İranda Azərbaycançılığın
və Müqavimət ədəbiyyatının simvolu
Hüseyn Məhəmmədzadə Sədiq -
Düzgün İranda klassik Azərbaycan ədəbiyyatının,
xalqa məxsus qədim türk abidələrinin
araşdırılıb təbliğ olunmasında və ana
dilinin qorunması üçün misilsiz xidmətlər
göstərib. O, çoxcəhətli fəaliyyəti ilə
Azərbaycan ədəbiyyatı və elmində mühüm
mövqeyə malikdir. Geniş elmi axtarışları, klassik
ədəbiyyatın tədqiqinə yönəlmiş zəhməti,
şeir yaradıcılığı, tərcümələri
və ictimai fəaliyyəti bütöv bir dövrün ədəbi-mədəni
mənzərəsini ifadə edən Sədiq, Güney Azərbaycan
aydınlarının son magikanlarından idi.
Hüseyn Məhəmmədzadə 25 iyun 1945-ci ildə
Təbriz yaxınlığındakı Aynalı
dağının ətəyində yerləşən qədim
Sürxab məhəlləsində anadan olmuşdu. Atası
"Rəbiüş-Şəriə" kitabının
müəllifi Mir Əli Sürxabinin nəvəsi, anası isə
Ərdəbil xanlarından olan, Məşrutə
inqilabının və Şeyx Xiyabani qiyamının ən fəal
inqilabçılarından biri Abbasquluxanın qızı idi.
Oxuduğu "Loğman" məktəbinin
yanında yerləşən "Tərbiyət"
kitabxanası Hüseyn üçün böyük imkanlar
yaradır, saatlarla həmin kitabxanada qiraətlə məşğul
olurdı. Məktəbdə ədəbi istedadına görə
ona şair ləqəbi vermişdilər. Bu balaca şair hətta
oxuduğu dərslərin mövzularını poetikləşdirərək
əzbərləyirdi. İllər ötdükcə onun ədəbiyyata
və şeirə marağı daha da artır. Yeniyetmə ikən
yaşadığı məhəllənin savadsız
adamlarına əlifba və başqa dərslər keçir.
Hüseyn Məhəmmədzadə öz ana dili olan
türkcəyə (Azərbaycan dilinə) çox
bağlı idi, ana dili haqqında daha çox oxumaq eşqini,
assimilyasiya siyasəti qarşısında onu qorumaq vəzifəsini
ömrünün sonunadək davam etdirəcəkdi.
1965-ci ildə Səməd Behrəngi ilə
tanışlığı Sədiqin
dünyagörüşündə, taleyində xüsusi rol
oynayır. O, Səməd Behrəngi, Əlirza Habdil Oxtay,
Behruz Dehqani, Behruz Dövlətabadi və Məftun Əmini
kimi ədəbi simalarla birlikdə Təbrizdə türkcə
mətbu orqanı nəşr etmək qərarına gəlir
və ilk dəfə olaraq "Adına" qəzetini həm
türk, həm də fars dilində çap edirlər.
Sədiq elmi tənqid sahəsində də ilk
addımlarını həmin illərdə atmışdı.
Behrəngi özünə "Qaranquş" təxəllüsünü
götürdüyü kimi, Sədiq də
"Düzgün" imzasını seçmişdi.
Folklor toplayıcısı, istedadlı qələm
sahibi, sonralar İranda uşaq ədəbiyyatının
yaradıcısı kimi ad qazanan yaxın dostu, 29 yaşlı
gənc yazıçı C.Behrənginin faciəli
ölümü gənc Hüseyni dərindən
sarsıdır, amma ruhdan düşmür, 9 sayı
işıq üzü görmüş "Adına" qəzeti
sonralar "Hünər və ictima" adı ilə yenidən
türk və fars dillərində nəşrini davam etdirir.
Lakin artıq dərgi formatında çıxan nəşriyyənin
13-cü sayı Savakı (İran kəşfiyyat və Milli Təhlükəsizlik
Təşkilatı) qıcıqlandırır, evində həbs
olunan H.S.Düzgün 6 ay zindan həyatı yaşayır. Həbsdən
azad olduqdan sonra Ərdəbil şəhərində müəllimlik
edir və o vaxtdan folklor toplamağa maraq göstərir. Bu isə
yenidən Savakın müdaxiləsinə səbəb olur.
Hüseyn bəy yenidən həbs edilir. 41 günlük
işgəncədən sonra 6 aylıq həbs va 5 illik
dövlət işindən uzaqlaşma cəzasına məhkum
edilir.
1983-cü ildə İstanbul Universiteti ədəbiyyat
fakültəsinin əski türk filologiyası
bölümündə professor Məhərrəm Erkinin rəhbərliyi
ilə "Fars və Azərbaycan dilləri
qrammatikalarının qarşılıqlı
araşdırılması" və şərqşünaslıq
bölümündə isə "Ərəb-türk dillərinin
qarşılıqlı əlaqəsi" mövzulu elmi
iş müdafiə edir və doktorluq dərəcəsi
alır. Tehran universitetində isə "Mirzəağa Təbrizinin
həyatı, düşüncələri və Risaleyi-əxlaqiyyənin
mətni və əxlaq elmi" mövzusunda elmi işini
müdafiə edərək orada da professor-doktor adını
alır.
Hüseyn Düzgün yaxşı bilirdi ki, İranda
rəsmi şəkildə ana dilində təhsil almaq
mümkün deyildi. Buna görə də alternativ yollar
axtarıb tapmışdı: a) Ana dilində dərgilər nəşr
etmək; b) Dil kursları təşkil
etmək; c) Ana dilində elmi məqalələr və dərsliklər
hazırlamaq.
O, müxtəlif dövrlərdə siyasi, ədəbi
və ictimai fəaliyyətlə məşğul olub. 1979-cu
il inqilabından sonra müxtəlif ədəbi nəşrlərin,
o cümlədən Azərbaycan türkcəsində
buraxılan "Yoldaş" , "Yeni Yol", "Inqilab
yolunda", "Qardaşlıq" və "Bulleten" dərgisinin
baş redaktoru kimi çalışıb. Bu jurnalların məzmununda
şah rejiminin Azərbaycanda yeritdiyi assimilyasiya və iqtisadi
siyasətə qarşı tənqidlər, Azərbaycan
tarixindən, mədəniyyətindən və qəhrəmanlıq
səhifələrindən yazılar mühüm yer tuturdu.
İnqilabın ilk illərindən sonra ağır
siyasi başqılar nəticəsində Hüseyn
Düzgün siyasi fəaliyyətini dayandırıb və ədəbi-mədəni
işlərlə məşğul olur. O, Tehranda və
başqa şəhərlərdə türk dili kursları
açaraq gənclərin ana dilini öyrənməsinə
xidmət edir.
Müəyyən dövrlərdə İran TV-də
ssenarist, IIR-nin türk dilləri üzrə rəsmi tərcüməçi
vəzifəsində çalışsa da, az müddətdən
sonra tutduğu vəzifələrdən
uzaqlaşdırılır.
Bir sıra Tehran, Urmiyə, İsfahan və Həmədan
universitetlərində açılan Türk Dili və Ədəbiyyatı
kurslarında mühazirəçi kimi
çalışır. Tədrislə məşğul olan
H.Düzgün publisistika, tərcüməçilik,
araşdırmaçılıq işlərini də davam etdirir. O, İranda
Türk gənclərinin Azərbaycan Türk dilinin öyrənməsi
üçün ölçüyəgəlməz işlər
görüb.
Hüseyn Düzgün gənc yaşlarından
şeir yazmağa başlamışdır. İnqilabın ilk
günlərində onun "Kiçik şeirlər"
adlı kitabı işıq üzü görür. Bu kitab
inqilab ərəfəsində İranda nəşr olunan ilk
türkcə kitab idi. Daha sonra "Səməd Behrəngi mənzuməsi",
"Uçqun daxma" kimi şeir kitabları çap edilmişdir.
O, türkcə şeirlərini
"Düzgün", farsca şeirlərini isə
"Aşun" təxəllüsü ilə nəşr
etdirirdi. Şeirlərində vətənpərvərlik, milli
kimlik, insan sevgisi, azadlıq arzusu, ictimai ədalətsizliklərə
etiraz mühüm yer tutur.
Hüseyn Düzgün təkcə böyük əsərləri
ilə deyil, həm də "lövhə"
adlandırdığı kiçik şeir kitabları ilə
oxucu yaddaşında qalıb. "Bakı lövhələri",
"Kənd lövhələri", "Qaşqay lövhələri",
"Zəncan lövhələri", "Ərdəbil
lövhələri", "Təbriz lövhələri",
"Hələb lövhələri" həm poetik, həm
də etnoqrafik dəyərə malikdir. Bu toplular səyahət
təəssüratları, xalq həyatının canlı mənzərələri,
milli kimlik duyğuları ilə zəngindir. kitabları həm
poetik müşahidə, həm də mədəni-sosioloji
qeydlərdir.
Hüseyn Düzgünün lirikası həm poetik, həm
də publisistik gücə malikdir: bir tərəfdən
lirizmi, digər tərəfdən milli dirənişi
daşıyır. O öz şeirlərində Təbrizi milli
yaddaşın, müqavimətin, azadlıq arzularının
simvolu kimi təqdim edir. Babəkin adı ilə birlikdə Təbrizi
tarixi qəhrəmanlıq ənənəsinin davamı kimi
göstərir:
Mən səndə tapmışam Babək inadın,
Bahar günlərinin qoxusun, dadın!
Çıxmaz xatırımdan heç zaman adın,
Müqəddəs arzulu Təbrizim mənim!
Onun şeirlərində həm folklor elementləri (təkrarlar,
deyimlər), həm də klassik lirikanın obraz sistemi
(qızıl gül, durna, qəfəs, zəncir) uğurla
sintez olunur.
Tələbəlik illərində uşaqlar
üçün yazdığı "Türk əkizləri",
"Çil Maydan", "Qara at", "İran əkizləri"
kitabları ədəbiyyat, folklor və teatr tarixinə dair
araşdırmaları xüsusi diqqətə layiqdir. Onun
"Azərbaycan xalq poeziyasında tülkü və keçəl
nağılları", "Mirzə Ağa Təbrizi
teatrı", "Arzu-Qəmbər", "Azərbaycan
tarixi və aşıqları" əsərləri
folklorşünaslıq və teatrşünaslıq elminin
mühüm nümunələridir.
O, dini əsərləri "Hüseyn Sərxablı",
"Mirzə Qalxan" və "Mir Səfədər Şəmaylı"
imzaları ilə nəşr etmiş, Quranın türkcə
tərcüməsini də ərsəyə gətirmişdi.
Ədəbi fəaliyyətində həm klassiklərin
tədqiqi, həm də müasir ədəbi mühitin
inkişafı əsas yer tutur.
Şeyx Səfiəddin Ərdəbilinin "Qara məcmuə",
Əhməd Kəsrəvinin "Azəri" nəzəriyyəsinin
rədd edilməsi, "Dədə Qoqud" risaləsinin kəşfi,
yenidən oxunması, yenidən yazılması və tərcüməsi
(kitabda qeyd olunan səbəblərə görə H.Düzgün
bu risaləyə "Təbriz Rəcəzləri"
adını verib), Mirzə Mehdi Estrabadinin üç cilddə
türk- fars dili lüğətinin - "Sanqlax"ın nəşri
və tərcüməsi, Mahmud Kaşqari
"Divani-lüğatit-Türk"ünün fars dilinə tərcüməsi
və nəşri, İranda Məhəmməd Füzulinin
bütün əsərlərinin redaktəsi, nəşri və
tərcüməsi türkoloji elmdə mühüm hadisədir.
Hüseyn Məhəmmədzadə Sədiq
Düzgünün geniş elmi axtarışları, klassik ədəbiyyatın
tədqiqinə yönəlmiş zəhməti, şeir
yaradıcılığı, tərcümələri və
ictimai fəaliyyəti bütöv bir dövrün ədəbi-mədəni
mənzərəsini ifadə edir. Əsas elmi
yaradıcılığının böyük hissəsi Azərbaycan
və Şərq klassiklərinin şeirlərinin təhlilinə
həsr olunub və bu istiqamətdə yazdığı
monoqrafiyalar, məqalələr, risalələr ədəbiyyatşünaslığımızda
mühüm mərhələ təşkil edir. O, Nizami,
Xaqani, Mövlana, Şeyx Səfiəddin Ərdəbili,
İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd
Füzuli, Qövsi Təbrizi, Saib Təbrizi, Nəbati, Molla Pənah
Vaqif, Mirzə Şəfi Vazeh, Mirzə Məhəmmədbəqir
Xalxali, Məhəmmədəli Hidəci, Zəfər Ərdəbili,
Məsihi Təbrizi, Bahar Şirvani, Əbülhəsən
Racı, Səməd Vurğun, Rəsul Rza, Həbib Sahir və
Məhəmmədhüseyn Şəhriyar və başqa
böyük şairlərin
yaradıcılığını tədqiq edib. Alim ölməz
şairimiz Füzulinin türkcə "Divan"ını
hazırlayarkən 18 təzkirəni, 13 elmi əsəri,
şeirlərinin beş divanının çap nüsxələrini
və müxtəlif əlyazmaları diqqətlə
araşdırmışdı. Bu zaman o, dörd tənqidi və
səkkiz əlyazma nüsxəsinə əsaslanmış, bəzi
əlyazmaları kəlmə-kəlmə tutuşduraraq
mövcud mətni bir neçə çap və xətti
nüsxələrlə müqayisə etmişdi.
Şeyx Səfiyə aid edilən şeirlərin dəqiqləşdirilməsi,
müxtəlif əlyazmalarda qarışıq vəziyyətdə
olan nümunələrin ayrılması da onun mühüm
xidmətlərindəndir.
Beləliklə, Düzgün həm tənqidçi,
həm də mətnşünas kimi klassik irsin qorunub gələcək
nəsillərə ötürülməsində mühüm
rol oynayıb.
Alimin klassik irs üzərində tədqiqatları
onun elmə verdiyi ən mühüm töhfələrdir.
H.Düzgün ümumilikdə türk dili və ədəbiyyatı
ilə bağlı müxtəlif mövzularda 300-dən
artıq kitab nəşr etdirib. Azərbaycanın onlarla klassik
şairinin əsərlərini işləyib nəşr edən
Hüseyn Düzgün yarım əsrə yaxın fəaliyyəti
ilə Azərbaycan ədəbiyyatında həm alim, tərcüməçi,
həm də şair olaraq silinməz iz qoyub. Onun
araşdırmaları klassik irsin müasir oxucuya təqdimində
mühüm rol oynayıb, poeziyası isə milli kimlik və
azadlıq duyğularının ifadəsinə çevrilib.
Pərvanə MƏMMƏDLİ
525-ci qəzet .- 2025.- 4 sentyabr (№ 187).- S.14.