danışan
və yazan insanlar var. Bu hərəkətləri
ilə onlar millətçilik hisslərini
qızışdırır, bizdə deyildiyi kimi, ürək bulandırırlar. Hesab edirəm ki, belə hərəkətlərə yol
verilməməlidir. Baxın,
mənim köhnə dostum Vardges (Yazıçı Vardges Petrosyanı nəzərdə
tutur - M.M.) burada danışdı, indi gedib sakitcə orada oturur. Mən
onu həmişə dostum hesab etmişəm,
tez-tez görüşürdük,
öpüşürdük. Məni hər görəndə xalqım
haqqında da, özüm
haqqında da xoş sözlər deyən həmin dost bu gün burada həqiqətdən çox
uzaq fikirlər söylədi. Mən əminəm ki, onunla təklikdə görüşsək,
o bu sözləri kiminsə sifarişi ilə söylədiyini etiraf edəcək və məni qucaqlayıb öpəcək...
Qədim
yunanlar haqlı olaraq deyirdilər ki, Allah kimisə cəzalandırmaq
istəyəndə ilk növbədə
onun ağlını alır. Ağıllarını
itirmiş insanlar və xalqlar heç düşmənin
də xəyalına gəlməyən cəzalara
mübtəla olurlar. Gəlin müdrik insanların nəsihətlərini
dinləyək və dostluğumuzu davam etdirək. Atdığınız
addımlar sizi uçuruma aparır".
Burada həm siyasi uzaqgörənlik, ermənilərin
həmin qurultaydan sonra üzləşdiyi, bu günə qədər qurtula bilmədiyi, bizi də sürükləyib
saldığı bəlalar,
məhrumiyyətlər, müharibələr,
insan itkiləri, dağılan şəhərlər,
kəndlər, yurd-yuvasından
didərgin düşənlər
var, həm də müdrik bir ağsaqqalın bu problemlərdən qurtulmaq
yolunu göstərən
təmkinli sözləri.
Yazıçı Nahid Hacızadə
Mirzə İbrahimovun
həmin qurultaydakı
çıxışını xatırlayaraq qeyd edir ki, "qocaman yazıçı bu çıxışı ilə
özünün də,
sözünün də
qüdrətini bir daha göstərdi və xalqımızın
gözündə bir
boy da ucaldı".
1980-ci ildə Mirzə
İbrahimov müəyyən səbəblərlə bağlı
Asiya və Afrika ölkələri ilə Sovet Həmrəylik Komitəsinin sədri vəzifəsindən azad edildi. Qaynar həyata, müntəzəm
səfərlərə, gurultulu
iclaslara, təntənəli
qəbullara öyrəşən
böyük yazıçı
birdən-birə Moskvadan
gəlib bağında
sakit həyat yaşamağa başladı.
Belə məsələlərdə
çox diqqətli olan və ona
böyük ehtiram bəsləyən Ulu öndər
Azad Şərifi çağırtdırıb
onun bağına göndərir. Azad Şərif
yazır: "Mənə
çox yumşaq, nəzakətli formada Mirzə İbrahimovun istənilən ideyalarının,
həmçinin yaradıcılıqla
bağlı olan arzularının həyata
keçiriləcəyinə təminat verməklə, onu istənilən hansısa bir işə keçməyə
inandırmaq, razı salmaq həvalə olunmuşdu... Mirzə müəllim və onun həyat yoldaşı Sara xanım
məni həmişə
olduğu kimi çox mehribanlıqla qarşıladılar. Ehtiyatla
ona tapşırığın
məzmununu dedim.
Sonra dəftərçəmi çıxarıb
qeydlər etmək üçün stolun üstünə qoydum. Mirzə müəllim də öz növbəsində "Azad, narahat
olma, mən əvvəlcədən hər
şeyi yazmışam",
deyərək balaca bir siyahını mənə tərəf uzatdı. Siyahıda Elmlər Akademiyasının
Ədəbiyyat İnstitutunda
Cənubi Azərbaycan
ədəbiyyatı şöbəsinin
yaradılması, əsərlərinin
yeddi cilddə külliyyat şəklində
dərc edilməsi və imkan daxilində
ona öz hesabına minik avtomobili verilməsi kimi xahişlər yer almışdı. Mirzə İbrahimovun bütün istəkləri
təbii ki, çox operativ sürətdə yerinə yetirildi.
Bir müddət sonra Heydər Əliyevin başçılığı ilə nümayəndə
heyətinin Rumıniyaya
səfəri gözlənilirdi.
Həmin ərəfədə
Heydər Əliyev məni yanına çağıraraq "Mirzə
İbrahimovun işləri
necə gedir, onun bütün arzuları yerinə yetirilibmi?", - deyə məndən soruşdu. Mən hər şeyin qaydasında olduğunu bildirdikdən sonra Heydər Əliyev "Necə fikirləşirsən, o, bizimlə
birgə səfərə
çıxar, yoxsa hələ də bizdən incikdir?", - deyə mənə növbəti sualını
verdi: "Sənin münasibətlərin yaxşıdır,
evlərinə gedib onunla bir söhbət
et. Əgər sağlamdırsa
və bizimlə getməyə hazırdırsa,
telefonla məni onunla calaşdır. Özü də bildiyimə görə, onun kitabları da rumın dilinə tərcümə edilib".
Mən də Heydər Əliyevin tapşırdığı kimi
onlara zəng etdim. Məni çox yaxşı qarşıladılar. "Mirzə
müəllim, deyəsən,
çoxdandır xarici
səfərlərə getmirsiniz",
deyə ondan soruşdum. O da gülərək
"Göndərmirlər, onun üçün də getmirəm" cavabını verdi.
- Bir təklif var. Heydər Əliyev Rumıniyaya səfərə hazırlaşır,
sizi də nümayəndə heyətinin
tərkibində görmək
istəyir. Mirzə müəllim məmnuniyyətlə
Heydər Əliyevlə
birgə səfərə
çıxacağını bildirdi. Mən dərhal onu telefonla Heydər Əliyevlə calaşdırdım
və onlar hər şeyi birgə müzakirə etdilər".
1993-cü
ilin dekabrında dünyasını dəyişərkən
Heydər Əliyevin təşəbbüsü ilə
təntənəli dəfn
mərasimi təşkil
edilmiş, Ulu öndər
özü də həmin tədbirdə iştirak etmiş və cənazənin Birinci Fəxri xiyabanda torpağa tapşırılması ilə
bağlı şəxsən
göstəriş vermişdir.
Ulu öndər 2001-ci ildə
onun 90 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi ilə bağlı Sərəncam
imzalamış, Elmlər
Akademiyasına və müvafiq nazirliklərə
bu barədə tapşırıq vermişdi.
Böyük yazıçının qızı Sevda xanım müsahibələrində
yazırdı: "Ulu öndər
Heydər Əliyev həmişə Mirzə İbrahimova diqqət və qayğı ilə yanaşıb. Qara caynaqlardan çox vaxt onu məhz Heydər
Əliyev xilas edib. Təsəvvür edin, millətçi damğası vurulan bir şəxsə sonra məhz Heydər Əliyev tərəfindən Asiya və Afrika ölkələri
ilə Sovet Həmrəylik Komitəsinin
sədri kimi mühüm vəzifə etibar olundu. Atam Azərbaycanda cəmi iki nəfərin
aldığı Beynəlxalq
Nehru mükafatına layiq
görüldü. Sanki Heydər
Əliyev Mirzə İbrahimova olan təzyiqlərin, zərbələrin
acığını çıxmaq
üçün 1981-ci ildə
onun Sosialist Əməyi Qəhrəmanı
adını almasına
nail oldu... Ulu öndər
ikinci dəfə hakimiyyətə gəldikdən
sonra atamı tapdı, onu yaxşı tanıyırdı,
bilirdi ki, necə insandır. Yenidən ona vəzifə verdi. Mən bir övlad kimi qürur hissi keçirirəm ki, atamın ssenarisi əsasında çəkilmiş
"Böyük dayaq"
filmi Heydər Əliyevin
ən çox sevdiyi filmlərdən olub. İndi Ulu öndərin
anım günündə
həmin filmi bizim televiziyalarda mütləq göstərirlər".
Yeri gəlmişkən qeyd etmək istəyirəm
ki, 2011-ci il iyulun 19-da Prezident
İlham Əliyev Mirzə
İbrahimovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalamış,
bununla bağlı Təhsil Nazirliyinə də müvafiq tapşırıq vermişdi.
Həmin sərəncamdan
irəli gələn vəzifələr çərçivəsində
yubileylə əlaqədar
müxtəlif tədbirlər
təşkil edilmişdi,
o cümlədən orta
məktəb şagirdləri
arasında yazıçının
əsərləri əsasında
inşa və esse müsabiqələri keçirilmişdi. Yekun iclas və qaliblərin
mükafatlandırılması mərasimi nazirliyin dəyirmi zalında təşkil edilmişdi. Mən iclası açıq elan edərkən
adətim üzrə zala göz gəzdirirdim,
birdən gördüm
ki, ədəbiyyatımızın görkəmli simasının
qızı, Azərbaycan
Respublikasının Xalq
artisti, professor, bəstəkar
Sevda İbrahimova sakitcə gəlib arxada, qonaqların arasında əyləşib.
Onu görən kimi sözümü yarımçıq saxladım
və Sevda xanıma müraciət etdim:
- Ay Sevda xanım, Siz bu gün
əsas və ən əziz qonaqsınız, niyə gedib arxada əyləşmisiniz?
Xahiş edirəm, gəlin Rəyasət Heyətinə.
Sevda xanım etiraz etmək istədi:
- Misir müəllim, təşəkkür edirəm,
icazə verin burada əyləşim, mən tək deyiləm, gəlinimiz və bacım da buradadırlar, atam heç vaxt gəlinini qızlarından
ayırmamışdır. İndi biz üç nəfər ora yerləşmərik.
Mən razılaşmadım, hər
üçünü dəvət
edib yanımda əyləşdirdim və
iclasımız davam etdi...
O, vətənini övladları
qədər, övladlarını
vətəni qədər
sevirdi
Övladlarından söz düşmüşkən
hörmətli oxuculara
bu unikal insanın ailə dəyərlərinə verdiyi
yüksək qiymət
barədə də bir qədər məlumat vermək istəyirəm. Zənnimcə,
yazılacaq fikirlər
onun bütöv şəxsiyyət olduğuna
daha bir çalar əlavə edə bilər. Haqqında danışdığım
qızı Sevda xanım xatirələrində
yazır: "Yadımdadır
ki, Mircəfər Bağırov
atamı iclasa çağıranda anam bütün gecəni yatmazdı. Atam bizi öpüb gedərdi. Anam yatmayıb onu səhərə qədər
gözləyərdi. Biz balaca
idik, nələr baş verdiyini anlamırdıq. Ancaq atamın mehribanlığı,
bizə sevgisi, anama olan dərin
məhəbbəti, anamın
ona hörməti bu günə kimi yadımdadır".
Onun ailə qurması fərqli bir tarixə malikdir. Azərbaycanın məşhur
incəsənət xadimlərindən
olan tarzən Qurban Pirimovun qızı Sara xanımı
ilk dəfə görəndən
ona vurulur və ömrünün sonunadək bu məhəbbətə sadiq
qalır. Ancaq onlar ilk dəfə görüşəndə 1937-ci ilin əvvəllərində
Leninqradda (indiki Sankt-Peterburq) aspiranturanı bitirib Bakıya qayıdan Mirzə İbrahimovu heç kəs tanımırdı,
Sara xanım isə Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsini bitirmiş
ilk azərbaycanlı qadın,
digər tərəfdən
görkəmli sənətkarın
qızı idi. Opera və Balet teatrına
direktor təyin ediləndən sonra ilk dəfə musiqiçi qızlar arasında gördüyü, ağır
təbiətli, heç
kəsi yaxın buraxmayan Sara xanımın
daxili və zahiri gözəlliyinin vəhdəti Mirzəni məftun etmişdi. Ancaq ilk günlərdə
çəlimsiz, bəstəboylu
bu oğlan heç nə ilə Sara xanımı cəlb etmirdi. Qısa müddət ərzində bir-birinin ardınca qazandığı
uğurlar, Üzeyir Hacıbəyli, Səməd
Vurğun, Abdulla Şaiq,
Rəsul Rza, Sabit Rəhman, Nigar Rəfibəyli kimi şəxsiyyətlərlə
yaxın münasibəti
Sarada tədricən Mirzəyə
qarşı rəğbət
oyatmağa başladı.
Sonralar isə dostları bu məsələdə yaxından
kömək edirlər.
Uzun müddət razılıq verməyən
Sara xanım valideynləri
ilə Kislovodskidə
dincələrkən Səməd
Vurğunla rastlaşırlar.
Qurban Pirimovla görüşəndən sonra
şair ərklə qıza müraciət edir: "Bəsdir də, ay Sara bacı, yazıçını bu
qədər incitmə.
Mirzə çox dəyərli insandır".
Sonra atasına Mirzə
haqqında məlumat verir, onun bu
yaxınlarda Xalq Komissarları Soveti yanında İncəsənət
İşləri İdarəsinin
rəisi (təxminən
indiki mədəniyyət
naziri) vəzifəsinə
təyin edildiyini, Moskvadakı Azərbaycan dekadasının təşkilinin
ona həvalə edildiyini, digər məziyyətlərini sadalayır
və bir növ elçiliyini edir.
Bakıya
qayıtdıqdan sonra
digər şair və yazıçılarla
Qurban Pirimovun evinə rəsmi elçiliyə gedirlər
və Nigar Rəfibəyli nişan üzüyünü Saranın
barmağına taxır.
1938-ci ilin sonlarında
toyları olur və gənc ailə həmin il Mirzə İbrahimova Xaqani küçəsi 19
ünvanında verilən
üç otaqlı evə köçür. Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, Mirəsədulla
Mirqasımov, Məmməd
Səid Ordubadi, Süleyman Rüstəm, Bülbül, Həqiqət
Rzayeva, Niyazi, Müslüm Maqomayev, Ağasadıq Gəraybəyli
və digər bir çox tanınmış şəxslərlə
eyni binada Mirzə İbrahimov uzun müddət yaşamış,
sonra indiki "Bakı" univermağı
yerləşən binada
üç otaqlı
yeni mənzil almış
və Sara xanımla oraya köçmüşdür.
Həyat yoldaşı
vəfat etdikdən sonra isə həmin mənzili Yazıçılar İttifaqına
təhvil vermiş, əvvəlki mənzilə,
övladlarının yanına
qayıtmışdır. Azərbaycan
Yazıçılar Birliyinin
sədr müavini Çingiz Abdullayev yazır
ki, "Belə xahiş
bizim birliyin tarixində ilk və yeganə hadisədir. Mirzə İbrahimov həyat
yoldaşı vəfat
etdikdən sonra müraciət etdi ki, xahiş edirəm, mənim üç otaqlı mənzilimi təhvil alıb ehtiyacı olanlara verin, təkbaşına mənim üçün ora çoxdur, mən övladlarımın
yanına qayıdıb
orada yaşayacağam.
Başqaları kimi həmin mənzili sata bilərdi, kiməsə bağışlaya
bilərdi, o, bununla böyük şəxsiyyət
olduğunu bir daha sübut etdi". Mirzə
İbrahimov həm də
çox təvazökar,
abırlı bir şəxsiyyət olmuşdur.
Çoxları danışır
ki, hətta ən yüksək vəzifələrdə
olanda belə maşına minməz, küçədə piyada
gəzər, insanlarla
ünsiyyətə girər,
həyatı olduğu
kimi görməyə
çalışardı. Yəqin
elə bu sadəliyindən irəli
gəlir ki, 1991-ci ildə
dövlət səviyyəsində
80 illik yubileyinin keçirilməsi müzakirə
ediləndə, ölkədəki
mürəkkəb siyasi
vəziyyəti nəzərə
alaraq qətiyyətlə
imtina edir. Halbuki bu onun
həyatında özünün
iştirakı ilə
keçirilən sonuncu
yubiley tədbiri ola bilərdi, bu tədbirə isə onun mənəvi haqqı çatırdı.
Mirzə
İbrahimovun bu izdivacdan Sevda, Aydın və Solmaz adlı üç övladı dünyaya gəlib. Aydın filoloq, Sevda bəstəkar, Solmaz isə jurnalist olub. Bu ailənin çox maraqlı taleyi, hadisələrlə zəngin
ömür yolu olub. Zənnimcə, ən maraqlı olay Mirzə İbrahimovla Sara Pirimovanın
bütün həyatları
boyu davam edən qarşılıqlı
məhəbbəti, hörməti
və anlaşıqlı
münasibəti olub. Ədəbiyyatşünas Nazim Rizvan yazır: "Sara xanım böyük adamın qızı, böyük adamın həyat yoldaşı idi. Bununla belə,
evinə gedəndə
həmişə adamın
qarşısına mətbəxdən
önlüklə çıxardı,
sevimli ərinə və əziz övladlarına özü
xörək bişirir,
özü qulluq edir, evində qulluqçu saxlamırdı.
Mirzə müəllim
kimi Azərbaycanın
ən yüksək vəzifələrində çalışan
bir kişinin qadınının sadəliyi
onun kübarlığına
xələl gətirmir,
əksinə, anadangəlmə
vüqarı, əzəməti
ilə birləşərək
xanım-xatınlığını daha aydın büruzə verirdi".
Bu ailənin möhkəmliyinə,
müqəddəsliyinə dəlalət edən daha bir mənbə
var - bu mənbəyin
adı Mirzə İbrahimovun əsərləri
arasında xüsusi yer tutan "Sevgi məktubları" kitabıdır. Bu kitabda böyük yazıçının
həyat yoldaşı
Sara xanıma ünvanlandığı
100-ə yaxın məktub
yer alır. Birinci məktub 1938-ci il iyunun 19-da, sonuncusu isə 1964-cü il aprelin
17-də qələmə alınmışdır.
26 il ərzində yazdığı
məktublardan bəzi
hissələri bu məqaləyə daxil edərək gənclərimizə
etibar, sədaqət, təmiz məhəbbət,
təmənnasız münasibətlərlə
bağlı müəyyən
mesaj vermək istəyirəm. Çox arzulayıram ki, siyasi hadisələrlə zəngin
olaraq şəxsi həyata aman verməyən o çətin,
ağır illərdə
babalarımızın müqəddəs
varlıq hesab etdiyi qadına münasibəti gənclərimiz
Mirzə İbrahimovdan
öyrənsinlər:
"Siz platformada görünməz olduqda məni qəribə bir yalnızlıq hissi və hüzn
bürüdü. Hərgah
vəzifə qarşısındakı
borc olmasaydı, tozlu vaqondan yerə atılaraq səninlə birlikdə sakit evimizə qayıdardım.
Uzun müddət pəncərə
qarşısında duraraq
uzaqlarda qırpınan
lampalara baxıb, xəyala dalmışam.
Bir daha bu şeylər
üzərinə qayıtmayacağam.
Qoy mənim ləkələrim, mənim
vicdanımı ağrıtsın,
hərgah səni xoşbəxt edə bilməsəm, bu əzabları daha yüngül keçirərəm..."
"Dünən gecəni çox narahat yatmışam. Hər saatda neçə dəfə ayılaraq
"bura haradır?"
deyə konduktorun üstə qaçmışam.
Səhər Tovuza çatan kimi Rəsula rast gəldim. Mehmanxanaya getdik. İkimiz çox da ləyaqətli
olmayan bir kiçik otaqdayıq. Səhəri bu məktubla başladım.
Lakin raykomdan gəldilər
ki, "kolxozlara gedək",
ona görə məktub yarımçıq
qaldı. Şamlıq
deyilən dağ rayonu kolxozlarına getdik. Nə qədər gözəl, nə qədər səfalı yerlərdir. Saat 12-də çıxan,
saat 8-də evə qayıtdıq. Raykomda məktəblilər mənimlə
görüşmək üçün
güllər, çiçəklərlə
gəlmişdilər. Bütün
bunlar insanı o qədər həyəcana
salır ki...
Elə raykomdan da sənə teleqram yazdım. Neçə dəfə telefonla danışmağa
cəhd etdimsə, bir şey çıxmadı.
Hərgah hər gün sənə zəng edə bilməsəm, məni məhzur tut.
Bugünkü təəssüratım olduqca maraqlı və zəngindir. Təbiətin gözəllikləri
və buradakı adamların saf səmimiyyəti məni heyran etmişdir.
Məktub
çox uzandı, Saracan. Onsuz da hisslərim yazmaqla bitməyəcəkdir!..
...Rəsul sənə salam göndərir. Məndən anana, Əsgərə və evdəkilərin hamısına
salam de. Öpürəm
səni, Saracan.
Sənin
Mirzən"
"Əziz Sara!
Dünən sənin məktubunu
aldım. Dünən
axşam sessiya üçün filarmoniyada
konsert təşkil etmişdik. Əsgərlə
Cəmşid və mən getmişdik. Sonradan yoldaş Bağırov gəldi və mən onlardan ayrılmalı oldum. Yoldaş Bağırov mənə
"tez ol, müalicəyə çıx
get" dedi. Beləliklə,
yaxın günlərdə
gələcəyəm.
Bu günlər Bakı, çox da isti keçməyir. Buna baxmayaraq,
indi, əlbəttə,
Kislovodski daha yaxşıdır. Saram, mən gələn kimi yazmağa başlayacağam. Səninlə
ən gözəl vaxt keçirməyə, əylənməyə və
yazmağa vaxt çatar. Hərgah Kislovodskidə başlamasam,
sonra çətin olar. Səni o qədər görmək istəyirəm ki, sanki bir ildən çoxdur ayrılmışıq.
Tezliklə mən isti qəlbimi Saranın "soyuq" əllərinə verəcəyəm.
Sağ olun. Mamaya, Tamaraya,
Adiləyə salam.
Öpürəm, mənim Saram.
Sənin
Mirzən".
"Qəlbim, ruhum, gözəl Saram! Bu gün işdən gələrək yatmışdım.
Sənin teleqramını
gətirdilər. Mənim
səhhətimi soruşursan.
Qeydimə qalmağın
məni çox şad etdi. Lakin yenə də mən özümü söyməyə başladım.
Mən kiçik bir başağrısını
boylə sənə yazmaqla gör səni nə qədər narahat etmişəm. Görürsən
ki, mən nə qədər düşünülməmiş
hərəkət edirəm.
Teleqram vuracağam və bu məktubu
yola salacağam.
...İndi
isə gedirəm. Yaxın günlərdə
Kislovodskiyə gələcəyəm.
Camalın başı
sessiyaya qarışıb.
Tezliklə həll olunar. Səmədlə bir az dalaşdıq
və yenə barışdıq. Axı,
o, qeyri-adi və böyük bir talantdır. Hərgah bizdə yaxşı qabiliyyət varsa, o, doğrudan da talantdır.
O, təpədən-dırnağa hissdir, duyğudur. Buna görə də həqiqi sənətkardır.
Bunun üçün mən
onu sevir və üz-üzə gəldikdə hər hanki bir acığı
ona bağışlayıram.
Uşaqlara, anaya, Nigara (Nigar Rəfibəyli - red.)
salam, Saracan. Səni mənim ehtiramımla öpürəm...
Sənin Mirzən".
Qızı Sevda İbrahimova
xatirələrində yazır:
"Hər insanın
ata-anası ona əzizdir. Zaman keçdikcə
bunu daha dərindən başa düşürük. Atam
həyatın çətin
sınaqlarından, əzablı
yollarından şərəflə
keçmiş, sənət
və elm fədaisi kimi xalqına xidmət etmişdir. Ona görə də atamın özünə,
öz sənətinə
dərin məhəbbəti
və tələbkarlığı
mənim üçün
əvəzsizdir.
Düşünürəm ki, atamın xoşbəxtliklərindən biri
də anam kimi gözəl və qayğıkeş bir həyat yoldaşının olmasında
idi. Anam Sara xanım gözəl musiqiçi olsa da, ailə qurandan sonra həyatını bizə və atama həsr etdi. Anam olduqca
fədakar qadın idi. Atamla anamın
münasibəti isə
xüsusi qeyd olunmalıdır. Atamla anam mənim üçün ayrılmazdır.
Bu iki insan bir-birini tamamlayırdı.
Belə ailələr
tək-tək olur".
Mirzə
İbrahimovun qızı
Sevdaya yazdığı
məktubdan sətirlər:
"Sevda bala! Yazmaq barədə hər gün düşün, hər gün işləməyə
çalış, az
da olsa, bir saat, iki saat
da olsa, işlə, onda əsər yaranır. Mən sənin üçün bunun çətinliyini başa düşürəm,
ancaq yazmayanda darıxacağını, ruhən
əzginlik hiss edəcəyini
də bilirəm. Buna görə də çalış müəyyən
saatlarda işlə. Ancaq darıxma, əsər yavaş-yavaş
yaranır. Mən romanı düşünəndə,
stolun dalında günlər və saatlarla oturub heç bir şey yaza bilməmişəm
- yazıb pozmuşam.
Demə, elə
o əzablı dəqiqələrdə
əsər yaranırmış".
Sevda İbrahimova
danışırdı ki,
atamın dəfn mərasimində bir qadın ağlayaraq rusca dedi ki,
"naş papa umer" ("bizim atamız öldü").
Soruşdum ki, siz onu tanıyırsınız?
Dedi ki, mən uşaq evində böyümüşəm,
50-ci illərdə o, Ali
Sovetin sədri olanda hər ay bizə pul,
ərzaq malları göndərərdi. Biz onu "ata" deyə çağırardıq.
Doğrudan da atam Ali Sovetdə
aldığı maaşı
uşaq evinə göndərərmiş, deyərmiş
ki, kitabların nəşrindən aldığım
qonorar bəsimizdir.
Mən bu
məqaləni niyə
yazdım?
Bu yazını
qələmə aldıqca
düşünürəm ki, məndən soruşsalar niyə Mirzə İbrahimov, nə cavab verməliyəm?
Riyaziyyatçı deyil,
sən də ədəbiyyatşünas deyilsən,
qohumluğun, qonşuluğun,
dostluğun bir yana, heç müəllimin, elmi rəhbərin də olmayıb, bir yerdə işləməmisiniz,
səni ona bağlayan nədir ki, onun haqqında
belə geniş bir yazı qələmə
alırsan? Bu sualın bir cümləlik cavabı yoxdur! Mirzə İbrahimovudan söz açmaq, onun barəsində yazmaq çox çətindir. Özünün 1979-cu ildə
yazdığı "İdrak
və nəcabət"
məqaləsində söylədiyi
fikirlər bir növ mənim dediklərimi təsdiq edir: "Ağır, sal qayaları qaldırmaq çətin olduğu kimi, yorulmaz, arasıkəsilməz
əməyi ilə insan fəaliyyətinin bir və ya
bir neçə sahəsində dərin iz buraxmış adamlar haqqında danışmaq da çətindir: bilmirsən
müxtəlif cəhətli
olan və çevrildikcə cürbəcür
rənglərə çalan
bu böyük əmək fədaisinin hansı keyfiyyətlərindən
başlayasan, hansı
rənglərə üstünlük
verəsən". Həqiqətən
belədir, ancaq Mirzə İbrahimov yalnız çoxşaxəli
fəaliyyəti ilə
tariximizə yazılmayıb,
həyatın sərt
döngələrindən keçdikcə
cilalanaraq almaz kimi ətrafını nurlandırması da onun əsas üstünlüyü deyil.
Onun çətin ömür yoluna, enişli-yoxuşlu mərhələlərlə
zəngin tərcümeyi-halına,
rəngarəng və
maraqlı həyatına
şərəf və
ləyaqət çalarları
qatan qətiyyəti, zəhmətsevərliyi, dürüstlüyü,
istedadı da sualın tam cavabı deyil. Bütün dahi insanlara xas olan
qeyri-adilik, öyrəndikcə
daha da dərin
olduğunu göstərən
cəhətlər də
məni onunla bağlı bu qədər ətraflı
tədqiqatlar aparmağa,
kitablar, məqalələr,
arxiv materialları oxumağa, onu görmüş insanları
tapıb əlavə məlumatlar almağa sövq edə bilməzdi. Fikrimcə, burada məsələ daha dərindir.
Şübhəsiz ki, xalqımızın XX əsrdə əldə etdiyi ən böyük uğur suverenliyimiz, dövlət müstəqilliyimizdir. Bu möhtəşəm hadisə
isə beş nəfərin, yüz nəfərin əməyinin
nəticəsi deyildi,
obrazlı desək, bilavasitə müstəqillik
abidəsinin inşaatçılarının
yox, bu abidənin
ucalmasını ömrü
boyu düşünən,
onun yüksəlməsi
üçün bütün
varlığı ilə
çalışan, həmin
özülə "gündə
bir kərpic" qoyan, həm də bu yolda
həyatını qurban
verməyə hazır
olan ideoloqların arzularının gerçəkləşməsi
idi. Bu fədakar
ideoloqların siyahısı
haradan başlayır,
Mirzə Fətəlidənmi,
Əli bəy Hüseynzadədənmi, Həsən
bəy Zərdabidənmi,
bəlkə Mirzə Cəlildən, Sabirdən,
Hüseyn Caviddən, Heydər Hüseynovdan, Üzeyir Hacıbəylidən,
bəlkə də Xoyskidən, ya Məhəmmədəmindən?! Ancaq bu siyahıda
Mirzə İbrahimov da mütləq var! Milli dəyərlər
uğrunda çalışan
qılınclarının qorxudan
qınında paslandığı
illərdə o, Azərbaycan
dili uğrunda mübarizəyə qalxmışdı.
Onun daxilində qarşısıalınmaz bir
vulkan kimi püskürən dilə
həssaslığı, milli
idealların həyata
keçirilməsi yolundakı
mübarizəsi xalqa,
vətənə sevgisindən
doğulmuşdu. Bununla
bağlı 1943-cü ildən
başlayaraq müxtəlif
məqalələr yazmış,
Azərbaycan Maarif Komissarı (indiki elm və təhsil
naziri) işləyərkən
bu ideyanı təhsil müəssisələrində
həyata keçirməyə
çalışmışdır. 50-ci illərdə Azərbaycan
Ali Sovetinin Rəyasət Heyətinin sədri vəzifəsində
işləyərkən əvvəllər
elmi-nəzəri cəhətdən
işlədiyi bu ideyanı praktikada həyata keçirmişdi,
idarənin bütün
yazılarını Azərbaycan
dilinə çevirtdirməyə
çalışmışdı.
Yuxarıda bu
mübarizə yollarının
mərhələləri haqqında
yazdıqlarıma qayıtmaq
istəməyərək yalnız
bunu qeyd edirəm ki, Mirzə İbrahimovun Azərbaycan dili uğrunda mücadiləsi
xalqın ruhunu yenilədi, dirçəltdi,
onu psixoloji cəhətdən yeni mərhələyə hazırladı.
Bu ideya müstəqillik uğrunda
mübarizəyə təkan
verdi, cəmiyyətə
elə sirayət etdi ki, sonralar
da onu xalqın
yaddaşından silmək,
təmizləmək mümkün
olmadı. Ona görə düşünürəm
ki, müstəqilliyimizin
əldə edilməsində,
dilimizin, milli ruhumuzun qorunub saxlanılmasında Mirzə
İbrahimovun əvəzsiz
xidmətləri olmuşdur
və hər şey öz yerində, öz dəyərində olmaq şərti ilə ona yalnız elə bu xidmətlərinə
görə hər cür sevgi halaldır. Xoşbəxt insan olmuşdur ki, ömrü boyu arzuladığı ölkəmizin müstəqilliyini
və Azərbaycan dilinin konstitusiyada təsbitini gördü, ancaq təəssüf ki, Müzəffər Ali Baş Komandanın
rəhbərliyi altında
qəhrəman ordumuz tərəfindən torpaqlarımızın
azad olunduğunun, dövlət suverenliyinin bütün ərazilərimizdə
bərpa edildiyinin, xalqımızın belə
xoşbəxt, firavan,
qüdrətli bir respublikada yaşadığının
şahidi olmadı. Əminəm ki, onun daim xalqının
yanında olan ruhu ölkəmizin beynəlxalq nüfuzunun gündən-günə yüksəlməsindən,
regionun ən inkişaf etmiş suveren aktoru olmasından, dünyada nüfuzlu bir dövlətə çevrilməsindən
şaddır.
Mən də
bu xalqın adi bir nümayəndəsi
kimi ölkəmizi bu günlərə gətirib çıxaran insanların arasında parlayan həmin şəxsiyyətin haqqında
nə isə yazmağı özümə
borc bildim.
525-ci qəzet 2025.- 31 oktyabr (№199).- S.12-13.