Azərbaycanın
qadın qarmon ifaçıları
XIX-XX ƏSRLƏRİN FAKTLARI ƏSASINDA QEYDLƏR
Azərbaycanda musiqi mədəniyyətinin və
instrumental qarmon ifaçılığının
inkişafında kişilərlə yanaşı,
qadınların da böyük rolu olub. Bu məqalədə
XIX əsrin sonu və XX əsrdə yaşamış bir
neçə qadın qarmon ifaçısı haqqında məlumat
vermək istəyirik. Öncə qarmonun yaranma tarixinə
kiçik ekskurs edək.
lll
Diatonik səsdüzümlü, yəni yalnız
ağ dillərdən ibarət olan qarmon alətini 1822-ci ildə
Almaniyada saat ustası Fridrix Kristian Buşman icad edib. 1829-cu ildə
Kirill Demian Vyanada (Avstriya) bu növ qarmonun əsasında
akkordeon alətini hazırlamışdır. O, akkordeonun sol tərəfində
özünü müşayiət etmək üçün
düymələr qoyub. Həmin düymələr sol əlin
barmaqları ilə çalınır.
1830-cu ildə qarmon Almaniyadan Rusiya
İmperiyasının Tula şəhərinə gətirilib və
alət burada özünün inkişaf mərhələsini
keçib. Tula şəhərində silah ustası kimi
çalışan İvan Sizov qarmonun sağ tərəfinə
7 dil və sol tərəfinə isə 2 bəm düymə
qoyub. Sonrakı illərdə sağdakı dillərin
sayını 10-a, soldakı düymələri isə 4-ə
çatdırıblar. Belə quruluşlu qarmonlar təxminən
1840-1850-ci illərdə Rusiya İmperiyasının Tula şəhərindən
musiqi mədəniyyətimizə daxil olub. Təbii ki, diatonik
səsdüzümlü qarmon peşəkar musiqiçiləri
qane etmirdi. 1870-ci ildə Tula şəhərində qarmon
ifaçısı, müəllim və dirijor Nikolay Beloborodov
ilk dəfə xromatik səsdüzümlü qarmonlar hazırladı,
bununla da, alətin bədii-texniki imkanları və diapazonu
genişləndi.
Virtuoz tarçı Mirzə Fərəc Rza oğlu
Rzayevin nəvəsi, XX əsrin əvvəllərində ilk
qadın kamança ifaçılarından biri olmuş Ruqiyyə
Rzayeva babasından bəhs edən monoqrafiyada iki qadın musiqiçinin
adını çəkir: "Nənəmin 14 dilli qarmonunu rəfiqələrindən
Nərgiz adlı qadın, Mir Tağının (əslində,
Mirseyid Mirbabayev yazılmalıdır, Mir Tağı isə məşhur
xanəndənin atasıdır - Ə.S.) bizdə olan,
balıq dərisindən üz çəkilmiş
qavalını isə Xədicə xanım çalırmış".
Sitatda adıçəkilən bu qadınlar Mirzə
Fərəcin ömür-gün yoldaşı Güləndam
xanımın rəfiqələri olmuşlar. Çox təəssüf
ki, qarmonçu Nərgiz xanım haqqında heç bir əlavə
məlumat əldə edə bilmədik. Xədicəxanım
Sadıqova isə kitabda Xalq artisti, görkəmli lirik-tenor səsli
opera müğənnisi Hüseynqulu Sarabskinin bibisi kimi təqdim
edilir. Amma onların doğum ilinə fikir verdikdə bibi
qardaşoğlundan yaşca çox kiçik
görünür və bu da şübhə doğurur. Xədicəxanımın
oğlu Əməkdar artist Məmməd Sadıqov da
tanınmış aktyor olub. Görkəmli şair Mikayıl
Müşfiqin bibisi oğlu, Azərbaycan SSR-nin ilk Hərbi
Komissarı, general Əlihüseyn Dağlı "Ozan Qaravəli"
adlı əsərində bir sıra çalğı alətləri
ilə yanaşı, qarmondan da bəhs edir. O yazır:
"Birinci qarmon çalmaq məşğuliyyət kimi, evlərdə
qadınlar arasında yayılıb və bəyənilmişdir
(o dövrdə gəlin toylarında yalnız qadın
çalğıçılar iştirak etdiyindən qarmon
onlar üçün əvəzsiz alət
sayılırdı). Lakin bu da məlumdur ki, XIX əsrin
axırlarında Bakıda, içərişəhərli
Seyid Həsən mükəmməl qarmon çalırdı.
Ətrafında həvəskar şagirdləri olub, ondan qarmon
ifaçılığının sirlərini öyrəniblər".
İqtibasdan göründüyü kimi, Azərbaycanda
qarmon alətinin ilkin ifaçıları qadınlar olub. Belə
ki, Azərbaycana, Bakı şəhərinə ilk qarmonu
1840-cı illərdə Rusiyadan Volqaboyu Xəzər dənizi
vasitəsi ilə Bakıya gələn gəmiçilər gətiriblər.
Gəmi işçilərindən biri yola düşərkən
ifa etdiyi qarmonunu da özü ilə
"qulaqyoldaşı" kimi götürüb. O, nahar
vaxtı və yaxud işdən sonrakı asudə
vaxtlarında qarmonu ifa etməklə dinləyənlərə
mənəvi zövq verirdi. Gəmi işçiləri
Bakıda əhalinin ehtiyacı olan malları satıb həmin
pulla başqa mallar alıb Rusiyaya aparırmışlar.
Qarmonçu da bazarda aləti çalmaqla ətrafına daha
çox müştəri toplayırmış. Adı bizə
bəlli olmayan içərişəhərli bir kişi
qarmonu da uşaqları üçün oyuncaq kimi alır.
İçərişəhərli həmin kişi
Ə.Dağlı adını çəkdiyi Seyid Həsənin
atası olubmuş. O, qarmonu evə gətirdikdə
xanımı (təəssüf ki, Seyid Həsənin ata və
anasının adlarını müəyyənləşdirə
bilməmişik) yüksək musiqi duyumu olduğundan qarmonu sərbəst
şəkildə ifa etməyi öyrənir. Seyid Həsən
də qarmon çalmağı anasından öyrənibmiş.
Həmin dövrdə qadın toylarına kişi
musiqiçiləri dəvət etməzdilər. Qadın
müğənnilər qaval çalıb oxuyar, qız-gəlinlər
rəqs edərmişlər. Beləcə, qarmon aləti
qadın məclisləri üçün əvəzolunmaz alətə
və toyların bəzəyinə çevrilir. Bu gün də
qadın məclislərində, xınayaxdı mərasimlərində
qarmon ən aparıcı və mühüm alət
sayılır.
Rusiyadan Volqaboyu Xəzər dənizi vasitəsi ilə
Bakıya gələn gəmi işçiləri sonrakı səfərlərində
özləri ilə bir neçə qarmon gətirib limanda
satırdılar. Beləcə, yalnız ağ dillərdən
ibarət, yəni diatonik səsdüzümlü qarmonlar
Bakıdan Azərbaycanın müxtəlif bölgələrinə
də yayılırdı.
Ə.Dağlı məşhur
"Qıdqılıda" rəqsinin də elə bazarda
yarandığını bildirir: "Çox maraqlıdır
ki, qarmon "Moltanı karvansara"sında, sandıq
bazarında satılırmış. Əvvəllər qarmonu
alan olub, amma çalan olmayıbdır. Satıb-alan vaxt
yoxlamada qarmondan "qıd-qıd-qıdıl-qıd" səsləri
çıxıb. Ona görə də yarışəbədə,
yarıgerçək qarmon satana
"qıd-qıdılıcı" deyiblər".
Deməli, rəqsin "Qıdqılıda"
adlandırılmasında
"qıd-qıd-qıdıl-qıd" səsləri səbəb
olub.
Sona xanım Qarabağlı (XIX əsrin sonu, XX əsrin
əvvəli) - qadınlar arasında ilk qarmon
ifaçılarından biri olub, Şuşada yaşayıb. Sənətşünaslıq
üzrə fəlsəfə doktoru, professor, Əməkdar mədəniyyət
işçisi, müxtəlif rəqslərin
quruluşçusu Kamal Həsənov əsərlərində
XX əsrin əvvəllərində Qarabağda, daha dəqiqi,
Şuşada saz çalıb rəqs edən Sona adlı bir
ifaçının adını çəkir.
Maraqlıdır ki, Kamal müəllim həmçinin Sona
xanım adlı bir qarmonçalandan da söz açır.
Fikrimizcə, adıçəkilən ifaçılar eyni
şəxsdir. Belə ki, Sona xanım çoxşaxəli sənətkar
olmuş, gözəl rəqs etməklə yanaşı, saz və
qarmon çalğı alətlərinin də mahir
ifaçısı kimi tanınmışdı. O, Azərbaycanın
bütün bölgələrində geniş
yayılmış "Xalabacı" rəqsinin müəllifidir.
Bu barədə folklorşünas-alim Kamal Həsənov məlumat
verib.
Xədicə Hüseyn qızı Musaxanova (1875-1985) -
110 il ömür sürmüş bu qarmonçunun da adı
hörmətlə xatırlanmalıdır. O, XIX əsrin
sonlarında qarmon alətinə böyük maraq və həvəs
göstərib. Xədicə xanım qarmonu müstəqil
şəkildə öyrənib, sonralar biliyini artırmaq məqsədi
ilə dövrünün ilk qarmon müəllimi İçərişəhərli
Seyid Həsəndən muğamların sirlərinə yiyələnib.
Xədicə xanım qadınlardan ibarət sazəndə
ansamblı təşkil edib və qadın toylarının bəzəyinə
çevrilib.
Narınc Şamaxılı (XIX əsrin II
yarısı-XX əsrin əvvəli) - bu qarmon
ifaçısı və müğənni-xanəndənin
adına tanınmış folklorşünas-alim, filologiya elmləri
doktoru, professor Hacı Seyfəddin Qəniyevin
araşdırmalarında rast gəlirik. Doğrudur, Narınc
Şamaxılı haqqında geniş məlumat əldə edə
bilməsək də, onun həmin mənbədə
Şirvanda qarmonun yayılmasında, təbliğində, eləcə
də tədrisindəki rolu açıqlanır.
Sənəm Səlimqızı (1890-1976) - 1890-cı
ildə Şamaxı şəhərində dünyaya göz
açmışdı. O, qarmon çalmağı və xanəndəlik
sənətini Şamaxıda Narınc xanımdan öyrənmişdir.
Sənəm Səlimqızı ifaçılıq sənətini
erkən yaşlarında mənimsəsə də, ailə həyatı
qurduğundan və körpələrinin qayğısına
qaldığından ciddi sənətlə bir qədər gec
məşğul olmuşdu. O,1923-cü ildən etibarən
qız toylarına ayaq açmış, tezliklə xanəndə
və qarmonçalan kimi bölgədə çox məşhurlaşmışdı.
Sənəm Səlimqızı ustadı Narınc xanımla və
onun musiqiçi rəfiqələri - Püstə, Zeynəb
Abbas qızı, Nisəxanım Bağır qızı ilə
birgə Şamaxıda toyları idarə etmişdi.
Sənəm Səlimqızı 1930-cu illərin I
yarısında ustad Aşıq Mirzə Bilalla tanış
olmaq qərarına gəlir. Belə ki, Aşıq Mirzə
Bilalın ömür-gün yoldaşı Soltanxanım rəfiqəsi
Sənəm Səlimqızı ilə bir məhəllədə
yaşamışlar. Aşıq Mirzə Bilal ailə həyatı
quranda Sənəm Səlimqızı artıq müstəqil
toyları idarə edir və bölgədə çox sevilən
sənətkara çevrilmişdi. Bununla belə, o, hər
gün öz üzərində çalışır,
günbəgün repertuarını zənginləşdirirdi.
Sənəm rəfiqəsi Soltanxanımdan xahiş edir ki,
"onu Aşıq Mirzə Bilalla tanış etsin və bu
ustaddan bilmədiklərini öyrənsin". Belə də
olur, o, nəinki aşıq sənətini, eləcə də
yaxşı bilmədiyi bir sıra muğamları Aşıq
Mirzə Bilaldan mükəmməl şəkildə mənimsəyir.
Sənəm Səlimqızı 1930-1937-ci illərdə
Aşıq Mirzə Bilalla bərabər bir çox toylarda
cürə sazda çalıb-oxuyur. Bilindiyi kimi, Aşıq
Mirzə Bilal 1937-ci ildə şərlənib
"antisovet" təbliğatına görə həbs
edilib güllələnir. Onun bir çox tələbələri
kimi, Sənəm Səlimqızı da ustada ehtiram əlaməti
olaraq uzun müddət çalıb-oxumur.
II Cahan müharibəsi illərində Azərbaycanın
bütün bölgələrində şənliklər,
toy-düyünlər səngimişdi. Əhalinin maddi vəziyyəti
xeyli ağırlaşmışdı, bir sıra ailələrin
başçıları və övladları müharibədə
həlak olmuşdular. Ölkədə aclıq, səfalət
hökm sürürdü. Təbii ki, belə bir şəraitdə
kimsənin yadına şənlənmək
düşmürdü.
1945-ci ildə II Cahan müharibəsi bitəndən
sonra Sənəm xanım yenidən Şamaxıda qız
toylarına dəvət almağa başladı. O, 1960-cı
ildə Bakıya köçmüş və
ömrünün sonuna kimi bu şəhərdə
yaşamış, qız toylarında qarmonçalan kimi fəaliyyət
göstərmişdi.
(Ardı var)
Ənvər SADIQOV
Xalq artisti, Azərbaycan Milli Konservatoriyasının
dosenti
enversadiqov@gmail.com
525-ci qəzet .- 2025.- 2 sentyabr (№156).- S.12.