İnsan olmaq: çətin,
fəqət gözəl
peşə
Şahanə MÜŞFİQ
Deyirlər, bu dünyada ən böyük sənət insan olmaq sənətidir. Hərdən düşünürəm,
görəsən, bu cümlənin mənasını,
mahiyyətini nə qədər duya bilirik biz - insanlar? Axı insan olmaq təkcə doğulmaqla qazanılan bir status deyil, ömür boyu davam edən, sınaqlarla dolu bir təcrübə, öhdəlikdir. Bəzən
bu öhdəliyi daşımaq da bir peşə kimidir. Di gəl, bu peşəyə
öncədən hazırlaşdığımızı
təsdiq edən bir diplomu yoxdur,
müəllimi vicdandır,
mükafatı isə
daxili rahatlıq.
Bəli,
insan olmaq üçün doğulmaq
kifayət deyil. İnsan olmaq üçün düşünmək,
duymaq, sevmək, bağışlamağı bacarmaq
lazımdır. Əgər
bunların biri çatışmırsa, o zaman içimizdəki "insan"
natamam qalır. Bizim çağımızda
bu natamamlıq daha çox duyulur. Texnologiya yüksəldikcə, insanın
ruhu aşağı enir. Kütləvi təfəkkürün içində
insan fərd kimi itib gedir.
Bir vaxtlar insan olmaq
"əxlaqlı olmaq",
"düz danışmaq",
"kimsəsizə əl
uzatmaq" demək idi. İndi isə bəzən sadəcə
"yalan danışmamaq"
belə qəhrəmanlıq
sayıla bilir. Dəyərlər tərsinə
çevrilib, vicdan lüks, mərhəmət
zəiflik, sədaqət
sadəlövhlük kimi
görünür.
İnsan olmaq
çətin peşədir,
çünki bu peşədə nə istirahət var, nə həftə sonu, nə də
tətillər. Hər
səhər oyananda bir daha seçim
etməli olursan: dürüst olmaq, yoxsa rahat yaşamaq?
Susub göz yummaq, yoxsa həqiqəti
demək? Sevmək, yoxsa təkliyinə qapanmaq? İnsan olmaq bu sualların
içində boğulmadan,
öz ruhunu itirmədən yaşamaq cəhdidir.
Hərdən düşünürəm, niyə
bu qədər sadə görünən bir şey bu
qədər çətindir?
Cavabı bəlkə
də ondadır ki, insan olmaq
üçün daima
öz içində mübarizə aparmalısan.
Nəfsinlə, qorxularınla,
bəzən cəmiyyətin
diktəsi ilə. Çünki elə bir zamana gəlib
çıxmışıq ki, ətrafımızda hər şey bizi rahat, amma
laqeyd olmağa sövq edir. Vicdanın səsini susdurmaq, görməzlikdən
gəlmək, başqalarının
ağrısına biganə
qalmaq, "mənə
dəyməyən ilan
min yaşasın"
prinsipi ilə günü günə calamaq artıq həyat tərzi kimi qəbul edilir. İnsan olmaq isə bu axına qarşı
üzməkdir.
Bəli, insan
olmaq çətin peşədir, çünki
bu peşənin qaydaları kitabda yazılmır. Onları həyatın özündən,
səhvlərdən, itkilərdən,
utancdan, qorxulardan, göz yaşından öyrənirsən.
Bir zamanlar
dilimizdə kök salan "zəhmət olmasa", "bağışla",
"üzr istəyirəm"
kimi sadə sözlərin getdikcə arxaikləşdiyinin, yadlaşdığının
fərqindəyikmi? Halbuki
bu çətin, keşməkeşli həyatda
bir az mərhəmət,
bir az anlayış
hər kəs üçün dərman
kimidir.
İnsan olmaq
təkcə başqalarına
qarşı deyil, elə özünə qarşı da ən böyük məsuliyyətdir. Öz ruhunu qorumaq, içindəki uşaq məsumluğunu itirməmək,
səhv etdiyində üzr istəyə bilmək - bunlar da bu peşənin
əsas bacarıqlarındandır.
Başqasına "insan
ol" deməyə nə var ki?!
Bəs özümüz
insan ola bilirikmi? Axı, əsl insanlıq başqasını deyil, özünü tərbiyə
etməklə başlayır.
Çünki insan olmaq "qələbə"
deyil, "mərhəmət"dir.
Sənin qalibiyyətin,
başqasının məğlubiyyəti
hesabına olmamalıdır.
Bütün zamanların ən böyük müharibəsidır
insanın öz içindəki müharibə.
Bir tərəfdə bədən - ehtiraslar, qorxular, eqo; digər tərəfdə
ruh - mərhəmət,
sevgi, vicdan bir ömür boyunca bir-birilə mübarizə aparır. İnsan olmaq bu müharibədə ruhunun qalib gəlməsidir.
Tez-tez işlətdiyimiz
bir ifadə var: "insanlıq ölüb". Həqiqətənmi
insanlıq ölür,
ya bəlkə haradasa gizlənir? Bir ehtiyaclı adama yardım əli uzadanda, bir uşaq atasına
sarılanda, bir qız ömründə ilk dəfə sevgini dadanda insanlıq bir az da dirilir,
ya da gizləndiyi
yerdən boy göstərir "mən
də varam" - deyə. İnsan olmaq, bu dirilişə
səbəb olmaqdır.
Bir kəlmə ilə, bir gülümsəmə
ilə, bir səssiz dua ilə.
İnsan olmaq
hiss etməkdir, hisslərindən qorxmamaqdır.
Əllərinlə deyil,
ürəyinlə toxuna
bilməkdir.
İnsan olmaq
səsini qaldırmadan
da ədaləti müdafiə edə bilməkdir.
İnsan olmaq
həm də ölümün gözlərinə
dik baxa bilməkdir. Bilə-bilə
ki, bir gün
hər şey bitəcək, yenə də sevə bilmək, yaratmaq, paylaşmaq, yaşamaqdır...
Bu qədər faniliyin içində mənəvi bir dəyər tapmaqdır insan olmaq.
İnsanlıq ala-bəzək cümlələrdə,
pafoslu nitqlərdə,
şüarda deyil, gündəlik kiçik yaxşılıqlardadır. Səhər
qonşuya salam verməkdə, bir uşağın saçını
oxşamaqda, bir ağacın budağını
qırmamaqdadır insanlıq.
Bu peşənin
maaşı yoxdur, amma mükafatı var: gecələr başını yastığa
rahat qoymaq. Heç kimin göz yaşında payının olmadığını
bilmək. Və ən əsası öz vicdanının səsini hələ də eşidə bilmək.
İnsan olmaq çətin, amma bu dünyadakı ən şərəfli peşədir. Bu, peşə bəzən yorur, bəzən usandırır, bəzən xəyal qırıqlığı yaşadır, bəzən inamsızlığa düçar edir. Amma günün sonunda yenə də insan olmağa davam edirsən. Çünki içindəki o səs hey durmadan təkrar edir: "İnsan qal!" Həyatın mənasını itirdiyimiz o anda bircə cümləni xatırlamağımız kifayətdir: "İnsan olmaq dünyanın ən çətin, amma ən gözəl peşəsidir".
525-ci qəzet 2025.- 31 oktyabr
(№199).- S.14.