Gizli Kamal
Bir müəllif ardıcıl olaraq hansısa
mövzuda yazırsa, onun bir planı vardır. Kamalın Dədə
Qorqudu tez-tez o biri dünyada narahat etməsinin səbəbi də
öz planları ilə bağlıdır. Dədəm Qorqud
yerini rahatlayır ki, Kamalın mənlə işi bitdi, müəllif
gecə yatdığı yerdə birdən dik atılır:
yox e, Təpəgözün niyə üç yox, dörd
yox, bir gözü var?!
Kamal bəy bir müəllif kimi labirintdədir. Elə
buna görə də kitablarının birinin adını
Labirint qoyub. Davamlı labirintdə... Və mənə elə
gəlir ki, onun heç bu labirintdən çıxmaq fikri də
yoxdur. Bir gün o bu labirintdən çıxsa, sudan
atılmış balıq kimi olar. Kamal öz labirintində
okeanda akula kimidir. Kamal Abdulla cəncəl
yazıçısıdır. Ona həmişə bir cəncəl
lazımdır, bir düyün lazımdır, Kamal kubik-rubik
yığır. Hərləyib-fırlayıb kvadratları rənginə
görə yan-yana düzür, yenidən pozub
yığmağa başlayır. Kamala düzənli mətnlər
maraqlı deyil. Ona görə də bu düzənsizliyi bəzən
özü yaradır, düzənsizliyə girir, pozur düzəldir,
pozur düzəldir. Labirint sevməsi Dədə Qorqud
dastanı ilə əlləşməsinin tək səbəbi
deyil. Onu bu dastanla bayaq dediyim
yazıçı planı da uğraşdırır. Kamal bir
plan yazır. Öz yazdığı dillə desək, onun
ifadə planı - (aşkar qatı) Dədə Qorqud
dastanını bir alim kimi araşdırmasıdır. Mahiyyət
planı - (gizli qatı) isə maarifçi planı,
yazıçı, aydın narahatlığı - Gizli
Kamaldır.
Gizli Kamal düşünür: Nə olacaq? Mənəvi
sistemimiz nədən ibarətdir, onu necə yaradaq, o varmı?
Özü də cavab verir: Var! Və bu, Dədə Qorqud
dastanıdır. "Gizli Dədə Qorqud - Yeni mənalar
axtarışında" kitabında yazır: "Dastan
Oğuz cəmiyyətinin varlığını göstərən,
onun yaşam normalarını bədiiləşdirib öz
içində qoruyub saxlayan və bu gün bizə təqdim
edən əsl həyat pasportudur".
Dədə Qorqud bizim mənəvi məktəbimizdi.
Kamal Abdulla israrla mədəniyyətimizi xarici kəşfiyyatdan
qurtarmağa çalışır. Yad mədəniyyətlərdən
qorumaqla məşğul olur. O, bu mesajı verir: Bizim
qutsalımız Dədə Qorqud dastanıdır; Dədə
Qorqudda hər şey yazılıb. Bu kitab bizim Qorqudi-Kərimimizdi.
Buna görə də hər detalını incələyir, hər
personajı açdıqca açır. Mənəvi dəyərlərimizin
keçmişini açıb-tökməyə
çalışır. Mədəni
cəmiyyət mifoloji irsini araşdıran, oradakı
kodları görən cəmiyyətdir. Buna görə də
alim araşdırır: Niyə Təpəgöz Təpəgözdür,
mif bizə nə demək istəyir, Tək göz nəyi
simvolizə edir?
Və biz bu nəticəyə gəlirik. Dünyaya tək
gözlə baxan varlıq təhlükəlidir.
Şekspir deyib ki, Qədim yunan mifologiyasını bilməyən
adamdan yazıçı olmaz. Bu mənada Kamal Abdullanın qədim
türk dastanını ələk-vələk etməsi,
dastanı yunan mifləri ilə tutuşdurması Şekspirin
baxışı ilə onu bəşəri
yazıçıya çevirir. Kamal dastanı təkcə
mifik və ya ədəbi müstəvidə çözələmir.
Təkcə ədəbiyyat elminin predmeti saymır.
Böyük alimimiz Rafiq Əliyevlə birgə
yazdığı "Kitabi-Dədə Qorqud və Qeyri-səlis
məntiq" kitabında biz əli qopuzlu Dədə Qorqudu
riyaziyyat elminin ənginliklərində tapırıq. Fəlsəfədə,
sosiologiyada, məntiq elmində dolaş-dolaş
görürük. Burada da biz onun xaosa olan sevgisinin daha
doğrusu, anlayışının ifadəsini oxuyuruq. Nədir
qeyri-səlislik? Bir az da xaos deyilmi? Bəlkə də xaosdan
kosmosa yoldur...
Kamal bəy milli-mədəni kodlar yaradır. Dədə
Qorqudu aktual saxlamasının əsas səbəbi də
budur. O, bu dastanda kef edir. Bu
mövzu həm milli gələcək, mənəvi məktəb
sistemi yaratmaq üçün ona hava-su kimi lazımdı, həm
də yazıçı labirintini doya-doya gəzmək
üçün. Özünü bu dastanın içinə
bir dolaşıq kimi salır və orada ləzzətlə
geninə-boluna "dolaş"ır. Kamal xaosu sevir, xaos
olmayanda onu yaradır və o xaosdan kosmosa yol cızır.
Kitabının "Xaos - Kosmos binar oppozisiyası"
bölümündə xaosa olan amansız ehtirası duyulur.
Kamal qədim şair Orfeyin dili ilə "Qorxulu
boşluq" dediyi xaosu həm də bütün düzənlərin
təməli sayır. Xaos olmasa, düzəni necə
yaradarıq? Onun sualı budur. Kamil insan xaosun içindən
doğruları tapıb yerinə qoyandır. O, xaosu
öymür, "xaos
dağıldı, kosmos yarandı" deyir. Demək, xaos
varsa, düzənə gedən yoldayıq. Demək, xaosdan
kosmos yaranması elmi hadisədir. Tanrısal bir məziyyətdir.
Ol! - əmridir. Oldurmaq, - bax budur insanın bütün təbiət
canlılarından fərqi. Problemin əlində giriftar qalmaq
deyil, məsələni yoluna qoymağa çalışmaq,
ağıl işlətməkdir insan cəmiyyətinin
işi. Kamal yazır: "Cəmiyyət üzvünün
potensialı imkan verir ki, o, dərinə inkişaf etsin". Dərinə
inkişaf! Əlbəttə, əksi də olur. Dayaza
inkişaf edənlər... Amma
Kamal dərinə inkişafa yol qazır.
(Birinci yazının sonu)
P.S. Bu il Gizli Kamalın yubileyidir.
Aysel ƏLİZADƏ
525-ci qəzet .- 2025.- 13 sentyabr(№165).- S.14.