Təmiz ad
ən yaxşı mirasdır
Rzaqulu Quliyevin xatirəsinə
"İnsanı nə qədər
xatırlayırlarsa, ömrü o qədərdir". Bu
sözləri tez-tez eşidirik və özümüz də
işlədirik, xüsusən də əzizlərini
itirmiş bir insanın doğmalarına və
yaxınlarına təsəlli vermək istəyəndə.
Bunlar boş, sadəcə gəlişigözəl sözlər
deyil. Bu sözlər fani dünyada qısa
ömrümüzün əsas mənasını və mahiyyətini
əks etdirir.
Başqa bir vacib məqam da var: səni məhz necə,
hansı işlərinə, hansı əməllərinə
görə xatırlayacaqlar? Axı, pis əməllərinə
görə məşhurlaşanlar da olur.
Bu mənada hekayəmin qəhrəmanının
xoşbəxt bir taleyi var. Dünyasını dəyişməsindən
40 ildən çox keçib, amma adı hələ də ailənin
imicinin xeyrinə işləyir. Mən bu esse üçün
material toplayarkən, vaxtilə bu şəxslə ünsiyyətdə
olmuş çox müxtəlif insanlara müraciət etdim. Hər
kəs həvəslə cavab verdi, heç kim "xəstəliyini"
və ya "çox vacib işi olduğunu" bəhanə
gətirərək müsahibə verməkdən imtina etmədi,
onların səmimi xatirələri bu heyrətamiz dərəcədə
təvazökar və cazibədar insanın portretini üzvi
şəkildə tamamladı.
Şəxsi işindən:
"Quliyev Rzaqulu Hüseynoviç. 13 sentyabr 1915-ci ildə
Qərbi Azərbaycanın Sisian rayonunun Comərdli kəndində
anadan olub. Atası - Quliyev Hüseyn Cəfər oğlu
Bakı şəhərində neft mədənlərində
işləyib. 1918-ci ildə vəfat edib. Anası - Quliyeva Zərifə
Abbas qızı 1919-cu ildə vəfat edib.
Tərcümeyi-halından:
"Valideynlərimin itkisi ilə əlaqədar olaraq,
əmək fəaliyyətinə erkən yaşlarımdan
başlamışam, 1929-cu ilə qədər
Naxçıvan rayonunun Zeynəddin kəndində
yaşamışam. Kənd təsərrüfatında muzdla
işləmişəm. İbtidai təhsilimi də həmin kənddə
almışam".
Protokol xarakterli bu quru sətirlərin arxasında
yalnız çətin uşaqlıq dövrü, valideynlərin
və bütün böyük ailənin erkən itkisi,
yalnız məhrumiyyət, yoxsulluq və ağır zəhmət
illəri yox, həm də öz torpaqlarında dinc yaşayan
və daşnak quldurlar tərəfindən bir anda oradan
qovulmuş bütöv bir xalqın üzləşdiyi
böyük faciə dayanır.
Zaqafqaziya Federativ Respublikasının qısa müddət
mövcudluğundan və üç müstəqil dövlət
- Azərbaycan, Gürcüstan və Ermənistan
respublikaları yaradılandan sonra daşnak hökuməti Zəngəzurun
azərbaycanlı əhalisinin zorla deportasiya edilməsi yolu ilə
status-kvonu dəyişdirməyi qərara aldı.
"Böyük Ermənistan" yaradılması
ideyasından sərməst olmuş daşnakları nə Azərbaycan
hökumətinin ərazi mübahisələrini həll etmək
üçün xüsusi komissiyanın yaradılması təklifi,
nə də Azərbaycan Milli Şurasının İrəvan
şəhərini Ermənistan Respublikasının paytaxtı
kimi rəsmən tanınması dayandıra bildi. Ermənilər
Azərbaycana qarşı ərazi iddiaları irəli sürərək,
Naxçıvanda, Qarabağda və Zəngəzurda etnik təmizləmə
siyasətini həyata keçirməyə başladılar. Nəticədə
bu bölgələrin dinc əhalisi Andranik, Dro və Njdenin
quldur dəstələrinin məqsədyönlü şəkildə
həyata keçirdiyi soyqırımına məruz qaldı.
1918-ci ilin yay və payız aylarında Zəngəzur
mahalının 115 kəndi dağıdıldı və məhv
edildi. Həmin kəndlərdən biri də Rzaqulu Quliyevin
doğma Comərdli kəndi idi. "Azərbaycan" qəzeti
13 noyabr 1918-ci il tarixli nömrəsində bu kəndin erməni
quldur dəstələri tərəfindən viran edilməsi
haqqında ətraflı yazıb.
Rzaqulu Quliyevin qızı Zərifə xanımın
söhbətindən:
"Bizim babamız Hüseyn - Heydər Əliyevin
anası İzzət xanımın doğma qardaşı idi.
1918-ci ildə daşnakların kəndə hücumu nəticəsində
demək olar ki, bütün ailə məhv edilib. Atam o dəhşətli
günləri xatırlayanda həmişə
ağlayırdı: o vaxt körpə olsa da, hər şey
yadında qalmışdı. Ermənilərdən qaçarkən
dağların bir yerində dayanırlar. Uzun yoldan və
çəkdiyi əzab-əziyyətdən zəifləmiş
babam ölüm ayağında su istəyir. Rzaqulu su gətirmək
üçün bulağa gedib qayıdana qədər
atası artıq keçinmişdi. Rzaqulu babamızın son
istəyini yerinə yetirə bilmədiyinə görə
ömrü boyu özünü qınayırdı. Bu barədə
danışanda gözlərindən yaş axırdı.
Atamın uşaqlıq illəri Naxçıvan
rayonunun Zeynəddin kəndində keçib, onu atamın
sağ qalmış bacısı Səkinə tərbiyə
edib. Çox kasıb yaşayırdılar, atam gənc
yaşlarından varlıların evində muzdurluq edir,
xalamın ailəsinə kömək etmək və
özünü dolandırmaq üçün səhər
tezdən gecə yarısına qədər işləyirdi. Kənddə
yalnız ibtidai sinifləri bitirib, orta təhsili isə
artıq yetkin yaşlarında Naxçıvanda alıb".
İzzət xanım erməni-müsəlman davası
dövründə həlak olmuş qardaş və
bacılarına görə illər boyu qəm-qüssə
içində idi. Buna görə qardaşı
uşaqları - Rzaqulu, Humay və Fatma ilə gözlənilməz
bir görüş onu sanki canlandırdı. Onları öz
böyük ailəsinə qəbul etdi, Rzaqulunu isə
xüsusilə əzizləyir, dəfələrlə deyirdi
ki, bu uşaq onun vəfat etmiş qardaşlarını əvəz
edir. Rzaqulu Naxçıvanda onlarla birlikdə yaşamağa
başladı və artıq böyük oğlan olmasına
baxmayaraq, xalasının israrı ilə 1 nömrəli orta məktəbə
- İzzət və Əlirzanın uşaqlarının
oxuduqları beynəlmiləl məktəbə daxil oldu.
1939-cu ildə bu məktəbi bitirəndə onun 24
yaşı vardı. Əlbəttə ki, o, oxuya-oxuya həm də
işləyirdi. O vaxt gənclər böyüklərə
yük olmağı özləri üçün ləyaqətsiz
hərəkət hesab edirdilər. Beləliklə, Rzaqulu
müxtəlif peşələri öyrəndi - mağazada
satıcı, kənd klublarında bir mədəniyyət
işçisi, OSOAVİAXİM-də (Müdafiə, Aviasiya və
Kimya Mühəndisliyinin Təşviqi Cəmiyyəti) Hava
hücumundan və kimyəvi hücumdan müdafiə
şöbəsinin rəisi oldu. Ötən əsrin
30-40-cı illərində gənclərin hərbi-vətənpərvərlik
tərbiyəsi ilə məşğul olan belə bir məşhur
ictimai təşkilat var idi. Müharibədən əvvəl
savadı və yaxşı əl yazısı ilə fərqlənən
Rzaqulunu Naxçıvan Rayon Hərbi Komissarlığında
işə qəbul etdilər, burada Sov.İKP sıralarına
daxil olundu. 1944-cü ildən dövlət təhlükəsizlik
orqanlarında işləməyə başladı və həyatının
36 ilini bu orqanlarla bağladı.
Kiçik bir haşiyə çıxmaq və erkən
yaşda valideynlərini itirmiş, uşaqlıq illəri
çətin keçmiş bəzi adamların çox vaxt
kinli olması, öz problemlərinə görə
başqalarını günahlandırması barədə
düşünmək istərdim. Belələri içindəki
kin-küdurəti bütün həyatı boyu onunla
yanaşı yaşayan insanların - arvadının,
uşaqlarının, dostlarının üstünə
"boşaltmağa" üstünlük verirlər.
Çox nadir hallarda onlar həyatın sınaqlarından
sınmadan, hər birimiz dünyaya gələrkən Uca
Allahın hamımıza bəxş etdiyi ən yaxşı
insani keyfiyyətləri itirmədən çıxa bilir. Bu mənada
Rzaqulu Hüseyn oğlu bənzərsiz insan idi. Oğlu
Hüseynin haqlı olaraq qeyd etdiyi kimi, "hər bir
insanın tərcümeyi-halında bəzi nalayiq, onu
alçaldan epizodlar tapmaq olar. Atam isə, mənim fikrimcə,
pak doğulduğu kimi dünyasını dəyişənə
qədər də saf qaldı. Ona heç bir çirkab
yapışmadı. İndi mənim yaşım az deyil, deyə
bilərəm ki, həyatımı yaşamışam. Mən
harasa gedəndə birdən kimsə deyir: "Bilirsən, bu,
Rzaqulu Hüseynoviçin oğludur, nurlu adam idi..." Bu, mənim
ruhumda xoş hisslər yaradır".
Aralarında 8 yaş fərq olmasına baxmayaraq,
Rzaqulu və Heydər yaxın dost idilər. Heydər
Əliyev Rzaqulu Quliyevə hörmət əlaməti olaraq
"dayı" desə də, onu doğma qardaşı kimi
sevirdi. Naxçıvanda həmişə qoşa gəzirdilər,
NKVD (XDİK - Xalq Daxili İşlər Komissarlığı)
orqanlarında xidmətə də, demək olar ki, eyni vaxtda
daxil olmuşdular.
Mən Heydər Əliyevin həyatı haqqında
bioqrafik roman üzərində işləyərkən, həmsöhbətlərimdən
bu iki adamın qeyri-adi mənəvi yaxınlığı və
dostluğu barədə dəfələrlə eşitmişəm.
Heydər Rzaqulunu nə üçün çox sevirdi?
Rzaqulunun böyük qızı Zərifə bu suala belə
cavab verdi:
"Elə yaxın qohumlar var ki, ruhən bir-birindən
çox uzaqdırlar. Rzaqulu isə dərhal Heydəri
seçmiş, Heydər də Rzaquluya
bağlanmışdı. Əvvələn, onlar gənclik illərində
bir yerdə yaşayıblar, xarakterlərindəki
oxşarlıq dərhal üzə çıxıb.
Söhbətləri tuturdu, zarafatları vardı.
Atamın Heydər Əliyevə qeyri-adi məhəbbəti
var idi. Heydər Əliyev isə atamı həm sevir, həm də
özündən yaşca böyük kimi, ona hörmət
edir, müxtəlif məsələlərdə bir ağsaqqal
kimi onunla məsləhətləşirdi. Bilirdi ki, təcrübəli
və sədaqətli Rzaqulu ona heç vaxt pis məsləhət
verməz.
Hətta əlyazma xətləri və imzaları da
oxşar idi. Yəqin ki, gənclikdə birlikdə məşq
ediblər. Heydər Əliyev kimi, Rzaqulu da sonradan rus dili və
ədəbiyyatı ilə ciddi məşğul olmuşdu.
İki dildə, hətta üç dildə sərbəst
danışır və yazırdı (məişət səviyyəsində
erməni dilini də bilirdi). Axı o vaxt hər kəs
bütün çıxışlarını, bütün
arayışları özü yazırdı (amma indi orta səviyyəli
hər rəisin iki və ya üç mətbuat katibi
var)".
Rzaqulu Heydərdən xeyli əvvəl, 1942-ci ildə
evləndi. Tezliklə yenə dostlar arasında birinci olaraq
ikiotaqlı mənzil aldı. Ona Naxçıvanda xidməti
yaşayış sahəsi ayrılmışdı.
"Heydər Əliyev və kiçik
qardaşları tez-tez bizə nahar etməyə gəlirdilər",
- deyə Zərifə xanım anasının sözlərini
xatırlayır. - Əvvəlcə Rzaqulu və Heydərə,
sonra balacalara - Aqil və Cəlala yemək verilirdi.
Rzaqulunun gənc həyat yoldaşı isə bəzən
qazanın dibində qalan yeməklə kifayətlənməli
olurdu. Müharibə dövrü, aclıq illəri idi.
Kasıblıq... Allah göstərməsin, getsin o günlər,
bir də gəlməsin! Əlirza əmi öləndə kəfən
tapa bilmədik. Onda anam pəncərələrdən ağ pərdəni
çıxardıb İzzət bibiyə verdi. Heç təəccüblü
deyil ki, anam İzzət xanımın sevimli gəlini idi.
Şəfiqə Əliyeva "Mənim anam" kitabında
yazırdı ki, İzzət bibi həyətdə Göycə
alçası və ya digər meyvələr yığanda
nübar payı Zərriyə - bizim anamıza göndərirdi.
1946-cı ildə Rzaqulunun ilk övladı, oğlan
uşağı doğuldu. Və iki gənc çekist -
Rzaqulu və Heydər - körpənin adını özlərinin
kumiri və VÇK-nın ilk rəhbəri Dzerjinskinin şərəfinə
Feliks qoydular. İzzət xanım bunu biləndə bərk
incidi və həm oğlunu, həm də qardaşı
oğlunu qınayaraq dedi: "Bunlara bax, mənim
qardaşımın adı burda qalıb, bunlar isə körpəyə
adamayaraşmaz ləqəb verirlər". Sonra, dostların
etirazına baxmayaraq, el adətinə görə, körpəni
qucağına alır və üç dəfə qulağına
pıçıldayır: "Hüseyn, Hüseyn,
Hüseyn"... "İndi, deyir, gedin ZAQS-a və
uşağın sənədlərini yenidən qeydiyyatdan
keçirin".
Hüseyn müəllim təbəssümlə
xatırlayır: "İzzət bibi həmişə mənə
hörmətlə yanaşar və mənə
"qardaşım" deyərdi".
Bir neçə il sonra dostlar ayrıldı - Heydər
Leninqradda təhsil almağa getdi, daha sonra təyinatla
Bakıya, DTK-nın mərkəzi aparatına göndərildi.
Rzaqulu isə bütün ömrü boyu dövlət təhlükəsizlik
orqanlarının rayon şöbələrinə rəhbərlik
edib - əvvəl Şərurda, sonra Naxçıvanda, daha sonra
Balakən, Əli Bayramlı və digər bölgələrdə.
DTK-da sonuncu iş yeri 1974-cü ildə təyin olunduğu
Bakının Nərimanov rayon şöbəsi olub. Hər
yerdə şöbələri sıfırdan başlayaraq
yaratmaq lazım idi. Bu müddətdə "karyera nərdivanında"
sürətlə irəliləyən bacıoğlu isə
1967-ci ildə artıq general-mayor və Azərbaycan DTK-nın
rəhbəri idi.
Keçmiş həmkarlarının, DTK
veteranlarının çoxunun fikrincə, Rzaqulu müəllimin
Heydər Əliyevlə qohumluğu onun xidməti irəliləyişinə
yalnız mane olurdu. Hərçənd, son dərəcə təvazökar
və nəzakətli bir insan olan Rzaqulu müəllim bu
qohumluq əlaqəsini səylə gizlədirdi. İstefada
olan DTK polkovniki Arif Zeynalov isə bu barədə fərqli
mövqedədir. O, Rzaqulu müəllimin öz etirafına əsaslanaraq
deyir:
- Rzaqulu Hüseynoviçlə 1964-cü ildə
tanış oldum, o vaxt mən Əli Bayramlı şəhər
Komsomol komitəsinin birinci katibi seçildim, Rzaqulu müəllim
isə ilyarım əvvəl bu bölgədə DTK rayon
şöbəsinin rəisi təyin edilmişdi.
Görüşdük, söhbət etdik. O dövrdə şəhər
Komsomol komitəsinin işində, bugünkü dildə desək,
bir növ durğunluq müşahidə olunurdu. Qısa
müddətdə uğurlarımız oldu, iki dəfə, o
cümlədən gənclərin hərbi-vətənpərvərlik
tərbiyəsi işinin ən yaxşı təşkilinə
görə Keçici Qırmızı Bayraq aldıq. Rzaqulu
müəllimlə çox səmimi münasibətlərimiz
olub. O, sözün həqiqi mənasında şəhərin
həyatı ilə yaşayırdı: gənc sənaye mərkəzi,
zərbəçi komsomol tikintisi, neft və qaz
yataqlarının intensiv işlənilməsi... İşinin
başdan aşmasına baxmayaraq, gənclərin tədbirlərində
məmnuniyyətlə iştirak edirdi.
Sonra mən orqanlarda işləməyə
başladım və Quliyevin nə qədər böyük həcmli
iş görməsini yalnız bundan sonra başa
düşdüm. Axı, Əli Bayramlı rayon şöbəsinin
kurasiyasına Hacıqabul, Sabirabad, Saatlı, Salyan,
Neftçala, İmişli daxil idi. Yəni bu, böyük bir
bölgədir və rayon şöbəsinin yalnız iki əməliyyat
işçisi var idi. "Aman, Allah, - deyə təəccüblənirdim,
- bu boyda əraziyə necə nəzarət etmək,
çoxsaylı məsələlərlə məşğul
olmaq və eyni zamanda insanlara diqqətli olmağa, gənclərin
tədbirlərində, şəhərin həyatında
iştirak etməyə necə vaxt tapmaq olar... Axı o, həmişə
hadisələrin gur yerində olurdu.
Siz Rzaqulu Quliyevin karyerası barədə
soruşdunuz, onun nəyə görə rayon şöbəsinin
rəisi vəzifəsindən irəli getməməsi ilə
maraqlandınız. Rzaqulu müəllim DTK Nərimanov rayon
şöbəsinin rəisi vəzifəsinə təyin ediləndə
ona zəng vurdum, təbrik etdim.
- Yanıma gəl, - dedi, - gör işə necə
başlayıram.
Gəldim, söhbətə başladıq.
Soruşuram:
- Nərimanov rayonuna razılıq verdiniz, hərçənd,
bunu vəzifənin aşağı salınması hesab etmək
olar. SSRİ-nin Fəxri çekisti, polkovnik. Niyə burada?
Və birdən deyir:
- Arif, bilirsənmi, Əli Bayramlıdan sonra mənə
mərkəzi aparatda çox yüksək vəzifələr
təklif etdilər. Razılaşmadım, bu, mənim
üçün deyil. Böyük vəzifə - böyük
məhdudiyyətlər deməkdir. Sən ki, aparat işlərini
bilirsən, mən kabinet işi üçün
yaranmamışam. İnsanlarla işləməyi sevirəm,
burada həm partiya işi var, həm sovet işi, deputat
aparatı, tikinti, gənclər. Bu, mənim üçün
rahatdır, mən bu rayonun həyatı ilə
yaşayıram.
Rzaqulu Quliyevin orqanlar üzrə həmkarları -
işlə əlaqədar onun yanına gələnlər və
ya onu ziyarət edənlər bu şəxsin rayonda necə
böyük nüfuz sahibi olduğunu dəfələrlə yəqin
ediblər. DTK veteranı, uzun müddət respublikanın əks-kəşfiyyat
xidmətinə rəhbərlik etmiş Maqsud Məmmədov
Əli Bayramlıda Rzaqulu Quliyevin yanında keçirdiyi bir
günü xatırlayır.
Maqsud müəllim deyir: "Bizi çox səmimi qəbul
etdi, o vaxt onun rayon miqyasında necə böyük nüfuz
sahibi olduğunu gördüm. Şam yeməyinə Rayon
Partiya Komitəsinin birinci katibini, milis rəisini, inzibati
orqanların bütün aparat işçilərini dəvət
etmişdi. Hiss etdim ki, ona ağsaqqal kimi münasibət bəsləyirlər,
bu şəxs onlar üçün mənəvi nüfuz sahibi
idi".
Arif Zeynalov da bunu xatırlayır:
"O, Şəhər Partiyası Komitəsinin
Büro üzvü idi, lakin büroda tez-tez
çıxış etməyi xoşlamırdı.
Çoxsaylı məsələlər həll edilirdi, o isə
konkret və yığcam çıxış edirdi.
Ümumiyyətlə, çox danışmağı
xoşlamırdı. Dedikləri həmişə əsaslandırılmış,
ölçülüb-biçilmiş olurdu. Onun
çıxışı, bir qayda olaraq, Şəhər
Partiya Komitəsinin qərarının qəbul edilməsi
üçün həlledici əhəmiyyət kəsb edirdi.
O, belə nüfuz sahibi idi".
Nə gizlədək, o illərdə dövlət təhlükəsizlik
orqanlarının əməkdaşlarına xalq arasında
münasibət fərqli idi: onlara hörmət bəsləyənlər
də vardı, onlardan ehtiyat edənlər də,
açıq-aşkar qorxanlar da. Amma bu, Rzaqulu Hüseyn
oğluna aid deyildi: hər yerdə adi insanlarla ən səmimi
münasibətləri formalaşırdı.
Arif Zeynalovun xatirələrindən:
"İnsanlar ona etibar edirdilər - fəhlələr
də, neftçilər də, dəmiryolçular da. Kimin bir
problemi olsa, Şəhər Partiyası Komitəsinə yox,
DTK-ya, Quliyevə müraciət edirdi, hərçənd, məntiqə
görə, həmin illərdə sadə insanlar bu müəssisədən
uzaq olmağa çalışırdı. Ona isə qeyd-şərtsiz
etimad bəsləyirdilər. O, adamlarla işləmək,
qarşısındakı insanı dinləmək, onun problemlərini
anlamaq kimi nadir istedad sahibi idi. Adamların statusundan, sosial vəziyyətindən
asılı olmayaraq, onlara kömək edirdi.
Sıravi dəmiryolçunun
qarşılaşdığı problemi araşdırmaq, ədaləti
bərpa etmək üçün vaxt sərf edərək
onun rəhbərlərinin yanına gedə bilərdi. Mən
bunu dəfələrlə müşahidə etmişəm.
Onun xarakterində ədalət hissi çox güclü idi.
Ən kiçik bir haqsızlıq onu qəzəbləndirirdi".
İstefaya çıxandan sonra "İnturist"
Xarici Turizm Səhmdar Cəmiyyətinin müdiri kimi prestijli vəzifəyə
təyin ediləndə də xasiyyəti dəyişmədi.
Moskva otelinin keçmiş direktoru, daha sonra Respublika Nazirlər
Soveti yanında Xarici Turizm Baş İdarəsinin rəisi
olmuş Siyavuş Yeqanlı Rzaqulu Quliyevlə birgə işlədiyi
illəri belə xatırlayır:
"Rzaqulu müəllim "İnturist"ə
işləməyə gələndə mürəkkəb
dövr idi, uzun müddət - bir ilə yaxın idi ki, bizim rəhbərimiz
yox idi. O gələndən az sonra başa düşdük ki,
bəxtimiz gətirib: bizə ən müxtəlif dairələrdə
yüksək nüfuz sahibi olan çox maraqlı bir insan
göndərilmişdi. Onun nüfuzu bizə çox kömək
etdi, "İnturist"in səviyyəsi yüksəldi, əlaqələri
və imkanları genişləndi. Axı biz, təkcə
turizm sahəsində deyil, həm də ticarət, kommunal xidmətlər
sahələrində inşaat, təchizat və xidmət
problemləri ilə əlaqədar müxtəlif instansiyalara
müraciət etməli olurduq. Ona görə də bu təşkilata
kimin rəhbərlik etməsi çox əhəmiyyətli
idi.
- O, rəhbər kimi necə adam idi?
- Həm sərt, həm həlim xasiyyətli, həm də
anlayışlı ola bilirdi, amma həmişə məsuliyyətli
adam idi. Hər şeylə, hətta işçilərinin ailə
problemləri ilə maraqlanardı. Ailəsini,
uşaqlarını atıb gedənlərə qarşı
çox sərt mövqe tuturdu.
Rzaqulu Quliyevlə münasibətlərdə bir
problemimiz var idi: bir məsələni həll etmək,
razılaşdırmaq üçün onun yanına
düşmək müşkül idi, çünki qəbul
otağında daim kimsə olurdu - ya öz işçilərimiz,
ya da kənar şəxslər. Adamlar ən müxtəlif
problemlərlə onun yanına gəlirdilər - məvacibi və
ya pensiyası düzgün hesablanmayanlar da, nəyə görəsə
incidilənlər də. O, hər kəsi qəbul edir və
problemləri həll etməyə
çalışırdı. Buna görə də,
mehmanxanaların və bizim tabeliyimizdə olan digər müəssisələrin
direktorlarının çoxu "quyruqlarını
qısır" və kefləri istəyən kimi
davranmağa qorxurdular. Bilirdilər ki, insanlar müdirin
yanına gedəcək, o isə, şübhəsiz ki, kimin
haqlı və kimin təqsirkar olduğunu araşdıracaq.
Axı, bizim kollektivdə 2 mindən çox insan
vardı".
Yeri gəlmişkən, DTK veteranı Hüseyn İsgəndərovun
xatırladığı, Rzaqulu Quliyevin yanına xahişlə
gələnlərlə bağlı maraqlı bir epizod bu
oçerkin qəhrəmanını mənəvi saflıq və
ləyaqət nümunəsi kimi xarakterizə edir.
H.İsgəndərov deyir: "Rzaqulu müəllimin
yanına çox adam, o cümlədən yüksək vəzifəli
şəxslər gəlirdi. Bir dəfə bir məsələ
ilə əlaqədar onun yanına gəlmişdim, qəbul
otağı, həmişə olduğu kimi, adamla dolu idi, katibə
mənim gəlməyim barədə məruzə etdi və
Rzaqulu müəllim dərhal məni qəbul etdi. Onun
kabinetində respublikanın rəhbər işçilərindən
biri əyləşmişdi.
- Hüseyn, sən onu tanıyırsan? - həmin adam
çıxanda Rzaqulu müəllim məndən soruşdu.
- Əlbəttə tanıyıram.
- O, mənim yanıma bir xahişə gəlib. Ancaq mən
inciyirəm və onun əvəzinə xəcalət çəkirəm:
yanıma gəlib öz yoldaşlarına qara yaxmağa
başlayıb, yəni onları nüfuzdan salan kompromat məlumata
malik olduğunu göstərmək istəyir. Ona dəfələrlə
kömək etmişəm, amma bu gün bu barədə
düşündüklərimin hamısını dedim. Gəlmisən,
özündən danış, başqalarını niyə
gözdən salmağa çalışırsan?
Bilirsinizmi, o, çekist idi, çoxsaylı məlumat
kanalları vardı, amma necə deyərlər, öz qəlbinin
tələbi ilə donosbazlıq edənlərə nifrət
edirdi. Son dərəcə nəcib, saf ruhlu adam idi".
Rzaqulu Quliyevin həmkarları onun peşəkar keyfiyyətləri
haqda da ən xoş sözlər söyləyirlər.
Arif Zeynalov deyir: "Rzaqulu müəllim konspirasiya
ustası idi. Öz müəssisəsindən informasiyanın
azacıq da olsa sızmasına imkan verməzdi. Bir dəfə
mənə dedi: "Arif, yadda saxla, orqan əməkdaşının
işində əsas məsələ konspirasiya və bir daha
konspirasiyadır. Əgər bunu öyrənmisənsə,
çekist olduğunu deyə bilərsən".
Rzaqulu müəllim çekist üçün əvəzolunmaz
sayılan bir sıra başqa keyfiyyətlərə də
sahib idi, buna görə də onun işləri həmişə
uğurlu olurdu. Belə uğurlu epizodlardan biri haqqında mənə
məşhur azərbaycanlı əks-kəşfiyyatçı
Maqsud Məmmədov danışdı:
"70-ci illərdə, Rzaqulu DTK-nın Nərimanov
rayon şöbəsinin rəisi vəzifəsinə təyin
olunduğu vaxt xarici kəşfiyyat agentini müəyyənləşdirmək
üçün birgə ciddi işimiz vardı. Bu adam Nərimanov
rayonunda işləyirdi və orada geniş əlaqələrə
malik idi. Onların vasitəsilə agent əməliyyat tədqiqatına
götürülmüşdü. Moskvadan bütöv bir
nümayəndə heyəti gəldi, onu ifşa edən sənədləri
ələ keçirmək üçün bir neçə əməliyyat
keçirdik. Bu casusun tutulmasında Rzaqulu Hüseynoviçin
böyük rolu olub. Mən o zaman SSRİ-nin fəxri
çekisti adına layiq görüldüm, mənim bir əməkdaşım
"Şərəf nişanı" ordeni aldı, Rzaquluya
isə ancaq pul mükafatı verildi. Mən hətta DTK rəhbərliyi
ilə onun rolunun niyə belə sadə qeyd olunması ilə
bağlı mübahisə etdim. Bu, bir növ anlaşılmaz
yanaşma idi.
Rzaqulu böyük həyat məktəbi
keçmiş, yaxşı praktiki hazırlıqlı nadir
şəxsiyyət idi. Sanki əməliyyatçı kimi
doğulmuşdu. Eyni zamanda çox saf insan idi, ona heç bir
çirkab yapışmırdı. Bu gün hamı bizneslə
məşğuldur. Amma o dövrün çekistləri...
- Dzerjinskinin sözlərini rəhbər tuturdular ki,
çekist soyuq düşüncəli, isti qəlbli, təmiz
əlli insan olmalıdır. Düzdür?
- Bizim nəsil məhz belə idi. Dünyəvi sevinclərdən
məhrum olduğumuzu deyə bilmərəm - dost məclisi təşkil
edə, möhkəmcə yeyib-içə də bilərdik,
yaraşıqlı qızlara da biganə deyildik. Amma yenə də
işin mənafeyi, ictimai borc bizim üçün hər
şeydən üstün idi".
Dövlət təhlükəsizlik orqanlarının
veteranı, general-mayor Bahadur Hüseynov dünyasını dəyişmiş
dostunu böyük səmimiyyətlə xatırlayır:
"Biz ona ailəmizin ağsaqqalı deyirdik. O, həqiqətən
həmkarlarının yüksək hörmətini
qazanmışdı, çünki bütün şüurlu həyatını
Vətənə, xalqa xidmətə həsr etmişdi. O,
xalqın, dövlətin mənafeyini öz şəxsi mənafeyindən
həmişə üstün tuturdu. Bu sözləri o vaxt
hamı deyirdi, lakin heç də hamı buna əməl
etmirdi. Onun əməlləri isə heç vaxt sözlərinə
zidd olmurdu. Qarşısına qoyulmuş məsələləri
böyük məsuliyyətlə, diqqətlə həll
edirdi, ona tapşırılmış işə, necə deyərlər,
can qoyurdu.
Nərimanov rayonunda baş vermiş bir hadisəni
xatırlayıram. Bakıda oxuyan bir əcnəbi tələbəni
döymüşdülər. Təqsirkarı təcili tapmaq
lazım idi, çünki bu məsələ artıq beynəlxalq
qalmaqala çevrilməkdə idi. Rzaqulu müəllim öz əməliyyat
imkanlarını cəlb edərək cinayətkarı müəyyən
etməyincə iki gecə evə getmədi. Biz evdə
qonşuyuq, xüsusi olaraq yanaşı yerləşən mənzillər
almışıq ki, bir-birimizdən ayrı düşməyək.
Onun həyat yoldaşı, qızları çox nigaran idilər:
görəsən, hardadır, başına nə iş gəlib?
O, ailəsinə çox sadiq idi, yaxınlarını sevirdi,
amma iş onun üçün birinci yerdə idi.
Onun fəaliyyətini təhlil edərək, deyə
bilərik ki, o, böyük Şəxsiyyət idi. Həmişə
sadə, təvazökar davranır, özünü heç kəsdən
üstün tutmurdu. Çoxları heç bilmirdi ki, o, Heydər
Əliyevin qohumudur. Birinci katiblə yaxın münasibətlərinə
görə heç vaxt öyünməz, bundan sui-istifadə
etməzdi. İndi bir dəfə prezidenti görən insanlar
bu barədə hər kəsə danışırlar. O isə
əksinə, bu yaxınlığı gizlədirdi.
Övladları da belə böyüyüblər: təvazökar,
çalışqan, diqqətli, hər şeyə öz əməyi
ilə nail olmağa öyrəşiblər. Özü kimi
onlar da heç vaxt qohumluq əlaqələrinə görə
dikbaşlıq etmirlər, hər şeyə öz
ağılları sayəsində nail olmağa
çalışırlar. Mən bu uşaqları öz
övladlarım kimi sevirəm".
Yeri gəlmişkən, orqanlarda yüksək vəzifə
və rütbə sahibləri olan bəzi həmsöhbətlərimi,
məsələn, istefada olan polkovnik Arif Zeynalovu, yaxud
general-mayor Fəxrəddin Təhməzovu demək olar ki, əlindən
tutub DTK-ya gətirən məhz Rzaqulu müəllim olub.
F.Təhməzovun xatirələrindən: "Mən
Rzaqulu müəllimi məktəbdə oxuduğum illərdən
xatırlayıram, Rzaqulu Quliyevin övladları və mən
eyni məktəbdə oxuyurduq, atalarımız yaxın dostlar
idi. Mənim atam Ayət Təhməzov Əli Bayramlıda
milis rəisi vəzifəsində
çalışırdı.
Bir faktı vurğulamaq istəyirəm: Hüseyn və
Zərifə orta məktəbdə oxuyanda şagirdlərin
heç biri bilmirdi ki, onlar DTK rəisinin
övladlarıdırlar, çünki onlar heç vaxt buna
görə lovğalanmırdılar. Biz uşaq olanda Rzaqulu
müəllimdən qorxurduq, o bizə gələndə
uşaqlar küncdə-bucaqda gizlənirdi. Ancaq o hərdənbir
məni gizləndiyim yerdən çıxarır və necə
oxumağımı, qiymətlərimi və idmanla məşğul
olub-olmadığımı soruşurdu.
İllər keçdi... Mən ali məktəbi
bitirib təyinat üzrə Əli Bayramlıdakı 9 nömrəli
orta məktəbdə müəllim işləyirdim. Bir dəfə
istirahət etmək üçün təyyarə ilə
Leninqrada getmək qərarına gəldim, artıq bilet də
almışdım. Bu arada şəhər hərbi
komissarı evimizə zəng vurub anama dedi ki, Fəxrəddin
hərbi xidmətə getməlidir. Mən heç olmasa bir həftə
möhlət almağa çalışdım. Lakin hərbi
komissar dediyindən dönmədi: xeyr, bu, Rzaqulu
Hüseynoviçin tapşırığıdır. Səbəbini
sonra başa düşdüm. O, gələcəkdə məni
dövlət təhlükəsizlik orqanlarına tövsiyə
etmək istəyirmiş, lakin bunun üçün mən
silahlı qüvvələr sıralarında xidmət etməli
idim, çünki mənim bitirdiyim M.F.Axundov adına APİ-də
hərbi kafedra yox idi. O dövrdə hüquq-mühafizə
orqanlarının əməkdaşlarının
uşaqlarını DTK-ya qəbul etmək qeyri-rəsmi şəkildə
qadağan olunmuşdu, mən də milis rəisinin oğlu
olan azsaylı adamlardan biri, bəlkə də yeganə adam
idim. Atam onu da deyirdi ki, bu məsələni Heydər
Əliyevin özü ilə razılaşdırıb. Ancaq əlbəttə
ki, hər şeyi Rzaqulu müəllim həll edirdi. 1975-ci ildə
məni DTK ali məktəbində təhsil almağa göndərdilər.
Yəni mənim xidməti bioqrafiyamın faktiki təməlini
qoyan Rzaqulu müəllim olub. Ümumiyyətlə, mənim
taleyimdə, bir çekist kimi yetişməyimdə Rzaqulu
Hüseyn oğlunun çox böyük rolu olub. General-mayor
rütbəsi almışam, MTN-in rəhbərlərindən
biri olmuşam, bu gün Azərbaycan çekistlərinin yeni nəslinin
tərbiyəsi ilə məşğulam və fəxr edirəm
ki, bütün bunların təməli belə gözəl
insan tərəfindən qoyulub".
Maraqlıdır ki, Rzaqulu Quliyevin sevimli bacısı
oğlu Heydər Əliyev də onun yeganə oğlunun
taleyini eyni dərəcədə sərt üsulla müəyyənləşdirib.
Hüseyn gəncliyində tez-tez gözlənilməz hərəkətlər
edir, onu dəlicəsinə sevən atasını incidirdi.
Buna görə, Hüseyn Neft və Kimya İnstitutunu birtəhər
bitirəndən sonra yerli elmi tədqiqat institutlarının
birində işə girib asan həyat tərzini davam etdirmək
niyyətində olanda şəxsən Azərbaycanın
partiya lideri onu "səmimi söhbət" etmək
üçün çağırdı:
- Yaxşı, nə ilə məşğul olacaqsan?
- deyə, Heydər Əliyev qohumundan soruşdu.
Hüseyn cavab verdi ki, onu bir elmi tədqiqat institutunda
işə göndərirlər.
Heydər Əliyev narazı halda başını tərpətdi:
- Burada adam olmayacaqsan, burada atan var, mən varam,
çoxları bizim münasibətlərimizi bilir. Sən
buradan getməli və müstəqil həyata
başlamalısan.
Bu, Hüseynin valideynləri üçün əsl
dram idi: onlar yeganə oğullarının özlərindən
yarım addım belə uzaqlaşmasına imkan verməzdilər.
Lakin Heydər Əliyev fikrindən dönmədi, nəticədə
Hüseyn orqanlarda işə qəbul edildi və DTK-nın ali
məktəbində təhsil almaq üçün Moskvaya
göndərildi.
Hüseyn müəllim deyir: "Bir müddət
ikinci Baş idarədə işlədim, sonra məni Kəşfiyyat
İnstitutuna göndərdilər. 70-ci illərin əvvəlindən
SSRİ DTK orqanlarında işləməyə
başladım. Beləliklə, mənim taleyimi müəyyənləşdirən
Heydər Əliyev olub və mən həyatımdan
razıyam. Rusiyanın bəzi rəhbərləri də daxil
olmaqla çox maraqlı insanlarla işləmişəm".
Azərbaycan Respublikası dövlət müstəqilliyini
bərpa edəndən sonra Hüseyn Quliyev Vətənə
qayıtdı. İndi o, respublikanın Xarici İşlər
Nazirliyində çalışır, uzun illərdir ki,
fövqəladə və səlahiyyətli səfir kimi
ölkəmizi Özbəkistanda təmsil edir.
lll
Rzaqulu Hüseyn oğlu Quliyev ağır xəstəlikdən
vəfat edəndə 67 yaşı tamam olmamışdı.
Uşaqları xatırlayırlar ki, sevimli
"dayı"nın ölüm xəbərini alan Heydər
Əliyev 10 dəqiqədən sonra onların evinə gəldi.
Otağa girdi, bir kresloda oturdu və iki əllə
başını tutdu. Bir müddət sonra dedi: "Mənə
elə gəlir ki, öz bədənimin bir hissəsi
ölüb". O, Rzaqulu Quliyevin 2-ci Fəxri xiyabanda hərbi
ehtiramla dəfn edilməsi barədə sərəncam verdi,
tabutu özü apardı və vida mərasimində ailə
adından çıxış etdi.
Heydər Əliyev Rzaqulu müəllimin
ölümündən sonra da onun ailəsi ilə əlaqə
saxlayırdı. Rzaqulu Quliyevin həyat yoldaşı Zərri
xanım, oğlu Hüseyn, qızları Zərifə və
Aida Heydər Əliyevi tez-tez, o cümlədən
Moskvadakı bağ evində ziyarət edirdilər. Heydər
Əliyevin çətin dövründə - o istefa verməyə,
sonra isə blokadada olan Naxçıvana köçməyə
məcbur olanda Rzaqulunun uşaqları onu ziyarət etməyi
unutmadılar. Bu qarşılıqlı rəğbət, səmimi
münasibətlər Zərri xanımın, sonra isə Heydər
Əliyevin özünün ölümünə qədər
davam etdi.
Sonda Rzaqulu Quliyevin uşaqlarından atalarını
hansı sözlərlə səciyyələndirə biləcəklərini
soruşdum. Onların ümumi rəyini Zərifə xanım
belə ifadə etdi
"O, həm özünə, həm də
başqalarına münasibətdə çox ciddi, məsuliyyətli
adam idi. Onun xarakterində əsl insanın ən yaxşı
xüsusiyyətləri cəmləşmişdi. Mən bu
gün də özümü xoşbəxt hesab edirəm ki,
belə bir atam olub və onun xasiyyətinin bəzi cəhətlərini
mənimsəyə bilmişəm. Mən həmişə
heç olmasa nədəsə ona oxşamağa
çalışmışam. Adətən qızlar
analarına bənzəməyə çalışırlar,
amma mən atam kimi olmaq istəmişəm. Atamın
ölümündən 40 ildən çox keçib, amma
Rzaqulu Quliyevdən söhbət düşəndə ən
müxtəlif insanlar onu yalnız müsbət cəhətdən
xarakterizə edirlər. Bilirsiniz, elə atalar var ki,
övladlarına miras kimi var-dövlət qoyub gedirlər: ev,
maşın, bağ və sair. Mənim atam bizə miras olaraq
öz təmiz adını qoyub gedib. Və biz, onun
övladları, buna görə fəxr edirik".
Tərcümə edəni:
Oktaedr Məmmədov
Elmira AXUNDOVA
Xalq yazıçısı
525-ci qəzet .- 2025.- 13 sentyabr(№165).- S.10-12.