Dünya səyyahları Şuşada
tarixi abidələri ziyarət ediblər
ETIC (Extreme Traveler
International Congress) klubunun
rəhbəri Kolja Sporinin başçılığı
ilə oktyabrın
23-də 8 ölkədən olan səyyahlar Şuşa şəhərinin
mərkəzi meydanında
Azərbaycanın tanınmış
şəxsiyyətləri Natəvan,
Bülbül və Üzeyir Hacıbəylinin
güllələnmiş heykəllərini
ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, işğal
zamanı ermənilərin
həmin heykəlləri
Ermənistana apararaq əritmək istədikləri
qonaqların diqqətinə
çatdırılıb.
Bildirilib ki,
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə
həmin heykəllər
Ermənistandan alınaraq
Azərbaycana gətirilib
və Bakıda İncəsənət Muzeyinin
həyətində saxlanılıb.
Şuşa işğaldan
azad olunduqdan sonra həmin heykəllər öz əvvəlki yerlərinə
qaytarılıb.
Daha sonra
səyyahlar “Xan qızı” bulağında
olublar. Onlara bulaq haqqında məlumat verilib. Bildirilib ki, Şuşa işğaldan
azad olunandan qısa müddət sonra istifadəyə verilən “Xan qızı”
bulağı şəhərin
məşhur məkanlarından
biridir. Xan qızı
Xurşidbanu Natəvan
təkcə şairə
kimi deyil, xeyirxahlığı ilə
də tanınırdı.
Natəvanın vaxtilə
şəhərə çəkdirdiyi
su xətti “Xan qızı” bulağı adı ilə məşhur idi. Ermənistanın işğalı
altında olduğu müddətdə suyu quruyan bulaq yenə
də sakinlər və şəhərin qonaqlarının istifadəsindədir.
Sonra qonaqlar Şuşa qala divarlarını ziyarət ediblər. Burada onlara Şuşa
şəhərinin tarixi,
qala divarlarının
tikilməsi barədə
məlumat verilib. Qeyd olunub ki, Qarabağ xanı Pənahəli xan tərəfindən inşa
edilən qala uzun müddət şəhəri xarici müdaxilələrdən qoruyub,
alınmazlıq simvolu
olub. İşğal dövründə qala divarları erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb.
Yuxarı
Gövhər Ağa məscidinə gələn
qonaqlara ermənilərin
mədəni, tarixi, dini abidələrə qarşı həyata keçirdikləri vandalizm
barədə məlumat
verilib. Vurğulanıb
ki, işğal edilən
bütün ərazilərdə
olduğu kimi, Şuşada da abidələr,
o cümlədən məscidlər
dağıdılıb, təhqirə
məruz qalıb. Erməni vandalizminə məruz qalan tarixi-dini abidələrdən
biri də Yuxarı Gövhər Ağa məscididir. Şuşa şəhəri
işğaldan azad edildikdən sonra Azərbaycan dövlətinin
diqqət və qayğısı ilə məsciddə yenidənqurma
və bərpa işləri həyata keçirilib.
525-ci qəzet 2025.- 24 oktyabr
(¹ 194).- S.4.