Azərbaycanın qadın qarmon ifaçıları

XIX-XX ƏSRLƏRİN FAKTLARI ƏSASINDA QEYDLƏR

 

Azərbaycanda musiqi mədəniyyətinin və instrumental qarmon ifaçılığının inkişafında kişilərlə yanaşı, qadınların da böyük rolu olub. Bu məqalədə XIX əsrin sonu və XX əsrdə yaşamış bir neçə qadın qarmon ifaçısı haqqında məlumat vermək istəyirik.

(Əvvəli ötən sayımızda)

Əzizə Əbdülbaği qızı Məmmədova (1892-1961) zəmanəsinin gözəl qadın qarmon ifaçılarından biri olub. Onun atası - tanınmış xanəndə "Bülbülcan" ləqəbli Əbdübaği Kərbəlayı Əli oğlu Zülalovöz övladının musiqiçi kimi yetişməsində böyük xidmət göstərib. Belə bir mühitdə, sənətkarlar ocağında yetişmiş Əzizə xanım da Azərbaycan qarmon ifaçılığının inkişafında müstəsna rol oynayıb. Əzizə xanımın qızı Xalq artisti Sona Hacıyeva da incəsənət sahəsində aktrisa kimi fəaliyyət göstərib.

Sənəm Qulam qızı (1892-1969) - Şamaxıda doğulub. O, atasını körpə ikən itirib, anası Şirinqız Sənəmi çətinliklə böyüdür. Sənəmin gözəl səsi də olmuşdur. O, qonşuları Pəri xanımdan nay (qarmon) çalmağı öyrənmişdi. Azərbaycanın bəzi bölgələrində qarmona nay da deyərmişlər. Sənəm xanım Pəri ilə bir müddət toylara müğənni kimi getmiş, daha sonra özü müstəqil toylar idarə edirmiş. Allah-Təala ona şairlik və melomanlıq istedadı da veribmiş. Sənəm gözəl şeirlər yazır və həmin şeirlərə mahnılar bəstələyirmiş. 1930-1950-ci illərdə Bakıda ən zəngin ailələr toylarına Sənəmi dəvət edirdilər. Folklorşünas-alim Hacı Seyfəddin Qəniyevin araşdırmaları nəticəsində onun iki şeiri işıq üzü görüb.

Lahıclı Leylacanın (XIX əsrin II yarısında və XX əsrin əvvəlləri) da Azərbaycan qarmonunun təbliğində müəyyən xidmətləri olub. O, çoxşaxəli sənətkar olmuş, gözəl qarmon çalır, çala-çala rəqs edir, mahnı və rəqslər qoşur, şeirlər yazır, həm də gözəl oxuyurmuş. İxtisasca neft mühəndisi olmuş, yazıçı, tərcüməçi, Əməkdar incəsənət xadimi Manaf Süleymanov "Azərbaycan diyarı Lahıc" əsərində Lahıcdan olan dəfçalan Sonabacı xanımın (dəfçi Yasovul Xankişinin həyat yoldaşı) Leylacan haqqındakı xatirələrini verir: "... Mahnılar vardı, oxuyana da, qulaq asana da keyf verərdi...

Xanəndə azançı Ağa Mehdi Axund oğlu ilə bəhsə-bəhs oxuyurduq. Leylacan o mahnını bizdən yaxşı oxuyardı, cuşə gələndə bütün əndamı əsərdi".

Lahıclı Leylacan, təxəllüsündən göründüyü kimi, Şamaxının Lahıc kəndində dünyaya göz açıb. Bu kənd hazırda İsmayıllı rayonunun inzibati ərazisinə daxildir. Bilindiyi kimi, qədim Lahıc kəndi sənətkarlar oylağıdır. Leylacan haqqında dəfçi Sonabacı xanımın söylədiklərindən: "O Leylacan yeddi küpəgirən qadını çaya susuz aparıb, susuz gətirərdi. Min atlını piyada edərdi, piyadanı ata mindirərdi. Göyçək, bəstəboy, nazlı-qəmzəli idi, ...qoca hacılar dərdindən ölərdilər. Zalım qızı elə çalardı ki, qarmon az qalardı əl-ayaq açıb oynasın. Mahnı qoşardı. Çala-çala da oynayar, oxuyardı. Amma oynamaqda mənə çatmazdı. Qarmonu döşünə basıb sinəsini qabağa verəndə, maral gözlərini elə süzər, çatma qaşlarını elə qaldırıb salardı ki... Zənəxdanı canlar yaxardı".

Sonabacı xanımın xatirələrindən bəlli olur ki, Leylacanın həddindən artıq gözəl olması ona xoşbəxtliklə yanaşı, bədbəxtlik də gətirmişdi. O, dörd dəfə ərə getmiş, ikisi ilə yola getməyib öz istəyi ilə boşanmışdı. Birinci əri dəli-divanə olub Gəncəyə köçür, ikincisi isə baş götürüb daha uzaqda, Mərv şəhərində yaşamalı olur. Leylacan Gülü adlı üçüncü ərini isə təbii fəlakət nəticəsində itirir, belə ki, Girdman çayı daşanda sel onu aparır.

Leylacan Gülünü dəlicəsinə sevirdi. Hər ikisi şeirlər yazır, bəzən bir-biri ilə sinədən deyişirdilər. Deyilənlər haqqında Manaf Süleymanov məlumat verib. Onun əsərində Leylacan ilə Gülünün məzəli deyişmələri də yer alıb.

Leylacanın dördüncü əri də şeirsevər, zəngin, var-dövlətli, ikiarvadlı bir hacı olur. Hacının Leylacana gözü düşür, onunla da evlənir, daha doğrusu, bir evdə üç arvad saxlayır. Leylacanı "baş arvad" təyin edir: evdə o, söz sahibi idi, nə deyirdisə, olmalı idi, yəni bütün məsələləri həll edirdi. Təəssüf ki, Leylacan onunla da çox yaşaya bilmir. Hacı 1918-ci ildə erməni-rus quldurları ilə savaşda həlak olur.

Sonabacı xanım xatirələrini söyləyərkən Leylacanın istər Gülü ilə, istərsə də siğə olunduğu Hacı ilə olan əhvəlatları nəzmlə, yaddaşında qalan şeir nümunələri ilə bəzəyib.

Manaf Süleymanov əsərində Lahıcda kişi mərasimlərində üzüaçıq, sərbəst azad yaşayan dörd qadından bəhs edir. Birincisi, dəfçalan Sona xanım, ikincisi, sulu qəlyan çəkən Ağabacı xanım, üçüncüsü, usta, Dəmirçi Leyla, dördüncü isə qarmonçu Leylacan idi. Bununla bağlı Manaf Süleymanov yazır: "Qarmonçu Leylacan dördüncü arvad kimi qəsəbədə özü-özünü azadlığa çıxarmışdı. Mahnı qoşmağı da vardı, qarmon çala-çala birdən cuşə gəlib oxuyardı".

Göründüyü kimi, Qarmonçu Leylacanın yaradıcılığı sinkretik sənət kimi inkişaf etmişdi. Professor Hacı Seyfəddin Qəniyevin axtarışları sayəsində onun "Gəl, gör" adlı şeiri işıq üzü görüb.

Firuzə Əbdülhəsən qızı Sadıqova (1895-1975) Salyan qəzasının, indiki Neftçala rayonunun Xıllı kəndində doğulub. Uşaq yaşlarından musiqiyə olan həvəsini görən valideynləri ona diatonik səsdüzümlü qarmon alırlar. O illərdə Xıllıda musiqi məktəbi və qarmon müəllimi olmadığından Firuzə müstəqil şəkildə alətdə çalmağı öyrənir. Təxminən 1908-ci ildən etibarən qadın məclislərində qarmon çalmağa başlayır.

Firuzəxanım 1909-cu ildə nişanlanır və gəlin köçür. Təəssüf ki, onun adını öyrənə bilmədiyimiz ömür-gün yoldaşı 1937-ci ildə repressiya qurbanına çevrilir.

Firuzə xanımı qavalda daha çox Bəhiyyə Həsənqızı (1930-2007) müşayiət etmişdir. Xatırladaq ki, Bəhiyyə xanım tanınmış sənətşünas-alim Əhsən Rəhmanlının dayısı qızıdır.

Zümzüm Məlik qızı Quliyeva (1896-30.05.1975) Bakının Balaxanı kəndində doğulub. 12 yaşı olarkən valideynləri ona ağ dilli, diatonik səsdüzümlü qarmon alırlar. Zümzüm xanım 1909-cu ildən etibarən qadın məclislərinə, toy-nişana, xınayaxdı mərasimlərinə dəvət alır. O, tezliklə məşhurlaşır və Abşeronun bütün kəndlərindən məclisləri idarə etmək üçün sifarişlər qəbul edir. Bəzən imkansız ailələrin toylarını təmənnasız, pul almadan yola verirdi. Bu baxımdan gənc yaşlarından xalq arasında böyük hörmət qazanmışdı.

Zümzüm xanım 1920-ci ilin əvvəllərində əslən Dəvəçi (indiki Şabran) rayonunun Orta Əmirxanlı kəndindən olan Xudaqulu adlı mömin bir gənclə ailə həyatı qurub. Xudaqulu Həsənqulu oğlu Quliyev Misirdə mükəmməl dini təhsil almışdı. O, burada təkcə ilahiyyatı deyil, elmin ədəbiyyat, astronomiya, kimya, riyaziyyat və b. sahələrini də dərindən mənimsəmişdi. Xatırladaq ki, o dövrün dini qanunlarına görə, Xudaqulu Tiflisdə yerləşən Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsində imtahan verərək axund dərəcəsi almış və onu 1919-cu ildə təyinatla Bakının Balaxanı kənd məscidinin axundu təyin etmişlər. 1920-ci il 28 apreldə işğalçı rus ordusu Şərqdə ilk demokratik ölkə olan Azərbaycan Xalq Cümhuriyyətini devirdikdən sonra məscidlərin fəaliyyəti dayandırılır. Belə bir şəraitdə Xudaqulu evlərində gizli şəkildə uşaqlara təmənnasız Qurani-Kərimi öyrədirdi.

Xudaqulu və Zümzüm xanım iki oğul və iki qız böyüdüb boya-başa çatdırmışlar: Əfqan (qarmon), Xırdaxanım (tar), Böyükxanım (tibb bacısı) və Sənan (qarmon). Zümzüm xanım oğlanları Əfqan və Sənana uşaq yaşlarından qarmon çalmağı öyrətmişdi. Onlar da analarının sənətini davam etdirmiş, sevilən ifaçı olublar. Sənanın qızı Kəmalə Cabbarova da nənələrinin sənət yolunu davam etdirib. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində öncə musiqişünaslıq üzrə bakalavr təhsili almış, daha sonra bu təhsil ocağının magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. Kəmalə Cabbarova 285 №-li orta məktəbdə musiqi müəllimi, eləcə də Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Musiqi" fənni üzrə ştatdankənar metodist vəzifələrində çalışır.

XX əsrin əvvəllərində Zümzüm xanımın "Şərq qadını" jurnalında unikal bir fotoşəkli çıxıb (Voloviq. Kapital ölkələrindəvə Şuralar İttifaqında əməkçi qadınların vəziyyəti. // "Şərq qadını" jurnalı, may 1933, № 9-10, s. 2). Burada qarmon ifaçısı Zümzüm xanım Məlik qızını qavalda Ruqiyyə xanım müşayiət edib. Doğrudur, jurnalda şəklin altında ifaçıların adları göstərilməyib. Əvəzində: "Bakıda 1 may şənlikləri. Azlıqda qalan millətlərə mənsub qadınların nümayişi" - sözləri yazılıb.

1933-cü ildə çəkilmiş bu fotoşəkilin keyfiyyəti aşağı olsa da, instrumental ifaçılıq tarixi baxımından çox dəyərli materialdır.

Zəhra Molla Müslüm qızı Mirzəbəyova (?-1946) - Abşeronun Maştağa kəndində dünyaya göz açıb. O, kiçik yaşlarından musiqiyə böyük maraq göstərib. Atası Molla Müslüm ilhaiyyatçı olsa da, işıqlı, dünyəvi elmlərdən xəbərdar olan ziyalılardan biri olub. Molla Müslüm dünyalar qədər xətrini istədiyi qızı Zəhra ona qarmon almağı xahiş etdikdə bu istəyin əleyhinə çıxmır. Beləcə, Zəhra xanım kiçik yaşlarından yaşınauyğun olmayan gözəl ifası ilə hər kəsi təəccübləndirir. O, əvvəlcə Maştağada nişan, toy-düyünlərə ayaq açır, daha sonra bütün Abşeron kəndlərindən sifarişlər alırmış.

Zəhra xanım Hadi Mirzəbəyov adlı musiqisevər bir ziyalı ilə ailə həyatı qurub. Onların övladları - qızı Ruxsarə Mirzəbəyova və nəvəsi Gülşən Mirzəbəyova da musiqi sənətini seçib və tanınmış fortepiano ifaçısı olublar.

 

(Ardı var)

Ənvər SADIQOV

Xalq artisti, Azərbaycan Milli Konservatoriyasının dosenti

enversadiqov@gmail.com

525-ci qəzet .- 2025.- 3 sentyabr (№157).- S.15.