Elçinin "Gümüşü
furqon"u dayandı...
Görkəmli Azərbaycan yazıçısı Elçin Əfəndiyevin xatirəsinə həsr olunur
... Biz onunla bütün həyatımız boyu
dost olduq. O zaman gənc
qızdım, Azərbaycan
Yazıçılar İttifaqına,
İmran Qasımovun köməkçisi
işləməyə gəlmişdim.
Həmin vaxt çox cavan olan Elçin
isə artıq tanınmış yazıçı
və Yazıçılar
İttifaqının rəhbərlərindən
biri idi.
O, mənim peşəkar ədəbiyyatçı olmaq
arzumu ürəkdən
dəstəkləyirdi, "Literaturnıy Azerbaydjan"dakı
ilk məqalələrimi oxuyur,
bədii tərcümələrimi
bəyənirdi. Mən
gənc yazıçıların
nəsr nümunələrindən
ibarət ilk tərcümələrimi
toplu halında nəşr etdirmək istəyəndə isə,
Elçin ona ön söz yazdı. O, özündən
on il sonra ədəbiyyata
gələn gənc nəslə daim çox dəstək olurdu: təqdiredici resensiyalar, müqəddimələr
yazır, ən istedadlı gəncləri
Qorki adına Ədəbiyyat İnstitutuna
oxumağa göndərirdi...
"Vətən" cəmiyyətinə
rəhbərlik edərkən
Elçin dəfələrlə
mənə xaricdə
yaşayan bu və ya digər
soydaşımızın əzablı
taleyindən maraqlı
süjetlər "hədiyyə
etmişdi". Sonradan
onlardan bəziləri
mənim ötən əsrin 90-cı illərində
xüsusi müxbiri olduğum məşhur
"Literaturka"da dərc
olundu.
Elçin mənim çoxcildli
"Heydər Əliyev.
Şəxsiyyət və
Zaman" araşdırma-romanımın
ilk oxucularından idi.
Bu böyük işi
yekunlaşdırandan sonra
isə o, romanın Dövlət Mükafatına
təqdim olunmasının
ən qızğın
tərəfdarlarından biri
kimi çıxış
etdi. Öz növbəmdə, mən
də artıq daha yetkin dövrümdə
Elçinin nəsrinin
və dramaturgiyasının
əsrarəngiz dünyasını
kəşf etdim. Bu və ya digər
əsəri oxuyarkən
hər dəfə ona ədəbi-tənqidi məqalə ilə münasibət bildirirdim. Nəticədə bu məqalələrdən "Elçinin
fövqəlmissiyası" adlı bütöv bir toplu yarandı.
Azərbaycanın Ukraynadakı səfiri
vəzifəsində çalışarkən,
elə müharibə
illərində Elçinin
sonuncu kitabının
- "Baş" romanının
Ukrayna dilinə tərcüməsini və
nəşrini təşkil
edə bildim. Və bu əsər
Ukrayna oxucularının
çox ciddi marağına səbəb
oldu.
...Son zamanlar Elçin xəstəlikdən əziyyət
çəkirdi, özünü
yaxşı hiss etmirdi,
amma biz yenə də onunla telefonda tez-tez və uzun-uzadı danışırdıq. Mən
onun Ümummilli lider Heydər Əliyevlə tanışlığı
və birgə işlədiyi illər barədə söhbətimizin
ilkin versiyasını
təqdim edəndə
bütün işlərini
kənara qoyub, xəstəliyinə güc
gəldi və iki-üç günə
əlyazmaya düzəliş
və əlavələr
elədi. Müsahibə
"525-ci qəzet"də çap olunandan sonra isə mənə zəng vurdu və birgə
işimizə görə
təşəkkürünü bildirdi, xoş sözlər dedi. Təəssüf ki, bu, bizim sonuncu əməkdaşlığımız
oldu...
Və bu gün mən
XX əsrin ikinci yarısı-XXI əsrin
ilk rübündəki Azərbaycan
ədəbiyyatının ən
məşhur və ən istedadlı təmsilçilərindən birinin
zəngin yaradıcılığına
həsr etdiyim essemi oxucuların ixtiyarına vermək istəyirəm.
...Elçin XX əsrin 60 və 70-ci illərinin kəsişməsində "Abşeron
hekayələri" adlanan
silsiləsi ilə özünü parlaq şəkildə göstərərək,
Azərbaycan ədəbiyyatına
qasırğa kimi bir anın içində
gəldi. Həmin vaxt Azərbaycan nəsrində artıq Anar, Maqsud və
Rüstəm İbrahimbəyov
qardaşları, Əkrəm
Əylisli kimi mühüm imzalar meydana çıxmışdı.
Onlar birlikdə Azərbaycanın əsrarəngiz
"altmışıncılar" nəslini təşkil edirlər. Bu pleyada uzun onilliklər üçün Azərbaycan
ədəbiyyatının vektorunu
və onun inkişaf parametrlərini müəyyənləşdirdi. Elçin bu nəslin ən gənc nümayəndəsi
idi...
O,
1943-cü ildə Bakıda,
məşhur İlyas Əfəndiyevin
- müasir Azərbaycan
dramaturgiyasının banisinin,
respublikanın Xalq yazıçısının - ailəsində dünyaya göz açmışdı.
Elçinin qarşısında
"nə etməli?"
dilemması yox idi - hələ erkən yaşlarından onun bircə meyli vardı: Ədəbiyyat. Bu istək
onu Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə,
daha sonra isə Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasına
gətirdi. 1968-ci ildə
Elçinin həyatında
iki vacib hadisə birdən baş verdi: əvvəla, onu SSRİ Yazıçılar İttifaqının
üzvlüyünə qəbul
etdilər, ikincisi, o, aspiranturanı bitirib, filologiya elmləri namizədi alimlik dərəcəsini qazandı.
Bu iki fərqli ədəbi "sima" - alim-ədəbiyyatşünas,
dəyərli elmi monoqrafiyalar və bədii-estetik araşdırmalar
müəllifi və eyni zamanda parlaq
nasir, dramaturq, esseist - bir-birini qarşılıqlı şəkildə
tamamlayaraq, onun yaradıcı taleyində
ahəngdar təşkildə
qovuşacaqdı.
1975-ci ildə, Moskvanın "Molodaya qvardiya" nəşriyyatında Elçinin
"Baladadaşın ilk məhəbbəti"
adlı hekayələr
toplusu işıq üzü gördü, kitaba Lev Anninski son söz yazmışdı,
1978-ci ildə "Yunost"
jurnalında "Gümüşü
furqon" povesti dərc olundu, tezliklə Moskvada Elçinin eyniadlı - sayca ikinci - kitabı nəşr edildi və qızğın əks-səda
yaratdı, bu ədəbi hadisə hətta "Literaturnaya qazeta"da rusiyalı tənqidçilərin müzakirəsinə
səbəb oldu. Gənc nasir gerçək məşhurluğu
dadmağa başladı.
Onu "impressionist", "qatı romantik" adlandırırdılar, Elçinin
işıqlı, lirik
hekayələrini məşhur
rəssam Səttar Bəhlulzadənin akvarellərinə
bənzədirdilər. Lev Anninski
onun nəsrinə bir neçə geniş məqalə həsr etdi, gənc yazıçının
ədəbi qəhrəmanlarını
və xarakterlərini
anlamağa cəhd göstərdi və bununla da gənc Azərbaycan nəsrinin özünəməxsusluğunu, onu Gürcüstan, Litva, Rusiya "altmışıncılarından" fərqləndirən özəlliyi
çözməyə çalışdı.
Lev Anninski məqalələrindən
birində yazırdı:
"Elçin möcüzələri
sevir, o, xoş və mehriban nağılçıdır, kədərli
sehrbazdır, parlayıb
sönən, qızılı
və gümüşü
rənglərə üstünlük
verən impressionistdir...
Onun nəsrinin öz gözəlliyi, öz cəlbedici gücü var. Orada ruhlanma, ilhamlanma, məişətdən arınma
ilə qarşılaşırıq.
Və bu nəsrdə poeziya da var -
çoxsakinli məhəllələrin
poeziyası, müharibədən
sonra yetim qalmış bakılı
uşaqlar həmin məhəllələrdə yarıac-yarıtox
yaşayır, veyil-veyil
dolaşırdılar - o uşaqlar
ki indi artıq böyüyüblər..."
1977-ci ildə "Smena" jurnalında dərc olunmuş "Talvar"
("Naves") - "ilin ən
yaxşı hekayəsi"
adına, hazırkı
dövr üçün
fantastik görünən
235 min nüsxə ilə
nəşr olunan
"Toyuğun diri qalması" ("Smokovniüa")
povest və hekayələr toplusu isə Sovet İttifaqında ən nüfuzlu mükafatlardan birinə - Lenin Komsomolu mükafatına layiq görüldü.
Nasir Elçinin istedadının
çiçəkləndiyi dövr XX əsrin 80-ci illərinə təsadüf
edir, o, "Mahmud və
Məryəm" (1983), "Ağ dəvə"
(1985), "Ölüm hökmü"
(1989) kimi romanlar yazır, bu əsərlər bir çox əcnəbi dillərə tərcümə
olunur və sonradan ekranlaşdırılır.
Əxlaqi seçim, əsl insan azadlığı kimi mürəkkəb problemlər,
xeyir və şər, sevgi, ölüm və ölməzlik kimi əbədi mövzular Elçinin diqqət mərkəzində idi, o,
bu mövzuları romanlarında epik təhkiyə səviyyəsinə
qaldırır.
80-ci illərin sonu - 90-cı illərin əvvəlləri
Elçinin yaradıcılıq
bioqrafiyası və mənəvi axtarışları
üçün çətin
dövr idi. Qarabağ münaqişəsinin
başlaması, Ermənistandan
qaçqın axını,
"Qara Yanvar" faciəsi, böyük bir ölkənin süqutu, ictimai-siyasi formasiyaların dəyişməsi
və postsovet məkanında ortaya çıxan hərc-mərclik
- bütün bunlar, özünün də etiraf etdiyi kimi,
yazıçının ürəyindən
ağır yük kimi asılıb qalmışdı, o, özünü
əlinə qələm
almağa vadar edə bilmirdi. Ətrafındakı hər
şey dayanıqsız,
boş və mənasız görünürdü.
Çox zaman olduğu
kimi, onu kitablar və ədəbiyyat xilas etdi. Yeri gəlmişkən,
gəlin Elçinin özünü dinləyək:
"Xüsusilə də ürəyimi sıxan ən qüssəli anlarımda nəsə məni kitab rəfinə çəkdi, özü də gəncliyimdə, yeniyetməliyimdə oxuduğum
əsərlərə. "Robinzon Kruzo"nu yenidən oxudum. Sonra Molyerin cildliyini açdım. İlk baxışdan
qəribə görünə
bilər: Molyerin komediyaları hara, mən
hara?.. Məzlum şəhərin
ürək ağrıdan
ab-havası, fövqəladə
vəziyyət, cəmiyyətdəki
qarşıdurma. Birdən,
gözlənilmədən yazı
makinasının arxasına
keçdim və Molyerin pyeslərindən birini tərcümə etməyə başladım.
Həmin anda o əsərin daha əvvəl Azərbaycan dilinə çevrilib-çevrilməməsi
məni qətiyyən
maraqlandırmırdı. Ümumiyyətlə
bunu nə üçün etdiyimin də fərqində deyildim. Beləliklə,
"Skapenin kələkləri"ni
və "Jorj Danden"i "birnəfəsə"
tərcümə elədim.
Sonra Molyer barədə
ədəbiyyatlara nəzər
saldım, evdə nə vardısa, kitabxanalarda nəyi tapmaq olardısa - Bulqakovun pyesindən tutmuş Azərbaycan-Fransa
ədəbi əlaqələrinə
dair məqalələrə
qədər - hamısını
oxudum. Bütün bunlar sonradan yazıçı haqqında
böyük bir esseyə, daha sonra isə mənim tərcümələrimlə
və onlara böyük müqəddimə
ilə birlikdə
"Molyerin komediyaları"
adlı kitaba çevrildi.
Bir sözlə, o zaman məşğul
olduğum işlərlə
ətrafımda baş
verənlər arasındakı
təzad heyrətləndirici
idi və hələ də bunu özümə izah edə bilmirəm.
Sonra sanki içimdə
bir çevriliş
hiss elədim. Hətta
necəsə fərqli
yazmağa başladım.
II Şah İsmayıl
haqqında romanımı,
aşıq poeziyasına
aid monoqrafiyanı bir kənara qoyub, mücərrəd-sürrealist təcrübələrə
baş vurdum. Bütün bu xırda əsərləri
"Hekayə-dialoqlar" adlandırdım...
Tədricən həyat
öz axarına qayıtdı. Yenidən yazı makinasının arxasına keçdim və həyatımda ilk dəfə (yenə də gözlənilmədən)
komediya yazdım.
İndi bu pyes "Ah,
Paris, Paris!" adlanır. Ola bilsin ki, tərcümələr
və komediya həmin ağır dövrü yaşamağa
kömək edən çıxış yolu oldu".
Bəli,
Elçin və onun personajları keçmişlə gülərək
vidalaşmağı yaxşı
bacarırlar. Düzdür,
bu gülüş bəzən çox kədərli olur və onun bir
çox komediyaları
daha çox tragikomediyanı xatırladır,
amma bu da başadüşüləndir: Elçin böyük ədəbi ənənələrin
daşıyıcısıdır və buna görə də, öz pyeslərində düşüncəsiz
gülüşün, gülüş,
dilxoşluq və əyləncə xətrinə
gülüşün səslənməsinə
yol verə bilməz. Elə onun ən gülməli
pyesləri də əslində sevincli mövzulardan bəhs etmir, komediyalarının əsası həyatın
mənası, məhəbbət
və məkr, əxlaq və əxlaqsızlıq, əbədi
bəşəri dəyərlər
və onların müasir dövrdə dəyərdən düşməsi
haqqında düşüncələrdən
ibarətdir. Elçinin
"Salam, mən sizin
dayınızam", "Mənim
ərim dəlidir",
"Mənim sevimli dəlim", "Şekspir",
"Qatil" və başqa
dram əsərləri - yazıçının
özünün yaradıcılığında
yeni söz olmaqla yanaşı, həm də müasir Azərbaycan dramaturgiyasında
ciddi hadisəyə çevrildi. Yazıçının
pyesləri Moskva və
Sankt-Peterburq, Ankara, İstanbul və London teatrlarında uğurla tamaşaya qoyulur.
lll
... 1975-ci
ildə Elçin Azərbaycan Yazıçılar
Birliyinin katibi seçildi və bu təşkilatın bütün tarixi boyunca yaradıcı birliyin ən gənc rəhbəri oldu... 80-ci illərin sonlarında "Vətən"
cəmiyyətinə rəhbərlik
etdi, xaricdə yaşayan soydaşlarımızla
mədəni-insani körpülərin
qurulmasının önündə
getdi. Elçin
1993-cü ildən 2018-ci ilə
qədər (təxminən
əsrin dörddə
biri!) Nazirlər Kabinetində humanitar istiqamətə rəhbərlik
etməklə gənc
Azərbaycan dövlətçiliyinin
qurulmasının bilavasitə
və fəal iştirakçısı oldu.
Bununla belə, o, əsl missiyasına - ədəbiyyata heç vaxt xəyanət etmədi. Elçin tez-tez müasir ədəbi prosesin problemlərinə dair konseptual məqalələrlə
çıxış edirdi
ki, onları bir neçə qalın cilddə toplamaq olar. O, yeni pyeslər yazırdı. Bir neçə
il əvvəl isə
o, azərbaycanlı kitabsevərlərə
"Baş" adlı
yeni romanını - bu
dəfə tarixi mövzuda - təqdim etdi. Roman bu görkəmli Azərbaycan
yazıçısının pərəstişkarları tərəfindən
hərarətlə qarşılandı,
xüsusən də bizim hamımızın ciddi bədii ədəbiyyat nümunələrinə
həsrət qaldığımız
vaxtda. Əsər hələ də ədəbi çevrələrdə
mübahisə yaradır,
mədəniyyət saytlarında
müzakirə olunur, haqqında böyük araşdırmalar yazılır.
Roman heç kəsi biganə qoymadı və bu, yazıçıların
müasir cəmiyyətdə
çoxdan düşüncə
və dəb hökmdarı "taxtından"
devrildiyi bir vaxtda əsl uğurun göstəricisidir.
Romanın formal süjeti XVIII əsrin
sonu-XIX əsrin əvvəllərində Zaqafqaziyanın
Rusiya imperiyası tərəfindən zəbt
edilməsindən danışır.
Əsərdə geniş
geosiyasi fon mövcuddur, yəni: böyük dövlətlər
Fransa və Böyük Britaniya, Rusiya və Osmanlı Türkiyəsi,
eləcə də
İran hökmdarları Qacarlar
arasında nüfuz dairəsi uğrunda mübarizə və bununla paralel olaraq, Zaqafqaziyada kiçik gürcü çarlıqlarının və
Azərbaycan xanlıqlarının
sağ qalmaq uğrunda savaşı.
Ancaq bu, şəksiz ki, XX əsr realizminin ən yaxşı ənənələrində yaradılmış
romanın formal, zahiri
"örtüyüdür". Onun insan münasibətlərinin
və duyğularının
ən mürəkkəb
və ziddiyyətli spektrini əks etdirən daxili kollizi yaları daha vacibdir. Romanda çoxlu maraqlı personajlar var, hər obraz öz ehtirasları, hissləri, bağlılıqları
ilə bütöv bir dünyadır. Onlar sənin ruhuna nüfuz edir, yaddaşında qalır, romanı oxuyandan sonra da səni rahat buraxmırlar.
Elçin bu və digər böyük əsərlərində bəşəriyyəti
xilas etmək üçün heç bir resept təklif
etmir, heç bir dərs keçmir.
Sadəcə olaraq bizə deyir ki, gələcəyimizi itirməmək
üçün keçmişimizə
daha diqqətlə nəzər salmaq, onu bilmək, yadda saxlamaq lazımdır...
Onun nəsri didaktik deyil, insan ruhlarını
sağaltmağa hesablanmayıb.
Onun məqsədi başqadır: insanı
realist olmağa vadar etmək, dünyanı çəhrayı eynəksiz
görməyə yardım
göstərmək. Və
eyni zamanda onu daim arzusunun
arxasınca getməyə
təşviq etmək.
Axı əslində,
Elçinin özünün
də esselərinin birində yazdığı
kimi, yazıçı
təbiətcə ən
böyük xəyalpərəstdir...
Xoşbəxtlikdən, bütün titulları və adlarına (Azərbaycanın
Xalq Yazıçısı,
"İstiqlal" ordeni
kavaleri, Rusiyanın, Türkiyənin, Fransanın
və s. saysız-hesabsız
mükafat və təltifləri) rəğmən,
Elçin "ədəbiyyat
generalına" çevrilmədi,
çünki o, daim axtarışda olan və tərəddüd edən adam olaraq qaldı. Həmişə özündən
narazı və eyni zamanda çox
xoşbəxt... Yəqin
ona görə ki, 60 ilə yaxın səmimiyyət və fədakarlıqla xidmət
etdiyi başlıca meyli - Ədəbiyyat bütün həyatı boyu onunla birgə
addımlayırdı.
lll
"Bu çətin zamanda sizi hansı əxlaqi qaydalar ayaqda saxlayır?"
-"Literaturka" üçün
aldığım müsahibələrin
birində Elçindən
soruşmuşdum.
"Bəzən bu barədə düşünəndə
bədbinliyə qapılıram,
hətta təşvişə
belə düşürəm,
- yazıçı cavab
vermişdi. - Ədəbiyyat
ən qədim zamanlardan ağıllı,
xeyirxah, əbədi olanın toxumlarını
səpib. Xeyir və şər arasında permanent mübarizədə
yazıçı, təbii
ki, xeyrin tərəfdarıdır.
Dünya ədəbiyyatı
Homer, Şekspir, Füzuli,
Höte, Tolstoy kimi nəhəngləri yaradıb.
Siz soruşacaqsınız
ki, bəs mən niyə təşvişə
düşürəm? Axı
bu dünyada heç bir şey dəyişməyib.
Xeyirlə şərin
mübarizəsinin də
sonu görünmür.
Ədəbiyyat özlüyündə
dünyada və ya insan təbiətində
heç nəyi dəyişə biləcək
durumda deyil. Bu, məni ruhdan salır. Digər tərəfdən, bir anlıq təsəvvür
edin ki, Homer, Nizami, Şekspir yoxdur. Onda nə olacaq?
Qaranlıq, boşluq,
uçurum! Bilirsiniz, həyatımın ən ağır anlarında niyəsə Don Kixotu xatırlayıram. Bu, mənə
yüngüllük gətirir.
Bəli, ədəbiyyat
dünyanı xilas edəcək gücdə deyil, amma o, bir nəfərə kömək edə bilər. Gəlin razılaşaq ki, bunun özü də az şey deyil".
Mən əziz dostuma və həmkarıma
"sirli ehtiras"ına
(Vasili Aksenov ədəbiyyata gerçək
xidməti belə adlandırırdı), altmışıncı
illərin ideallarına
uzun illər davam edən sədaqətinə, Sözə
təmənnasız xidmətinə
görə hədsiz hörmət bəsləyirəm...
Belə bir Söz isə, məlum olduğu kimi, əbədi yaşayacaq!
Allah Sizə rəhmət eləsin, əziz dostum!
Sizin üçün çox darıxacağıq...
Elmira
AXUNDOVA
Xalq
yazıçısı
Tərcümə Rəbiqə Nazimqızınındır.
525-ci qəzet.- 2025.- 6 sentyabr,
№160.- S.12-13.