“Üçlük"
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki
qonağı sənətşünas Xədicə Həmidovadır.
Onunla məşhur rus rəssamı Vasili Perovun
"Üçlük" əsərindən
danışmışıq.
On doqquzuncu əsrdə yaranan Səyyar Rəssamlar Cəmiyyəti
rus incəsənətində realizm istiqamətini gücləndirərək
xalqın gündəlik həyatını, sosial problemlərini
təsvir etməyi qarşıya məqsəd qoydu. Bu hərəkatın
tanınmış nümayəndələri arasında
İlya Repin, Vasili Perov, İvan Kramskoy, Vasili Surikov və
Aleksey Savrasov kimi rəssamlar yer alırdılar. Səyyar rəssamlarından
biri olan Vasili Perov 1834-cü ildə anadan olub. O, dövrün
maarifçi və azadlıqsevər ziyalılarından, vaxtilə
dekabristləri evində qəbul edən baron (titul) Georgi
Kridenerin qeyri-rəsmi oğlu idi. Valideynləri Vasilinin
doğulmasından sonra nikah bağlasalar da, uşaq hələ
də "bastard" sayılır, atasının titul və
soyadını daşımasına icazə verilmir. Rəsmi sənədlərdə
gələcək rəssam xaç atasının
soyadını ("Vasilyev") daşıyır.
"Perov" təxəllüsü isə yazı dərslərində
gözəl xəttinə görə ona verilmiş və
sonralar yaradıcı psevdonim (uydurma ad) kimi istifadə
etmişdi. Vasilinin rəssamlığa marağının necə
yaranması naməlumdur. Deyilənə görə,
atasının evə dəvət etdiyi bir rəssamın
işini seyr edən gənc Perov bu sənətə aşiq
olmuş və rəssam olmağa qərar vermişdi. O, əvvəlcə
Arzamas Uçilişisində təhsil alır, çəkilişi
müstəqil şəkildə öyrənir. Daha sonra
Aleksandr Stupinin rəssamlıq məktəbinə daxil olur,
burada böyük səy və həvəs göstərir,
sinif yoldaşlarından əvvəl yağlı boya ilə
işləməyə başlayır. Təhsilini Moskva Rəsm,
Heykəltaraşlıq və Memarlıq Məktəbində
davam etdirərək yaradıcı mühitə qədəm
qoyur. Tələbəlik illərində çətinliklərlə
üzləşməsinə baxmayaraq, müəllimi Favorski
onu dəstəkləmiş və öz evində qalmasına
şərait yaratmışdı.
Perov və onunla yaxın olan rəssamların
yaradıcılığında ictimai problemlər, yuxarı təbəqənin
və din xadimlərinin nöqsanları, həmçinin sadə
insanların ağır həyatı əks olunur. Kilsəni tənqid
etdiyinə görə rəssam tez-tez din xadimlərinin
hücumuna məruz qalırdı. Onun şagirdlərindən
biri Perovu "qəm-qüssənin həqiqi
ifaçısı" adlandırmışdı.
- Bu əsərin olduqca ağrılı hekayəsi
var...
- Tablonun adı simvolikdir. Orijinal variantda
"Troyka" - qoşquya qoşulmuş üç at deməkdir.
Rəssam uşaqları atlarla müqayisə edərək
onların amansızcasına işlədilməsini göstərir.
Çünki at baha başa gəldiyi halda, uşaq əməyindən
daha asan və ucuz istifadə olunurdu. Əsərin digər
adı "Ustanın şagirdləri su
daşıyır"dır. Əsərin yaranması real
hadisələrə əsaslanır. Bir gün şəhərdə
gəzərkən Perov uşaqların xizək üstündə
su ilə dolu çəni daşıdıqlarını
görür. Lakin yük o qədər ağır olur ki,
balaca uşaqlar onu saxlaya bilməyir, çən arxaya
çevrilərək yıxılır. Uşaqlar çəni
yenidən qaldırıb yerinə qoyur və su doldurmaq
üçün çaya qayıdırlar. Bu hadisə rəssamı
dərindən təsirləndirir və o, tənqidi məzmunlu
bir əsər yaratmaq qərarına gəlir. Əsərdəki
kənar fiqurlar üçün rəssam tez bir zamanda naturadan
obrazlar tapır. Lakin mərkəzi, əsas obraz
üçün uyğun prototip tapa bilmir. Küçələrdə,
meydanlarda saysız-hesabsız uşaqları müşahidə
etsə də, arzuladığı sima və mimikanı
görmür. Buna görə də əsərin üzərində
iş bir müddət dayanır. Bir neçə müddət
sonra Perov təsadüfən kilsəyə gedən yolda bir
qrup insana rast gəlir. Onların arasında bir qoca qadın və
balaca uşaq diqqətini çəkir. Həmin
uşağın üzündə axtardığı ifadəni
görən rəssam dərhal onların yanına
yaxınlaşır. Uşağın anası Mariya sadə kəndli
qadını idi. O, rəssamın istəyini əvvəlcə
anlamır, ona etibar etmir, hətta müqavimət göstərir.
Perov izah etsə də ki, uşağın siması əsər
üçün lazımdır, Mariya tərəddüd edir.
Çünki həm çox dindar idi, həm də xalq
arasında rəsm haqqında dolaşan inanca inanırdı:
guya insanın şəkli çəkildikdə ömrü
qısalır, hətta ruhu əsir alınaraq ölümə
səbəb ola bilər. Rəssam ona hökmdarların, dini
obrazların da əsrlər boyu təsvir olunduğunu, buna
baxmayaraq, uzun ömür yaşadıqlarını
xatırladır. Həm də çəkəcəyi əsərin
ali, insani məqsədə xidmət etdiyini izah edir. Bu sözlərdən
sonra Mariya razılaşır. Perov cəmi iki saat ərzində
balaca Vasilinin obrazını çəkir, ailəyə pul
verir və onları yola salır. Əsər daha sonra Pavel
Tretyakov tərəfindən alınır və böyük
uğur qazanır. Üç ildən sonra Perovun yanına
yaşlı bir qadın gəlir. Əvvəlcə rəssam
onu tanımır, lakin qadın özünün çəkdiyi
balaca Vasilinin anası Mariya olduğunu deyir. O, oğlunun rəsmdən
az sonra xəstəlikdən vəfat etdiyini bildirir. Qadın həm
də söyləyir ki, rəsmi əldə etmək
üçün hər şeyini satmağa hazır olub. Perov
isə əsərin artıq satıldığını və
Tretyakov Qalereyasında saxlanıldığını bildirir.
Daha sonra o, Marianı qalereyaya aparır. Qadın əsərin
qarşısında diz çökərək göz
yaşı tökür və həyəcanla
pıçıldayır: "Vasilinin tam
özüdür!" Təbii ki, Perov əsəri qadına
verə bilmir. Lakin təsəlli olaraq ona Vasilinin ayrıca portretini
çəkməyi təklif edir. Mariya razılaşır və
rəssam yaddaşında canlandırdığı Vasilinin
simasını yenidən təsvir edərək ayrıca
portretini yaradır.
- Əsərin rəng həlli necədir?
- Tablonun faciəvi ab-havasını gücləndirən
əsas məfhumlardan biri onun rəng həllidir. Tabloya hakim
olan boz və qəhvəyi tonlar öz xarakterinə görə
ağır və sıxıcıdır. Bu rənglər həm
əsərin ümumi ruhunu ifadə edir, həm də sərt
rus qışına və axşamın yaxınlaşdığına
işarədir. Uşaqların bütün qışı
ağır zəhmətlə - çəni su ilə
doldurmaqla keçirməsi bu rəng simvolikası ilə daha
da vurğulanır. Ətraf mühitin - səma və
küçənin - tutqun boyalarla verilməsi obrazların
yorğunluğunu, ümidsizliyini və taqətdən
düşməsini simvolizə edir. Rəssam ustalıqla
küləkli, qarlı havanı təsvir edərək
tamaşaçıya sərt iqlim şəraitini bütün
reallığı ilə çatdırır.
- Monastır divarının palitrası isə
xüsusi maraq doğurur.
- Rəsmin yuxarı küncündə, monastır
divarında qarşısında çıraq yanan ikona təsvir
olunub. Əsərdə demək olar ki, yeganə işıq mənbəyi
budur. Burada rəssam daha isti palitradan - sarı, narıncı və
qırmızı tonlardan istifadə edir.
Əsərin əsas qəhrəmanları
uşaqlardır. Perov onların obrazlarını ümumi
mühitdən seçmək üçün üzlərinə
və əllərinə xüsusi işıq salır. Bu
yanaşma İntibah dövründən gələn ənənəyə
söykənir: işıq vasitəsilə obrazın daxili aləmi
və mənəvi gücü ön plana
çıxarılır. Uşaqlara yönələn bu
işığın mənbəyi ikona və
çıraqdır. Rəssam göstərir ki, uşaqlar
bütün əziyyətlərinə baxmayaraq,
Tanrının mərhəməti və xeyir-duası ilə
müşayiət olunurlar. Xüsusilə,
işığın mərkəzi fiqurun üzərinə
yönəlməsi də bu məna yükünü
artırır. Ətraf mühitdən fərqli olaraq
uşaqların geyimlərində müəyyən polixromluq
müşahidə olunur. Hər üç uşaq fərqli rəngli
libas geyinib. Qız obrazı xüsusilə diqqət çəkir:
onun tünd çəhrayı yaylıq və donu fiquru daha
incə və emosional göstərir. Uşaqların fon
qarşısında rəngarəng təsviri böyüklərin
tünd, sxematik təqdimatı ilə kontrast təşkil
edir. Ən sadə məqam belə - hətta uşaqlarla
birlikdə verilmiş itin detallı təsviri də - Perov
üçün uşaqların və onların səmimi
dostunun böyüklərdən daha əhəmiyyətli
olduğunu göstərir. Böyüklər isə mənəvi
sərtlikləri və laqeydlikləri ilə yalnız fonun bir
hissəsinə çevrilib.
- Əsərin kompozisiyası haqqında nə deyə
bilərsiniz?
- Perovun ən emosional əsərlərindən biri
sayılan "Üçlük" böyük
ölçülərə malikdir. Rəssam janr əsərlərinə
xas kiçik kətandan imtina edərək monumental tablo
yaradıb. Böyük ölçü məişət səhnəsinə
tarixi janr ab-havası bəxş edir və əsərə
plakat xarakteri qazandırır. Üç obrazın
tamaşaçıya doğru yönəlməsi də bu
plakatvari təsiri gücləndirir. Perovun bütün
yaradıcılığına xas sadə, aydın və ciddi
quruluş bu əsərdə də özünü göstərir.
Kompozisiyanın mərkəzində üç uşaq fiquru
dayanır. Sol tərəfdəki oğlan son dərəcə
yorğun təsvir olunub: əzələlərinin gərilməsi,
sallanmış əli, əyilmiş bədəni və
huşunu itirəcək kimi yuxarı qaldırılmış
gözləri onun taqətsizliyini ifadə edir. Çox
güman ki, o, bu üçlük içində ən
kiçikdir. Ortadakı qız fiquru da təsirlidir. XIX əsrdə
hətta qız uşaqlarının belə ağır zəhmətə
məcbur edilməsi rəssamın diqqətindən
yayınmayıb. Qızın aşağı zillənmiş
baxışları öz taleyini qəbul etməyin simvoludur.
Onun incə əlləri böyük çəni
daşımaq məcburiyyətindədir. Qızın böyük,
köhnə ayaqqabıları onun zərif fiqurunu daha da
qabardır.
- Mərkəzdəki oğlan...
- Əsərin əsas qəhrəmanı isə mərkəzdəki
oğlandır. O, bütün gücü ilə irəliyə
yönəlib və yükün əsas
ağırlığı onun üzərindədir. Yorğun
olmasına baxmayaraq, irəli addımlayır və bu möhkəm
iradəsi yoldaşlarına da güc verir. Bədəninin
monumental quruluşu və üzünə yönəlmiş
işıq onu aparıcı fiqur kimi fərqləndirir.
Uşaqların arıq bədənləri və
köhnəlmiş, nazik geyimləri ağır həyat şəraitini
əks etdirir. Donmaq dərəcəsində şaxtalı havanı
rəssam su çənindəki suyun donması ilə göstərib.
Saçların küləkdə dalğalanması isə sərt
soyuğu daha da vurğulayır.
Fonda dumanlı şəhər mənzərəsi və
iki kişi fiquru görürük. Onlardan biri uşaqlara
kömək edir, lakin böyük və güclü bir
insanın belə çəni zorla hərəkət etdirməsi
tamaşaçıya uşaqların çəkdiyi əzabın
miqyasını göstərir. Ağır monastır
divarları isə sanki fiqurların üzərinə
çökür, kompozisiyanı sıxır və əsərə
çarəsizlik, tənhalıq ovqatı qatır.
- Tablo hazırda harada saxlanılır?
- Əsər Moskvadakı Dövlət Tretyakov
Qalereyasında qorunur.
- "Üçlük" rəssamın digər əsərləri
ilə hansı ortaq və fərqli cəhətlərə
sahibdir?
- Vasili Perovun yaradıcılığı bir neçə
mərhələdən keçir.
Yaradıcılığının ilkin dövründə əsərlərdə
ironiya və satira aparıcı rol oynayır. Personajlar
karikaturaya yaxın üslubda təsvir edilir, daxili
qüsurları qabarıq göstərilir. Rəng
palitrasında parlaq tonlar üstünlük təşkil edir.
1860-cı illərdə satira yerini dramatizmə verir. Əsərlərdə
xalqın ağır həyatı, ümidsizlik və sosial
problemlər ön plana çıxır. Rəng həllində
boz-qəhvəyi tonlar üstünlük təşkil edir.
"Üçlük" və "Mərhumun yola
salınması" bu mərhələyə aiddir. 10 il sonra
isə kəskin sosial mövzulardan uzaqlaşıb daha
çox kəndlilərin gündəlik həyatına
müraciət edir. "Ovçular istirahətdə" əsəri
bu dövrün nümunəsidir. Rəng palitrası əvvəlki
kimi qaranlıq qalsa da, mövzu daha yüngül və gündəlikdir.
Bütün yaradıcılıq dövrlərində Perovu
birləşdirən əsas cəhət - reallığın
dəqiq təsviri və ciddi kompozisiya quruluşudur.
- Sizcə, bu rəsm bizə nə deyir?
- XIX əsr Rusiyasında uşaqların ağır zəhmətə
cəlb olunması geniş yayılmışdı. Valideynlərini
itirən və ya kasıb ailələrin uşaqları
çox vaxt ustaların yanına göndərilir, gün boyu
ağır işlərlə məşğul olur, lakin əvəzində
az qida alırdılar. Buna görə də Perovun əsərlərində
uşaqların arıq və zəif təsvir olunması təsadüfi
deyil.
Bu reallıq hamıya məlum olsa da, ictimaiyyət
susurdu. İlk dəfə Perov bu problemi açıq şəkildə
sənət vasitəsilə qaldırdı və
uşaqların əməyinin istismarını qınaq
obyektinə çevirdi. "Üçlük"dəki
uşaqlar dövrün əzabkeş uşaqlarının
ümumiləşdirilmiş obrazıdır. Bu əsər
uşaqlığın oğurlanmasının, insan
haqlarının tapdanmasının faciəvi rəmzidir.
Aytac SAHƏD
525-ci qəzet .- 2025.- 3 sentyabr (№157).- S.11.