"Bəyəndiyim
bütün şeirlərimi Bakıda yazmışam"
Ramil Mərzili: "Hansı şeirimi nə zaman
oxusam, təzədən eyni ağrıları
yaşayıram"
Müsahibimiz Azərbaycan Yazıçılar və
Dünya Gənc Türk Yazarlar birliklərinin üzvü,
"Unutmaq sevməkdən daha çətindir", "Sənli
sənsizəm", "Alın yazım", "Kimsə
bilməsin", "Qadağan olunmuş şeirlər"
kitablarının müəllifi şair Ramil Mərzilidir.
Ramil bəy Bakıda yaşadığı dönəmlərdə
ədəbi mühitdə çox fəal gənc şairlərdən
biri idi. İllər öncə işi ilə əlaqədar
Ağdama köçdükdən sonra eyni fəallıqda
olmasa da, regiondan üzü paytaxta sarı poeziyasının səsi
yenə də gəlməkdə, sədası duyulmaqdadır.
Bu günlərdə istedadlı şairin Bakıya gəlişindən
istifadə edib onunla ətraflı söhbətləşdik:
- Ramil bəy, nə zaman şair olduğunuzu hiss edib
buna inandınız?
- Orta məktəbin son siniflərindən ara-sıra
şeirlər yazırdım. Universitetdə oxuyarkən, elə
1-ci kursda ilk kitabım, 3-cü kursda isə ikinci kitabım
çıxdı. Amma şair olduğuma Azərbaycan
Yazıçılar Birliyinin layihəsi olan Gənc Ədiblər
Məktəbində inandım. Ona qədərki
yazılarım adi, ürəkdən gələn hisslərin əksi
idi, ondan sonrakı yazılarım isə həm də
şeirdir, poeziyadır. Öz şeirlərimdə
tapıntıları, yeni orijinal fikirləri hiss edəndə
inandım ki, şairəm. İndi də şairliyə ciddi
iddiam yoxdur, amma az-çox fərqləndiyimi, oxucu istəyi
qazanmış şeirlərim olduğunu da bilirəm.
- Anladığım qədəri ilə ədəbiyyata
marağınız uşaq yaşlarınızdan olub. Bəs
niyə ali təhsildə ədəbiyyata yönəlmədiniz?
- Mən əslində, həkim olmaq istəyirdim,
mühəndis oldum. Kardioloq olmaq istəsəm də, Tibb
Universitetinə daxil ola bilmədim. Məncə,
alınsaydı, çox yaxşı ürək həkimi
olardım.
- Şeir yazmaq sizin üçün nədir?
Ağrı, yoxsa ağrıkəsici?
- Şeir mənim üçün rahatlıqdır.
Əvvəllər ildə 10-12 və daha çox şeir
yazırdımsa, indi ilə 2 şeir yazam, ya yazmayam. Bəlkə
də son illərdə buna görə əsl
rahatlığı tapa bilmirəm. Məncə, şeir
hansısa ağrıdan yaranan hissdir, ağrının özü
deyil. Məsələn, insanın harasısa şiddətli
ağrıyanda, görürsən ki, gözündən
yaş tökülür. O göz yaşı ağrı
deyil, ağrıdan yaranan hissdir. Şeir də elədir. Amma mənim
heç bir şeirim özümə ağrıkəsici təsiri
bağışlamayıb, nə zaman hansı şeirimi oxusam,
təzədən eyni ağrıları yaşayıram.
- Bəs eşq?
- Eşq ağrıdır. Özü də kəskin,
bitməyən ağrıdır. Bəzən sən
özünü aldada bilərsən ki, nələrsə
yaşandı və bitdi. Amma qətiyyən belə deyil. O
ağrı sadəcə ilk üz-üzə, göz-gözə
gələnə qədər səngiyə, bəlkə
haradasa unudula bilər. Nə zaman ki, göz-gözə gəldin,
səni yenidən qaytarıb aparacaq özü ilə həmin
hisslərə, duyğulara...
- Bir zamanlar Bakıda qaynar ədəbi mühitin
içərisində idiniz. Həm Gənc Ədiblər Məktəbində,
həm Yaradıcılıq fakültəsində aktiv idiniz.
Sonra isə işinizlə əlaqədar öncə paytaxtdan,
sonra da ədəbi mühitdən uzaqlaşmalı oldunuz. Bu
uzaqlıq yaradıcılığınıza necə təsir
etdi?
- Birbaşa təsir etdi. Gənc Ədiblər Məktəbindən
öncə Hacı Rafiq Əliyevin sədrliyi, mərhum
alimimiz Şahin Fazilin iştirakı ilə Vahid Poeziya məclisinə
də qatılırdım. İşdən vaxt tapdıqca
onların poeziya söhbətlərində iştirak etməyə
çalışırdım. Sonralar, dediyiniz kimi, həm
Yazıçılar Birliyində keçirilən Gənc
Ədiblər Məktəbi, həm Bakı Slavyan Universitetində
fəaliyyət göstərən Yaradıcılıq fakültəsi
mənim ədəbi fəaliyyətimə çox təsir
edirdi. Ən azından o mühitin içərisində
olursan, o söhbətlərə, ədəbiyyata, poeziyaya bir
növ məruz qalırsan və bu da sənə ən az
mütaliə qədər təsir edir. Öz
yaradıcılığımda sevdiyim, bəyəndiyim
bütün şeirlərimi Bakıda yazmışam. Buradan
gedəndən sonra iş, ailə, qayğılar, fərqli
mühit, istər-istəməz öz təsirini göstərir.
Şəxsi həyatın, şəxsi işin poeziyanın
önünə keçir. Bu qayğılar artdıqca, iş
rejimi ağırlaşdıqca, hətta bəzən şeir gəlsə
belə, onu yazmağa, harasa qeyd etməyə vaxt tapmırsan,
daxilindəcə onu öldürmüş olursan. Beləcə,
öz şeirinin qatilinə çevrilirsən. Son iki ildə ən
az 3-4 şeirimin qatili olmuşam.
- Sizcə, şeir vəfasızdır?
- Məncə, oxucular şeirə qarşı vəfasızdır,
şeir yox. Bu gün sevdiyimiz, dilimizdə əzbər etdiyimiz
şeir olur ki, sabah bir başqasını görən kimi onu
unuda bilirik. Düşünmürük ki, bir zamanlar çətin
məqamımızda, hansısa hissin yaşantısında bizə
bu şeir yoldaş olub, onda ağrılarımıza təsəlli
tapmışıq. Başqa bir şeiri bəyənən kimi
digərini unudursa, onda oxucular vəfasızdır, şeir yox.
- Bəs şair nə qədər vəfalıdır?
- Dahi Füzuli "Aldanma ki, şair sözü, əlbəttə,
yalandır" - desə də, məncə, şairləri
digər insanlardan ayırmaq olmaz. İnsan vəfasızdır
deyə şair də vəfasızdır.
- Axı şairlər digər insanlardan daha çox vəfadan
bəhs edirlər...
- Şairlər onu öz içlərində yaşayırlar,
amma həyat bəzən səni elə bir məqama gətirir
ki, hətta bilmədən yox, bilərək vəfasızlıq
edirsən. Digər insanlar üçün yaşamaq, qərar
vermək şairlərdən daha asandır, məncə.
Şairlər xarakter baxımından, hiss, duyğular
sarıdan daha zəif, daha kövrəkdirlər. Ona görə
də bu vəfa mövzusunda daha həssasdırlar, bəlkə
də.
- Xəritə çəkmək asandır, ya şeir
yazmaq?
- Xəritə çəkmək... Onu hər gün
çəkirik onsuz da (gülürük). Hansısa rayonun, kəndin
xəritəsini çəkirsən, sərhədlərini
müəyyən edirsən. Amma eşqin xəritəsini
çəkmək olmur, başqasının hisslərinin sərhədlərini
çəkə bilmirsən. Ona görə də şeir
yazmaq heç də asan deyil.
- Bayaq həkim olmaq istəyib də, mühəndis
olmağınızdan danışdınız. Həyatda istəmədən,
məcbur qalıb etdiyiniz çox şeylər var?
- Əslində, azad insanam. Doğrudur, tam azad insan
yoxdur, amma bu həyat meyarları daxilində özümü
azad hiss edirəm. Azadlıq isə hər istədiyini etmək
yox, istəmədiyini etməməkdir, mənə görə.
Mən də ömrüm boyunca çalışmışam
ki, istəmədiyimi etməyim. Ancaq həyatın məcbur
qoyduğu anlar da olub. Məsələn, Birinci Qarabağ
müharibəsi dövründə evin böyük
uşağı olduğum üçün ta uşaq
yaşlarımdan kiminsə qapısında iş görüb
evə az da olsa, pul, ərzaq aparmağa məcbur olmuşam.
Halbuki özüm bunu etmək istəmirdim. Eyni zamanda hər
insan kimi, mənim də zəif nöqtəm olan
doğmalarım, ya da hansısa nüanslar var ki, onların
vasitəsi ilə mənə nəyisə məcbur elətdirmək
olar. Çox da güclü polad iradəli adam deyiləm.
- Bilirəm ki, Ağdam, doğulduğunuz Mərzili də
sizin həssas nöqtələrinizdən biridir. Çox
şükür ki, bu gün Ağdam da, Mərzili də
azaddır...
- Bəli, Allah şəhidlərimizə rəhmət
eləsin, qazilərimizə cansağlığı versin.
İkinci Qarabağ müharibəsi başlar-başlamaz, mən
də könüllü ordu sıralarına
yazılmışdım. Amma müəyyən səbəblərdən
məni aparmadılar. Hər an torpaqlarımız uğrunda
döyüşməyə hazır idim. Müharibə bitəndən
bir ay sonra isə dostlarımla birgə - mənim xahişimə
görə üç nəfər birlikdə Mərziliyə
getdik. Hörmətli şairimiz Qulu Ağsəsin öz
şeirində: "Çıx Bərdə yoluna - Uzundərəynən
gəlirik!.."- dediyi həmin o Ağdam-Bərdə yolu məhz
mən də daxil olmaqla üç nəfərin verdiyi
koordinatlar üzərindən çəkilib. Mən o kənddən
çıxanda 11 yaşım var idi. İndi çox
xatırlaya bilməsəm də, maşından
düşüb piyada oraları gəzdim, evimizdən,
az-çox xatırladığım o illərdən bir iz, bir
nişan aradım. Sonralar isə böyüklərimizlə
birgə getdik, onların yaddaşının bələdçiliyi
ilə evimizi də tapdıq, içərisindəki müəyyən
xırda xatirələrlə də qarşılaşdıq.
Anamı, atamı da aparmışam kəndimizə.
Şükür, indi bütün Qarabağ kimi Ağdam da, Mərzili
də abadlaşır, amma o günlərdə yerlə-yeksan
idi, daş-daş üstündə qalmamışdı. O mənzərənin
özü 30 il həmin torpağın, həmin evin həsrəti
ilə yaşamış insanlar üçün ən
böyük ağrı idi.
- Həmin o 30 ildə siz "Mərzili"ni öz
adınızın yanında, təxəllüs kimi
daşıdınız. Nə zamansa "Mərzili" sizə
yük oldumu?
- Sinə dağı kimi, əl çatmaz arzu kimi,
qaysaq bağlamayan yara kimi bəli, yük idi. Amma həm də
"Mərzili" adını mən qürurla
daşımışam. Çünki hər hansı ədəbiyyat
tədbirində, şeir müsabiqələrində, festivallarda
qalib olarkən, səhnədən səslənən "Ramil
Mərzili" təqdimatı ilə çoxları o "Mərzili"nin
haradan gəldiyini bilirdi. Çünki mən bilən, Mərzili
Ağdamın ən çox ziyalılar yetişdirən kəndidir.
Təbii ki, buna görə hər zaman doğulduğum kəndlə
fəxr eləmişəm. Digər tərəfdən isə
28-30 il müddətində elə bir kənd yoxdur və sən
ürəyində, ruhunda, adının yanında o
boşluğu daşıyırsan. Ona görə də
"Ramil" adı o təxəllüsün yanında həmişə
əzik, boynubükük, bir tərəfi yox vəziyyətdə
qalıb. Çox şükür ki, bu gün hər şey
tamamilə dəyişib. İndi biz qalib xalqıq, öz
torpağına, öz mədəniyyətinə, öz
kökünə sahib çıxmağı bacaran millətik.
İndi torpağımız kimi adımız da
bütövdür.
- Bu qələbə, bu hisslər
yaradıcılığınıza necə təsir etdi?
- Bu, əslində, özümün də yaralı
yerimdir. Belə ki, torpaqlarımız işğalda ikən mənim
vətənə, Qarabağ həsr etdiyim bir neçə
ağrılı şeirlərim olsa da, qələbədən
sonra bu mövzuda heç bir şeir yaza bilməmişəm.
Hətta bunu özümdən soruşmağa da qorxuram ki,
"niyə yoxdur?" Yoxluğu, varlığından daha
böyük ədəbi təsir göstərdi mənə,
yoxsa nə? Cavabını bilmirəm.
- Bayaq özünüz dediniz ki, şeir ağrıdan
doğulur. Yəqin indi o sarıdan ağrı yoxdur.
- Elədir. Hərdən də düşünürəm
ki, bəlkə sevinci də yazmaq olardı.
- Xoşbəxtlikdə şeir yada düşür?
- Yox...
- Xoşbəxtsiniz?
- Xoşbəxtlik nisbi anlayışdır, məncə.
Bir insan ailəlidirsə, ağıllı, tərbiyəli,
savadlı övladları varsa, doğmaları
yanındadırsa, işi, sənəti, evi, dostları varsa və
bütün bunların varlığı xoşbəxtlikdirsə,
xoşbəxtəm. Amma mənə görə ümumən
xoşbəxtlik yoxdur. Düzü, mən həyatımı əksərən
pessimist keçirən adamam. Düşünmək, qəmli
mahnılar dinləmək, saatlarla qaranlıq otaqda dinmədən,
danışmadan sadəcə tavana baxaraq xəyallara dalmaq məni
daha çox rahatladır. Hərdən bunu anlamayan insanlar mənə
deyirlər ki, sən naşükürsən. Yox, elə deyil.
Sadəcə, bəlkə də kədəri daha çox
sevirəm.
- Bu günün ədəbiyyatını necə
görürsünüz? Xüsusən, sosial şəbəkə
ədəbiyyatı deyilən o ədəbiyyat növü
haqda nə düşünürsünüz?
- Əvvəl də elə
düşünürdüm, indi də əminliklə deyirəm
ki, sosial şəbəkə ədəbiyyatı ədəbiyyatı
hörmətdən salır. Harada qeyri-ciddi, iki cümləni
yanaşı yaza bilməyənlər varsa, sosial şəbəkələrdə
özünü "şair, şairə" adı ilə
insanlara sırıyır. Özləri kimi kütlə də
rəylərdə tərifləri yağdırır. Görən
də elə bilir müasir Azərbaycan poeziyası budur. Bəli,
istedadlı insanlar var, sözü, şeiri duya bilən gənclər
yetişir. Ümumən isə vəziyyət heç də
yaxşıya getmir. Bu gün mən Azərbaycan ədəbiyyatına
baxanda sadəcə üzülürəm, heyifsilənirəm.
- İmzanızı tanımayan birinə
özünüzü şair kimi təqdim edərkən
hansı şeirinizi deyərsiniz?
- "Ömür keçir beləcə"
şeirimi deyərdim. Orada özümü anladıram. Yaxud
"Akapella" şeirimi deyərdim. Çox sevirəm o
şeiri:
Yağış
yağır sənsizliyin
üstünə,
Elə darıxıram... Havam çatışmır.
Sənin saçlarının sığal izləri,
Mənimsə getməyə yuvam
çatışmır.
- Son olaraq, müsahibə əsnasında hansı
sualı gözləmirdiniz, eləcə də sizə verməyimi
istədiyiniz hansı sual vardı ki, onu eşitmədiniz?
- (Sükut) Düzü, sevgi barədə
sualınızı gözləmirdim. Eşitmək istədiyim
belə bir sual olardı: "Bu həyatda tək bir arzu diləmək
şansın olsaydı ki, o mütləq həyata keçərdi,
həmin arzu nə olardı?" Bax, siz o sualı vermədiniz
deyə, mən də cavabını verməyəcəyəm
(gülürük).
Şahanə MÜŞFİQ
525-ci qəzet .- 2025. - 4 sentyabr (№158).- S.13.