Festival direktoru:
"İnsanlar sənətə pul verməlidir"
"ANİMAFİLM" BEYNƏLXALQ ANİMASİYA
FESTİVALININ DİREKTORU RƏŞİD AĞAMALIYEV:
"ÇOX İSTƏRDİK Kİ, KİNO FESTİVALLARINA
DAHA BÖYÜK DİQQƏT AYRILSIN"
Ötən həftə yekun vurulan
"ANİMAFİLM" Beynəlxalq Animasiya Festivalı
artıq səkkizinci ildir təşkil olunurdu. Əsas
mövzusu "Pişiklər" olan Beynəlxalq Festivalda
1000 nəfərdən çox tamaşaçı 25 ölkədən
60-dan çox filmi izlədi. Festival 4 proqramdan - Müsabiqə,
Müsabiqədənkənar, Müşahidəçi və
Peşəkarlar üçün proqramlardan ibarət idi. Bu il
festivalın müsabiqə proqramına 4 beynəlxalq və 1
yerli kateqoriya üzrə 62 ölkədən 317 film daxil
olunmuşdu. 7 nəfərdən ibarət seçim
komissiyası bütün filmləri dəyərləndirərək
20 ölkədən 39 filmin müsabiqədə iştirak etməsini
məqbul saymışdı. Onlardan 10 film yerli, 29 film isə
beynəlxalq kateqoriyalarda yarışırdı. Filmlər həm
5 nəfərdən ibarət beynəlxalq münsiflər heyəti,
həm də tamaşaçılar tərəfindən qiymətləndirildi
və qaliblər festivalın təntənəli
bağlanış mərasimində
mükafatlandırıldı.
Müsahibimiz "ANİMAFİLM" Beynəlxalq
Animasiya Festivalının direktoru, rejissor, prodüser, Azərbaycan
Animasiya Assosiasiyasının sədri Rəşid
Ağamalıyevdir.
- 8-ci "ANİMAFİLM" hansı yeniliklərlə
yadda qaldı?
- Biz bu il bir çox yeniliklər etdik. Məsələn,
kompüter oyunlarına həsr olunan tədbirlər
keçirdik. Bildiyiniz kimi, kompüter oyunları animasiyanın
bir hissəsidir və kifayət qədər nəhəng sənayedir.
Bu il əsas mövzumuz pişiklərə həsr olunmuşdu.
Yaradıcılığın mərhəmətlə birləşdirdiyi
bu festivalda bilet satışlarından əldə olunan vəsaitin
bir hissəsi pişiklərin rifahı ilə bağlı
yerli təşəbbüslərə ianə ediləcək.
Bu ənənə artıq bizdə var. Məsələn,
ötən il satışlardan əldə olunan gəlirin bir
hissəsi ağac əkilməsinə yönləndirilmişdi
və komanda olaraq Zəngilanda Qarabağ Dirçəliş
Fondu ilə birgə 412 ağac əkmişdik. Bu il fesitvalda
etdiyimiz yeniliklərdən biri də pitçinq müsabiqəsinin
təşkili oldu. Müsabiqədə qalib gələn şəxslərə
pul mükafatı təqdim olunacaq və onlar Fransada
keçirilən Annecy Beynəlxalq Animasiya Filmləri
Festivalına səyahət edə biləcək.
- Festivala maraq sizi qane etdimi?
- Əlbəttə. Təxminən, mindən çox
adam beş gün ərzində festivalımızı ziyarət
etdi. Ötən il müəyyən səbəblərdən
dolayı tamaşaçı sayı bir qədər zəif
olmuşdu. Ən yüksək nəticəmiz isə
2023-cü ildə qeydə alınıb. Həmin il 3000
tamaşaçı festivalımızı ziyarət
etmişdi. Festival müddətdə diqqət etdinizsə, zal
dolu olurdu. Üstəlik, müsabiqə
iştirakçıları istisna olmaqla
gördüyünüz hər kəs bilet alıb gəlmişdi.
Bu da öz növbəsində festivala olan diqqətin göstəricisidir.
- Kino festivalında bilet satmaq ənənəsi ölkəmizdə
hələ ki, tam olaraq formalaşmayıb. Sizdə isə deyəsən,
bu alınır.
- Nümayişlər zamanı zal dolu olurdu. Müsabiqə
iştirakçıları xaric, hamı bilet alıb gəlirdi.
Bilirsiniz, bilet satılanda festivalın auditoriyası da tamam
başqa olur. İnsanlar sanki nümayişlərdə daha həvəslə
iştirak edir, sona kimi zaldan çıxmaq istəmirlər.
- Tamaşaçılarınız əsasən
hansı yaş aralığındadır?
- Bizim festivalın auditoriyası əsasən
böyüklər və yeniyetmələrdir. Təbii ki,
uşaqlar üçün nəzərdə tutulan
nümayişlərimiz də olur.
- Festivalın Şirvanşahlar Saray Kompleksində
baş tutan açılış mərasimi böyük
maraqla qarşılandı. Bu ideya sizdə necə yaranmışdı?
- Neçə ildir arzulayırdım ki, festivalı
açıq havada keçirək. Xüsusilə də,
İçərişəhərdə, çünki
oranın özünəməxsus atmosferi var. Nəhayət
ki, bu il arzumu gerçəkləşdirə bildim.
Açılış mərasimi çox gözəl
keçdi. Təxminən, 200 nəfərə qədər
insan iştirak etdi. Sərbəst, rəsmiyyətdən uzaq
bir mərasim oldu.
Bilirsiniz, ildən-ilə bizim təcrübəmiz
artır, bu da təbii olaraq təşkilatçılıqda
özünü göstərir. Təbii ki, eyni zamanda müəyyən
problemlərimiz də var. Məsələn, maliyyə
çatışmazlığı.
- Necə gəlirsiniz bu problemin öhdəsindən?
- Bu il ancaq özəl tərəfdaşlara və
bilet satışlarına güvəndik.
- Bəs Mədəniyyət Nazirliyi?
- Nazirlik və Azərbaycan Respublikası Kino Agentliyi də
festivalımıza dəstək verdi.
- Məsələn?
- Filmlərin nümayişi üçün Nizami Kino
Mərkəzini bizə verdilər. Həmçinin ARKA iki
qalib üçün Annecy Festivalına səyahət
mükafatını təmin edəcək.
- Bəs maliyyə dəstəyi?
- Təəssüflər olsun ki, nazirlik tərəfindən
məhz bu il maliyyə dəstəyi olmayıb. Göstərilən
dəstək üçün minnətdarıq, ancaq çox
istərdik ki, kino festivallarına daha böyük diqqət
ayrılsın. Əlbəttə ki, bütün maliyyə
yükü nazirliyin çiynində olmamalıdır. Özəl
tərəfdaşlar və səfirliklərlə işbirliyi
qurulmalıdır. Ancaq bu, beynəlxalq təcrübədə
də belədir ki, dövlətin dəstəyi olmadan festival
təşkil etmək çətin, bəlkə də
mümkünsüzdür.
Son iki-üç ildə Mədəniyyət Nazirliyi
qeyri-hökumət təşkilatları üçün
müsabiqələr təşkil edir. Amma burada da müəyyən
problemlər var. Əvvəla, hər festivalın QHT-si yoxdur,
bəziləri MMC tərəfindən təşkil olunur. Belə
olan halda onlar müsabiqəyə müraciət edə bilmirlər.
İkinci problem budur ki, qrantın icrası üçün təxminən,
bir il vaxt lazımdır. Məsələn, bu il elan olunan qrant
müsabiqəsinə müraciət etdik, ancaq icra növbəti
ilə düşür. Beləcə biz bu ili itiririk.
Əslində, digər qurumlar da qrant elan edir, sadəcə
bəzən məbləğ kino festivalının təşkili
üçün uyğun olmur. Məsələn, Mədəniyyət
Nazirliyinin festival təşkili ilə əlaqədar elan etdiyi
son qrant üçün qeyd olunan məbləğ 50 min
manatdır. Bu məbləğ beynəlxalq kino festivalı
üçün olduqca aşağıdır. Sizə bir
nümunə deyim. Təsəvvür edin, Berlin Film
Festivalının büdcəsi 30-35 milyon avrodur.
- Azərbaycan standartlarında beynəlxalq səviyyəli
kino festivalı keçirmək üçün minumun nə
qədər pul lazımdır?
- Bizdə böyük festival təşkil etmək təcrübəsi
olmadığı üçün bu suala cavab vermək
çətindir. Lakin onu deyə bilərəm ki, beynəlxalq
səviyyəli festival təşkil edərkən əsas
kriteriyalardan biri xarici qonaqların dəvətidir. Aviabiletlərin
alınması, otel xərcləri və s. ciddi maliyyə tələb
edir. Bir müddət öncə Çexiyada beynəlxalq kino
festivallarından birində çalışmışam. Təsəvvür
edin orada xaricdən gələn 100 qonağı
qarşılamışdıq.
Məncə, böyük festivalın büdcəsi
500 min manatdan başlamalıdır. Rəqəmləri
açıqlamaq istəmirəm, ancaq hazırda biz öz vəsaitimiz
hesabına çox minimal xərclərlə bu festivalı təşkil
edirik. Maliyyə cəhətdən böyük əziyyət
çəkirik. Ümumiyyətlə, bu gün ölkəmizdə
keçirilən bütün kino festivalları fədakarlıq
göstərirlər. Bu da kinoya sevgidən irəli gəlir.
Festivallar bizim övladlarımızdır. Nə qədər
çətinlik olsa belə, keçirməyə bilmərik.
Animasiyamızın digər böyük problemi peşəkar
kadr çatışmazlığıdır. Bu səbəbdən
davamlı olaraq animasiya kursları təşkil edirik.
Gördüyünüz kimi, festivalda nümayiş olunan filmlərin
çoxu demək olar ki, büdcəsiz çəkilib. Bu,
böyük həvəsin göstəricisidir. İnsanlar ev
şəraitində pulsuz, büdcəsiz zəhmət çəkib
film hazırlayırlar. Azərbaycan Animasiya Assosiasiyası
olaraq, bu insanlara əlimizdən gəldiyi qədər kömək
göstərməyə çalışırıq. Bizim təşkilatın
hazırda 50 üzvü var.
- Bütün çətinliklərə rəğmən,
daha bir festival geridə qaldı. Özünüzü necə
hiss edirsiniz?
- Çox yorğun və xoşbəxtəm.
Aytac SAHƏD
525-ci qəzet .- 2025.- 13 sentyabr(№165).- S.13.