Şəhriyar yaradıcılığında
valideyn haqqı
BÖYÜK AZƏRBAYCAN
ŞAİRİ MƏHƏMMƏDHÜSEYN
ŞƏHRİYARIN ANIM GÜNÜ YAXINLAŞIR
Klassik Şərq ədəbiyyatında
əxlaqi-didaktik məsələlər
- valideyn borcu, uşaq tərbiyəsi, böyüyə hörmət,
kiçiyə qayğı
həmişə ön
planda saxlanılıb,
poeziyanın baş mövzusu kimi işlənilib, milli dəyərləri
yazarlar vicdani borc kimi tərənnüm
ediblər. "Qabusnamə",
Sədi Şirazinin
"Bustan"ı, "Gülüstan"ı,
Cəlaləddin Ruminin
"Məsnəvi"si, "Kəlilə və Dimnə" hind hekayələr
toplusu, sirli-sehrli
"Min bir gecə"
nağılları (bu
siyahını uzatmaq
da olar) və sair əsərlərin ana
xəttini valideyn-övlad,
böyük-kiçik münasibətləri,
milli-mənəvi dəyərlərin
təbliği təşkil
edib, bu məsələlər cəmiyyətin
inkişafının təkanverici
qüvvəsi, dayağı
kimi şərh olunub. Ustad sənətkarlar
fəhm, intiusiya gücü ilə anlayıblar ki, nəsillər
arasında əlaqə
olmasa, kainatda çox böyük boşluq hökm sürər, harmoniya pozular, nəsillər arasında qarşıdurma
yaranar.
Milli adət-ənənələrə, soy-kökə, milli yaddaşa
bağlılıq, xəlqilik
motivləri XX əsr Azərbaycan ədəbiyyatının
ünlü simalarından
sayılan Seyid Məhəmmədhüseyn Şəhriyarın
(1906-1988) yaradıcılığının
da baş mövzusu olub. Şair istər anadilli, istərsə də farsdilli əsərlərində
valideynlərinə olan
hörmət və ehtiramını böyük
sevgi və minnətdarlıqla təsvir
və tərənnüm
edib, onların varlığı ilə fəxr etdiyini dönə-dönə dilə
gətirib, yazıya köçürüb.
Seyid Məhəmmədhüseyn Şəhriyarın
öz ifasında
"Xan nənə" şeirini
dinləmisinizmi? Şəhriyar
sanki şeir oxumur, uşaqlığının
nənəli günlərini
təkrarən yaşayır,
hissiyyatlı oxucusuna
da səsinin cazibəsilə
ötürür. Şairin
səsi, ifası o qədər səmimi, yanğılı, təsirlidir
ki, sanki şeir dinləmirsən, itirdiyin doğmalarının ağrı-acılarını
təkrarən, bütün
ağrısı ilə
yaşayırsan... "Xan nənə"nin
misralarından sızan
hərarət soyuq qəlbləri belə isitmək gücündədir,
bizi uşaqlığımızın
isti, kövrək, həzin xatirələrinə
qaytarır, bir daha geri dönməyəcək
günlərimizi, duyğularımızı
təkrar-təkrar yaşadır:
Xan nənə, hayanda qaldın,
Belə
başuva dolannam.
Necə
mən səni itirdim,
Da sənin tayın tapılmaz.
Şairin
uşaqlıq xatirələrinin
real əksi olan, iç dünyasının
tanıtımı baxımından
əhəmiyyət kəsb
edən "Xan nənə"
şeiri sadə, elə o qədər də təsirli və kövrək dillə qələmə alınıb. M.Şəhriyarın
təqribən 70 yaşında
olarkən, 1975-ci ilin
mart ayında yazdığı
"Xan nənə" öz
orijinallığı baxımından
adi məişət şeiri səviyyəsindən
çıxaraq bəşəri
məzmun kəsb edir. Qayğıkeş, mehriban, mərhəmətli
nənənin portreti misralardan boylanır. Məhəmmədhüseyn Şəhriyarın
təqdimatında "Xan nənə"
şairin bir də ələ gəlməyəcək uşaqlığının
məhəbbər, mərhəmət
abidəsidir:
Xan nənə, aman, nolaydı,
Bir uşaqlığı tapaydım.
Bir də mən sənə çataydım,
Sənilən qucaqlaşaydım,
Sən ilə bir ağlaşaydım.
Amma əfsus ki, nə o illər, nə də o illərin əziz insanları bir daha geri
dönməyəcək. M.Şəhriyarı
göyüm-göyüm göynədən
də bu acı həqiqətdir:
Yenidən uşaq olurkən
Qucağında bir yataydım.
Elə bir behişt olursa,
Daha mən öz Allahımdan
Başqa
bir şey istəməzdim...
Seyid Məhəmmədhüseyn Şəhriyar
çox sevdiyi nənəsinə məhəbbətini
təkcə "Xan nənə"
şeirində əks
etdirməyib, digər
əsərlərində də
bu mehriban insanı ehtiramla yad edərək sevgisini izhar edib. Şairin
anadilli yaradıcılığının
şah əsərlərindən
sayılan "Heydərbabaya
salam" poemasında
da bu kimi duyğu və hisslərinin bədii tərənnümünü görürük.
Qonşu Fatma xalanın
nənəsini yad etməsi
bu mehriban qadının qohum-əqraba,
qonum-qonşu içində
qazandığı böyük
hörmətin işarəti
kimi təsvir olunub:
Fatma xala mənə corab bağladı,
Xan nənəmi yada salıb ağladı.
Şəhriyar üçün milli-mənəvi dəyərlər,
milli yaddaş öncə
doğulduğu evdən
iz götürür, doğmalara olan məhəbbətdən mayalanır:
Gedənlərin yeri burda görünür,
Xanım
nənəm ağ kəfənin bürünür,
Dalımcadır, hara gedim, sürünür:
- Bala, gəldin? Niyə belə gec gəldin?
Səbrim
sənnən güləşdi,
sən güc gəldin.
Şair
nənəsinə o qədər
məhəbbət bəsləyir
ki, bu sevgi zaman ölçüsünü belə
əvəzləyir:
Xanım
nənəm naxoş olan il idi,
Qış var ikən külək
idi, yel idi...
Xatırladaq ki, Məhəmmədhüseyn Şəhriyar 1906-cı ildə
Təbriz şəhərinin
Bağmeşə bölgəsində,
o zamanın tanınmış
hüquqşünaslarından sayılan Hacı Mirağa Xoşginabinin (atasının əsl adı Seyyid İsmayıl Musəvi olub) ailəsində dünyaya göz açıb. Şair ilk təhsilini də elə atasından alıb, ona yazıb oxumağı atası Hacı Mirağa öyrədib. Sürgündə olduğundan
atasının dəfnində
(1934-cü il) iştirak edə
bilməyən Şəhriyar
övladlıq borcunu əsərlərində onu
minnətdarlıqla yad etməklə
verməyə çalışıb.
Qürur duyduğu bu əziz insanın
qarşısında borclu
qaldığını dönə-dönə,
kədərlə etiraf
edib, "Heydərbabaya
salam" poemasında
ataya məhəbbətin
sözlə gözəl
pannosunu yaratmağa
nail olub:
Mənim
atam süfrəli bir kişiydi,
El əlindən tutmaq onun işiydi,
Gözəllərin axıra qalmışıydı,
Ondan sonra dönərgələr
döndülər,
Məhəbbətin çıraqları
söndülər.
Şəhriyarın atasının ölümünə fars dilində yazdığı
qəsidədə dərin
kədər və ağrı, eyni zamanda xəcalət hiss olunur:
Oğlundan ötrü eyləmiş
əğyar tənələr,
Sarsıtdı,bəlkə, qəlbini
bu tənələr, ata.
Sən rəhmdil, vəfalı, sən əhli-güzəşt
idin,
Əfv
et məni, bu olsa müyəssər əgər, ata.
Öldün özün, ürəkdə
adın daima yaşar,
Çəkdim qəmində gər
biləsən mən nələr, ata...
Klassik Şərq poeziyasında dövrün adət-ənənələrinə
uyğun olaraq ataya ailənin başçısı kimi
daha böyük dəyər verilib. M.Şəhriyar da əsərlərində
bu klassik əndazəni, nizamı gözləyib, anasına həsr etdiyi şeirlərində belə
ilk əvvəl atasını
xatırlamağı özünə
borc bilib:
Mənim
atam süfrəli, duz-çörəkli kişiydi,
Ər ürəkli kişiydi...
O öləndə gözlərdən
nə qədər yaş süzüldü.
Onun varı, dövləti, məhəbbəti, hörməti,
Sonsuz mirvarilərtək kirpiklərə
düzüldü...
Şəhriyara görə, valideynini
sevəni Allah da sevər,
bəndə içində
xətirli olar. Ustad sənətkarın şair Əbülfəzl
Hüseynliyə ithafən
yazdığı "El bülbülü"
şeirində onun atası haqqında dediyi xoş sözlər bütün atalara olan hörmətinin
təzahürü kimi
başa düşülə
bilər:
Sənin
atan bir şux, zərif kişiydi,
Xəlqi
ayıq salmaq onun işiydi,
Şuxluqları agizlar kişmişiydi,
Hamı
onu həsrətilən
yad edir,
Əzizləyib rəhmətinən şad
edir.
Şəhriyarın gənc həmkarına öyüdü,
adi məsləhət
çərçivəsindən çıxaraq gələcək
nəsillərə çağırış
kimi səslənir:
Bu dünyada bizdən qalan bir səsdi,
Bu karvanın zəngi qalırsa, bəsdi,
Unutsa hər kəs atasın, nakəsdi,
Unutmasan,
sən atanı yad elə,
Ehsan ilə onun ruhun
şad elə.
Şəhriyarın anasına həsr etdiyi əsərlərdən söz
açmazdan əvvəl,
şairin yaxın dostu və məsləkdaşı
Cavad Heyətin "Heydərbabaya salam" poemasının tarixçəsi
ilə bağlı yazdıqlarını xatırlamaq
istəyirəm: "Şəhriyar
əvvəllər farsca
yazırdı. Onun türkcə şeir yazmasına anası səbəb oldu. Bir gün Şəhriyar farsca yazdığı bir şeirini evdə anasına oxuyur, anası heç nə demir. Amma əvvəllər
Şəhriyar yazdığı
şeiri anasına oxuyanda o, çox sevinərdi. Anasından xəstə olub-olmadığını
soruşur. Anası farsca xəstə olmadığını söyləyir.
Şəhriyar bu cavaba çaşıb-qalır.
Anası evdə farsca danışırdı!
Özünü tanıdığı
gündən bəri evdə hər kəs türkcə danışırdı. Şəhriyar
heyrətlə anasından
soruşur: "Ana, sən
nə üçün
farsca danışdın?"
Anası Şəhriyara
cavab verir ki, sən türkcə şeir yazmırsan ki, mən də sənə türkcə cavab verəm. Şəhriyar öz-özünə
söz verir ki, daha bundan sonra
türkcə yazacağam.
Elə həmin gün ilk türkcə şeirini - "Heydərbabaya
salam"ı yazmağa
başlayır".
"Heydərbabaya salam" poemasının 1954-cü il ilk geniş nəşrinin müqəddiməsində Şəhriyar
yazırdı: "O vaxt
ki, mərhum anam Tehrana gəldi, onun sehrli təsiriylə
keçmiş günlərin
əyləncələri və
uşaqlığımın şən, məsud anları yavaş-yavaş
zehnimdə canlandı,
ölülər dirildi
və o zaman tablolar öz rənglərilə
yenidən cızıldı".
Özünə doğma
olan ən yaxın insanın - anası Kövkəb xanımın 1952-ci ildə
dünyasını dəyişməsi
Şəhriyarı çox
sarsıdır, könül
dünyasını tar-mar edir.
Həmin ağrının
təsiri ilə yazılmış "Ey-vay,
anam" qəsidəsi
təkcə Azərbaycan
ədəbiyyatında deyil,
dünya poeziyasında
ana mövzusunda yazılmış
ən təsirli poetik nümunə hesab olunur:
Ata qüdrətli anam, bacı şəfqətli
anam,
Kişi
qeyrətli anam!
Yarımcan bir çırağın
işığını yandıran,
gözlərinin odunu
Töküb neft əvəzinə
ocağı odlandıran.
Mənim
qəhrəman anam,
Mənim
mehriban anam!
Şair
hüznlə etiraf edir ki, onun həyatında
bu qadının rolu əvəzsizdir, şair nəfəsini ondan alıb, həyatda əldə etdiklərinə görə
məhz bu təmənnasız insandan
gördüyü sevgiyə
borcludur:
...Mənim eşqim, ilhamım, hər nəyim var, onundur,
Bu qəmlər, bu ələmlər, bu misralar onundur...
Mən onun sayəsində boya-başa çatmışam,
Anam məni yaratmış,mən
aləm yaratmışam...
Şəhriyarın gözündə
ana bəşərin sütunudur.
Bütün övladların,
bütün cəmiyyətin
ən ali vəzifəsi onu dəyərləndirmək, qədrini
bilməkdir...
Hardan başlanır vətən?
Ustad Şəhriyar üçün, doğulduğu
ocaqdan, bu ocaqda onu dünyaya
gətirən valideynlərinə
olan ehtiramından, onlara duyduğu sevgidən, övlad kimi hiss etdiyi qürurdan, övladlıq
borcundan... "Heydərbabaya
salam" poemasının
ibrətamiz sonluqla bitməsinin özündə
bir rəmzi məna gizlənir - keçmişə sayğı,
valideynə ehtiram...
Heydərbaba, alçaqların köşk
olsun,
Bizdən
sonra qalanlara eşq olsun,
Keçmişlərin gələnlərə
məşq olsun,
Övladımız məzhəbini danmasın,
Hər içiboş sözlərə
aldanmasın!
Poeziyasının mayası xəlqiliklə
yoğrulan, doğulduğu
xalqa qəlbən bağlı olan, milli soy-kökünə daim sayğı duyan, milli dəyərləri sevə-sevə
təbliğ və tərənnüm edən,
vahid Azərbaycan eşqi ilə yazıb yaradan ustad sənətkarı -
"əvvəli sultani-eşq,
axırı ustadi-şeir
Şəhriyar"ı anım
günü ərəfəsində
ehtiramla yad edir, ruhuna rəhmət diləyirik.
Esmira İSMAYILOVA
Filologiya üzrə fəlsəfə
doktoru
525-ci qəzetş - 2025.- 11 sentyabr (№162).- S.14.