Elçindən Elçinə sözüm
var...
(Yuğlama)
Bu dağda ozan ağlar,
Dərd-qəmin yazan ağlar.
(bayatı)
Unudulmaz
Elçin müəllim!
Mən də bir ozan
kimi sazı əlimə alıban
SİZDƏN SİZƏ - Əlahəzrət
AZƏRBAYCAN TEATRInı sehrli
bir möcüzə kimi dünyada şöhrətləndirmiş görkəmli yazıçı-dramaturqumuza
niskin dolu ürək sözlərimi
bəyan etmək istəyirəm. İnanıram
ki, bu sözlər həm də Sizi çox dəyərləndirən və
sevən Azərbaycan teatr xadimlərinin, oxucularınızın, tamaşaçılarınızın,
xalqımızın "ürəyindən
tikan çıxardacaq".
Sözlə ifadə etməyə aciz olduğum BÖYÜK ELÇİN
İTKİSİNİ, bax beləcə
- birlikdə yaşayacaq...
Elçinin möhtəşəm
ədəbi hünərlərindən
söz açıb onu "yuğlayacaq"...
vəsf etməkdən
yorulub-usanmayacağıq...
Elçin qəfil dünyasını
dəyişdikdən sonra
hörmətli akademik
İsa Həbibbəylinin "Bu dünyadan Elçin keçdi" ("Ədəbiyyat
qəzeti", 4 avqust
2025) adlı çox məzmunlu yazısını
oxudum, bəyəndim və aşırı təsirləndim. Həməncə
öz-özümə qeyri-ixtiyari
səsləndim: nə
yaxşı ki, Elçinin
əbədiyyətə gedən
yolu Azərbaycandan keçdi. Həqiqətən
də Azərbaycan ədəbiyyatının 60-cılar nəslinin möhtəşəm
nümayəndəsi, milli şüurun
dirçəlişində misilsiz rol oynamış
parlaq zəka sahibi - alim - düşünər,
əsərləri dünya
dillərinə çevrilmiş,
dünya teatrlarının
səhnələrində uğurla
oynanılmış, sağlığında
"klassik" mərtəbəsinə
yüksəlmiş Elçin
İlahinin ona bəxş etdiyi böyük istedadını,
zəkasını doğulub
boya-başa çatdığı,
əqidəli vətəndaşa,
görkəmli yazıçıya,
böyük şəxsiyyətə
çevrildiyi doğma
Azərbaycanına həsr
edərək ÖLMƏZ ƏDƏBİ
MƏTNLƏR yaratdı. Yaratdığı
ölməz ədəbi
sərvəti Azərbaycan
xalqına - Azərbaycan
teatrına ərməğan
edibən əbədi
yolunu davam etdirdi.
Nə yaxşı ki, İlahi böyük şəxsiyyətlərə...
sənətkarlara ikinci-əbədi-virtual həyat
bəxş edir.
Lap elə Elçin kimi...
Əbədi-virtual həyatına təzəcə qədəm
qoymuş Elçini indən belə möhtəşəm ədəbi
mətnləri... ölməz
pyesləri... bir də böyük Azərbaycan xalqı yaşadacaq...
lll
Elçin müəllimin əbədi
cənnətməkanı seçildiyi
gün mistik örtüyə bürünmüş
əsl möcüzə
baş verdi: atası, Azərbaycan ədəbiyyatının klassiki
İlyas Əfəndiyevin məzarı
yanındakı qos-qocaman
ağac öz kökündən ayrılıban
müqəddəs məkanını
Elçinə - daha köklü-köməçli bir ağaca - əqidəli Vətən
oğluna, Azərbaycan
ədəbiyyatının - mədəniyyətinin şəksiz
avtoritetinə təzim
edərək bağışladı
və başqa mənzilə üz tutdu. Bu minvalla da bir-birinə sonsuz məhəbbətlə bağlı
olan Ata və oğul Əfəndiyevlər
əbədi olaraq qovuşdular. Sən demə, Elçin müəllim dəfn günü baş vermiş bu möcüzəni hələ
atasını itirdikdən
sonra yuxuda görübmüş.
Bu yuxu da belə çin oldu...
Bu, mistika deyil, bəs nədir? Yəqin ki, mistik möcüzədir...
Bu yerlərə binə gəlləm,
Gedərəm, yenə gəlləm.
(bayatı)
İndi isə biz - teatr xadimləri bu ağır itkidən qubarlanmamaq üçün
Elçinin ədəbi
hünərlərini vəsf
edib, onu "yuğlamaq" istəyirik.
lll
Elçin Azərbaycan xalqının
yazıçısıdır, özü də geniş bir ərazidə məskunlaşmış
böyük bir xalqın sevimli yazıçısıdır. Çünki
xalq sadəliyi, yaşantıların həqiqiliyini,
təhkiyənin axıcılığını,
personajların bir-birilə,
dünya ilə isti, diri münasibətinin
təsvirini sevir, sevir ki, ona xoş,
pozitiv duyğular, ovqatlar bağışlasınlar,
onu doğruluğun, ədalətin, xeyirxahlığın,
kişiliyin, ləyaqətin
və yaxşı adamların hələ də tükənmədiyinə
inandırsınlar... Elçin
həmişə xalqın
istədiyini, arzuladığını
yazmağı bacarıb,
yazdığını əla
yazmağı, xalqın
şah damarını
tutub yazmağı bacarıb.
Elə
buna görə də
Elçin Azərbaycan
ədəbiyyatının fenomenidir,
milli ədəbi-bədii düşüncənin
fenomenidir, müasir Azərbaycan teatr qavrayışının fenomenidir.
Bir anlamda fenomen hadisənin, təzahürün
duyğusal müşahidəsidir.
Başqa bir anlamda isə fenomen artıq hamıya bəlli, məlum bir hadisəni, bir təzahürü işarələyir,
nişan verir. Hərçənd ki, bu hadisə, bu təzahür müəyyən
antropoloji, sosial-psixoloji,
fəlsəfi-kulturoloji bilgi
sistemlərinə uyğun
olsa da, onun dərki çətindir.
Elçin öz yaradıcılığında
hər dəfə
yeni bir ədəbi missiyada, yeni bir ədəbi formatda gündəmə gəldi.
O, əgər dünən
hər hansı bir pyesi bir
mütəfəkkir jesti,
bir filosof zövqü, bir dramaturq fantaziyası ilə sona yetirib
nöqtələyirdisə, bu gün qəfildən
dönüb uşaqlaşır,
uşaqlaşıb sadəliyin,
səmimiliyin son həddinə
çatır və balaca cocuqlar üçün bir nağıl yazır, ertəsi gün isə sanki əllərinə döyüş
əlbəsələrini geyinib
gözlənilmədən iri
bir məqalə ilə əsl debatçı əzmində
ədəbi diskussiyaya
qatılır, birisi günə isə daha hansısa bir ədəbi ideyanı nəsrdə reallaşdırmağı planlaşdırırdı.
Lakin bütün hallarda
Elçin öz duyğular və düşüncələr dünyası
ilə oxucusunu və seyrçisini əfsunlayıb onun qəlbini ələ ala bilirdi.
"Elçin və fenomen" mövzusunun koordinatlarında mülahizələrimi
davam etdirərək söyləyim ki, dahi alman
filosofu Edmund Qüsserl
fenomenə tamam fərqli bir yöndən yanaşır.
Onun fəlsəfi paradiqmasında fenomen təkcə nəsnələrin
keyfiyyətinin müşahidəsi
kimi qiymətləndirilmir,
həm də hadisənin məzmun birgəliyi kimi dəyərləndirilir.
Fikrin daha aydın və sadə izahı baxımından Azərbaycanın görkəmli
ədəbiyyatşünas-alimi, akademik Nizami Cəfərovun 2005-ci ildə
Elçinin "Seçilmiş
əsərləri"nin nəşri
münasibətilə yazdığı
məqalənin preambulası
olduqca konkret və simptomatik görünür. Hətta
N.Cəfərov kimi bir alim etiraf edir ki, Elçin "yaradıcılığını ona layiq bir
səviyyədə təhlil
edib dəyərləndirmək,
qaldırdığı ictimai-ideoloji
problemlərin "coğrafiya"sını
tələb olunan şəkildə əhatə
eləmək, bədii
idrakının özünəməxsus
texnologiyalarını, ritmini,
intonasiyasını az-çox
elmi interpritasiyanın
predmetinə çevirmək
o qədər də asan deyil". Mən də bu fikri dəstəkləyirəm.
Lakin bununla yanaşı,
N.Cəfərov həməncə
öz nəzəri bilgilərinin müstəvisində
dəqiq analitik bəyanatla çıxış
edir: "Elçinin hər bir əsəri
- hekayədən romana,
publisistik məqalədən
monoqrafiyaya qədər
- məhdudlaşmayan, onunla
tükənməyən bütöv
(intəhasız!) bir yaradıcılıq metafizikasının
təzahürüdür. O, bu və ya
digər əsərinin
müəllifi olmaqdan
daha çox həmin əsərlərdə
zühur edən tarixi ədəbi istedadın (və ya missiyanın!) müəllifidir". Bax,
budur fenomen... okean və damla...
Bir damla okeanın bütün xassələrinin
təcəssüm modelidir.
Bir qar dənəciyi kainat suyunun şəklidir. Gerçəklikdə
su adi sudur,
qar dənəciyini isə qavrayış möcüzə bilir. Hərçənd ki, qar dənəciyi də elə həmin su damlasıdır ki var...
Sənətkarın özü və təcrübəsi bəlli bir zaman nöqtəsinə çatanda
artıq mədəniyyətin
tədqiqat predmeti kimi formalaşmış təkzibedilməz faktına
çevrilir: bu faktda bir damcı
suda olduğu kimi milli mədəniyyətin
bütün atributları,
tanış cizgiləri
öz əksini tapır. Elçin yaradıcılığı isə
bir tablodur və bu tablodan
ən müxtəlif masştablarda, ən müxtəlif rəng çalarlarında Azərbaycanın
özü, azərbaycanlıların
özləri və mədəniyyətləri görünməkdədir.
Elçin məhz öz ədəbi-bədii yaradıcılığının
məzmun birgəliyi baxımından fenomendir. Odur ki, Elçin-yazıçını
Elçin ədəbiyyatşünasdan,
Elçin-ədəbiyyatşünası
Elçin-dramaturqdan ayırmağı,
onların yerini müxtəlif fəaliyyət
sahələrinə görə
müəyyənləşdirməyi heç də düzgün saymıram. Çünki onsuz bu yoxdur, bunsuz
da - o. Bir də... Elçin
nə yazıbsa yazsın, fərqi yoxdur ki, bu, hekayə, povest, roman, dram,
publisistik oçerk, tənqidi məqalə, yaxud ədəbi xülasə olsun, o, həmişə, hər yazısında müasirini
tanımağa, onu anlamağa, dərk etməyə çalışıb,
müasirinin yaşantılarında,
portretində dövrü,
zamanı təcəssüm
etdirib. Elçin çalışıb ki, müasirinin
köməyilə öz
içinin dərinliklərinə
yol tapsın, öz dünya modelini qursun, insan batininin qaranlıqlarını işıqlandırsın.
Çünki o da Sinoplu
Diogen kimi gündüzün günorta
çağı əlində
məşəl tutaraq
insanı axtarıb.
Hər dəfə Elçin yaradıcılığına müraciətim
Elçin fenomenini Azərbaycan mədəniyyəti
kontekstində, insani dəyərlər kontekstində
öyrənmək, dövrün
ictimai-siyasi proseslərinin,
təbəddülatlarının müstəvisində təhlil
etmək, onun yaradıcılığının sal qaya kimi
bütövlüyünü teatr və dramaturgiya
materialına söykənərək
ortaya qoymaq cəhdimdən irəli gəlir. Yaradıcılığın
bütövlüyü isə
xarakterin, xislətin bütövlüyüdür, şəxsiyyətin
bütövlüyüdür, özünə sədaqətin
bütövlüyüdür.
Digər
tərəfdən isə
Elçinin dramaturgiyası,
bütün yuxarıda
deyilənlərə baxmayaraq,
Elçin dünyası
içində özəl
bir dünyadır, hətta haradasa ada təəssüratı
yaradan bir dünyadır. Elə bir ada ki, o ada
elə bil gəmi kimi Elçinin nəsr okeanında sərbəstcəsinə
üzüb arzuladığı
sahilə yan ala bilir, istədiyinə istədiyi kimi və həməncə reaksiya verə bilir... Belə ki, bu ada lirik-psixoloji
yaşantıların, poetik
düşüncələrin, sonsuzluğa söylənilmiş
monoloqların səhnəsi
də ola bilir, homerik gülüşlərin,
satirik öcəşmələrin,
sarkastik şəbədələrin
meydanı da... Bu ada absurdun beşiyinə dönüb dəlixananı
da xatırlada bilir, adi bir ailənin
məişət dramı
oynanılan mənzilini
də... Başqa sözlə, Elçinin dramaturgiya adası intensiv metamorfozlar, yəni dəyişmələr,
çevrilmələr dünyasıdır
və burada hər bir insan
özünü kənardan
görüb tanımaq
imkanına malikdir. Çünki Elçin
yad planetlilərdən yazanda
da, əslində, elə
bizdən, bizim həyatımızdan, bizim
ağrılarımızdan, dərdlərimizdən, məişətimizin,
düşüncəmizin problemlərindən,
qavrayışımızın stereotiplərindən yazıb,
bəzən də bizi hətta inanılmaz, qeyri-adi dramatik situasiyalara salıb yazıb.
Ona görə Elçin dramaturgiyasını öyrənmək,
tədqiq eləmək
xüsusi maraq doğurur. Bu marağı
şərtləndirən birinci
səbəb dramatik vəziyyətlərin orijinallığı,
onların fantastika ilə gerçəklik sərhədində yerləşməsi
və haradasa qeyri-adi səciyyə daşımasıdır. İkinci
bir səbəb də ondan ibarətdir
ki, Elçin dramaturgiyasından
Azərbaycan teatrının
son 30-40 il ərzində yaşadığı
tarixin mənzərəsi
açılır və
nəinki təkcə
Azərbaycan teatr tarixinin mənzərəsi...
Üçüncü səbəb
budur ki, Elçinin pyeslərində güclü
tənqidi ruh var. Komediya, gülüş həmişə tənqiddir,
nəinsə təftişidir,
sınağa çəkilməsidir,
yoxlanılmasıdır, inkarıdır
və eyni zamanda, bu, nə
qədər qəribə
səslənsə belə,
ümidin təsdiqidir.
Çox zaman deyirlər
ki, həyatda ən axırıncı ümid
ölür. Məncə,
bu deyimdə bir balaca boşluq
var, çünki ümid
heç vədə ölmür. İnsanlığın
bütün ümidləri
yaşayır və
ta sonuncu insan yer üzündən yox olana qədər
yaşayacaq. Bu mənada,
ümid insan deməkdir, insan - ümid... Hətta belə bir fikri
də dilə gətirmək olar ki, ümid sözdür, enerjidir, antimateriyadır və hər cür yaşam fövqündədir, zaman dışındadır.
Elçinin də bütün əsərlərinin
sonunda mütləq şəkildə bütün
hadisələrin fövqündə
qərarlaşmış bir
ümid işığı
yanır.
Yeri gəlmişkən, onu da qeyd edək ki, Elçin dramaturgiyası
milli dramaturgiyamızda indiyə
kimi rast gəlmədiyimiz yeni mövzuları,
gözlənilməz süjet
kombinasiyalarını, düşüncə
və hisslərin stereotipdən uzaq bir formada ifadə
edilməsilə fərqlənən
yeni insan tiplərini, obrazlarını yaratdı.
Bu pyeslərdə dramaturqun
"mövcudluq effekti"nin
parlaqlığı, maraqlı
dramatik, lirik, komik subyektlərin varlığı, aktual mənəvi konflikt-qarşıdurmalar,
çağdaş dövrə
xas davranış tipi
və ona adekvat dünyaduyumu yüksək peşəkarlıqla
bir-birinə hörülüb.
Şrtixləri, detalları,
intonasiyaları, süjet
xətlərini mükəmməl
şəkildə seçən
dramaturq gah məişət
motivlərilə xəyali
romantik çırpıntıların
bir-birinə bağlandığı
komediyalar yazıb, gah
da mənəviyyatını, ruhunu qoruma instinktini
itirən insan obrazlarını yaradıb.
Elçin dramaturgiyasına marağı
çəkən dördüncü
məqam görkəmli
teatrşünas-alim Aydın
Talıbzadənin təbirincə
desək, "Elçin
öz nəsrində elə bil ki Abşeronun qum teatrınıyaradıb: onun
prozasının plastikası
o qədərdir ki... o qədərdir
burada işıq-kölgə
effekti ki, ovqatlar, personajlar, siluetlər, görüntülər həməncə
anbaan dəyişir, ilğımlaşır, birindən
digərinə transformasiya
olunur". Müşahidənin
özü və onun sözlə ifadəsi dəqiqdir. Amma mən buraya bir mühüm cəhəti də əlavə etmək istərdim. Elçinin dramaturgiyası da işıq
və kölgənin bir-birilə əvəzləndiyi
sərhəddə təzahür
eləyir. Onun, demək olar ki, əksər pyesləri yuxu ilə, xəyal ilə, fantaziya ilə gündəlik məişət
təkrarlarının sintezində,
qarışığında əmələ gəlir.
Bu əsərlərin fakturasında
hər iki dünya - təsəvvürlə
reallıq yanaşıdırlar
və onların arasına nazik bir tül pərdə
atılıb. Birindən
digərinə keçid
cəmi bircə anın məsələsidir.
Heç də təsadüfi deyil ki, Elçin pyeslərində
personajlar tez-tez xəyalların oyunu ilə gerçəkliyi səhv salırlar, gerçəklikdən ayrılıb
ya ilğımlarla yaşayırlar, ya da gerçəkliyin özünü
ilğımlaşdırırlar. Hətta onların yaşadıqları məkanın
özü belə haradasa yırğalanan, dayanıqsız qumları
xatırladır. Əgər
personajlar bu qumların üstündə
aşırı ləngisələr,
o andaca qum dənizində yoxa çıxarlar. Mən bunu Elçin dramaturgiyasının çox
özəl, nadir xüsusiyyəti
kimi dəyərləndirirəm.
Azərbaycan dramaturgiyasında bir
günəş kimi parlayan Elçinə mənim marağımı cəlb
edən beşinci səbəb isə onun pyeslərinin səhnə üçün
hədsiz dərəcədə
effektli olmasıdır,
canlı xalq dilində yazılmasıdır,
dramatik vəziyyətlərin
dinamikliyi və mütəhərrikliyidir. Bu dinamikanı,
mütəhərrikliyi təmin
edən nəsnə isə Elçinin öz pyesləri üçün seçdiyi
absurd formatıdır. Azərbaycan
ədəbiyyatşünaslığının
ən parlaq simalarından biri Yaşar Qarayev heç də əbəs yazmırdı
ki, "Elçin dramaturgiyamızda
ilk dəfə olaraq xaosun, hərc-mərcliyin obrazını yaradır! Onların əsasında duran mənəvi, əxlaqi, ideoloji stereotipə, normativ düşüncə və
rəftar tərzinə
ən müasir, ayıq, oyaq, ədəbi, estetik münasibət ifadə edir". Xaosun obrazı - hər növ fantaziya üçün, fantaziya əlvanlığı üçün,
təxəyyülü oyatmaq
üçün olduqca
təsirli bir qıcıqdır. Xaosu hərə bir cür görür, bir cür təsəvvür
edir və bir cür modelləşdirir.
Lakin Xaos həm də o nəsnədir ki, içində dünyaya yer verir, dünyanı
öz sahmansızlığından
doğurub sahmana gətirir. Elçinin pyesləri də sanki xaosun parametrlərsiz
məkanında strukturlaşır.
Ona görə rejissorlar
belə bir məkanda özlərini
tam azad, tam sərbəst
hiss eləyirlər, öz
improvizə etmək qabiliyyətlərini heç
nə ilə məhdudlaşdırmırlar. Aktyorlar
barəsində də
bunları demək mümkündür. Onların
Elçin pyeslərində
aldığı rollar
birmənalı şəkildə
aktyor improvizəsini şərtləndirir. Çünki
Elçin aktyora obrazı yox, obrazın kodunu, şifrəsini təqdim edir. Aktyor məhz
bu koda, bu şifrələrə əsasən obrazın səhnə həyatını,
onun daxilini və plastik rəsmini, bir sözlə, bütövlüyünü
yaratmalıdır. Ona görə
də hər bir aktyor Elçin
dramaturgiyasında oynadığı
rolu öz improvizəsinin gücünə
söykənərək yaradır.
Bu da ondan irəli gəlir ki, Elçinin pyeslərində statik, daşlaşmış, dəyişməz
heç nə yoxdur. Elçinin dramaturji mətnləri improvizələrə, yozumlara,
innovasiyalara, müxtəlif
modulyasiyalara açıq
ədəbi mətnlərdir.
Hər məqaləmdə bu pyesləri bircə-bircə
araşdırmaq, onların
səhnə təcəssümündən
danışmaq, Elçindən
Elçinə danışmaq,
baxmayaraq ki, o, bunları
məndən daha müfəssəl və daha mükəmməl bilir, mənə son dərəcə zövq verən bir məşğuliyyət kimi
görünür.
Azərbaycanın görkəmli söz
adamı, ədəbiyyatşünası,
ictimai xadimi, çoxsaylı hekayələr,
povestlər və romanlar müəllifi Elçin kimi çox uğurlu bir yazıçı
90-cı illərin əvvəllərində
daha fəal bir surətdə dramaturgiya ilə, absurd pyeslər yazmaqla məşğul olub, özü də o dərəcədə böyük
həvəslə, entuziazmla
məşğul olub
ki, dramaturgiya tədricən
Elçin yaradıcılığında
önə keçib avanqard mövqelərdə
dayanıb. Burada mən "avanqard" kəlməsini gəlişi
gözəl söz kimi işlətmədim. Elçin, həqiqətən,
Azərbaycan dramaturgiyasına
və teatrına münasibətdə avanqard
bir mövqe tutmuşdur. Fikrimin təsdiqi onun pyesləri, pyeslərinin strukturu və bu pyeslər əsasında hazırlanan
tamaşaların keyfiyyətindədir.
Elçinin avanqardçılığı daha çox onun absurd pyesləri üçün səciyyəvi
bir xüsusiyyətdir.
Elçin absurd çərçivəsində
maraqlı şəxsi,
fəlsəfi, sosial konstruktlar qurmaqdan həzz alıb, öz personajlarını həm müəyyən konstruktların, həm də müəyyən dramaturji vəziyyətlərin
içinə atıb
onların necə davranacağına tamaşa
edib: hərdən nəzarəti gücləndirib,
hərdən də zəiflədib. Bu konstruktlar
kontekstində Elçin
personajı yox, personaj öz-özünü
yazır, öz-özünü
yaradır. Elçinin
"Ah, Paris, Paris", "Mən sənin dayınam",
"Dəlixanadan dəli
qaçıb", "Mənim
ərim dəlidir"
komediyalarında "sosrealizm
nəzəriyyə"sinin qəlibləri əsasında
"büt"ləşmiş qəhrəman tipajı illyuziyası darmadağın
edilir, "sosrealizm estetikası"ndan heç
bir əsər-əlamət
qalmır, absurd hüdudlarında
bütün izmlər,
bütün ifadə boyaları ustacasına bir-birinə qarışdırılır,
sosialist realizmi atmosferin sürrealizmi ilə əvəzlənir,
hətta bəzən hiperrealizmin ordan-burdan baş qaldırdığı
belə nəzərə
çarpır, bəzən
impressionist ovqat personajları
öz içinə alıb somnambulik valsa dəvət edir, bəzən acı kinayə emosiyalar lirizmini qabağına qatıb romantik yaşantıları
uçurub dağıdır,
bəzən isə gerçəkliyin mahiyyəti
qəddarlıq maskasında
görünür. Bunun əsəs
səbəbi, məncə,
Elçinin bir dramaturq kimi güclü bədii təxəyyülə, fantaziyaya
və improvizator keyfiyyətlərinə malik olmasıdır.
Elçin öz absurd
pyeslərində "fristayl"
üslubunda çəkdiyi
tabloları heç vaxt sonacan doldurmur.
O, bu lövhələrdə
müəyyən mənalı
boşluqlar saxlayır
ki, onlar da fantaziyanın,
təxəyyülün qıcıqlandırıcıları
kimi yozula bilər. Məhz bu "boşluqlar" çoxsaylı improvizələrə
yol açır.
Absurd pyeslər "heçnə
haqqında heç nə" və ya "hər nə istəsəniz"
prinsipinə riayət
etmək baxımından
improvizə əsasında
formalaşırlar ki, burada
hər məqam, hər ifadə istənilən kimi yozula bilər. Lakin bu heç də
o demək deyil ki,
absurd pyes struktursuz pyesdir. Xeyr, bəlkə də əksinə. Absurd improvizə
ilə bərabər,
hər bir sözün dəqiq müəyyənləşdirilmiş yerini tələb edir.
Elçinin 90-cı illərdə yazdığı absurd pyeslərdən
zamanın, gündəlik
həyatın, məişətin,
iddiaların, şüarların,
sarsaq niyyətlərin,
vəzifəpərəstliyin, mənasız didişmələrin,
yaltaqlığın absurdu
fışqırır.
Teatr bir oyun növüdür,
dram oyundur, poeziya oyundur. Komediya isə daha çox
oyundur, çünki başqalarından fərqli
olaraq özünün
qeyri-ciddiliyini öncədən
elan edir. Ona görə
absurd özünü əksər
hallarda komediya janrında tanıyır, komediya ilə identifikasiya eləyir. Hər bir komediyada
absurd rüşeymi var, hətta
dahi Aristofanın
"Lizistrata"sında, "Buludlar"ında, "Arılar"ında
absurdun izlərini, cizgilərini asanca aşkarlamaq mümkündür.
Elçinin öz yaradıcılığının 90-cı illər mərhələsi
üçün komediya
yazması, komediyanı
öz fikirlərini, duyğularını ifadə
etməsi üçün
daha məqbul, daha perspektivli, daha məqsədyönlü
sayması da bu baxımdan heç təsadüfi deyil. Hətta mən bir qədər dərinə gedib onu deyərdim ki, Elçinin absurda meyllənməsi, komediya janrı ilə gündəmə gəlməsi
sözün əsl mənasında kulturoloji və ədəbi-bədii
aksiya idi. Elçin risk eləyirdi, çünki 90-cı illərə
qədər Azərbaycanın
ədəbi ictimaiyyəti
onu son dərəcə
ciddi nasir, yüksək intellektli yazılar müəllifi kimi tanıyırdı və Elçin nəsrində rəğbətlə, sevgi ilə yoğrulmuş yumor sərhəddindən
kənara çıxmağa
özünə yol vermirdi.
90-cı illərdən bu yana isə Elçin
teatr üçün
absurd oyunlar yazdı, bu oyunların içini komediya ilə, gülüşlə,
zarafatla, kinayə ilə, sarkazmla bəzədi. O, gülüş
parametrlərində qurduğu
müxtəlif oyunlarda
adi olanı qeyri-adiyə çevirdi, fantastik olanı isə adiləşdirdi, mahircəsinə romantikadan
şəbədəyə, kinayədən lirizmə adladı, yəni sərhədləri tamamilə
götürdü, gerçəkliyi
oyun modelində təqdim etdi, oyun içində məxfiləşdirdi.
90-cı illər ədəbi ictimaiyyətə yeni Elçini,
dramaturq Elçini, komedioqraf Elçini təqdim etdi. Elçin 1994-cü ildə
"Literaturnaya qazeta"nın
müxbiri Elmira Axundovaya
verdiyi müsahibəsində
heç də əbəs demirdi ki,
"1990-cı ilin yanvar
hadisələri həyatımı
ikiyə böldü"...
Rica eləyirəm, fikir
verin: o, demir ki, yaradıcılığımı, deyir ki, həyatımı.
Bu onu bildirir ki,
1990-cı illərdən sonra
o, özünü də,
dünyanı da, ətrafını
da, hadisələri də
artıq tamam başqa cür görməyə başlayır,
tamam başqa cür qiymətləndirir
və bütün bu duyğularını, emosiyalarını ifadə
etməkdən ötrü
yeni yazı metodologiyaları
və texnologiyaları
arayır. Onun bu müsahibəsi Elçinin 90-cı illər
yaradıcılığının tədqiqindən ötrü
bir epiqraf kimi götürülə
bilər, çünki
bu epiqrafda həm dövr, həm şəxsiyyət,
həm sənətçi
ovqatı və həm də yazıçı axtarışları
öz əksini tapır. Və hətta bundan əlavə, Elçinin bu müsahibəsi mənə çox simptomatik psixoloji bir durumun xəritəsi
və həmin durumdan azad olmaq,
çətin sarsıntıdan
çıxa bilmək
resepti, düsturu, yolu kimi görünür.
Bu müsahibə Elçin düşüncəsinin həyatında
mühüm bir not, bir mesaj kimi
çox dəyərlidir.
Yazıçı, mütəfəkkir,
ziyalı və adi vətəndaş Elçin burada əslində, bir ruh adamı kimi, bir söz
adamı kimi öz xilasından danışır. Belə
ki, məhz komediya ona 20 yanvar hadisəsinin
ruhi sarsıntısından
qurtulmağa, danışmağa,
özünü, yaşantılarını
tam ifadə etməyə
imkan verib, Elçin üçün
təzədən yaradıcılığa
qayıtmağa bir təkan, bir impuls olub.
Bir qayda olaraq, Elçinin
komediyalarında müsbət
qəhrəman yoxdur və ya qəhrəmanının
müsbət keyfiyyətlərini
dramaturq məharətlə
örtüyə bürüyüb
arxa plana atıb, yəni o da başqalarından
heç nə ilə fərqlənmir. Böyük masştabda götürdükdə, Elçin
pyeslərində heç
mənfi personajlar da yoxdur, əgər cəmiyyət xəstədirsə,
dəlilik yaşam norması kimi qəbul olunursa, insanları - personajları
müsbət və ya mənfi qütblərə
yığmağın, müsbət
və ya mənfi qütblərdə
qruplaşdırmağın mənası varmı?
Bir də axı, Elçinin yazdığı
pyeslərin əksəriyyəti
absurddur! Absurdda müsbət və ya mənfi personaj
axtarmağın özü
mənasızdır, çünki
onlar bu absurd içində yaşamağa
məhkum adamlardır,
dəlilik və intihar sərhədində
dayanmış adamlardır.
Bu insanların yaxşılığı
və pisliyi ancaq şərti və nisbidir. Absurd pyeslərində həmişə
yalnız bir müsbət personaj, bir müsbət sima olur ki, bu da dramaturqun özüdür.
Əgər daha dəqiq olmağa çalışsaq, deməliyik
ki, bu, müəllifin
gülüşüdür. Absurd pyeslərində müsbət
rolda məhz "Cənab Gülüş"
çıxış edir.
Hərçənd ki, Elçin
öz absurd pyeslərində
həmişə oxucusu-tamaşaçısı
üçün qaranlıq
tunelin sonunda mütləq bir işıq yandırmağa
çalışıb. Lakin elə məqamlar olur ki, heç müəllifin özü
də bu işığın yandığına
inanmır və başlayır öz içində bu işığa da xısın-xısın
gülməyə...
Elçin zirvədən zirvəyə
addımlayıb, bir zirvəni fəth edən kimi yenisini axtarıb və həmin o zirvəyə qalxmağa hazırlıq görüb.
Di gəl ki, Elçin
zirvədən zirvəyə
yüksəldikcə təngiməyib,
yorulmayıb, enerjisi tükənməyib, elə
hey getdikcə gedib, sanki ədəbiyyatın,
sənətin sonsuzluğu
içində əbədi
səyahətə çıxıb...
Elçin söz adamıdır...
Elçin teatr adamıdır...
Elçin Azərbaycan mədəniyyətinin
hadisəsidir...
Elçinin teatr haqqındakı
fikirləri, müasir
teatr prosesilə bağlı dedikləri, yazdıqları, qeyd etdikləri Azərbaycan teatrşünaslığı üçün
mötəbər bir məxəzdir, Azərbaycan
teatrının inkişafına
bir təkandır.
Elçinin pyesləri Azərbaycan
dramaturgiyasının yeni bədii-estetik
üfüqüdür, yeni bədii-estetik paradiqmasıdır.
Bu paradiqmada absurd faciə
ilə, komediya dramla, tragikomediya siyasi pamfletlə qonşulaşır, magik realizm satira ilə, sürrealizm kinayə ilə, bədii şişirtmə
eksklüziv reportajla qarışır. Ona görə
Elçinin pyesləri
teatr qarşısında
həmişə geniş
hüdudlar açıb,
rejissor fantaziyası üçün səhnədə
müxtəlif variasiyalar
qurmaq imkanı yaradıb.
Lakin bütün bunların əsasında Azərbaycana
xidmət, Azərbaycan
vətəndaşına xidmət
missiyası durub. Amma bu heç də
o anlama gəlmir ki, Elçin yalnız azərbaycanlılar üçün
yazıb yaradıb. Xeyr! Elçin yalnız İNSAN faktorunu düşünərək yazıb,
millilikdə bəşəri
olanı axtarıb, bütün insanları birləşdirən sosial,
psixoloji, kültürəl
və duyğusal amilləri bir araya gətirib.
Nasir Elçinin xoşbəxt taleyi olduğu kimi, dramaturq Elçinin də xoşbəxt teatr taleyi olub və
olacaq. Bu taleyi o, öz teatr dünyasını
yarada-yarada, öz teatrını yaza-yaza gerçəkləşdirib, gerçəkliyin
bədii modelini qura-qura gerçəkləşdirib.
Bu dünya çoxsakinlidir,
çoxsəslidir, rəngarəngdir
və bu dünya, əslində, Elçinin teatr planetidir.
Bu gün Elçinin pyesləri nəinki Azərbaycan teatrlarının
repertuarını bəzəyir,
həmçinin, dünya
teatrlarının repertuarını
dolaşır. Onun dramaturgiyasını xarici
ölkələrdə tanıyırlar,
sevirlər və böyük maraqla səhnədə oynayırlar.
Təqdir olunası haldır ki, bu tendensiya gün-gündən
artmaqda, şaxələnməkdədir...
Bu düşüncələrlə də Azərbaycan dramaturgiyasında özünün
bəlli bir "yeri-yurdu" olan Elçinin pyesləri,
ONUN TEATR DÜNYASI barəsində düşüncələrimi, mülahizələrimi
hələlik yekunlaşdırıram...
Amma yox... heç şəksiz ki, bu düşüncələr indən
belə də özünün əbədi-virtual
həyatına başlamış
(3 avqust 2025) Elçinlə
- görkəmli azərbaycanlı
Elçinlə, dünya
adamı Elçinlə,
bənzərsiz şəxsiyyət,
yazar, dramaturq, dövlət xadimi, ictimai xadim Elçinlə
birgə əbədi yaşayacaq... zənginləşəcək...
ELÇİN TEATRI ilə,
ELÇİNİN TEATR PLANETİ ilə yanaşı yol gedəcək.
Əziz
Elçin müəllim!
Sizdən əsərlərinizdə
canlandırdığınız insanlar arasındakı işıqlı münasibətlərin
qələbəsinə sonsuz
inam hissilə ayrılıram...
Yox... hələlik ayrılıram...
Bu dağlar ulu dağlar
Çeşməli, sulu dağlar
Burda bir igid ölüb
Göy kişnər, bulud ağlar.
(bayatı)
lll
Bu gün isə Azərbaycan ədəbiyyatının
baş romanı "Baş"ın Azərbaycan
teatrının sirli-sehrli
səhnəsinə ELÇİNSİZ
GƏLİŞİ ilə Elçinin əbədi - daha möhtəşəm
virtual həyatı başladı.
Görünən də budur ki, Elçindən heç
zaman ayrılmayacaq möhtəşəm
Azərbaycan teatrı
dramaturq Elçinin
virtual həyatında yenə
onunla birlikdə sabaha addımlamaqdadır...
İndi isə açın pərdəni: bu dəfə Elçin teatrımıza "Baş"la
gəlir!
Bu gün Elçinin dramaturji yaradıcılığının,
teatr salnaməsinin hüsnünü, əzəmətini,
miqyasını xüsusi
vurğulamaq niyyətilə
deyəndə ki, "Açın
pərdəni: bu dəfə Elçin
"Baş"la səhnəmizə
gəlir, həm də məni (bizi!) sarsıdan böyük itkinin içimi göynədən
ağrı-acılarıma, kədərlə dolu dərin yaşantılarıma
həməncə bir nikbinlik əhvalı hakim kəsildi...
Dağların qaşı sənsən
Dibinin daşı sənsən,
Eldə
neçə igid var,
Hamının başı sənsən.
(bayatı)
Nə bəxtiyar ki, Elçin möhtəşəm ədəbi
irsi ilə birlikdə bu gündə yaşamaqdadır...
sabah da yaşayacaqdır...
Məryəm ƏLİZADƏ
Sənətşünaslıq doktoru,
professor
525-ci qəzet.- 2025.- 9 sentyabr,
¹161.- S.10-11.