Oğuzun Qədirli günləri
Hörmətli oxucu, düz təxmin etmisiniz, söhbət
milyonların sevgisini qazanmış Qədir Rüstəmovdan
gedir. Heç bir təqdimata ehtiyacı olmayan Q.Rüstəmovdan.
Təkcə "Sona bülbüllər"in Qədiri"
ifadəsi onun haqqında hər şeyi deyir. Həmin "Sona
bülbüllər" ki, maestro Niyazinin dediyi kimi, ona
"qulaq asmağa bir ömür bəs etməz". O
"Sona bülbüllər" ki, ona 300-dən çox
şeir həsr olunub. Həmin "Sona bülbüllər"
ki, bir zamanlar yer üzünü təmsilən kosmosa göndərildiyini
eşitmişəm.
Azərbaycan Respublikasının Xalq artisti, "Şöhrət"
ordenli əfsanəvi müğənninin sənətinə
Ümummilli liderimiz Heydər Əliyev başda olmaqla,
dövrünün dövlət, mədəniyyət və incəsənət
xadimləri, görkəmli şəxsiyyətlər hər
zaman yüksək qiymət veriblər.
Biz də Qədirin mahnılarının vurğunuyuq.
Amma onun sənətini qiymətləndirməkdə acizik. Bir
də ki görkəmli şəxsiyyətlərin
(X.Şuşinski, S.Suşinski, Ə.Dadaşov, F.Əmirov,
Niyazi, H.Hüseynov, F.Şuşinski, X.Rza, B.Vahabzadə,
E.Sabitoğlu, A.Rzayeva, Ə.Məmmədov, A.Abbas, A.Babayev,
S.Rüstəm, Anar, S.Səxavət və b.) Qədirin sənəti
haqqında söylədiklərinin və
yazdıqlarının qabağında söz demək, nəsə
yazmaq bizə düşməz.
Ona görə də bu yazıda sadəcə olaraq Qədir
Rüstəmovun həyatının Oğuz dövründən
söhbət açacağıq - onun həyatının
Qarabağsız, Ağdamsız, çətin günlərindən.
Ağdamın işğalından sonra Qədir
Rüstəmov Oğuz rayonunda məskunlaşmışdı.
İnternat məktəbin yataqxanasında yaşayırdı.
Niyə məhz Oğuzda? Həm də belə bir şəraitdə?
Buna Qədir Rüstəmovun ən yaxın
dostlarından olan yazıçı, jurnalist Aqil Abbas
müsahibələrinin birində belə aydınlıq gətirmişdi:
"Oğuzda Qədir Rüstəmovu sevənlər çox
idi deyə, xanəndə sonralar həmin rayonda
yaşadı... Oğuzdakı dağlar, təbiət və s.
ona Ağdamı xatırladırdı. Lakin Qədir Rüstəmov
təkcə təbiətinə görə deyil, həm də
o rayonun insanlarına görə Oğuzu seçmişdi. Yəni
onun Oğuza pənah aparması oradakı insanların sevgisindən
irəli gəlirdi".
Bəli, xeyli müddət Oğuzda yaşayan görkəmli
xanəndəyə oğuzluların sevgisi sonsuz idi. O, burada
böyükdən-kiçiyə kimi hamının hörmətini
qazanmışdı. Çoxlu dostlar tapmışdı. Bu
yerlərin təbiətinə və təbiəti qədər
də saf olan insanlarına vurulmuşdu.
Mən Q.Rüstəmovu şəxsən tanıyan,
onunla ünsiyyətdə olan və onu canlı-canlı dinləyən
insanlardan biri olmuşam. Bir neçə dəfə məşhur
sənətkarın qatıldığı toy və şənlik
məclislərində iştirak etmişəm. Çox sadə
insan idi. İnsanlarla asanlıqla dil tapa bilirdi. Səmimiyyəti,
şux, duzlu-məzəli zarafatları ilə hamıda maraq
oyadırdı. İradlarını zarafatla deyirdi. Kənardan
qaradinməz və adama yovuşmaz görünsə də,
olduğu yerdə hamını danışdıran,
güldürən, diqqət çəkən insan idi. Həm
də çox emosional idi. Bəzən tez təsirlənir,
inciyir, küsür, əlindəki işi yarımçıq
saxlayırdı. Onu ürəyi istəməyən heç nəyə
məcbur etmək mümkün deyildi. Xaraktercə inadkar və
dəymədüşər idi. Əlbəttə, Qədiri Qədir
edən onun xarakteri yox, səsi idi.
Çox təvazökar idi həm də. Öz sənətinə
belə tənqidi yanaşır, "bəyənmirdi". Onu
alqışlayanda və ya tərif edəndə
"Əşi, mən nə edirəm, hamı kimi oxuyuram
da" deyərək söhbətin axarını dəyişərdi.
Hətta müsahibələrinin birində demişdi ki,
"Sona bülbüllər" mahnısına özü bir
dəfə də başdan-ayağa qulaq asmayıb. Orda-burda nə
eşidibsə, odur". Qədir heç vaxt istedadını
gözlərə soxmaz, əksinə, ona vasitə kimi
baxardı. Onu da deyim ki, onun toylarda canlı oxuduqları radioda
və televiziyada səsləndirilən mahnılarından
qat-qat təsirli gəlirdi insana.
Qədir müəllim musiqi məclisində yersiz
söhbətləri, şit hərəkət və rəqsləri
xoşlamazdı. Təsadüfi deyil ki, müsahibələrinin
birində deyirdi: "Mənim yüngül adamdan zəhləm
gedir. Toyda belə şeylər görəndə dözə
bilmirəm. Düzü belədi e..." Şahidiyəm ki, o,
kənd toylarının birində oxuyarkən bir nəfər
ortaya düşüb yarısərxoş vəziyyətdə
oynamağa başladı. Müğənni mahnını
yarımçıq kəsdi. Həmin adamı oturub qulaq
asmağa məcbur etdi.
"Qədir səsə heykəl qoyur, abidə
ucaldır, səsdən məmləkət qururdu. Onu dinlədikcə
bu məmləkəti qarış-qarış gəzir və
anlayırsan ki, bu məmləkətin öz qanunları,
öz meyarları var" (Loğman).
Rayonda heç bir toya haqq danışaraq getməzdi.
Yadımdadır, 1996-cı ildə qohumlarımdan biri
qızına toy edirdi. Toya müğənni kimi Qədiri dəvət
etmək istəyirdi və ona xeyli pul təklif etmişdi. Lakin
Qədir bunu qəbul etməmişdi. Bir az tərs olduğuna
görə heç kəs onun toya gələcəyinə də
inanmırdı. Lakin Qədir məclisin gur vaxtı gəldi.
Xeyli oturdu. Hətta bir neçə mahnı da oxudu. Ailə
quran gəncləri təbrik edib xəbərsiz gəldiyi kimi,
xəbərsiz də çıxıb getdi.
O, kasıb və imkansız ailələrin toy məslislərinə
də qəflətən gələr, təbrik edər, bir-iki
mahnı oxuyar və sağollaşıb gedərdi.
İmkansız ailələrdən heç vaxt nəsə
ummazdı. Onun iştirak etdiyi toy və şənlik məclislərinin
söhbəti aylarla, illərlə davam edərdi. Qədirin
iştirak etdiyi toy məclislərinin videoyazıları indi də
bəzi evlərdə tutya kimi qorunub saxlanılır.
Oğuzun sıravi sakinlərindən tutmuş rəsmi
şəxslərinə kimi hamı ona hörmət və
ehtiram göstərirdi. Burada çoxlu dostları vardı.
Onlar Qədirə kömək edir, korluq çəkməsinə
imkan vermirdilər. Q.Hidayətov, N.Bəbirov, Ə.Əliyev,
Q.Babayev, H.Hüseynov, R.Novruzov, R.Alızadə, İ.Mənəfov,
F.Rəşidov, Ə.Seyidov və digərləri onun yaxın
dostları idilər. Qədir çətinlik çəkəndə
ilk növbədə bu dostlarına müraciət edirdi.
Rayonun məmurları da onun hörmətini saxlayır, öz
köməkliklərini əsirgəmir, sözünü yerə
salmırdılar.
O, Oğuzun təbiətinə vurğun idi.
Qonşuları söyləyirdilər ki, yayda eyvanda durub
siqaret yandırar, uzun müddət Oğuzun dağlarına
baxar, saatlarla susar və fikrə gedərdi. Bu yerlərin
havası ona Ağdamı xatırlatsa da, Ağdamı əvəz
edə bilmirdi. Oğuz meşələrini gəzməkdən
yorulmazdı. Həyat yoldaşı F.Rüstəmova
müsahibələrinin birində qeyd edir ki, Bakıya
köçəndən sonra da tez-tez Oğuza gedərdik. Qədir
saatlarla çayların kənarında gəzər və rəngbərəng
kiçik daşlar yığardı.
Oğuzun dağlarında və meşələrində
ov etməyi sevərdi. Ən çox balıq ovunu sevirdi.
Tilovunu atırdı çaya və gözləyirdi ki, nə
vaxt balıq çıxacaq. Balıq ovuna çox vaxt dostluq
etdiyi Qismət müəllim Babayevlə gedərdi. Qismət
müəllimin onunla bağlı çoxlu xatirələri
var. Deyir ki, Qədir Rüstəmov möhtəşəm
ifası və duzlu-məzəli söhbətləri ilə
daha çox yadımda qalıb: "Rəhmətliklə bir
xeyli balıq ovuna getmişik. Həm də mən həmin
vaxtlar rəhmətlikdən elə ifalar eşitmişəm
ki, bəlkə də onları məndən başqa eşidən
olmayıb. Belə bir səs çətin ki, bir də gələ".
Xahişimizlə Qismət müəllim Qədir
Rüstəmovla bağlı bir xatirəsini bizimlə
bölüşdü: "Yay idi. Mən istirahət mərkəzində
işləyirdim. Eşitdim ki, Qədir yaxınlıqdakı
çayda balıq tutur. Yanına gedib nahara dəvət etdim.
Sözümü yerə salmadı. Onun üçün dana ətindən
kotlet hazırlatdım. İkilikdə nahar etdik. Nahardan sonra
bir kənarda oturub xəyala dalan Qədir qəflətən
ucadan və yanıqlı-yanıqlı oxumağa
başladı. O qədər yanıqlı və dərdli-dərdli
oxuyurdu ki, tüklərimiz biz-biz olmuşdu.
Yaxınlıqdakıların hamısı işini saxlayıb
ona qulaq asırdı. Ancaq o, birdən başladığı
kimi birdən də dayandı. Davam etməsini xahiş etdik.
Lakin Qədir zarafata salıb dedi ki, yox, dana kotletinə bu qədər
oxumaq bəsdir. Xeyli gülüşdük. Amma yaxşı
başa düşürdük ki, o öz dərdini, Qarabağ
həsrətini, Ağdam nisgilini mahnı ilə ifadə edir.
Dərdini, qəmini ifadə etmək üçün
mahnı bir vasitə idi Qədirə. O öz ifası ilə
dərddə, kədərdə yanır, yandırır,
yandırdığı qədər də
qandırırdı".
Rayonda Qədirlə bağlı maraqlı xatirələri
olanlar çoxdur. Onlardan biri də Oğuz şəhər
sakini R.Alızadədir. Rauf bəy danışır ki, Qədir
müəllim uşaqları çox sevərdi, saatlarla onlarla
söhbət edər, necə oxuduqlarını, hansı
peşəni sevdiklərini, hansı filmlərə tamaşa
etdiklərini və s. soruşar, hətta onlara mahnı da
oxudardı: "Uşaqlara yaxşı oxumağı və
ağıllı olmağı məsləhət görərdi.
Bir dəfə rayonda yaşayan qaçqınlar
üçün ərzaq və geyim paylanırdı. Biz də
Qədir müəllimin maşını ilə oradan
keçirdik. Qədir müəllim maşını
saxladı. İkimiz də maşından düşdük. Bu
vaxt o yaxınlıqda oynayan bir neçə
yarıçılpaq oğlan uşağı gördü.
Onları yanına çağırıb maşının
yanına gətirdi. Uşaqlara əyin-baş verməyi tələb
etdi. Halbuki bu uşaqlar qaçqın yox, yerli ailələrindən
idilər. Qədirin sözündən çıxmayan məsul
şəxslər dinməz-söyləməz onun
tapşırığını yerinə yetirdilər. O,
üzünü uşaqlara tutub dedi ki, gedin bunları əyninizə
geyin, sizi bir də çılpaq görməyim. Ata-ananız
soruşsa, deyin ki, bunları Qədir əmi alıb.
Məşhur olduğu qədər də sadə olan Qədir
Rüstəmov qonşuların da rəğbətini
qazanmışdı. Keçmiş qonşuları hələ
də onun duzlu-məzəli söhbətlərini həsrətlə
xatırlayır, böyük sənətkara rəhmət
oxuyurlar. Qədir Rüstəmov Oğuzda yaşayan
qaçqın ailələri ilə də tez-tez
görüşər, onların vəziyyəti ilə
maraqlanardı. Özünün imkanı o qədər
yaxşı olmasa da, kimin problemi vardısa, qabağa
düşüb həll etməyə
çalışardı. Deyərdi ki, "darıxmayın,
qorxmayın, Qarabağa gedəcəyik".
Ümummilli liderimiz Heydər Əliyev tərəfindən
Qədir Rüstəmova Bakıda ev verilsə də, çox
sevdiyi Oğuzdan ayrıla bilmirdi, bir ayağı Oğuzda idi.
Yay aylarını isə, demək olar ki, Oğuzda
keçirirdi. Köhnə dostları, qonşuları və
qaçqın düşmüş həmyerliləri ilə
görüşər, onların dərdinə şərik
olar və öz köməkliyini göstərərdi.
Qədir müəllim bir dəfə özü
haqqında danışanda deyib ki, "Lovğalıq
olmasın, deyəsən, mən də özümdən sonra
bir iz qoyub gedəcəyəm". Dediyi kimi də oldu. O, elə
bir iz qoydu ki, indi hamı bu izin bənzərsizliyindən
xüsusi hörmət və ehtiramla danışır. Onun
qoyduğu izlə, yolla, yöntəmlə getmək isə hər
müğənninin işi deyil.
Çətin və ağır olsa da, Qədir
Rüstəmovun ömrünün Oğuzda keçən illəri
Oğuzu şərəfləndirdi. Əfsanəvi xanəndəni
canlı görən, mahnılarını dinləyən,
onunla həmsöhbət olan oğuzlular şərəf duyur,
qürur hissi keçirir, onu həmişə böyük
hörmət və ehtiramla yad edirlər.
İmran VERDİYEV
Əməkdar müəllim
525-ci qəzet .- 2025. -
13 sentyabr(№165).- S.15.