Necə çətinmiş ayrılıqlara inanmaq!..
UNUDULMAZ
YAZIÇIMIZ ƏLİBALA HACIZADƏNİN ƏZİZ
XATİRƏSİNƏ
Şəfəq ƏLİBƏYLİ
"Yer ki, insanındır, insan Yerindir". Bu misra Əlibala Hacızadənin 70 illiyində
Zamin Ağəli oğlunun ona hədiyyə etdiyi şeirdəndir. Bəli, Yer adlanan bu
kürənin sakinləri
bizik.Yer bizimdir, biz də onun. Nə vaxtsa
hamımız onun zərrəsinə çevrilirik,
ona qovuşuruq. Əlibala müəllim həzin bir payız axşamı - 8 oktyabrda Vətən torpağına, əbədiyyətə
qovuşdu.
Onun dünyamızdan köçməsi
xəbərini eşidəndə,
qulağımda özünün
bu misraları səslənmişdi:
Ayrılıq var, sonu şirin
vüsaldır,
ayrılıq var, sonu yoxmuş,
ay aman!"
Ayrılıqlara inanmaq nə qədər çətinmiş?!
Uzun illər idi ki, AMEA akademik Ziya Bünyadov
adına Şərqşünaslıq
İnstitutunda onunla eyni şöbədə işləyirdik. Onu axtaran çox olurdu. Şöbədə
hamımız "Əlibala
Hacızadə harada oturur?", "Əlibala
müəllimi nə vaxt görmək olar?","Əlibala müəllimin telefon nömrəsini verə bilərsiz?" - suallarına
adət etmişdik. İnana bilmirdik ki, bir də bu
sualları eşitməyəcəyik,
şöbəyə yönələn
oxucu axınının
şahidi olmayacağıq.
Bizə elə gəlirdi ki, zaman ötəcək,
bizim tanıdığımız
dünya dəyişəcək,
amma bu axın
isə öz axarına davam edəcək. Əfsus ki, dünyamızda başlanğıc
və son var.
Amma sonu olmayan ayrılıqdan
şikayət edən
Əlibala Hacızadənin
yaradıcılığına olan məhəbbətin, bir insan kimi
ona olan səmimiyyətin sonu yoxdur. Onu uzun
illərdir ki, oxuyurlar,
böyük maraqla, böyük sevgi ilə... Hər kitabını açanda üzümüzə sanki
bir qapı açılır. Kimlər,
nələr, hansı
olaylar durmur ki o qapının arxasında?
İllər ötsə
də, Əlibala müəllimin sənət
qapısı daima açılmaqdadır.
Onunla birgə işlədiyim illəri xatırlayıram.
Əlibala müəllimin
yazı masası otağın yuxarı başında, qapı ilə üzbəüz idi. Masasının üstündə mavi gözlü, sarışın
bir uşaq şəkli vardı. Özünün uşaqlıq
şəkli idi. Sanki üzü təbəssümlü
bu şirin uşaq Əlibala müəllimin yanına gələn hər kəsi salamlayırdı.
Müxtəlif yaşlı,
müxtəlif zövqlü,
müxtəlif xislətli
insanlar gəlirdilər
onun yanına. Amma bu müxtəlif adamları bir məqam birləşdirirdi
- Əlibala Hacızadə
yaradıcılığına sonsuz məhəbbət.
Əlibala müəllim onların
hər birini səbirlə, müdrikliklə
dinləyib, yola salırdı. Gələnlər,
sanki onun səmimiyyətindən, bəşər
sevgisindən bir pay aparırdılar. Bəzən
isə ayağa qalxıb, gələnləri
pilləkənin başına
qədər ötürürdü.
Bu da Əlibala müəllimin
sadəliyindən, oxuculara,
insanlara olan sevgisindən xəbər verən bir məqam idi.
Azərbaycanın elə bir bölgəsi yox idi ki, qələmini sınayan gənclər ona müraciət etməmiş olsunlar. Əlibala müəllim onların yazılarını
diqqətlə oxuyur, hər birinə qayğı ilə yanaşırdı. Bəzən
də bu qayğı gənc yazarın ilk kitabının
ön sözünə
çevrilərdi. Bir vaxt
"Tanınmışlar" verilişinin qonağı
olarkən, ona sual vermişdilər ki, niyə sizi hamı çox istəyir? Cavabında demişdi: "Çünki
mən hamını çox istəyirəm".
Daha sonrakı "Sonuncu şeir kitabınızın adı
"Mənim yazıq
ürəyim" adlanır.
Sizin ürəyinizi nə yazıq elədi?" sualına olan cavabı da bunu bir daha
təsdiqləyirdi. Bu sualı
belə cavablandırmışdı:
"Tək özümün
dərdini çəkməmək.
Ölənlə öldüm,
sevənlə sevdim,
ac qalanla ac qaldım".
"Sevənlə sevdim" deyən Əlibala müəllim, özü də sevilənlərdən
idi. Həm yazar kimi, həm
ailə başçısı
kimi, həm insan, həm dost, həm də bir gözəllik aşiqi kimi. Cəvahirləl Nerunun belə bir sözü
var: "Əgər bir
ölkənin vəziyyətini
bilmək istəyirsənsə,
oradakı qadınların
halına bax". Biz də deyərdik ki, hər bir yazarın
populyarlığını bilmək istəyirsənsə,
onun qadın oxucularının sayına,
ədibə göstərdikləri
münasibətə bax.
Qadın oxucuların sevgisi Əlibala müəllimin üzərinə
guryağış kimi
daima yağırdı.
Nə qədər etiraflar eşidirdi, məktublar alırdı, ona nə qədər
zənglər olurdu! Axı, Əlibala müəllimin özündə
də danılmaz bir "aşiqlik istedadı" var idi.
Bir hadisə yadıma düşür. O vaxtlar müəssisələrdə "subbotnik" deyilən şənbə təmizliyi
günləri olardı.
Hamımız belə
şənbə günləri
işə gələr,
otağımıza əl
gəzdirər, yazı
masalarını köhnə
kağız-kuğuzdan təmizlərdik.
Ayda bir dəfə olan belə təmizlik şənbələrinin birində
Əlibala müəllim
gəlməmişdi. Mən
də fikirləşdim
ki, bir yaxşılıq
edim, Əlibala müəllimin də yazı masasının üstünü təmizləyim.
Masanın üstünü
sildim, köhnə qəzetləri atdım.
Sonra gözüm bir təqvimə sataşdı.
Neçə il əvvəlki,
köhnə bir təqvim idi. Onu da köhnə qəzetlərlə birgə
atdım. Özüm də təmizlik işimdən çox razı qaldım. Əmin idim ki, Əlibala müəllim də razı qalacaq.
Həftənin birinci günü
işə gəldik. Dedilər ki, Əlibala müəllim səni gözləyir. Fikirləşdim
ki, yəqin təşəkkür
etmək istəyir.
Amma məsələ başqa
imiş. Şöbəyə
daxil olanda hamının üzündə
gizli bir təbəssüm sezdim. Əlibala müəllim məni görcək dərin birbir ah çəkib, yarıgerçək-yarızarafat
dedi: "Ay Şəfəq,
sən nə etmisən? Kağız-kuğuz
heç, təqvimi niyə tullamısan? Orada elə telefon nömrələri
var idi ki... Sən məni neçə-neçə
gözəldən ayırdın.
Doğrudan da, "təmizlik"
işi apardın".
Şöbədə keçirilən
yığıncaqlarda bunu
tez-tez xatırlayıb
gülərdi.
Əlibala müəllimlə eyni
şöbədə işləmək
çox maraqlı idi. Maraqlı söhbətləri, şirin
zarafatları, müdrik
fikirləri, nadir səmimiyyəti,
geniş dünyagörüşü,
insanlarla ünsiyyəti,
həyat eşqi şöbənin ab-havasına
bir təravət gətirərdi. Müxtəlif
yerlərdə ondan söz düşəndə
fəxrlə demişik:
"Biz onunla bir şöbədə işləyirik".
Bütün bunlar artıq bir xatirədir, unutdurmağa zamanın gücü çatmayan unudulmaz xoş xatirələr. Daha bir xatirə: şöbənin yuxarı
başında, onun yazı masasının arxasında bir seyfi vardı. Zarafatla soruşardıq:
"Görən onun içində nələr
var? Nə qiymətli əşyalar gizlənir orada?" Cavabında deyərdi ki, yazıçının
ən qiymətli mirası əsərləridir.
Əlyazmalarımdır orada.
Bu, doğrudan da, belə imiş.
Hər insanın bir taleyi var. Yazıçının
isə iki: bu dünyanın qonağı olduğu insan taleyi və
yazıçı taleyi.
Mənim tanıdığım
Əlibala Hacızadənin
hər iki taleyi maraqlı, rəngarəng, özü
bir romana bənzəyən talelərdir.
"Tanıdığım" demişkən, son illərdə
mən onu bir bağ qonşusu
kimi də tanımışdım. Əlibala
müəllimlə qonşuluqda
ailəlikcə bizə
çox gözəl
yay günləri qismət
olmuşdu. Maraqlı,
şən günlər
idi.
Bir vaxt jurnalistlərdən birinin: "Əlibala müəllim, Bakıya gəlişinizi xatırladınız.
Bir anlıq təsəvvür
edək ki, ata yurduna qayıdırsınız.
Bakıya arzularla gələn Əlibala Hacızadə indi hansı hisslərlə, xatirələrlə geri dönər?" sualına
yazıçı belə
cavab vermişdi: "Siz mənim yaralı yerimə toxudunuz. Görün neçə illərdir, Bakıdayam. Ancaq hələ də Bakıya tam alışmamışam.
Nə orada rahat yaşaya bilirəm, nə burada. Bakıya gələndə məni kənd çəkir, kəndə gedəndə
Bakı. Qalmışam
ikisinin arasında".
Hər dəfə Əlibala müəllimi bağda görəndə,
onun bu cavabı
yadıma düşürdü.
Həmin bağ sanki onun tam alışa bimədiyi Bakı ilə, unuda bilmədiyi, doğulduğu Ağalıkənd
arasında olan xoş bir keçid,
rahat bir körpü idi.
Bağda
əncir ağacı və qızılgül kolu əkmişdi. Əfsus ki, həm əncir ağacının
ilk bəhəri, həm
qızılgül kolunun
ilk çiçəyi onun
həyat yoldaşı
rəhmətlik Xanım
bacıya verdiyi son hədiyyə oldu. Xanım bacının yas məclisində özü bu haqda zərif bir kədərlə danışdı. Həmin
əncirin həyat yoldaşının dünyadan
köçməmişdən yediyi sonuncu təam olduğunu söylədi. Bütün
bunları elə təsvir edirdi ki, sanki bir novella dinləyirdik. Dedi ki, həmin qızılgülün
ətri də Xanımın bu dünyada qoxladığı
sonuncu ətir oldu.
Danışdı, sonra da yaman susdu."Susmaq da nitqin bir növüdür"
- deyirlər. Sözün
gücü çatmayan
məqamlarda belə olur. Söz ustadı Əlibala müəllim də o dəqiqələrdə sözdən
qaçdı, sükuta
yer verdi. Dəniz kimi mavi gözləri yaşla doldu. Onun "Mənim gözlərimə bax"
adlı bir şeiri var:
Dünyanı dünya tək
görmək istəsən,
Mənim
gözlərimə bax.
Saçını dənizdə hörmək
istəsən,
Mənim
gözlərimə bax.
Həmin
anda isə onun gözlərini yaşlı görəndə
"Kədəri dənizdə
görmək istəsən,
onun gözlərinə
bax" demək istədim. Əlibala müəllimin şeirlərinin
ilk dinləyicisi çox
vaxt şöbəmiz
olardı. Bir gün bizə Həkim Qəniyə həsr etdiyi şeirini oxudu. Şeirdə belə bir bənd
var idi:
Sözün hikmətlə dolu,
Yolun məhəbbət yolu,
Könlün gözəllik qulu,
Qəlbən sevdim mən səni.
Bu bəndi elə onun özünə də aid etmək olar. Əlibala müəllimin özü
də hikmətli söz deyən, məhəbbət yolunun yolçusu olan, Tanrının yaratdığı
hər bir gözəlliyi duya bilən nadir insan idi. O deyirdi: "Sevənlər ölmür"...
Unudulmaz Əlibala müəllim, sevilənlər
də ölmür: elə sizin kimi!
525-ci qəzet 2025.- 24 oktyabr (¹194).- S.15.