Qələmsiz yazılanlar
status-esselər
"Şair öldü"...
Bunu xəbərə çevirmək, şairin bir
neçə şeirini yaymaq, yaradıcılığı barədə
məlumat vermək təəssüf ki, media subyektləri
üçün cəlbedici deyil.
Amma şair küçədə, yolda getdiyi yerdə
ürəktutmasından, ya hansısa xəstəlikdən qəfil
vəfat edirsə, o dəqiqə "cazibədar"
başlıq hazırdır:
"Şair küçədə öldü!"...
Nəticədə etik dəyərlər, mərhumun
ailəsinin düşəcəyi vəziyyət, keçirəcəyi
stress arxa plana adlayır. Yaxşı yadımdadır ki, Mətbuat
Şurasına müraciət edən bir xanım
övladının avtoqəza nəticəsində həyatını
itirməsinin "Yanaraq öldü" sərlövhəsi
ilə təqdimatına etiraz etmişdi. Dediyi fikir
sarsıdıcı idi: "O başlıqları oxuyanda elə
bilirəm balam hər gün təzədən
ölür".
...Əlbəttə, belə hallar təkcə bizdə
deyil, dünyanın əksər yerlərində təxminən
oxşar durum müşahidə olunur. Yəni media cəlbedici,
həyəcanlandırıcı xəbərlər
axtarışındadır. Peşə maraqları, reytinq
yarışı öz yerində, ancaq insani yanaşma, həssaslıq
da qeybə çəkilməməlidir. İnsani
duyğuları arxa plana keçirmək qəddarlığa zəmin
yaradır.
Nə isə, çalışaq həssaslıq və
mərhəmət duyğularımız azalmasın!
Şairə Allahdan rəhmət, mediamıza həssaslıq
diləyirəm.
lll
Alyaskadan sonra Ukrayna xalqı daha da ümidsizliyə
qapılacaq. Heyif, bu gözəl xalqdan, bu gözəl ölkədən.
Çarəsizlik çürüdür.
lll
Haqqı az-çox deyən, ədalətsizliyə
etiraz edən, amma buna görə bəzilərinin nifrətini
qazanan da yenə jurnalistlərdir. Şərəfli peşədir,
hörmətdən salan diletantlar olmasa.
lll
Dünya xeyirxah, mərhəmətli, savab iş
görən adamların çiynində dayanır.
lll
Həvəsimək uşaqlıq əlamətidir.
lll
Deyir, Əlfəddin həkimin sözüdür:
sağlamsansa, xoşbəxtsən, borcun yoxdursa, dövlətlisən.
lll
Mız qoyma, qürur duy.
lll
İnsanları sevindirməkdən də üstün
zövq yoxdur. Həyatın mənalarından biridir.
lll
Ramiz Rövşənlə danışdım.
Yaxşıdır. Dedi ki, ayağımdakı ağrılar
stabil qalır. Amma səhhətimdə problem yaranması barədə
yazılanlar xeyli şişirdilmişdir...
lll
Ağız-ağıza verib yalanı tirajlamaq olmaya də...
lll
Gərək şəkil də danışsın,
informasiya versin...
lll
Ev telefonunu ləğv elədik. Bu, bir dövrün
sona çatmasına işarədir.
Yadımdadır, bir vaxtlar evlərə telefon çəkdirmək
üçün insanlar hansı çətinliklərlə
üzləşərdilər. Hələ telefonu mədh edən
əsərləri, yaşanan sevincli, həyəcanlı
anları demirəm. İndi ev telefonları ilə birgə bu
duyğular, bu hisslər də tarixə, xatirəyə
çevrilir.
Bir azdan televizorlar da unudulacaq. Ovcumuzdakı bu sehrli əşya
dünənəcən həyat tərzimizin ayrılmaz hissəsinə
çevrilmiş nə varsa, hamısını əvəzləyəcək.
Dünyanı kiçik bir qutuya
sığışdıracaqlar. Divin canı şüşədəki
quşda olan kimi, beləcə hamılıqla bu tilsimli
kiçik cismin itaətkarına çevriləcəyik.
lll
15-16 yaşlarımdan müxtəlif şairlərin
sevdiyim şeirlərini əzbərləyirdim. 4-5 saat əzbər
dediyim şeirlərin enerjisiylə gənclik illərinin
poeziya vurgunluğu, coşqusu qarışırdı. Aradan
uzun illər keçəndən sonra, hansısa şeir
rastıma çıxanda yadıma düşürdü ki,
axı bu şeiri vaxtilə əzbər bilirdim. Bir-iki dəfə
oxumaq kifayət edirdi ki, şeir yenidən yaddaşımda
dirilsin. İndi də bəzən tədbirlərdə o illərdən
əzbər bildiyim hansısa şeiri məqamında deyəndə
gənclik dövrünün enerjisini, coşqusunu hiss edirəm.
Zamanın gücü çatmadığı tək
şey deyəsən, poeziyanın daxili enerjisi, coşqusudur.
lll
Şəkildə qəşəng
düşürsünüz.
lll
Mourinyo kimi, Santuşu da tək-tənha yola salmaq
lazımdır.
lll
Deməli, bir profildəki adamı şəxsən
tanıdığını heç kim boynuna almır.
Şeirləri haqda yazan xanım deyir ki, üzünü
görməmişəm. Yazandan sonra məlum oldu ki, şeirləri
Nüsrət Kəsəmənlidən plagiatdır. Şeirlərini
antologiyada çap edən deyir şəxsən
tanımıram. Statusuna şərhlər yazanlardan da
tanıdım deyən yoxdur.
Belə çıxır ki, bu, saxta profildir.
Müvafiq qurumlara müraciət olunacaq, bu profilin idarəçisi
hər kimdirsə, aşkarlanacaq. Etdiyi təhqirlərə və
profilində təhqirlərə şərait
yaratdığına, rəvac verdiyinə görə
hüquqi məsuliyyətə cəlb olunacaq.
Sosial medianın yaratdığı imkanlardan bəhrələnərək
insanların şərəf və ləyaqətinə
toxunmağın hüquqi məsuliyyət
yaratdığını hər bir istifadəçi dərk
etməlidir. Müxtəlif adlarla profil açıb gizlənməyə
çalışanlar da gec-tez müəyyən olunacaq. Sosial
medianın aurası, ab-havası saflaşmalıdır.
Söz-düşüncə azadlığıyla, təhqir və
böhtanı, insinuasiyanı qarışdıranlar, sosial
medianı xaos və dərəbəylik məkanı bilib
insanları təhqir edənlər cəzasız
qalacaqlarını düşünürlərsə, səhv
edirlər. Hər kəs zamanı gələndə layiq
olduğu cəzasına çatacaq.
lll
Kreativliklə düşüklüyün arası bir
addımdır. Alınmadısa, sürüşüb
düşürsən ora.
lll
Əbülhəsən Məmmədov 697 bal
toplayıb. Bakı Ali Neft Məktəbinə qəbul olub. Həm
də futbolçudur. "Zirə" FK-da oynayır. Adətən
orta məktəbdə idmanla məşğul olanlar dərslərinə
fikir vermir. Əbülhəsən istisnadır. Təbrik
edirik.
Məşhur futbolçuya da bənzəyir...
lll
Tanınmış sənət adamları, nüfuzlu mədəniyyət
və incəsənət xadimləri haqqında, xüsusilə
də onların səhhəti ilə bağlı fürsət
düşən kimi nəsə yazmaq, dəqiq olmayan məlumatları
dərhal ictimailəşdirmək həm o insanların özlərinin,
həm də onların doğmalarının, sevənlərinin
psixologiyasına mənfi təsir göstərir. Təəssüf
ki, son illər bu hallarla tez-tez rastlaşırıq.
İndi də sevimli Xalq artistimiz, Azərbaycan kinosunun
canlı klassiklərindən biri Rasim Balayevin guya xəstəxanaya
yerləşdirilməsi barədə həqiqətdən uzaq
xəbər yayıldığının şahidi olduq. Rasim
müəllim ayağındakı problemə görə
fizioterapiya kursuna gedir və şükürlər olsun ki, vəziyyəti
yaxşıdır, əndişələnməyə heç
bir əsas yoxdur.
Media təmsilçilərindən, sosial şəbəkə
istifadəçilərindən bir daha xahiş edirik ki, ictimai
rəydə nüfuz sahibi olan insanlarla bağlı bu tipli məlumatlar
yayarkən maksimum dərəcədə həssas davranmağa
çalışsınlar. Əgər belə xəbərlər
qəsdən, qərəzli niyyətlə yayılırsa
bunun bəraəti yoxdur. İnsan olaq!
lll
Zaman amansızdır!
Həm də sürətinə görə.
lll
Məcburi köçkünlərin öz doğma
yurdlarına qayıdışı ilə bağlı
mövzu son günlər sosial şəbəkələrdə
fərqli mövqelərdən müzakirə olunur. Təfərrüatlara
varmaq istəməzdim, amma əslində, buna müzakirə
yox, hiddət və qəzəb yağışı demək
daha uyğundur. Hər bir halda, ortada təəssüf
doğuran mənzərə var.
Mətbuat Şurası olaraq bu durum davamlı diqqətimizdədir.
Bununla bağlı profilaktik söhbətlər
aparmışıq. Sırf "Azərbaycan Jurnalistlərinin
Etik Davranış Qaydaları" prizmasından izah
etmişik ki, insanları dininə, dilinə, irqinə,
yaşadığı yerə görə hansısa formada fərqləndirmək
yolverilməzdir. Onu da bildirmişik ki, media nümayəndəsi,
informasiya yayıcılığı ilə məşğul
şəxs təqdimatlarında həssas olmalı, cəmiyyətdə
bölücülük yarada biləcək fikir və ifadələrin
işlədilməsindən çəkinməlidir. Sevindirici
haldır ki, media subyektlərimiz əksərən belə məsələlərdə
xeyli ehtiyatlıdırlar, deməli, həm də peşəkar
davranırlar.
Mətbuat Şurası onun da fərqindədir ki,
insanlarımız arasında bölücülük yaratmaq
mahiyyəti daşıyan təqdimatlar bir çox hallarda bu
işlə məqsədli şəkildə məşğul
olan qüvvələrə "mövzu" qazandırır.
Son günlər bəzi sosial şəbəkə, xüsusən,
Tik-Tok paylaşımlarına diqqət yetirəndə bu meyili
də görürük. Sanki kimlərsə pusquda dayanıb
kiminsə nəsə deməsini gözləyirlər ki,
qığılcımı böyük alova çevirsinlər.
Belələri əllərinə düşən hər
fürsətdə 44 günlük müharibədəki Zəfərimizi,
doğma el-obamıza sahiblənmək əzmimizi heçə
saymağa çalışır, böyük və qüdrətli
xalqı "kiçik toplum, xırda qövm" kimi təqdim
etmək mərəzlərini işə salırlar.
Bütün bunlara görə media təmsilçilərindən,
müstəqil jurnalistlərdən, ümumən cəmiyyətə
informasiya verən, özünü informasiya
yayıcılığına mükəlləf sayan şəxslərdən
dilə gətirdikləri hər sözə və fikrə məsuliyyətlə
yanaşmalarını xahiş edirəm. Onlar unutmamalıdırlar
ki, daşıdıqları və dərk etməli
olduqları məsuliyyət ölkəmizin
firavanlığı, cəmiyyətimizdə dinc və birgə
yaşam qaydalarının toxunulmazlığı, ictimai və
sosial düzənin sabitliyi, böyük anlamda isə Vətənimizin
inkişafı baxımından son dərəcə vacibdir.
Bir məqamı da qeyd edim ki, ümumən informasiya
mühitimizdə son günlər müşahidə olunan və
haqqında söz açdığımız xoşagəlməz
halların ictimai müstəvidən kənar dəyərləndirilməli
tərəfləri də var. Yəni kimsə
özünün kütləyə ünvanlanmış
çıxışında, yaxud geniş ictimaiyyətə
xitab mahiyyəti daşıyan açıqlamasında
insanlarımız arasında bölücülük, nifaq
yaradırsa, məsələ, eyni zamanda, hüquqi aspektdən
qiymətləndirilmək üçün də
açıqdır. Çox istərdim ki, bu amil ciddi şəkildə
nəzərə alınsın.
Rəşad MƏCİD
"525-ci qəzet"in baş redaktoru, Azərbaycan
Yazıçılar Birliyinin sədr müavini
525-ci qəzet .- 2025.- 13 sentyabr(№1655).- S.9.