Üzeyir və Məleykə
MƏKTUBLARDA YAZILAN ROMAN
Solmaz Rüstəmova-TOHİDİ
Tarix elmləri doktoru,
professor
Azərbaycanın XX əsr mədəniyyət
və musiqi tarixində Üzeyir Hacıbəyli (Hacıbəyov)
qədər hələ
öz sağlığında
geniş şöhrət
qazanaraq tanınan və sonralar da adı və xatirəsi daim əziz tutulan ikinci bir şəxs
təsəvvür etmək
çətindir. İlahi
istedad, böyük zəhmət, təhsil və qiraətlə daim artırılan bilik, yeniliyə açıqlıq, maraq, müşahidə, ünsiyyət,
xeyirxahlıq, nəhayət
qayğı və məhəbbət kimi keyfiyyətlərin təcəssümü
olan bu insan
nəinki öz zamanında, bəlkə də Zamanın fövqündə doğulmuşdu.
Belə ki, yaşadığı
bütün üç
fərqli siyasi quruluş, üç dövlət - Çar Rusiyası, Azərbaycan Cümhuriyyəti, Azərbaycan
SSR - şəraitində bütün
sarsıntı və təlatümlərə, maneə
və çətinliklərə
baxmayaraq, özünütəsdiqin
bütün sınaqlarından
keçərək baş
vurduğu hər sahədə peşə, həyatda isə şəxsi Kimliyini saxlaya bilmişdi: bəstəkar, dirijor, musiqişünas, pedaqoq, jurnalist, publisist, redaktor, naşir, dramaturq, alim, ictimai-siyasi xadim! Oğul, Qardaş, Dost, Ər, Qohum, Müəllim, sadəcə İnsan!
(Əvvəli ötən sayımızda)
Üzeyir
və Məleykə Hacıbəyovlar arasında
yazışmanın şərti
olaraq ikinci dövrü adlanacaq zaman kəsiyi 1912-ci il avqust-oktyabr
aylarının əvvəllərini
əhatə edir. Bu müddət ərzində
əldə olan 51 məktubdan 35-i Üzeyir bəy, 16-sı Məleykə
xanım tərəfindən
yazılıb. Burada
"əldə olan"
ifadəsinə diqqət
yetirmək lazımdır.
Belə ki, 1909-cu ilə
aid yazışmada olduğu
kimi, məktubların məzmun
və tarixlərindən
aydın görünür
ki, onların heç
də hamısı hifz olunmayıb, bəzi məktubların isə ya əvvəl,
ya son vərəqləri
yoxdur. Bununla belə, bu dövr
yazışması da istər
Üzeyir-Məleykə Hacıbəyovlar
münasibətlərinin xarakteri,
istərsə də toxunulan digər mövzulara dair çox maraqlı məlumatlar, xüsusilə
Üzeyir bəyin bioqrafiyasındakı bəzi
tarixləri və məqamları dəqiqləşdirmək
baxımından böyük
əhəmiyyətə malikdir.
Üzeyir
bəyin 1912-ci ilin 10 avqustunda qatarla Bakıdan Moskvaya yola düşdüyü gündən Zaqafqaziya dəmir yolunun demək olar ki, bütün stansiyalarından
Məleykə xanıma
poçt-kartlarda qısa
məktublar göndərməsi
və onların məzmunu 3 illik ailə həyatının
onun ilk sevgi qığılcımlarını nəinki söndürmədiyini,
əksinə, daha da alovlandırdığını göstərir. Beləliklə,
Bakını tərk etdikdən bir gün sonra, 11 avqust 1912-ci il tarixdə Üzeyir bəyin Rostov-Don
şəhəri dəmir
yolu stansiyasında yazdığı poçt-kartdan:
"Ayrılığımızdan sonra mən özümü çox pis hiss etdim, bu haqda hələ
yazacam. Mən yolda özümü gözləyirəm
və çox ehtiyatlıyam, mənim üçün narahat olma, amma lütfən
(pojaluysta), özünü
qoru, darıxma, məndən ötrü narahat olma, ən
başlıcası, həmişə
yaxşı əhval-ruhiyyədə
ol, çox xahiş edirəm". Bu ruh bütün digər 34 məktubun məğzini təşkil
edir və Məleykə xanım gəlib Moskvaya çıxana qədər
Üzeyir bəyin ayrılıqdan çəkdiyi
qüssə və iztirablar, onları ifadə tərzi, sevgilisinin gəlişini sürətləndirmək üçün
etdiyi təkliflər və s. məhəbbət
mövzusunda epistolyar janrda yazılmış ən gözəl ədəbi nümunələr
sırasına daxil edilməyə layiqdir.
Moskva məktublarında həmişə
pul qıtlığı
çəkən Üzeyir
bəyin bu böyük şəhərdə
öz məişət
problemlərini həll
etməsinə həsr
olunan parçalar, gətirdiyi xırda təfərrüatlar, rastlaşdığı
insan obrazlarının
təsvirləri də
şübhəsiz ki, güclü
müşahidə qabiliyyəti
və yumor hissi olan yazıçı
və publisist qələmindən çıxan
mətnlərdir.
Bu dövr məktubların ən mühüm məna və informasiya yükünü
isə, təbii ki, Üzeyir bəyin Moskva konservatoriyasından bəhs
edən məlumatlar daşıyır. Moskvada yerləşdikdən sonra
dərhal konservatoriyaya
gedən Üzeyirin ilkin təəssüratı:
"Mən bu müqəddəs sənət
məbədini titrək
qəlb və həyəcan içində
seyr etdim! Binanın təkcə zahiri görkəmi aydın göstərir ki,
onun daxilində böyük sənətə
ciddi xidmət edilir!"
Sənədlərinin təqdimi və digər rəsmi formallıqlar haqqında qısa məlumat verən Üzeyir bəy konservatoriyanın direktoru ilə görüşü
üzərində ətraflı
dayanır və bu zaman gənc azərbaycanlı bəstəkarın
öz həmsöhbətini
yaxşı "tanıdığı"
və elə ilk görüşdən onun
da diqqətini cəlb
etdiyi məlum olur: "Bu gün Konservatoriyanın
direktoru, əsərlərini
hələ səninlə
birlikdə Jeleznovodskda
dinlədiyimiz
bəstəkar və
dirijor İppolitov-İvanovun
yanında oldum. O, məni çox mehribanlıqla qarşıladı
və mənim əsərlərimlə maraqlandı,
əsərlərimi ona
göstərəcəyimi vəd
etdim. Biz onunla Şərq musiqisi haqqında danışdıq
və mən onun öz musiqisində
başa çatdırmadığı
bir hissəni xatırlatdım.
O, bunu nəzərə
alacağını bildirdi
və sonra həftədə bir dəfə ona baş çəkməyimi
və işlərimi göstərməyimi istədi.
Nəhayət ki, əsl
professorla qarşılaşdığım
üçün necə
də sevinirdim..."
Moskva konservatoriyasının rektoru,
tanınmış rus
bəstəkarı, dirijor
və pedaqoq M.M.İppolitov-İvanov Üzeyir bəyin pianoda yaxşı çalmadığını
biləndən sonra ona bəzi əməli
məsləhətlər verir
və onu daha bir tanınmış
rus bəstəkarı
və pedaqoqu, konservatoriyanın professoru A.A.İlinskiyə
yönəldir. Məlum
olur ki, azərbaycanlı
gənc konservatoriyaya daxil olmaq üçün
hələ ən azı bir il hazırlıq mərhələsindən
keçməlidir.
Lakin sonrakı məktublardan görünür ki, ağır
maddi durum, hər qəpiyin aparılan hesabı, yeni qazanc mənbələrinin axtarışı,
təkliyin çəkdirdiyi
əzablar, Bakıda qalan böyük ailəsinin ehtiyacları, xüsusilə müqavilə
bağladığı "Nicat" cəmiyyəti ilə münaqişə həddinə çatmış
münasibətlər Üzeyiri
daim "Konservatoriyaya
daxil olmaq kimi əsas məqsəddən" yayındırır.
Bu "müqəddəs sənət
məbədinə" qəbulla
bağlı üzləşdiyi
şərtlər və
özünün çıxardığı
qərar haqda xəbərlərin Bakıda
məyusluq və narahatlıq doğurması
isə Üzeyir bəy üçün xüsusilə anlaşılmazdır:
"Cənablar, mən
buraya musiqi öyrənmək üçün
gəlmişəm; Mənim
təhsilim harada və necə keçəcək, bunun qətiyyən əhəmiyyəti
yoxdur, təki o, yaxşı nəticələr
versin. Musiqi bəstələmək üçün
əsas olan nəzəri biliklərimi
mən 6-7 ay ərzində
fərdi qaydada təkmilləşdirə bilərəm,
pianino üçün
isə mənə yalnız 1 il müəllimlə
çalmaq kifayətdir,
sonra özüm davam edə bilərəm. Belə olan halda, iki
il nəzəriyyə, yeddi
il fortepiano oxumalı olacağım
konservatoriyaya niyə yazılmalıyam? Məqsədimə
ən qısa yolla nail oluramsa, uzun yol nəyə
lazımdır?"
Məleykə xanım, qardaşı
Ceyhun və Müslüm Maqomayevin bu məsələ ilə bağlı ifadə etdikləri "kədər" Üzeyir
bəyə "gülünc
gəlirsə", konservatoriyaya
qəbul olunmadığı
xəbərinə "Nicat"
cəmiyyətinin münasibəti
onu artıq qəzəbləndirir: "Nicat"ın
mənə konservatoriyaya
daxil olmaq şərti qoymağa haqqı yoxdur, belə ki, mən onların pulu ilə oxumuram. Üstəlik, məni Moskvaya musiqi öyrənməyə "Nicat"
göndərməyib, mən
özüm gəlmişəm.
Mən "Nicat" ilə sırf kommersiya münasibətindəyəm;
Mən onlara şəxsi
işlərimə qarışmaq
üçün heç
bir hüquq vermirəm. Bu haqda heç bir söz
ola bilməz".
Hər məktubda adı çəkilən "Nicat"
cəmiyyətinin əsərlərindən
daim pul qazandığı və bu cəhətdən əslində özünün
asılı olduğu
Üzeyir bəyi az qala istismar
etdiyi, uzaq Moskvada daim gərginlik
və əsəb içində saxladığı
onun yalnız Məleykə xanımla deyil, qardaşı Ceyhun və Bakıdakı bütün
işlərini həvalə
etdiyi Müslüm Maqomayevlə yazışmalarından
da qırmızı xətt
kimi keçir. Maddi durumuna görə çarəsiz vəziyyətə
düşən Üzeyirin
bəzən bu cəmiyyətin irəli sürdüyü ən alçaldıcı şərtlərə
razı olmaq məcburiyyətində qalması
isə onun son nəhayətdə Moskva konservatoriyasında
artıq uğurlar qazandıqdan sonra belə, təhsilini yarımçıq qoyub Bakıya qayıtmaq qərarına təsir edəcək.
Üzeyir
Hacıbəyovun Moskvada
təhsil dövrü
onun böyük şəhərin açdığı
imkanlardan faydalanmaq bacarığı və uzaqgörənliyi kimi keyfiyyətlərini üzə
çıxarır. Moskvaya
gəldiyi ilk gündən
özünün və
Bakıdakı böyük
ailəsinin dolanışığı
üçün böyük
cidd-cəhdlə əlavə
gəlir mənbələri
axtarışları Üzeyir
bəyi Rusiyada geniş "sinematoqrafiya"
şəbəkəsi olan
Fransanın "Pate qardaşları"
kampaniyasının kino çəkilişləri
cəmiyyətinə gətirir:
"Məni, müsəlman
yazıçısı və
bəstəkarı kimi
çox hörmətlə
qarşıladılar. Mən
onlara Şərq həyatından səhnələr
çəkməyi təklif
etdim və bildirdim ki, indiyə qədər filmlərdə
Şərq həyatından
heç nə yoxdur. Onlar məndən
süjetlər təqdim
etməyimi xahiş etdilər, bəyənərlərsə,
qəbul edərlər".
Sonrakı məktublarında Üzeyir
bəy öz pyesləri əsasında
"Şah Abbas" və
"Şeyx Sənan"
mövzularında süjetləri
artıq kino cəmiyyətinə
təqdim etdiyini xəbər verir: "Burada məndən nəsə ciddi yapışıblar, 3 süjet
verməyimi və danışıqlara gəlməyimi
istəyirlər". Bu kino truppasının Puşkin
və Lermontovun əsərləri üzrə
çəkiliş etmək
üçün Qafqaza
yollandığını və
ona da bu səfərə getmək
təklifi edildiyini bildirən Üzeyir bəy "musiqi təhsili ilə məşğul olduğu"
üçün bu təklifdən imtina etdiyini yazır.
Başqa
bir kino cəmiyyətində
"İş sahibi"
ilə xeyli müzakirələrdən sonra
Üzeyir bəy maraqlı bir təklif alır: Şərq həyatından
onun yazdığı
maraqlı süjetlər
əsasında studiyanın
öz hesabına çəkəcəyi filmin
lentinin bir surətinin pulunu ödəyərək yalnız
özünə tanış
məntəqələrdə - Qafqaz, Zakaspi vilayəti, İran və Türkiyədə nümayiş
üçün satmaq.
Həmin təklif-sövdələşmənin
bütün təfərrüatlarını
açıqlayan Üzeyir
bəy Məleykədən
bu haqda yalnız Ceyhunla bölüşməyi, başqa
bir kimsəyə deməməyi xahiş edir. Bu zaman Məleykə xanımın film çəkiləndən
sonra səhnə əsərlərinin öz
əhəmiyyətini itirəcəyi
barədə narahatlığına:
"Opera ayrı, sinematoqraf
isə tamam ayrı işdir" - deyə cavab verən Üzeyir bəy kino sənətinin
perspektivlərini qiymətləndirərək
Ceyhunun da Moskvaya gələcəyi təqdirdə
bu işləri birgə görəcəklərinə
böyük ümidlər
bəsləyir və azərbaycanca yazır:
"Bu şəhər əsl
bizim yerimizdir".
Yolunu həsrətlə gözlədiyi
Məleykə xanıma
məktublarının birində
"Moskvada avaraları
sevmirlər, amma zəhmətkeşlərə çox
hörmətlə yanaşırlar"
- deyə Üzeyir bəy bu şəhərdə
dolanışıq üçün
gəlir mənbələri
axtarışlarını davam
etdirir. Məşhur "Russkoye slovo" qəzetinə məqalələr
göndərdiyi, həmin
qəzetdə Şərq
dillərində dərs
verdiyi barədə elanlar yerləşdirdiyi, eləcə də axşamlar "bekarçılıqdan"
Orucovların qəzetləri
üçün "hər
sətri 3 qəpikdən"
özünün məşhur
"Ordan-burdan" başlıqlı
kiçik felyetonlar yazdığını xəbər
verir: "Bunu özləri xahiş ediblər. Mən isə qismən pul qazanmaq üçün,
qismən də öz üslubumda yazmaq kimi hansısa
daxili ehtiyacdan yazıram".
Bu "daxili ehtiyac" Üzeyir bəyi görünür, heç
vaxt tərk etmir, belə ki, başqa bir məktubunda Bakı mətbuatı ilə, Orucovlarla əməkdaşlığını:
"Zatən mənim
yazmağımın ümdə səbəbi
öz fikrimi bəyan etmək və camaatımızdan əlaqəmi kəsməməkdir"
- deyə əsaslandırır.
Bütün bu qayğılarının
fövqündə "əsas məqsədim musiqidir" - vurğulayan
Üzeyir bəy,
"lakin sakitcə musiqi ilə məşğul olmaq və istədiyin nəticəni əldə
etmək üçün
aram və təminatlı həyatla yaşamaq lazımdır"
- qeydini də əlavə etməyə bilmir. Belə ki, məhz dolanışıq
qayğıları və
Moskvanın heç də unutdurmadığı,
əksinə, Bakıdan
gələn məktubların
daim xatırlatdığı
böyük ailəsinin
maddi ehtiyacları Üzeyir bəyin özünü tamamilə
musiqi təhsilinə həsr etməsinə mane olur. Bu sarıdan
keçirdiyi mənəvi
əzab və gərginlik onun Məleykə xanıma yazdığı bütün
məktublarda açıq-aydın
əksini tapır. Bəzi imtahanların öhdəsindən gəlmədiyinə
dair Bakıdan, o cümlədən Məleykədən
aldığı iradlar
isə onun bu əhvalını daha da dərinləşdirir.
Moskva konservatoriyası kimi mükəmməl ali musiqi təhsil ocağında ibtidai musiqi təhsili belə olmayan bir dinləyicinin dərhal hər hansı uğur qazanacağı, təbii
ki, mümkün deyildi
və Üzeyir bəyin bir çox fənlər üzrə, xüsusilə
nəzəri fənlərə
dair imtahanlardan yüksək qiymətlər
alması qarşısında,
yalnız piano çalmaq
kimi məhz uzun müddət və davamlı təcrübə tələb
edən fəndən kəsilməsi yəqin
ki, gözlənilən idi.
"Mən hələ
Konservatoriya üçün
ikrahedici, yad bir şey olmadığımı
sübut etmək istəyirdim. Mənə hazırlaşmaq lazımdır
və sonra, əgər lazım gələrsə, daxil olmaq. Mən sizi məyus etməmək üçün
hər halda imtahanlarımı verdim, amma nə olsun?
Sonrakı işlərimdən
imtina etməyə məcburam, üstəlik,
əvvəldə mənə
mehribanlıqla düz
yol göstərən
direktorun qarşısında
rüsvay oldum".
Lakin bu halda da Üzeyir
bəy Məleykə xanımı kədərləndirmək
istəmir, özünə
bəraətdən daha
çox, onu sakitləşdirməyə çalışır:
"Bunu da bil ki, 10 nəfərdən yalnız
2 nəfər qəbul
olundu, mənimlə bərabər imtahan verənlər neçə
illərdir professorlarla
məşğul olublar,
mən yazıq isə bir dərs
də almamışam..."
Hərçənd, "əgər
"Nicat" yayın
əvvəllində mənə
qulaq asıb Moskvaya gəlməyə və professorlarla hazırlaşmaq üçün
pul ödəməyə
imkan yaratsaydı, mən birinci olardım!"...
Ən kritik məqamların birində isə tamamilə pulsuz qaldığını və
naharı da "nisyə"
etdiyini bildirən Üzeyir bəy "yeni borclara girməmək"
üçün artıq
geri qayıtmaq və bir də
gələn il təhsil
almaq üçün
çalışmaq planını
bölüşdürür. Lakin Məleykə xanımın
və dostların nəhayət ki, işləri
bir qədər yola qoyması və Məleykənin özünün Moskvaya gəlib çıxması
bu planları hələ bir müddət təxirə
salır. Bütün
bu vaxt ərzində
Məleykə xanımın
öz həyat yoldaşına və onun böyük ailəsinə nə qədər maddi və mənəvi dəstək verdiyi məktublardan çox aydın görünür.
Üzeyir
və Məleykə Hacıbəyovların 1912-ci ilə
aid yazışması, təbii
ki, Məleykə xanım
Moskvaya gələndən
sonra başa çatır və Moskva dövrü haqqında qalan məlumatlar artıq Üzeyir bəyin Ceyhuna, Müslümə və bacısı oğlu Camala məktublarında əks olunur. Lakin bu dövr Üzeyir
bəyin Məleykə
xanımla yazışmasında
diqqəti cəlb edən daha bir önəmli məqam var. Məktubların
birində Üzeyir bəy hər hansı xəbərdarlıq
etmədən, rusca yazdığı mətnin
arxasına birdən-birə
ərəb əlifbasında
belə bir əlavə edir: "Sevgili Məleykə! Bundan sonra mən
sənə kağız
yazanda türkcə də yazacağam. Mənim hər bir kağızım sənin üçün bir dərs olar.
Amma gərək sən
də hərdən bir mənə türkcə kağız yazasan ki, görüm nə tövr yazırsan. Qələt olsa da, zərər yoxdur, mən burada düzəldib sənə bildirərəm.
Məndən hər bir barədə (vo vsex otnoşeniəx)
xatircəm ol. Yemək sarıdan
(so storonı)
nigaran olma (ne bespokoysə), yaxşı
yeyirəm. Məndən
cəmi qohum-əqrəbaya
salam-dua söylə. Hələ ki, xudahafiz. Sağ ol, var ol. Səni sevən
Üzeyir".
Beləliklə, Üzeyir bəyin
sevimli xanımına öz ana dilini öyrətmək cəhdləri
kiçik məktublar
şəklində başlayır.
Məleykə xanımın
bu "dərsləri"
necə mənimsədiyi
isə onun Üzeyir bəyə cavablarından məlum olur.
Artıq
deyildiyi kimi, Üzeyir Hacıbəyovun
ev-muzeyi arxivində
1912-ci ilə aid Üzeyir
bəyin öz xanımına 35, Məleykə
xanımın isə ərinə 16 məktubu saxlanılır ki, bu say nisbəti məktubların
ünvanları - Bakı
və Moskva - nəzərə
alınmaqla başa düşüləndir. Bakıya
gələn məktublar
əksərən qorunmuşdur,
Moskvaya göndərilən
məktubların da bir
qismini Üzeyir bəyin saxladığını
və özü ilə Bakıya gətirdiyini ehtimal etmək olar. Onların arasında Məleykə xanımla yanaşı, Ceyhun bəyin və Müslüm Maqomayevin də məktublarının
olması bu ehtimalı bir daha təsdiq edir. Məleykə xanımın cavab məktublarının sayca
daha az olmasının
başqa səbəbləri
də var və bu heç də
"diqqətsizlikdən" irəli gəlmir. Üzeyir bəyi qatarla Moskvaya yola salarkən "bütün pəncərələrin
qarşısı tutulduğu
üçün sevgilisi
görə bilməməsindən
hədsiz narahat olan" Məleykə xanımın ayrılıq
və təklikdən
çəkdiyi nisgilli
hisslərinin ifadəsi
heç də Üzeyir bəyin məktublarından az təsirli deyildir. Amma indi ərinin artıq özününkü
bildiyi böyük ailəsinin qayğıları,
dolanışığı həm də onun üstünə düşüb. Aldığı
maaşla həm ailəyə, həm Üzeyirə dəstək
verən Məleykə
xanımın boynuna çəkdiyi iş üçün duyduğu
məsuliyyət, ağbirçək
Şirin anadan tutmuş, qayınlarına,
baldızlarına və
onların çoxsaylı
uşaqlarına qədər
çox səmimi, səbirli və doğma münasibəti məktublarının hər
sətrində özünü
büruzə verir. Məleykə xanım həm də Üzeyir bəyin Bakıda ən etibarlı "vasitəçisi"dir,
həll olunmalı problemlərin, dolaşığa
düşmüş işlərin,
pul haqq-hesablarının
içindədir, əlindən
gələni edir, hara
lazımdır gedir, kiminlə gərəkdir danışır, bu barədə ərini ən kiçik xırdalıqlarına qədər
məlumatlandırır, ürək-dirək
verir, sakitləşdirir.
Üzeyir bəyin bəzi qərarları ilə razı olmadığı məqamlarda
isə fikrini bildirməkdən çəkinməsə
də, bunu mümkün qədər yumşaq tərzdə edir: "Mən belə düşünürəm
ki, əgər sən
öz əsərlərini
sinematoqraf vasitəsilə
şəhərlərə yaysan, onda mümkündür
ki, heç kim teatra getməsin, çünki insanlar filmlərə baxmağa daha həvəslidirlər.
Məsələn, əgər
"Fenomen"də "Şah
Abbas"ı göstərsələr,
tamaşasına kim gedər? Hər halda, sən özün bu barədə yaxşıca
fikirləş, amma mən qorxuram ki, bu yolla sən
öz pyeslərini itirməyəsən".
Üzeyir
bəyin Moskva konservatoriyasına
daxil olmaq işini bir il təxirə salmaq planı ilə bağlı qərarına
da Məleykə xanım
özünəməxsus tərzdə
münasibət bildirir:
"Hə, mən çox istərdim ki, sən heç olmasa konservatoriyanın kiçik sinfinə daxil olasan və
orada artıq ayrıca olaraq piano çalmağı öyrənəsən.
Sənin üçün
axı fərqi yoxdur, əgər bu il daxil olsan,
gələn il yuxarı
sinifdə olacaqsan. Yox, əgər ayrıca hazırlaşsan,
onda yuxarı sinfə daxil olacaqsan. Sənin məktubundan mən bunu anladım. Və əgər məsələ belədirsə,
mənim sənə məsləhətim budur
ki, mümkünsə heç
olmasa aşağı
sinfə daxil ol. Bir sözlə, özün hər şeyi yaxşıca götür-qoy elə və hansı yaxşıdırsa, elə
də et".
Nəhayət, Məleykə xanım
Üzeyir bəyin ana dilində danışmaq və yazmaq "təklifinə" də
eyni təmkin və səliqə ilə əməl edir. İlkin olaraq əvvəl kiril əlifbasında
"Allah qoysa" kəlməsi
ilə başlanan dil təcrübələri
daha sonra ərəb əlifbasında:
"Səbr elə,
halva olar, ay qora səndən" kimi atalar məsəli ilə davam edir, bəzi
məktublar isə ümumiyyətlə Azərbaycan
dilində yazılmış
sonluqlarla bitir: "Baği salam dualar ki, xudahafiz. Allah qoysa, gələn səfər müfəssəl
yazaram. Sevgilin Məleykə"; yaxud:
"Acıqlanma ki, kağızım
bu səfər müxtəsər oldu və gec yazdım.
Səni sevən Məleykə".
Məleykə xanımın tədricən
Azərbaycan dilində
tam sərbəst danışdığı
və yazdığı
məlumdur. Üzeyir bəyin tarixi göstərilməyən, amma
artıq sovet dövrü kiçik bir kağız parçasında Azərbaycan
dilində ərəb
əlifbasında Məleykə
xanıma tələsik
yazdığı bir məktub isə deyilənlərə
ən bariz sübut ola bilir: "Məleykə! On varaq not kağızı göndər.
Həmin kağızdan.
Üzeyir".
Məleykə xanıma bütün
qohum və dostlarının, eləcə
də Üzeyirin özünün əvvəllər
bir qayda olaraq rusca "Malika" müraciəti qarşısında
bu kiçik sifariş-məktubdakı "Məleykə"
müraciəti onun ömür-gün yoldaşının
adının bu şəkildə məhz azərbaycanlı qohumları
tərəfindən işlənməyə
başladığını və oturuşduğunu göstərir.
Üzeyir
bəyin Məleykə
xanıma məktublarında
açıq nəzərə
çarpan daha bir məqam da var: bu, onun sevdiyi
qadının və xanımının səhhəti
üçün daim çəkdiyi dərin nigarançılıq və
narahatlıqdır. Məktublarda
Məleykə xanımın
hələ gənc yaşlarından sağlamlığı
ilə bağlı problemləri olduğu, mütəmadi müalicələr
aldığı, bir sıra ağır, hətta infeksion xəstəliklərə tutulduğu
kimi məlumatlar vardır. Üzeyir bəyin yalnız onun özü ilə deyil, qardaşı Ceyhunla, hətta sovet dövrünə aid yazışmalarında
belə Məleykə
xanımın səhhəti
məsələsini daim
diqqətdə saxladığını,
ümumən qayğıkeş,
səbirli, mehriban həyat yoldaşı kimi davrandığını
görməmək mümkün
deyildir.
1912-ci ilin avqust-oktyabr aylarını əhatə
edən yazışma
həm də Üzeyir bəylə Məleykə xanımın
ən uzun müddətli ayrılıq
dövrü kimi səciyyələndirilə bilər.
Belə ki, birgə həyatlarının bütün
sonrakı mərhələlərində
onlar kiçik müddətli istisnalarla demək olar ki, istər istirahətə, istərsə Üzeyir bəyin iştirak etdiyi rəsmi toplantıların keçirildiyi
şəhərlərə birlikdə səfər etmişlər. Bu səbəbdən
Üzeyir və Məleykə xanımın
yazışmasının şərti
olaraq üçüncü
dövrü sayıla
biləcək zaman kəsiyində
yalnız həmin istisnalara aid az saylı sənədlər
yer almışdır
ki, bunları da əsasən
Üzeyir bəyin Məleykə xanıma göndərdiyi bir
neçə məktub
və teleqramlar təşkil edir. Diqqətəlayiqdir ki, bilavasitə
Üzeyir bəyin özü və ailəsi, əslində bütün Azərbaycan xalqı üçün ən təhlükəli bir vaxtda - 1918-ci qanlı mart hadisələri
zamanı - erməni silahlı dəstələrinin
Üzeyir bəyin yaşadığı evə
hücumundan sonra bolşevik partiyasına mənsub qaynı Hənəfi Terequlovun vasitəsilə Şaumyan
hakimiyyətindən "Hacıbəyov
qardaşları" teatr
truppasının "İrana
qastrola" çıxmaq
icazəsi alaraq Bakını tərk etməsi ilə başlanan ayrılıq
da çox uzun sürməmişdir. Üzeyir
bəyin 1918-ci ildə
İrandan yol adamları ilə göndərdiyi məktublar
əldə olmasa da, Məleykə xanımın
22 aprel tarixli cavab məktubundan qastrollarla bağlı İrandakı gözləntilərin
özünü doğrultmadığı
aydınlaşır və
truppanın tezliklə
Bakıya qayıdacağına
ümid bildirilir. Lakin
yəqin ki, Üzeyir bəy bolşevik-daşnak-rus
qüvvələrinin hakimiyyətdə
olduğu Bakıya qayıtmağı hələ
məqbul saymır. Zülfüqar Hacıbəyova
aid sənədlərdən göründüyü kimi,
1918-ci ilin 22 may tarixində
Üzeyir bəyin bütün böyük ailəsi - anası Şirin xanım, Məleykə xanım, bacısı Sayad xanım və qızları, qardaşı
Zülfüqar bəy
və xanımı, qardaşı Ceyhun və digər şəxslər üçün
Bakıdan çıxmaq
və Ənzəli limanı vasitəsilə İrana keçmək icazəsi əldə edilmişdir. Üzeyir bəyin özünün,
ailəsinin və teatr truppasının həmin dövr İranda üzləşdiyi
ümumi vəziyyət
haqqında isə Məleykə xanımın
xatirə dəftərçəsində
onun bacısı oğlu Ramazan Xəlilov tərəfindən yazılmış
kiçik yazıda bəhs olunur.
Beləliklə, adı çəkilən
I cildin I fəsli Üzeyir
və Məleykə Hacıbəyovların bir-birinə
məktublarından və
Məleykə xanımın
xatirələrindən ibarət
olmaqla Üzeyir bəyin həyatının
əsasən iki dövrünü -
yeniyetməlik və
gənclik illərini əhatə edir. Həmin sənədlərin
fonunda Üzeyir Hacıbəyovun şəxsiyyətinin
formalaşması prosesinin
və yaşadığı
mühitin ümumi mənzərəsi yaranır.
Bu şəxsi yazışmalar
həmçinin Üzeyir
bəyin indiyədək
az məlum olan daxili aləmini,
şəxsi hisslərini,
duyğular dünyasını,
ailə münasibətlərini
əks etdirir. Həmin məktubların və xatirələrin arxasından Üzeyir bəyin olduqca romantik və sentimental, saf qəlbli, çox ədəbli, sadə və mehriban, səmimi və qayğıkeş, eyni zamanda dözümlü,
səbirli, zəhmətkeş
obrazı boylanır. Diqqətəlayiqdir ki, bu Obraz həmin dövr artıq öz adını Azərbaycan mədəniyyəti
tarixinə yazmış
- bütün Şərqdə
opera teatrının əsasını
qoymuş bir Məşhur deyil, özünə qarşı
çox tələbkar,
nə istədiyini bilən və məqsədinə doğru
gedən inadlı bir Gəncdir. Artıq sevgilisinə qovuşmuş bu Üzeyirin bir məqsədi var - ali musiqi təhsili almaq! Bir istəyi var - musiqidə kamilləşmək!
Bu məqsəd, bu istək onun sonrakı illərdə də əsas hədəfi olacaq və qardaşı Ceyhunla yazışmalarının
da əsas məzmunu təşkil edəcək.
525-ci qəzet 2025.- 24 oktyabr (¹194).- S.10-11.