Bakıda ilk dəfə
İƏT Mədəniyyət Festivalı keçiriləcək
- 300-dən çox qonaq qatılacaq
Bakıda oktyabrın 6-12-də ilk dəfə İslam
Əməkdaşlıq Təşkilatının (İƏT)
və Mədəniyyət Nazirliyinin təşkilatçılığı
ilə "İƏT Mədəniyyət Festivalı:
Bakı Yaradıcı Həftə – 2025" keçiriləcək.
525.az xəbər verir ki, bu barədə nazirlik məlumat
yayıb.
Bildirilib ki, festivalda mədəniyyətlərarası
dialoqun inkişaf etdirilməsi, İslam dəyərlərinin
– tolerantlıq, sülh və müxtəlifliyə hörmətin
təbliği əsas istiqamətlərdən olacaq. Bununla
yanaşı, iqtisadiyyat, təhsil, elm və turizm sahələrində
birgə layihələrin təşviqi, üzv dövlətlər
arasında dayanıqlı tərəfdaşlıqların
qurulması və yaradıcı sənayelərin qlobal
iqtisadiyyata inteqrasiyasının gücləndirilməsi nəzərdə
tutulur.
Tədbirdə 50-dən çox ölkədən
300-dən artıq qonağın – dövlət rəsmiləri,
beynəlxalq təşkilatların nümayəndələri,
tanınmış elm, mədəniyyət və incəsənət
xadimləri, eləcə də yaradıcı sənaye üzrə
mütəxəssislərin iştirakı gözlənilir.
Ümumilikdə festival çərçivəsində
beş mindən çox iştirakçı bir araya gələcək.
Festival çərçivəsində İƏT
üzv dövlətləri mədəniyyət nazirlərinin
yüksək səviyyəli görüşü, "Mədəni
və yaradıcı sənayelər forumu" (MYFORUM), "Creative Village": mədəni
və yaradıcı sənayelər sərgisi" (MYEXPO),
"Baku Cinema Breeze – 2025" beynəlxalq kino proqramı,
"Şərq moda nümayişi" – İƏT ölkələrinin
gənc və tanınmış dizaynerlərinin təqdimatları,
oyun texnologiyaları üzrə beynəlxalq sammit (G-HUB), eləcə
də teatr, musiqi, rəqs və animasiya sahələri ilə
bağlı müxtəlif səpkili mədəni layihələr
planlaşdırılır.
525-ci qəzet .- 2025. - 4 sentyabr (№158).- S.9.