Naxçıvanlı şair Qonçabəyimin obrazı
Nikoloz Barataşvilinin
qələmində
Musa
QULİYEV (RƏHİMOĞLU)
AMEA Naxçıvan Bölməsi
Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı
elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
kuliyevm@yandex.ru
Klassik gürcü ədəbiyyatının
romantik nümayəndəsi
olan görkəmli şair və tərcüməçi Nikoloz Melitonoviç
Barataşvili 1817-ci il dekabrın
4-də Tiflisdə (indiki
Tbilisidə) yoxsullaşmış
knyaz ailəsində doğulub. Onun atası Meliton XIX yüzilliyin 40-cı illərində
tanınan bir şəxs olub. Bir neçə dili mükəmməl bilən
Meliton o dövrün məşhur generalları
Tormasovun, Yermolovun və Paskeviçin hərbi ekspedisiyalarında
iştirak etmiş,
mayor hərbi rütbəsi
almışdı.
Şairin
tədqiqatçıları qeyd edirlər ki, Melitonhəm də Tiflis qəzasında yeddi ilədək yüksək
vəzifədə işləyib.
Nikolozun anası Efimiya isə gürcü çarı
II İraklinin nəvəsidir.
Nikoloz ana babası knyaz
Zurab Orbelianinin evində doğulmuş və tərbiyə almışdır. Dayısı
Qriqol Orbeliani hərbçi olmaqla bərabər, həm də şair olub.
Meliton Barataşvilinin ailəsi əvvəlcə Muxran körpüsünün yaxınlığında
Sion və Ançisxati
qədim kilsələrinin
arasındakı ərazidə
yerləşən birmərtəbəli
evdə və 1841-ci ildə Ançisxati kilsəsinin yaxınlığındakı
evdə yaşayıb.
Barataşvili ailəsi
1841-ci ildən isə
indi ev-muzeyə çevrilən yerdə qədim Ançixati soborunun yaxınlığında
məskunlaşıb.
Qeyd edək ki, evdə onu "Tato" deyə çağırırdılar. Barataşvilinin yaşadığı
ev indi Nikolozun
ev-muzeyinə çevrilib.
Muzeyin giriş qapısında iri hərflərlə "Tato" yazılıb.
Oxuculara
məlumat üçün
deyim ki, məşhur gürcü şairi
Nikoloz haqqında bir elmi məqalə və bir neçə
publisistik məqalələr
yazıb, çap etdirmişəm. Buna əsas
səbəb şairin
1844 cü ildə Naxçıvanda yaşayıb-işləməsi
olub. İstəmişəm
ki, Azərbaycan-Gürcüstan ədəbi, tarixi əlaqələrinin Naxçıvan
səhifəsi də unudulmasın. Ancaq indiyədək bu əlaqələr kompleks şəkildə araşdırılmayıb.
Nikoloz ilk
şeirini yazanda 17 yaşı vardı. O, çox gənc ikən, 28 yaşını
tamamlamamış, 1845-ci il oktyabrın 21-də Gəncə
şəhərində vəfat
edib. Gəncədəki
kilsənin həyətində
dəfn edilsə də, 1893-cü ildə onun cənazəsinin qalıqları Tblisə aparılıb və Didube qəbrisitanlığında
dəfn edilib. 1938-ci ildə Gürcüstan hökumətinin qərarı
ilə onu Şeyx Sənan dağının sinəsində
yerləşən Müqəddəs
David kilsəsinin həyətində
yerləşən Fəxri
xiyabanda - panteonda dəfn etmişlər.
Gürcülər Şeyx Sənan
dağına Mtatsminda
dediklərindən fəxri
panteon da Mtatsminda adını daşıyır.
Özündən sonra
yadigar qoyduğu ədəbi irsi 37 şeirdən və bir poemadan ibarət
olsa da, şairə böyük şöhrət
gətirib. Həmin şeirlərdən biri də "Qonçabəyim"
adlanır. Bu haqda bir az sonra.
Nikoloz Barataşvilinin gimnaziyada birlikdə oxuduğu dostu Levan Melikişvilini Naxçıvan qəzasına
rəis təyin edirlər. O, yaxın dostu Nikolozu özünə köməkçi
təyin edir. Nikoloz o vaxtlar Naxçıvanda Poliçeyski küçəsində
yerləşən Qəza
idarəsində (keçmiş
Naxçıvanşünaslıq Mərkəzi yerləşən
bina) köməkçi
vəzifəsində işləyir
və həmin məhəllədəki ikimərtəbəli
bir binanın 2-ci mərtəbəsində yaşayıb.
Yaşadığı binadakı
mənzil Qəza idarəsinin lap yaxınlığında
olub. Binanı 2005-ci ildə söküblər.
Fotoşəklini əldə
etmişik. O vaxtlar əksər dövlət idarələri bu küçədə yerləşirdi
və küçənin
axırına yaxın
yerdə, sağ tərəfdə bağın
içərisində general-mayor I Ehsan xanın sarayı yerləşirdi.
Özünün qürbətdə çox
tənha hiss edən gənc şair dostu və yaxın
qohumu Maiko Orbelianiyə
yazdığı məktublarda
Naxçıvanla bağlı
bəzi hissləri haqqında da məlumat verib. Ümumiyyətlə,
onun yazdığı
20-yə yaxın məktub
indi onun ev-muzeyində qorunub saxlanılır.
Azərbaycan musiqisini ürəkdən
sevən Nikoloz dayısı
Zaxari Orbelianiyə yazdığı bir məktubda müğənni
Səttarı yada salır.
Onun Naxçıvandan
dayısı qızı
Maiko Orbelianiyə yazdığı
məktub çox maraqlıdır və naxçıvanlı şair
Qonçabəyim haqqında
ilk məlumatı ondan
öyrənirik. Gürcü
dilini mükəmməl
bilən tədqiqatçı-alim
Dilarə Əliyeva
"Ürək bir dilək bir" kitabında (Bakı, "Yazıçı" nəşriyyatı,
1981) Nikolozun dostu və dayısı qızı Maikoya yazdığı məktubun
Azərbaycan dilində
tərcüməsini də
verib və şair Qonçabəyimlə
bağlı axtarışlarını
da bölüşüb (səh.123-125).
1969-cu ildə Dilarə
xanım "Elm və
həyat" jurnalında
"Qonçabəyim" adlı məqaləsi çap edilmişdir. Hətta o yazıda naxçıvanlı şair
Qonçabəyimin fotosu
da verilib. D.Yermakovun
1895-ci ildə Naxçıvanda
Qonçabəyim adında
bir qadının çəkdiyi fotoşəklin
arxasında "Tatarskaəbekşa"
yazılıb. Yeri gəlmişkən, bu foto qətiyyən şair Qonçabəyimə
aid deyil. Çünki 1895-ci ildə
Qonçabəyim 60 yaşını
keçmiş bir qadın olardı. Axı, şair Nikoloz onunla 1844-cü ildə görüşəndə Qonçabəyimin
18 yaşı olduğunu
yazıb. Fotodakı bəy qızı Qonçabəyim Nikolozun təsvir etdiyi gözəllikdə deyil.
O fotonun kimə məxsus olduğu da müəyyənləşib. Dəqiqləşmələrdən
sonra oxuculara məlumat veriləcəkdir.
Amma
2002-ci ildən etibarən
Naxçıvan xanlığı,
Naxçıvan xanları,
onların varisləri,
ümumiyyətlə Kəngərli
tayfası ilə bağlı bir çox arxivlərdə axtarışlar aparmışıq.
Tapılan sənədlərin
heç birində
Ehsan xanın Qonçabəyim
adlı qızına rast gəlinməyib. Hətta onun xidmət (formulyar) kitablarında 2 qızının
adı qeyd edilib: Sonabəyim və Lalabəyim. Bunlarla da axtarışlarımız
olub ki, bəlkə bu qızların ev daxilində çağrılan adıdır
Qonçabəyim?! Amma axtarışlar
bu variantı da təsdiqləməyib. Sonabəyim
1844-cü ildə 18 yaşında
ola bilməzdi. Ona görə
də xeyli axtarışlarımız olub.
Və yəqin olunub ki, tədqiqatçılardan
Müzəffər Nəsirlinin
və Lətif Hüseynzadənin nəzərində
Qonçabəyimin kimin
qızı olması,
fotoşəklinin qalması
məsələsi qarışdırılıb.
Ona görə də bir neçə məqalələr yazmışıq,
çap etdirmişik.
Doğrudur, bəzi alimlər bu sətirlərin müəllifinə
qərəzli yazılar
yazmış, müəllifi
etalonu pozmaqda günahlandırmışlar. Ona görə də təkrar olaraq bu məsələyə qayıtmış və arxiv sənədlərini ortalığa gətirmişik.
Çünki mübahisəli
məsələni arxiv
sənədləri həll
edə bilir. Elə həmin yazıda oxuculara söz vermişdim ki, Qonçabəyimlə bağlı
axtarışlarımı Tbilisiyə
yolum düşəndə
Nikoloz Barataşvilinin ev-muzeyində
əməlli-başlı, dərindən
davam etdirəcəyəm.
10 may
2025-ci ildə Tbilisiyə
gəldim və may ayının 18-də, gündüz
saat 11:50-də Nikoloz Barataşvilinin
ev muzeyindəyəm. Tbilisinin ən qədim guşəsində,
Çaxruxadze küçəsində
17 ¹-li evdə Nikolozun
- Totonun ev-muzeyinin gənc direktoru Teona Tabata səmimi insandır. Şairin tərcümeyi-halını, ədəbi
fəaliyyətini və
şəcərələrini ətraflı bilir. Əvvəlcə məni muzeyin salonları ilə tanış edir, məlumat verir. Deyir ki, muzey 2017-ci ildə bərpa edilib və iki zaldan
ibarətdir. "Yaşıl
otaq" Nikoloz Barataşvilinin
dövrünü əks
etdirən məkandır.
Çünki o, ömrünün
4 ilini burada yaşayıb. Burada onun xatirə əşyaları və sair nümayiş etdirilir. İkinci zal isə interaktivdir.
Muzeyə ziyarətə
gələnlər burada
multimedia, audiovizual və
digər vasitələrlə
şairin yaradıcılığı
ilə yaxından tanış ola bilirlər.
Burada heiloqrafik ekspozisiya da vardır. Unikal vizual vasitələrlə
Nikoloz Barataşvili aktyorların
təqdimatında canlandırılır,
şairin şeirləri
səsləndirilir, onun
dövrünə aid Tiflisin
mühiti barədə
təsirli təəssüratlar
yaradılır. Bu zalda
Nikolozun Gürcüstanda
dillər əzbəri
olan "Merani"
("Qanadlı at") şeirinin
əsas obrazlarından
birini - qanadlı atın vizual effektlərlə sürətlə
"qaçdığım"da görmək olur.
İndi gələk mətləb üstünə.
"İndi
Naxçıvanda 18 yaşlı
xan qızının
yeni bir mahnısı
var. Onun adı Qonçabəyimdir, çox
gözəl və cazibədardır. Orlovun arvadına oxşayır. Əri tərəfindən
incidilmiş bu bədbəxt qadın onu tərk edib
və ayrılmaq istəyir. Zavallını
12 yaşında zorla ərə veriblər. Sən bu tarixi
bilsəydin - bütöv
bir romandır. Bu mahnıda o, özünə
ağlayır..." Məktubda
gürcücə belə
bir qeyd var: "9-sa tebervals 1845. Kalaki Naxeçevanit" (9 fevral
1845. Naxçıvan şəhərindən).
Nikoloz yazdığı məktubunda
Qonçabəyimin Ehsan xanın
qızı olduğunu
yazmayıb. Sadəcə
azərbaycanlı tədqiqatçılar
onun Ehsan xanın qızı olduğunu yazıblar. İndi şair
Nikolozun yazdığı
məktubu bir daha araşdırdıq.
Bir daha təsdiqləndi
ki, arxiv sənədində
yazılanlar doğrudur:
Qonçabəyim Ehsan xanın
qızı deyil. Keçən il tapdığımız
kameral təsvir də bu fikri
təsdiqləyir. Məktubun
gürcü variantında
Nikoloz "xanikali" yazıb.
Bu sözün tərcümədə
iki mənası var:
1) Xan arvadı, 2) Xan qızı.
Gürcü dilində bakirə
qıza "xanisasulı"
deyirlər. Nikoloz Qonçabəyimin
ərli qadın olduğunu bilirdi. Ona görə də "xanikalı" yazıb. Təəssüf ki, məktubun
azərbaycancaya tərcüməsində
bu incəlik nəzərdən qaçıb.
Tapılan bütün
arxiv sənədləri
təsdiqləyir ki, Qonçabəyim
bəy qızıdır.
Axtarışlar zamanı məlum
oldu ki, Nikolozun öz şair həmkarı Qonçabəyimə
ithaf etdiyi şeir adsız deyil. Nikoloz Barataşvilinin
şeirləri onun ölümündən yeddi
il sonra nəşr edilməyə başlanılıb
və hər dəfə onun
"QB" adlı məhəbbət
şeiri də çap edilib. Şairin ev-muzeyində saxlanılan 1922-ci il nəşrində
(gürcü dilində)
də var. "Leksebibedi
Kartlisa. Çerilebi"
("Gürcüstanın taleyi
haqqında şeirlər.
Məktublar). Qeyd edək ki, bu şeirlər 1968-ci ildə
ruscaya çevrilib. Artıq rus tərcüməçilər şeirin
adını yazmayıblar
və ruscadan tərcümə edən digər xalqların nümayəndələri də
yazmayıb. Şeirin adı gürcü hərfləri ilə
Nikoloz tərəfindən yazılıb:
QB (yəni Qonçabəyim).
Həmin şeirin gürcü dilində olan, yəni orijinal variantını da yazımıza daxil edirik.
Yəqin ki,
Azərbaycan dilinə
rus dilindən tərcümə edilib ki, şeir adsız
(1968-ci il nəşrində)
işıq üzü
görüb. Şeir birinci misra ilə
mündəricatda yazılıb:
"Xilqətin ən
böyük möcüzəsi"
"Qonçabəyim"
şeiri belədir:
Xilqətin ən
böyük möcüzəsisən
Gəl məni
hüsnünlə məhv
etmə barı.
Atam, anam
üçün çox
əzizəm mən,
Yoxdur məndən savay bir oğulları.
Mən
ki, bir insanam adi, sadədil,
Rəfiqəm-yapıncı, qardaşım xəncər.
Bütün bu dünyanı
sən bizimki bil,
Ulduzun mənimlə barışsa
əgər!
(Tərcümə edəni
Eyvaz Borçalı)
Gürcü dilində şeirin
yazılma vaxtı belə göstərilib:
10 yanvar 1845-ci il.
Maraqlıdır ki, şeirin Ukrayna
dilinə tərcüməsində
Qonçabəyimin gözlərinin
qara olduğu da var:
"Çernıeoka". Ukrayncaya gürcü dilindən tərcümə
edilib.
Şeirdən görünür ki, şair Nikoloz Barataşvili,
gizlindən gizlində
olsa, Qonçabəyimə
saf sevgiylə aşiq olub və bunu şeirə
çevirib.
Çox
təəssüflər olsun
ki, bu günün özündə də şair Qonçabəyimin
tədqiqatçıları axtarışlarını Tbilisidə
Nikoloz Barataşvilinin ev-muzeyində
aparmırlar. Köhnə
yazılanları etalon kimi
qəbul edir və yeni sənədlər
aşkar edənləri
hədəfə alırlar.
Amma tapılan hər bir tarixi sənəd
Azərbaycan ədəbiyyat
tarixinin orijinal bir səhifəsi olan Naxçıvanın Gürcüstanla ədəbi,
tarixi əlaqələrinə
işıq salır. Bu əlaqələrin isə hərtərəfli,
kompleks tədqiqi çox vacibdir.
525-ci qəzet 2025.- 24 oktyabr (¹ 194).- S.13.