Qübbədə qalan xoş
səda
Hekayə
Xalidə Ədib Adıvar
/ Halide Edib Adıvar
(1884-1964) - türk nasir,
publisist, alim və ictimai xadim. Fəallığı, təsirli
nitqi, yazıları ilə Türkiyədə
milli dirçəliş, İstiqlal
Savaşı hərəkatında
özünəməxsus rol
oynayıb. Milli azadlıq
mücadiləsini əks
etdirən "Alovdan köynək" və digər əsərləri
ona həm məşhurluq, həm də xalq sevgisi
qazandırıb. "Milçəkli
baqqal məhəlləsi"
(1936) ilə daha ciddi ədəbi uğur qazanaraq 1942-ci ildə bu əsərə
görə hakim Cümhuriyyət
Xalq Partiyasının
fəxri mükafatına
layiq görülüb.
İyirmidən artıq
romanı, dörd hekayə kitabı, iki pyesi, xatirələri,
ədəbi və sosial məzmunlu təhlilləri ilə Türkiyə ədəbiyyatında,
ictimai fikir tarixində xüsusi mövqeyə yüksəlib.
1955-ci ilin may ayının ilk günü İstanbul qəzetlərində
bomba kimi partlayan bir elan çıxdı. Deyilirdi
ki:
"Cənab (...) türk musiqiçiləri arasında
bir müsabiqə keçirir. Şərtə
görə, yerli həyatla, İstanbulla bağlı mövzularda hərəsi bir opera yazan iştirakçılar
1956-cı il may ayının ilk günü Gülhanə parkında öz əsərlərini səsləndirəcəklər.
Münsiflər heyəti,
İstanbul Konservatoriyasının müdiri də daxil, üç nəfər yerli, üç də əcnəbi - məşhur
alman, rus və italyan musiqişünasları
- sənətkardan ibarət
olacaq. Pyetro Maskanyi münsiflər heyətində olmağı
indidən qəbul etmişdir. Qalibin mükafatı budur: öz kimliyini açıqlamayan, şəxsi
əmlakından əlavə,
altı milyonluq bir sərvətə sahib,
ailəli olmayan, səksən yaşlı cənab (...) bu sərvətini birinci yerin sahibinə bağışlayacaq. Özü
müsabiqənin yekunundan
əvvəl vəfat etdiyi təqdirdə, yenə də sərvətinin birinci yerin sahibinə qalması üçün
lazımi qanuni tədbirləri görmüşdür.
Bütün İstanbul əhalisi
müsabiqənin yekun
konsertinə dəvətlidir".
Bu elan, təbii olaraq, iki zümrəni daha yaxından maraqlandırdı: biri musiqiçilər, digəri
isə qəzet müxbirləri, çünki
əhali müsabiqənin
sonuna qədər kimliyi açıqlanmayacaq
o varlı adam haqqında nəsə öyrənməyə çox
can atırdı. Nüfuzlu
gündəlik qəzetlər
onun kimliyini öyrənəcək müxbirə
min lirə vəd etmişdi.
Ancaq məsələ çox müşküldü. Səbəbi:
bizdə əksər varlılar səksən yaşa çatmadan ölürlər; aralarında
o qədər yaşayanları
varsa belə, onlar da bütün sərvətini qocalmadan yeyib-dağıdanlar, vaxtından
əvvəl xərifləyənlər,
daimi rifah üçün əllərində
pulu qalmayanlardır.
Bununla belə, üç varlı qocanın adı qəzetlərdə
çıxdı. Üçü
də dərhal təkzib verdirdi və səksən yaşında olmadıqlarını
da, əlbəttə, təkzibdə
xüsusi vurğuladılar.
Müxbirlər düşünüb-daşındılar,
bu adamın öz zənginliyini gizlədən bir xəsis olduğuna qərar verdilər və dərhal da
İstanbul qazana, gənc
müxbirlərin də
hərəsi bir çömçəyə döndü.
Hər küçədə
səksən yaşında,
subay bir kişi axtarmağa başladılar. Qocalar məhəllə çayxanalarına
çıxa bilmirdilər.
Çünki bir küncdə sakitcə nargilə sümürən
hər qoca, gözləri qaynaşan, papaqlarını arxaya basmış bir dəstə cavanın bu sualına məruz qalırdı:
"Ata, neçə yaşın
var, ailəlisənmi?"
O arada bir mahnı
da çıxdı. Evlərdə,
küçələrdə, gəzinti yerlərində
tək-tək, yaxud topa halda hamı
"Axtarıram səksən
yaşlı bir qoca" deyib zəngulə vururdu. Amma bu müəmmalı qoca bekar və
müxbirlərə görə,
"nabekar"
varlının kim
olduğu aşkara çıxarılmadan 1956-nın may ayının ilk günü
gəlib çatdı.
Göy və dəniz -
İstanbul mavisi rəngində,
günəşin işığı
o məchul varlının
qızılları qədər
parlaq və bol, Gülhanə parkı məhşər yeri kimidir: vəziyyət
o həddə çatıb
ki, içəri sığışmayan,
qayıqlara, gəmilərə
minmiş əhali gözləri durbində, qulaqları səsdə dayanıb müsabiqənin
yekununu görüb-eşitməyə
çalışır.
Orkestr geniş səkidə, çardağın altındadır.
Münsiflər heyəti
və iştirakçılar
üçün də
ayrıca çardaq qurulub. Səkinin ətrafında polislər
cərgələnib. Çardaqda
və səkinin önündə bir neçə səsucaldan qoyulub, çünki qələbəliyin bir qismi musiqiçiləri görmək bir yana, hətta eşitməyəcək qədər
uzaqdadır...
İstanbul
Konservatoriyasının müdiri
birinci ifaçını
bu şəkildə
elan etdi: "Səffət
Subay - pianoçu. Mövzu: "Molla Gürani"də bir eşq macərası".
Dərhal Molla Gürani məhəlləsindən
olanlar ətrafdakıları
basıb-itələyərək səkiyə yaxınlaşmağa
çalışdılar.
Uzunsaç, arıq bir gənc pianoda əsərini səsləndirdi.
Kimsə bunda fövqəladə bir cəhət görmədi.
Hə də, bunun hər gecə onların yuxusunu qaçıran
radio havalarından nə
fərqi vardı? Məhəbbət səhnələri
- Havay adalarına xas tanqolar sayaq
- laübaliydi, operanın
qəhrəmanı cənab
Zımbırtayın öz
sevgilisi qaçıranda
yaşadığı həyəcanlı
hallar isə amerikan zəncilərinin oynadıqları fokstrotlara
bənzər, eynən
epileptik tutmalar kimiydi.
"Molla Gürani"li bir qadın: "Əşşi, bunun harası "Molla Gürani"dir?" - deyən
kimi qızı cavab verdi: "Eynilə bizim küçənin ovqatıdır".
Qolunu qələbəlikdəki
bir qızın qoluna keçirmiş, onunla birgə, rüfai dərvişi kimi, yerində dal-dala yırğalanan cavan oğlan isə: "Səffət Subay, bax eşq
belə olar!", - dedi.
Qoca bir kişi gileyləndi:
"Susun da bir, eşidə bilmirəm!".
Ətrafdakı gənclər:
"Qulağına cihaz
tax, atacan!" - çığırışıb
məzələndilər.
Müsabiqədə səkkiz sənətkar vardı. Bunların "Molla Gürani"də bir eşq macərası"
ilə birlikdə, yeddisi İstanbulun küçə və məhəllələrindən hansınasa aid bir eşq macərasını
əks etdirmişdi:
"Fateh" gözəlinin sevdiyi kişi", "Şişli" qızları",
"Vəfa"dakı vəfasız",
"Xəlic"də ay işığı",
"Qasımpaşa"lı Qasım", "Boğaziçi"
gecələri". Bu operaların
mövzuları səsucaldanlar
vasitəsilə camaata
çatdırılırdı. Çünki hər sənətkar, öz yəqinincə, əsərinin
ən gözəl səhnələrini səsləndirirdi.
Əsərlərdəki hakim melodiya sayılan parçaları da xor heyəti oxuyurdu. Hər sənətkara yarım saat ayrılmışdı, ilk yeddi
əsər barədə
musiqi bilicilərinin rəyi belə oldu: "Çox qərbsayağıdır... Çox
da türkəsayaqdır..."; "Filan operadan köçürüb, filan
bəstədən də
götürüb, türkəsayaqla
qərbsayağını kobud
tərzdə calaşdırıb...";
"Qasımpaşa"lı Qasım"la, "Şişli"
qızları" olduqca
gülməli musiqidir...";
"Vəfa"dakı vəfasız"
elə bil "Qaragöz"dəki "Mən
sənə demədimmi"
mahnısının qərbsayağı
variantıdır..."; "Heç birində vahid süjet yoxdur..."; "Melodiyalar
sanki tikilmədən manekenin üstünə atılmış ayrı-ayrı
parçalardır..." və
sairə.
Nəhayət, axşam düşdü.
Ətrafa xoş bir alatoran çökdü.
Səkkizinci əsər
üçün orkestr
dəyişildi. Bu orkestr
Türkiyədə əlli
il əvvələdək çalınan
simli, zınqırovlu
alətlərdən, zurna, təbil,
nağara, qoşanağara
və digərlərindən
ibarətdi. Bu kiçik
dəyişiklik artıq
yorulmağa başlamış
dinləyicilərdə canlanma
yaratdı. Üstəlik,
dirijorun yerinə ucaboy, sarışın, ortayaşlı bir kişi çıxıb,
əlindəki çubuğu
qaldıranda gur alqış sədaları
axşam havasının
tənbəllik yayan sükutunu dağıtdı.
Çünki bu, Türkiyənin ən məhur dirijoruydu. Ancaq bu alqışların
bir azı, son iyirmi ildə bircə əsərlə də ortaya çıxmayan bu adam üçündüsə,
bir azı da indiki orkestrin qeyri-adi tərkibinə görəydi.
Səsucaldanla elan olundu: "Bu opera qoca bir ud
müəlliminin həyatına
aiddir. Operanın qəhrəmanı "Eyyub"lu
Hacı Səlami Əfəndidir. Əndərunda yetişmiş sonuncu simalardandır.
İlk üç pərdə
bütünlüklə qədim
türk bəstələrindən
tərtib olunub. Dördüncü-beşinci pərdələr
yeni dövrə aiddir
və həmin qocanın bu yeni səsləri necə qəbul etdiyinin ifadəsidir. Ömrünün
son illərində iş
tapa bilmədiyi üçün
o, yavaş-yavaş faciəli
bir səfalətə
düçar olur. Nəhayət, kimsəsiz halda, bir məzarlıqda
ölüb qalır. Hacı Səlami Əfəndinin son nəfəsdə
eşitdiyi İstanbul sədaları
və bunların onun zehnində yaratdığı sonuncu ahəng burada səsləndiriləcək! Əsərin
müəllifi istanbullu
məşhur dirijor Hazım Aslan, operanın adı isə "Qübbədə qalan xoş səda"dır".
Hazım
Aslan çubuğunu oynatdı.
Skripkalar dilləndi.
"Üürüü... üürüüü..." "Xoruz banlayır" deyə pıçıldaşan
camaat tez də susdu. Çünki bu, əlli il əvvəlki İstanbulun sədalarıydı
və elə bil onları səsləndirənlər məzardan
çıxıb gəlmişdilər.
Tənburlar və kamançalar yoğun səsli bir kişiylə büllur avazlı bir oğlan uşağının
minarədə oxuduqları
"Əssəlat"ı dilləndirdikcə, keçmiş
İstanbul küçələri canlanıb oyanırdı.
Səhləbçi, südçü,
şirniyyatçı, xırdavatçı
- hamısının səsi
eşidilirdi. Nağaralar
yerbəyerdən "damdara
damdam dam dam"a başlayanda yaşlı qadınlar, köhnə dostlarını görüblərmiş
kimi, hay salırdılar:
"Hakkamlar, hakkamlar keçir..."
"Göydə mələyi,
yerdə canı ağladıb keçən"
Aşura növhəçilərinə
qoşulan camaat "canım, ay növhəçi"
deyib nalə çəkirdi. Növhəçilər
"Mənim adım dərdli dolab"ı,
"Hüseynə qıydılar"ı
yanıqlı-yatımlı səslə oxuyandan sonra qəfildən dəfli-zınqırovlu bir
qaraçı dəstəsinin
"Vallah gözəldir
gözlərin, billah gözəldir" mahnısı
eşidilirdi.
Nəhayət, axşam sədaları
- qatıqçı, simitçi,
gilənarlı-qaymaqlı boza , qarğıdalı satan baməzə alban balası da "gəlib keçdi". Hər məhəllədə gecə
namazı üçün
əzan oxundu. Ondan sonra səslər
yavaşıdı, tədricən
daha uzaqdan gəlməyə başladı.
"Cığğıt-dığğıt..."
- beləcə bir beşik yellənir, yorğun səsli qadın sözləri uzada-uzada layla deyirdi: "Qarr-ğa... qarr-ğa... qarrr... dedii... heeeey...."
Sükut
çökdü, köhnə
İstanbulun Hacı Səlami Əfəndinin zehnində oynaşan son sədaları da onunla birgə susub, əbədi yuxuya daldı.
1957-ci ildə "Qübbədə
qalan xoş səda" operası İstanbulda ilk dəfə
oynanılacaqdı. Pyetro
Maskanyi ilk tamaşa axşamı orkestri idarə etmək üçün İstanbula
gələcəkdi. Gənc
müxbirlər bu dəfə də qarabaqara Hazım Aslanı izləyirdilər.
Altı milyon və dünyaca şöhrət qazanmış
bir sənətkardı!
Opera daha sonra Zalsburq Musiqi Festivalında da oynanılacaqdı
deyə, İstanbul öz
böyük oğlunun
sayəsində yiyələndiyi
bu şərəfdən
sanki sərxoş olmuşdu. Bu şərəfə
yol açan o məchul varlını isə elə bil hamı unutmuşdu.
Bununla bağlı nəşr edilən məqalələrdən ikisi
daha çox maraq doğurmuşdu. Birincisindən - Açıqgöz
Nədim imzalı gənc müxbirin yazısından bir parçadır bu: "Qübbədə qalan xoş səda"nın yazılmasının səbəbkarı
olan məchul varlını, axır ki, tapdım. "Keresteçilər"də
balaca bir evdə yaşayır. Bunu Hazım Aslanı günlərlə
bir polis, xəfiyyə
kimi izləyəndən
sonra müəyyənləşdirə
bildim. O nə müharibədə varlananlardandır,
nə də birjada udanlardan. Əvvəllər basmanaxışlı
parça alıb-satarmış.
1930-da ticarətdən əl
çəkib, yaşadığı
da atasından qalan, doğulub-böyüdüyü sadə bir evdir.
Ticarətə başlamazdan
əvvəl musiqiyə
meyli varmış. Gənc yaşında kar olub. Küçə
səslərini xatırlamaqdan
xüsusi zövq alarmış. Bir dəfə
Avropaya gedir. Bir operaya baxır. Gərək ki, bir şəhərin keçmişindən
bəhs edirmiş. Onda İstanbulu da beləcə məşhurlaşdırmaq
fikrinə düşür
və sərvətini
bu yolda fəda etməyə qərar verir".
İkincisi isə Hazım
Aslandan müsahibə
almağa nail olan gənc müxbir Cövdət Cəbəlinin
yazısıydı. Bu da ondan
bir parçadır:
"Hazım Aslan mənə
danışdı ki:
- Əsər mənim deyil, atamındır. Hacı Səlami onun özüdür. Otuz il onu dinlədim,
bütün həyatını
ayrı-ayrı musiqi parçalarıyla çatdırdı
mənə. O öləndə
elə kasıb idim ki, illər boyu başdaşı qoydurmağa da imkanım olmadı. Nəhayət,
tale üzümə güldü.
Ancaq mən ona zamanın uçurub-dağıda bilməyəcəyi
bir abidə qoymaq istədim. Atam harmoniya və orkestrləşdirməni
bilmədiyi üçün
əsərləri qısa-qısa
melodiyalardan ibarət idi. Onları topladım, əlaqələndirib
nizama düzdüm. Yəni bütöv bir formaya saldım.
- Başdaşı qoydurdunuzmu?
- Yox, məzarı çiçəklər sarmaşmış
barmaqlıqların arasındadır.
Amma mən onun ruhunu sevindirəcək bir iş görürəm.
- Nə iş görürsünüz?
Sənətkar utanaraq susdu.
Sonra dedi ki:
- Yoxsul çalğıçılara
kömək üçün
bir fond yaradıram. Üç milyonla fəaliyyətə başlayan
bir təşkilat olacaq. Əlli yaşından sonra hər bir musiqiçi
oraya üzv ola bilər. Onlardan ibarət bir ansambl hər bazar günü atamın məzarı üstündə
onun "Qübbədə
qalan xoş səda"sını səsləndirəcək.
İzahlar:
1Hekayənin
adı XVI əsr Osmanlı-türk şairi
Baqinin məşhur misrasından gəlir.
"Baqi qalan bu qübbədə bir xoş səda
imiş" şəklindəki
həmin misra insanın dəyərli işlər tutub, nəcib əməllər
sahibi olub öz adını, xatirəsini əbədiləşdirməsinin,
dünyada yaxşı
ad qoyub getməsinin vacibliyi mənasında tez-tez işlədilir.
2Müəllif
farscadan gələn və Türkiyə türkcəsində "subay"
anlamında işlənən
"bekar" sözüylə,
yenə həmin dildən keçib "xeyirsiz, işə yaramayan" mənası verən arxaik "nabekar" kəlməsini
bir cümlədə işlədərək söz
oyunu qurub.
3Osmanlı
sarayının ənənəvi
təlim-tərbiyə mühiti
nəzərdə tutulur.
4Əslində
"akkam"dır, xalq
arasında "hakkam"
kimi yayılıb. Həcc ziyarəti ərəfəsində İstanbul küçələrində təbil-nağara
vura-vura dolaşan, bəzən evlərin qabağında "qılınc-qalxan
oyunu" çıxardan,
dua edib sədəqə yığan,
əksərən ərəbəsilli
yoxsulların ümumi
adıdır.
5Darı
(yaxud buğda yarması), düyü, şəkər tozu və mayanın suda qarışığından
ibarət, bəzən
darçın, ləbləbi
də qatılmaqla hazırlanır. Daha çox qış mövsümündə içilir.
Türkiyə şəhərlərində,
o cümlədən İstanbulda
çox zaman küçələrdə,
qapı-qapı satılır.
Xalidə Ədib Adıvar
Tərcümə etdi:
Seyfəddin Hüseynli
525-ci
qəzet.- 2025.- 6 sentyabr, ¹160.- S.20-21.