Umberto Eko: Orta əsrləri
xəyal etmək
Dünya şöhrətli yazıçı Umberto
Ekonun "Orta əsrləri xəyal etmək" kitabında
onun müxtəlif məqalələri toplanıb. Kitabı
italyan dilindən türk dilinə Şadan Karadeniz tərcümə
edib. Toplunun adı isə müəllifin iki məqaləsinə
- "Orta əsrləri xəyal etmək" və "Orta əsrlərdə
yaşamaq" adlı yazılarına uyğun seçilib.
Umberto Eko yazıçı olsa da, əslində bu kitabda toplanan məqalələrdə
o, "təxəyyül" və "xəyal"dan daha
çox, orta əsrlərin ciddi tədqiqatçısı
(medievist) kimi çıxış edir, bir növ "kəşfi-qədim"
cığırları ilə intellektual yürüşə
çıxır. Onun fikrincə, orta əsrlər yalnız
reallıqlara əsaslanaraq tədqiq edilməlidir.
Eko ilkin olaraq müasir dövrlərdə orta əsrlərə
marağın artmasını muzeylərdən, ədəbiyyatdan
və elm tarixindən gətirdiyi faktlarla izah edir. London, Paris və
Amerika kitab mağazalarının rəfləri orta əsrlərə
aid əsərlərlə doludur. Onun fikrincə, həm
amerikalılar, həm də avropalılar üçün
mühüm məsələlərin çoxu məhz orta əsrlərdə
formalaşmışdır: müasir dillər, ticarət
şəhərləri, kapitalist iqtisadiyyatın əsasları,
müasir dövlət nəzəriyyəsi, kilsə ilə
dövlət arasındakı qarşıdurmalar, müasir məhəbbət
anlayışları, kompasın ixtirası, ərəb-müsəlman
riyaziyyatının qəbulu, 1492-ci ildən sonrakı
inkişaflarla birlikdə barıt və Qutenberqin ixtirası. Hətta
buxar maşınları, toxuculuq dəzgahları və eynəyin
icadı da orta əsrlərə aiddir.
Umberto Eko məqalələrində müxtəlif sahələrdən
arqumentlər gətirərək orta əsrlərin müasir
dövrdəki əhəmiyyətini və
aktuallığını vurğulayır. Onun fikrincə, biz
fəlsəfi məfhumları antik Yunan və Romadan miras alsaq
da, onların tətbiqi orta əsrlərdə baş verib. Məsələn,
teatrın funksional istifadəsi məhz orta əsrlərə təsadüf
edir.
Eko, orta əsrlərə və köklərimizə
qayıdışı, insanın sağlamlıq vəziyyətini
anlamaq üçün uşaqlığına nəzər
salmasına və ya psixoloqun ruhi durumu qiymətləndirmək
üçün insanın keçmişinə müraciət
etməsinə bənzədir. Bu baxımdan, onun fikrincə,
orta əsrləri düzgün başa düşmək
üçün fantaziyalara deyil, etibarlı və real tarixi mənbələrə
əsaslanmaq vacibdir.
Eko qeyd edir ki, orta əsrlərin
başlanğıcı Roma imperiyasının süqutuna və
xristianlığın geniş yayılmasına təsadüf
edir. Onun fikrincə, imperiyanın
çöküşünün səbəbi xristian əxlaqı
deyildi. Roma çoxdan özünü məhv etmişdi. Bu,
İsgəndəriyyə və Şərq mədəniyyətlərinin
- Mitra və Astarte inanclarının təsiri ilə
falçılıq, yeni cinsi ayinlər, müxtəlif
xilasedici və ümidverici təsəvvürlərlə
yaşaması nəticəsində baş vermişdi. Cəmiyyətdə
patrisi və plebeylər (soylular və sadə təbəqələr)
arasındakı fərqlər də aradan qalxmışdı.
Bu dövrdə Pifaqoru yaymağa, Aristoteli yenidən şərh
etməyə çalışan Boesi yeni mədəniyyət
forması ortaya qoyaraq "barbar" mədəniyyətlərə
istinad edir və ilk tədqiqat mərkəzlərinin əsasını
qoyurdu.
Eko orta əsrlərlə müasir dövr arasında
olan etimadsızlığı müqayisə edir. Onun fikrincə,
orta əsrlərdə meşədə gəzən insan
oranı şər varlıqlarla dolu, qorxulu bir məkan kimi təsəvvür
edirdi. Şəhərdən kənara çıxmaq təhlükəli
sayılırdı, kişilər isə daim silah
daşıyırdı. Müasir dövrdə isə bu qorxu
Nyu-Yorkda yaşayan orta təbəqəli ağdərili
insanların davranışlarında əks olunur. Məsələn,
onlar axşam saat beşdən sonra Mərkəzi Parka daxil
olmur, gecəyarısından sonra isə qadınların
çoxu metrodan istifadə etmir.
Eko bu kontekstdə bildirir ki, Fransiskanlarla Dominikanlar
arasındakı qarşıdurma, Trotskiçilərlə
Stalinçilər arasındakı münaqişədən o
qədər də fərqlənmir. Orta əsrlər vizual mədəniyyətə
əsaslanırdı - katedrallar sanki daşdan
yazılmış kitabı xatırladırdı. Müasir
dövrdə isə bu funksiyanı reklamlar, televiziya
proqramları və sirli illüstrasiyalar yerinə yetirir.
Eko qeyd edir ki, heç kim orta əsrləri rifahlı
bir dövr kimi təsəvvür etmir. Bu dövr daha çox
doqmatizm və ağla qarşı duran bir mədəni
çevrilişlə səciyyələnirdi. Sistemli
mühafizənin olmaması səbəbindən bir çox dəyərli
əlyazmalar itib, gözəl şeirlər məhv olmuş,
onların yerinə tapmacalar və dualar
yazılmışdır. Müqəddəs mətnlər təhrif
edilmiş, Yunan şəhər-dövlətləri
haqqında dəqiq biliklər olmadan kommunal cəmiyyətlər
qurulmuşdur. Əgər istək olsaydı, Ptolemeyin
astronomiyası və Eratosfenin coğrafiyası əsasında
Kolumbdan əvvəl də Amerika kəşf edilə bilərdi.
Tənqidi yanaşmada Eko hesab edir ki, bu gün də
orta əsrlərin bəzi qüsurlarını təkrarlayırıq.
Məsələn, katedralların yerini banklar, kilsələrin
yerini isə dövlətlər alıb - və bu qurumlar da
çox zaman səmərəsiz və qüsurlu şəkildə
idarə olunur. Dil fəlsəfəsində, strukturalizm və
semiotikada da orta əsrlərin gizli izləri hələ də
qalmaqdadır.
Kitabda orta əsrlərlə dolayı şəkildə
bağlı olan müxtəlif mövzularda da məqalələr
yer alır. Məsələn, fizionomiyanın orta əsrlərdə
formalaşmasında Aristotelin ruh-bədən harmoniyası
ideyalarının rolu, eləcə də Hegelin "ruh
üzün aynasıdır" fikri əsasında
formalaşan təbii fizionomiya anlayışı təhlil
olunur. Bu məqalələrdə gözəllikdə
çirkinliyin, çirkinlikdə isə gözəlliyin gizlənə
biləcəyi düşüncəsi vurğulanır.
Eyni zamanda, Eko müasir irqçilik
ideologiyalarını da tənqid edir. Belə ki, bəzi
irqçi nəzəriyyələr yəhudiləri qalın
dodaqlı və iri gözlü, latın irqini qısa boylu və
qarayanız, ari irqini isə uzun boylu, sarışın və
sakit təbiətli kimi təqdim edir - bu isə tamamilə elmi
əsası olmayan stereotiplərdir.
"Ehtimalların birləşməsi və
ölümün vəzifəsi" adlı məqaləsində
Eko etik problemlərlə riyazi-məntiqi anlayışları
müqayisə edir. O yazır: "Dördbucaqlı dairə
yoxdur deyə heç kim intihar etməmişdir. Amma Napoleonun
varlığına şübhə etdiyinə görə
özünə qəsd edən və ya gilyotin altında
ölməyə razı olan insanlar olmuşdur".
"Aynalar" adlı başqa bir məqaləsində
isə Eko aynanın ikili mahiyyətinə toxunur. O qeyd edir ki,
insan 6-8 aylığında öz fiziki varlığını
dərk edir və bu mərhələdən sonra aynalar
artıq "mən" və "başqası"
anlayışları ilə metaforik əlaqə qurmağa
başlayır. Bu yanaşma ərəb-müsəlman alimlərinin
fizika sahəsindəki tədqiqatları ilə inkişaf
etdirilmiş, təhrifedici aynalar meydana çıxmış
və nəticədə insanlararası münasibətlər
semiotik bir sistem şəklində formalaşmışdır.
Ümumilikdə, Umberto Eko bu məqalələrdə
vurğulayır ki, orta əsrləri dərindən anlamadan nə
modern, nə də postmodern düşüncə sistemlərini
tam başa düşmək mümkündür.
Rəşad İLYASOV
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi
analitika şöbəsinin müdiri, fəlsəfə doktoru
525-ci qəzet .- 2025.- 3 sentyabr (№157).- S.14.