ÜZEYİR
İŞIĞI
İnsanlar
var ki, onların əbədi gedişi ilə doldurula bilinməyəcək
boşluqlar yaranır. Belələri haqqında adətən
təəssüflə söyləyirlər ki, "yeri
görünür". Üzeyir bəylə ayrılıqdan
onillər keçir. Ancaq bu böyük Vətən
Övladının millət üçün etdiklərini
düşünürkən, onun erkən gedişi haqqında
fikrə dalırkən (63 yaş bəhrələr verməkdə
davam edən o nəhənglikdə sənətkar və şəxsiyyət
üçün nədir ki!) eyni ağrılı, nisgilli
hissləri keçirsək də, həmin sözləri deməyə
dil dönmür. Üzeyir bəy Hacıbəyli o müstəsnalardandır
ki, getsə də, varlığı hər gün
görünür, hər an duyulur.
Üzeyir
bəy Qori seminariyasını bitirmişdi, yolunu müəllim
kimi başlamışdı. Ancaq o, peşəcə yalnız
müəllim deyildi. Həm də mühərrirdi, qəzetçi
idi. O, məhsuldar qələmli ədib idi. Ancaq yalnız ədib
də deyildi. O həm də yolunun lap əvvəlindən
güclü bəstəkar idi. Fəqət Üzeyir bəyi
yalnız bəstəkar da saymaq düzgün deyil. O, mədəniyyət
təşkilatçısı, ictimai xadim idi. Ancaq onu məşğul
olduğu bu peşələrin, tutduğu və
hamısında da uğurlu olduğu bu yolların sırf hansı
biri iləsə bağlayıb, digərlərini kənara
qoymaq olmaz. Bu səmtlərin hər birində seçkin olan
Üzeyir bəylə müasirlərinin hansınısa
müqayisə edərək həmin şəxsə
üstünlük vermək mümkün deyil. Üzeyir bəy
nəyə əl qoyubsa, orda əvvəlinci olub, ən
yaxşıya dönüb. Hətta bu keyfiyyətlərin
hamısının birləşdiyi başqa şəxsiyyətlər
olsa belə, onları da yenə Üzeyir bəylə
yanaşı qoymaq mümkün deyil. Üzeyir bəy
Tanrının ona bağışladığı
çoxşaxəli istedadıyla, yaşadığı
ömürlə, keçdiyi yolla, yaratdığı sənətlə,
yadigar qoyub getdiyi məktəblə bütövlükdə
millət qurucusu idi. Gördüyü işlərin hər
biri də həmin Nadir Quruculuq Vəzifəsini yerinə yetirməkçün
Pərvərdigarın ona bəxş etdiyi vasitələrdi.
Onun
yaradıcı ömrü XX yüzilliyin birinci yarısı
başa çatmamış tamamlandı. Lakin yeni minillikdə,
asta-asta irəliləməkdə olan XXI əsrdə yenə
onunlayıq.
Üzeyir
bəy yaşamaqda və təsirini göstərməkdə
davam edir. Azərbaycan xalqı bu gün belə
çağdaşdırsa, varlığında və gündəlik
həyatında həm qanı və kökləri ilə
bağlı olduğu Şərq, həm də dünyanın
qəbul etdiyi Qərb mədəni dəyərlərini
qovuşduraraq onların canayatan ahənginə sahibdirsə,
bunun təməl səbəblərindən biri məhz
Üzeyir Hacıbəylidir.
Üzeyir
bəy dünyaya missiya ilə, vəzifəylə gələnlərdən
idi. İndi arxada qalmış yola baxarkən heyrətlənməyə
bilmirsən - əyalətdən gələn 19-20 yaşlı
gənc bir oğlan yolunun lap başlanğıcından milləti
və yurdu yaxşılığa, qabaqcıllığa,
örnəkliyə doğru dəyişmək yolunu tutur. Təlatümlü
zaman içərisində etdiklərinin hamısı da dərhal
bəhrələrini verməyə başlayır.
Üzeyir
bəy Hacıbəyli o misilsiz millət əkinçilərindən,
o xoşbəxt bağbanlardandır ki, əkdikləri bəhrələrini
elə o, sağ ikən də verməyə
başlamışdı. Onunla ayrılıqdan artıq
çoxdandır ki, sürdüyü ömürdən də
uzun vaxt keçir. Amma yenə Üzeyir Ağacının
rişələri millət ruhunun dərinlərinə
nüfuz etməkdə, faydalarını verməkdədir.
Üzeyir
bəy yolunu başlayanda XX əsr yenicə
başlanırdı və bu, başlanğıcı və nəhayəti
bilinməyən zaman təqvimində sadəcə növbəti
təzə yüzillik deyildi. Tarixin indiyəcən
yaşanmışlara bənzəməyən təzə səhifəsi
açılırdı və yeni zamanın özü dəyişilmələr
tələb edirdi. Vaxtın istəyi bu idisə, həmin
sifarişləri yerinə yetirə biləcək
icraçıları da özü doğurmalı idi.
Üzeyir bəy Vaxtın vücuda gətirdiyi, Zamanın
umacaqlarının doğurduğu şəxsiyyət idi. Məhz
yolun əvvəlindən, elə ilk gəncliyindən şəxsiyyət
idi.
Elə
həmin başlanan əsrin əvvəllərində
ağlar-güləyən Sabir "dindirir əsr bizi, dinməyiriz"
deyirdi. Ancaq gənc Üzeyir bəy dinməyənlərdən
yox, yeni vaxtın çağırışlarına ilkin cavab
verənlərdən idi. Lakin o, təkcə Azərbaycan
insanını dindirən əsrin suallarını
cavablandırmırdı. Yurddaşlarını təzə əsrin
axarında yalnız vaxtla ayaqlaşmağa deyil, vaxtı
qabaqlamaq üçün hazırlayırdı.
İlahi
onun əlləri ilə millətçün ən geniş
üfüqlərə sarı pəncərə
açmışdı. Bunun başqa adı yoxdur.
"Möcüzə" desən də yaraşar,
"Allahın lütfü" söyləsən də, tam
uyğun gələcək - ibtidaidən də məhdud musiqi
savadı ilə "Leyli və Məcnun"u yaradanda
Üzeyir bəyin 21 yaşı vardı. Bundan daha əvvəlsə
- 19-20 yaşlarında ikən bir-birinin ardınca
çıxmağa başlayan çoxlu Azərbaycan qəzetlərində
işlənən sözlərdən ibarət rusca-türkcə,
türkcə-rusca lüğət yaratmışdı.
Heç kim ona tapşırmamışdı ki, bu işi
gör. Bəlkə də bu hökm bir az dəqiq olmadı - əslində
tapşıran vardı, bu, millətə xidmət məsləyi
taleyinə alın yazısı kimi həkk olunmuş
istedadlı gəncə Zamanın həvalə etdiyi iş
idi. Millət ehtiyaclarını izahsız bir həssaslıqla
anındaca duyaraq gərək olanları gücü çatan
qədər ürəklə icra etmək
cavanlığından ta sonacan Üzeyir bəyin sabit məziyyətlərindən
oldu.
Görürdü
ki, azərbaycanca və rusca müxtəlif qəzet-jurnallar
buraxılır -hərəsinin istiqaməti başqa, xətti
ayrı, dili, üslubu fərqli. Nəşrlərdən biri
Avropanın, digəri Rusiyanın, bir başqası
Osmanlının, bir ayrısı İranın təsirində
idi. Əslində həmin bolluqda milli mətbuat da
özünü, malik olmalı olduğu əsl çöhrəni
arayırdı. Ancaq o nəşrləri oxuyan və
çaş-baş qalan da bu xalq idi axı. Qəzetlərdə,
dərgilərdə işıq üzü görən
yazıların məzmunu, ictimai-siyasi havası o yana,
bunların dili də elə bir halda idi ki, hərəsini oxuyub
sonacan dərk etməkdən ötrü gərək müəyyən
hazırlığın olaydı.
Üzeyir
bəy daha sonralar yazdığı "O olmasın, bu
olsun"a Rüstəm bəyin evindəki qonaqlıq səhnəsini
də elə bu səmt qatmaqarışıqlığı,
dil pərakəndəliyini nəzərə
çarpdırmaqdan ötrü daxil etmişdi. Qoçu
Əsgərin öz dili var, intelligent Həsənin öz dili.
Qəzetçi Rza bir cür danışır, millətçi
Həsənqulu bəy bir ayrı tərzdə. Hamısı
Azərbaycan türküdür, o məclisdə elə
hamısı da zahirən ana dilində danışır, ancaq
elə danışırlar ki, axırda "Tarix-i Nadir"i
yarısınacan mütaliə etmiş zavallı Məşədi
İbad dilə gəlir ki, mən bu qədər oxumuşluqla
sən deyəni anlaya bilmirəm, bu bisavadlar hardan başa
düşsün.
Həmin
lüğəti də Üzeyir bəy məhz ona görə
tərtib etmişdi ki, mətbuat dilimizdəki
nizamsızlıqda başını itirməməkçün
camaata yardımçı olsun.
1907-ci
ildə işıq üzü görən o kitabın
naşiri Məhəmməd Əmin Rəsulzadə, nəşrə
dayaq duran, onun haqqında ilk müsbət sözünü deyərək
gənc Üzeyiri bu qəbil yeni addımlara ruhlandıran
Əli bəy Hüseynzadə idi. Millətpərvərlər,
millət quruculuğu yolunda çalışan insanlar. Belə
bir üçlük belə bir kitabı ortaya
çıxarırdısa, demək, bu əsər sadəcə
lüğət sayılmaz, onu təyinatına uyğun şəkildə
milli mənası və çəkisi olan ƏMƏL hesab etmək
gərəkdir.
"Leyli
və Məcnun"uyla da, "Əsli və Kərəm"i
ilə də, "Şeyx Sənan"ıyla da, "O olmasın,
bu olsun"uyla da, "Rüstəm və
Söhrab"ıyla da, "Arşın mal alan"la,
"Ər və arvad"la da, ya o illərdə
yazdığı müxtəlif nəğmələrlə də
Üzeyir Hacıbəyli Azərbaycan musiqi və ədəbi
zövqünü kökləyirdi, Azərbaycan insanını
daha irəliçi mədəni səviyyədə yüksəltməyə
səy göstərirdi.
Azərbaycan
boyu çoxlu ziyarətgahlar, ibadətgahlar, müqəddəs
yerlər var. O yerlər varsa, mütləq onların hərəsinin
özünəməxsus bir haləsi də olmamış deyil
və heç bir müqəddəs yer təsadüfən
seçilmir. Ancaq tapınılan, səcdəyə layiq olan məkanları
yalnız dini abidələrə və tikililərə
bağlamaq əsla doğru olmaz. Nizami Gəncəvinin, ya
Hüseyn Cavidin türbələri elə məscid qədər
səcdəyə və sevgiyə layiq deyilmi? Zatən, o qəbil
əziz məkanlarımıza insanlarımız elə həmin
duyğularla yollanırlar. Üzeyir bəyin ömrünün
böyük parçasını yaşadığı, indi
orada xatirəsi yaşayan ev-muzeyi də həmin ünvanlar cərgəsindədir.
Hər
dəfə İçərişəhəri gəzib-dolaşarkən
insan qədimlərə baş çəkib gəldiyini zənn
etdiyi, daxilən saflaşdığı kimi, Üzeyir bəy
ocağına da hər yeni ziyarət bu Millət Zirvəsi
haqqında təzədən düşünməyə, onun
bizə nələr verdiyi haqda fikrə dalmağa sövq edir.
Dünyada
Vaxtdan qiymətli heç nə yoxdur. Üzeyir bəyin
yurdumuza və xalqımıza ən ali töhfəsi onun millətə
zaman bağışlaması, Vətəni və Milləti zamanca
getməli olduğu gerçək sürətdən daha yeyin
tərzdə irəli apara bilməsidir.
Üzeyir
Hacıbəyli "Leyli və Məcnun"u 1907-ci ildə
yazıb bitirmişdi. Əsər növbəti ilin
başlanğıcında səhnəyə gələndə
onun 22 yaşı vardı. Əslində isə,
özünün sonralar etiraf etdiyi kimi, belə bir əsəri
araya-ərsəyə gətirmək fikri onun qəlbində hələ
yeniyetməykən - 13-14 yaşlarında olanda Şuşada
şahidi olduğu bir musiqili səhnəciyi görəndən
sonra doğulmuşdu.
Əhvalat
vaqe olubmuş Şuşadakı Xandəmirov teatrında.
Cabbar Qaryağdıoğlu Məcnun qiyafəsində imiş,
başına quş yuvası qoyaraq Leyli həsrətindən
deyən qəzəli yanıqlı-yanıqlı oxuyurmuş
və "Leyli və Məcnun"a həsr olunmuş el
dastanından olan bu parça balaca Üzeyiri riqqətə gətiribmiş.
Üzeyir bəy sonralar yazırdı ki, elə o
çağlarda ürəyimdə bir arzu yarandı:
böyüyüm, Bakıya gedim və gələcəkdə
elə bir əsər yazım ki, orda iştirak edənlər
sadəcə danışmasınlar, həm də oxusunlar.
Qori
seminariyasında həftədə digər fənlərlə
yanaşı bir-iki dəfə musiqi dərsi də
olarmış ki, müdavimlərə musiqi zövqü
aşılansın, sabah məktəbə gedib müəllimliyə
başlayanda nəğmə dərsini də apara bilsinlər.
Onlar rəqs etməyi, skripkada çalmağı öyrədirmişlər.
Digər "qorili" tay-tuşları kimi, Üzeyir
Hacıbəylinin musiqi savadı bu boyda idi. Ancaq bununla belə,
həmin ufacıq musiqi biliyi (amma əvəzində
aşıb-daşan istedadı ilə!) Üzeyir Hacıbəyli
Azərbaycanın və Şərqin ilk operasını
yaratdı, həm də elə yolunun siftəsindən
operanın yeni bir çeşidini - muğam operasını xəlq
etməyə müvəffəq oldu. Ancaq dünya
operaçılıq ənənələri baxımından,
elə Üzeyir bəyin öz yaradıcılıq
ömrünə nəzərən də bu əsər bitkin,
bir musiqi janrı və şəkli olaraq operanın
oturuşmuş tələblərinə cavab vermək
baxımından hələ bəsit idi. Sonralar Üzeyir bəy
özü də bu ilk əsərinə daha püxtəcəsinə
əl gəzdirdi, bəstələdiyi yeni opera və
operettalar da dünyada təsdiqlənmiş opera və operetta
qəliblərinə daha artıq uyğunlaşmağa
doğru irəlilədi.
Üzeyir
bəy ilk dəfə 1938-ci il martın 16-da "Bakinskiy
raboçiy" qəzetində dərc edilmiş "Leyli və
Məcnun"dan "Koroğlu"ya qədər" adlı
məqaləsində yazırdı: "Bu il Azərbaycan
operasının otuz illiyi tamam olmuşdur. Həm ilk, həm də
hələlik axırıncı Azərbaycan operasının
müəllifi olmaq şərəfi mənə nəsib
olmuşdur. Beləliklə, "Leyli və Məcnun"dan
"Koroğlu"ya qədər keçilən yol təkcə
Azərbaycan operasının otuzillik tarixi deyil, həm də mənim
şəxsi yaradıcılıq yolumdur".
Üzeyir
bəyin özünün də təsdiqlədiyi kimi,
"Leyli və Məcnun"un partiturası yox idi. Bunu hadisələrin
və vokal nömrələrinin
ardıcıllığını göstərən
"direksion" əvəz edirdi. Nota ancaq orkestr musiqisi və
xor üçün xalq mahnılarından
götürülmüş melodiya materialı
salınmışdı. Müğənnilərin
oxuduqları muğam ladında mətndən kənara
çıxmamaqla improvizasiya ilə məşğul
olmalarına tam ixtiyar verilirdi. Hər bir muğamın olduqca
çox improvizasiya variantı vardır, ona görə də
hər bir müğənni "Leyli və Məcnun"dan
ariyaları öz bildiyi kimi oxuyurdu". Lakin 1937-ci ildə
birinci dəfə səhnəyə çıxaraq, elə 30
il qabaq "Leyli və Məcnun"unda olduğu kimi,
könülləri fəth edən "Koroğlu"yasa daha
o cür əmmaları qoymaq mümkünsüzdü. Bu, opera
janrının bütün quruluş tələblərinə
cavab verən mükəmməl bir sənət incisi idi.
Sadədən
mürəkkəbə doğru operaçılıq yolunu
dünya, Avropa 300 ilə qət etmişdi.
Azərbaycan
Üzeyir bəyimizin sayəsində bu məsafəni 30 ilə
keçdi.
Və
bu iki rəqəmdə, bu iki rəqəm arasındakı məsafədə
rəmz var.
Bu,
Üzeyir bəyin kimliyinin, mənəviyyat və mədəniyyət
tariximizdəki ağırlığının göstəricisidir.
300
illik yolu 30 ilə keçməklə o, millətini
sıçrayışlı bir tərzdə mədəni
üfüqlərdə yüksəklərə
qaldırdı. Əlbəttə ki, bu xidmətləri
müqabilində hər gün, hər an milləti ilə birgə
olmaq, hər gün, hər an milləti ilə birgə nəfəs
almaq, hər gün, hər an millətinin bağrının
başında yaşamaq Üzeyir bəyin ana südü kimi
halal haqqıdır.
...Üzeyir
bəyi millətimiz 1948-ci ilin noyabrında itirib. Onunla əbədi
ayrılıqdan artıq 80 ilə yaxın bir zaman keçir.
Üzeyir bəylə oturub-durmuşların, hətta onu sadəcə
uzaqdan-uzağa görmüşlərin əksəriyyəti
artıq həyatda yoxdur, bəlkə də elələrindən
bir neçə nəfər qalmış ola. Biri elə
yazıçı Anar. Xatırlayır ki, məktəbli idik,
konservatoriyanın, indiki Bakı Musiqi Akademiyasının
qarşısındakı meydanda futbol oynayırdıq,
Üzeyir bəy gendən keçirdi, bizim tərəfə
baxdı.
Və
o baxış yadda əbədi qalıb.
O
cür baxan Üzeyir bəyi, olsun ki, kinolentlərdə,
fotolarda min dəfələrlə görmüş olasan. Ancaq
Üzeyir bəyin bircə canlı baxışına şahid
olmaq bəxtiyarlığının ömürdə silinməyən
izi qalır axı!
Tale
mənə də o xoşbəxtliyi nəsib elədi ki,
heç olmazsa, Üzeyir bəyi görmüşlərlə,
həm də onunla çox yaxın təmasda olmuşlarla
ünsiyyətdə oldum. Mənə illərcə istisi
soyumayan xatirələrini danışdılar. Onlar elə
şəxsiyyətlər idilər ki, Üzeyir bəylə nəfəsini
duyacaq qədər yaxın olmuşdular. Bəziləri ailə
üzvləri, yaxın qohumları idi, bir parası həmkarları,
dostları, tələbələri. Onların söylədiyi
Üzeyir bəyli hekayətlər içərimə
yığılırdı və indi yarım əsrə
yaxın bir müddətə sığan həmin xatirələr
yükünün təsiri ilə mənə elə gəlir
ki, sanki Üzeyir bəyi elə özüm də canlı
görmüşəm, həmin söylənənlərin
şahidiyəm. Yenə Radioya minnətdaram ki, nə
yaxşı, zaman-zaman dindirdiyim o təbərrük
insanların danışdıqlarının
hamısını lentə alıb saxlamışam. O səslər
diridir, o səslərdə o insanlar canlıdırlar və həmin
xatirələrdə Üzeyir bəy də sağdır.
Üzeyir
bəy haqqında mən ilk dəfə yalnız kitabdan deyil,
onu görmüş, onunla həmsöhbət olmuş bir
insanın dilindən xatirəni 1970-ci illərin lap
başlanğıcında və tam təsadüfən
eşitdim. Tələbəydim, Bayılda, elə indi də o
tərəfə gedən yolda var olan
yanğınsöndürmə məntəqəsindən sonra
gələn beşmərtəbəli, gözəgəlimli
memarlığı olan binada yaşayırdım. Oxuduğum
Şərqşünaslıq fakültəsinin yerləşdiyi
İstiqlaliyyət (ozamankı Kommunist) küçəsindən
dərsdən sonra piyada el içində "Goburnat
bağı" deyilən Filarmoniya bağını keçərək
Azneft meydanına enər, ordan evə gedərdim.
Bakının o vaxtlar məşhur olan "İnturist"
mehmanxanası yolumun üstündə idi. Rayondan mənə
göndərilən, ya özümün gətirdiyim yemək
ehtiyatım tükənincə həftədə iki dəfə
orda nahar edərdim. Köhnə bakılılardan, o
çağlarda "İnturist"ə gedənlərdən,
yəqin ki, xatırlayanlar var. O xudmani mehmanxananın
restoranının yaxşı mətbəxi vardı və
müəyyən tanınmış, keçmiş görkəmli
dövlət xadimləri, qocaman hərbçilər,
yazıçılar, şairlər, alimlər vardı ki,
oranın daimi sakini idilər, hər gün,
günaşırı nahara, şama öz evlərinə gələn
kimi gələrdilər.
Məni
ara-sıra gəlişlərimdən birində qocaman
yazıçı Əli Səbri ilə eyni masada əyləşdirdilər
və çoxdan burda gendən bir-birimizi dəfələrlə
gördüyümüzdən tezcə tanış olduq.
Əli Səbrinin o vaxt yaşı artıq səksəni
keçmişdi. Sonrakı gəlişlərimdə də
yanı boş olanda çalışardım ki, həmişə
onunla eyni süfrə arxasında oturum. Hər dəfə də
söz-sözü çəkdikcə qocaman
yazıçı mənə keçmişdən müxtəlif
maraqlı xatirələr söyləyərdi. O xatirələrdən
bir neçəsi də Üzeyir bəy haqqında idi.
Nağıl
edirdi ki, Bakıya 1913-cü ildə köçüb və elə
gəldiyi ilk aylardan da ayağı qəzet-jurnal
redaksiyalarına açılıb. Üzeyir bəy 1914-cü
ildə Petroqraddan (indi Sankt-Peterburq) Bakıya
qayıdıbmış, mətbuatla köhnədən
bağlı olduğundan yenə mütəmadi olaraq
yazıları ilə redaksiyalara baş çəkirmiş.
Belə günlərdən birində təsadüfən
tanış olurlar. Əli Səbri söyləyirdi ki, həmin
çağlar onun da ara-sıra mətbuatda məqalələri
dərc edilirmiş. Bir bədii əsərini Üzeyir bəy
oxuyub bəyənibmiş, bunu özünə də söyləyibmiş,
həmin görüş də mehriban münasibətlərinin
yaranmasına səbəb olubmuş.
Üzeyir
bəyin cildlərini oxumuşdum, onun həmin cildlərdən
birindəki məqalələrindən, bir qisim gizli
imzalarından da xəbərim vardı. Ancaq Əli Səbri
Üzeyir bəyin mətbuat həyatından
danışırdı, onun 1906-1907-ci illərdə qəzetlərdə
dərc edilən məqalələrinin məzmununu, elə
axırıncı dəfə bu gün restorana gəlməzdən
qabaq oxuyubmuş kimi, dəqiqliklə mənə söyləyirdi.
Məqalələrdən danışdıqca da həmin illərin
hadisələrindən, hansı yazısından sonra
Üzeyir bəyin nələrlə
qarşılaşmasından bəhs edirdi və dünən
dönüb olurdu bugün. Əli Səbri deyirdi ki, 1906-cı
ildə Üzeyir bəyin "İrşad" qəzetində
ardıcıl olaraq "Ordan-burdan", "O yan-bu yan" təxəllüslərü
ilə məqalələri dərc edilirmiş və bu yazılar
o çağlarda ictimai-siyasi həyatda fəal mövqeyi və
nüfuzu olan Nəriman Nərimanovun diqqətini cəlb edir.
Özü bu ümid verən gənclə tanış olmaq təşəbbüsünə
düşür və ilk görüşlərindən birində
onu Sultan Məcid Əfəndiyevlə tanış edir. Sultan Məcid
Əfəndiyev də Üzeyir bəyin yazılarını
oxuduğundan və düşüncələrini dinləyərək
ona heyran qaldığından təklif edir ki, indi "Təkamül"
adlı bir qəzet nəşrə başlayacaq, pis olmazdı
felyetonlarından burda da dərc etdirəsən.
Və
Əli Səbri mənə o zaman Üzeyir Hacıbəylinin
indi çoxlarına bəlli olmayan bir təxəllüsü
haqqında da söyləmişdi. Deyirdi ki, Nəriman Nərimanovla,
Sultan Məcid Əfəndiyevlə tanış olandan sonra
Üzeyir bəy "İrşad"da da, "Təkamül"də
də dərc edilən bir para felyetonlarını "Marzadə"
təxəllüsü ilə imzalayırdı. "Marzadə",
yəni ilan balası, ilan kimi çalan.
Beləcə,
təsadüfi tanışlıqdan, Əli Səbrinin xatirələrini
dinləyəndən sonra sanki Üzeyir bəy mənimçün
əyaniləşdi, dahi şəxsiyyətə mənim
marağım və məhəbbətim qat-qat artdı.
Və
bəxtim də gətirdi. Elə həmin tələbəlik
illərində - 1970-ci illərin başlanğıcında Azərbaycan
mədəniyyətinin, Azərbaycan
ziyalılığının bel sütunları olan şəxsiyyətlərlə
yaxınlığım yarandı. Maestro Niyazi, görkəmli
rejissorumuz Şəmsi Bədəlbəyli ilə, onun
qardaşı, universal zəkalı cazibədar şəxsiyyət
Əfrasiyab Bədəlbəyli ilə, mahir tarzən Bəhram
Mansurovla, unudulmaz müğənnimiz Yavər xanım Kələntərli
ilə, teatr tariximizi beş barmağı kimi bilən Qulam Məmmədli
ilə, operamızın beşiyi başında duranlardan
olmuş Hüseynqulu Sarabskinin övladı, teatrşünas
Azər Sarabski ilə və o çağın neçə
başqa tanınmış ziyalısı ilə
dostluğumuz, xoş münasibətlərimiz əmələ
gəldi. Aramızda yetərincə böyük yaş fərqi
olsa da, onlar məni lütfkarlıqla içəri
dünyalarına yaxın buraxdılar, simsar kimi qəbul etdilər.
O xəzinə insanlarla oturub-durmaqlar məni mən etdi -
düşüncəmi, duyğu aləmimi cilaladı.
Və
onların hər biri Üzeyir bəy aşiqi idi.
Maestro
Niyazi Üzeyir bəyin dost-doğma qardaşı
Zülfüqar Hacıbəylinin övladı idi. Maestronun
Üzeyir bəyli xatirələri onun lap körpəlik
çağlarından başlanırdı. Söz yox, hələ
heç dil açmadığı əyyamlarda, körpəlik
çağlarında baş verən hadisələr onun
öz yaddaşında qalmamışdı. Böyüklər
söyləmişdilər, o söylənənləri də
illər keçəndən sonra Maestro elə özü də
görüb yadda saxlayıbmış kimi danışırdı.
Deyirdi ki, məni doğum evindən yenicə
çıxarıblarmış. Anamın
qucağındaymışam. Üzeyir bəy Məlikə
xanımla gəlib. Əmim üzümdəki
örtüyü qaldırıb, xeyli baxıb, birdən deyib
ki, ay Məlikə, bax e, bax, gülümsəyir uşaq.
Birlikdə
olduğumuz uzun axşamlarda, gecə saatlarında Maestro Niyazi
Üzeyir nağıllarını söyləyərdi,
maqnitofon işləyərdi. Danışardı ki, hər il
sentyabrın 18-i gələndə həmin gün bizim ailələrdə
ikiqat bayrama çevrilərdi. Xüsusən uşaqlar
çox sevinərdi. Günorta nahara Müslüm bəygildə
toplaşardıq, onun doğum gününü təbrik edərdilər,
axşam hamılıqla Üzeyir bəygildə
yığışardıq, bu dəfə ikisinin ad
günü birlikdə qeyd olunardı.
Üzeyir
Hacıbəyli ilə Müslüm Maqomayevi birevli, qardaşca
yaxın edən yalnız o deyildi ki, eyni ildə və eyni
gündə - 1885-ci il sentyabr ayının 18-də
doğulmuşdular, eyni illərdə Qori Müəllimlər
Seminariyasında oxumuşdular, eyni ildə oranı bitirib
müəllimliyə başlamışdılar. Həm də
münasibətlərə kifayət qədər təsiredici
bu səbəb də vardı ki, onlar ikisi də Terequlovlar ailəsi
ilə qohum olmuş, qoşa bacılara evlənmişdilər.
Müslüm Maqomayev Badigülcamalla, Üzeyir Hacıbəyli
Məlikə xanımla qovuşmuşdu. Məsləklərinin,
yollarının, düşüncələrinin, zövqlərinin,
xətlərinin bir olması bu ailə
yaxınlığıyla daha da qüvvətlənmişdi.
Onların birliyindən mədəniyyətimiz, cəmiyyətimiz,
bütövlükdə Azərbaycan qazanmışdı. Ancaq
Maestro Niyazi bunu da söyləyirdi ki, Müslüm bəylə
Üzeyir bəy bir-birinə nə qədər məhəbbət
bəsləsələr də, eyni zamanda, bir-birinə son dərəcə
tələbkar idilər. Bu onun, o bunun hansısa qüsurunu
müşahidə edəndə qətiyyən gizlətməz,
özünü görməzliyə vurmaz, açıq deyərdi.
Maestronun
danışdıqlarındandır ki, Müslüm Maqomayev
teatrda işlədiyindən "Şah
İsmayıl"ın tamaşalarının xüsusi təntənə
ilə keçməsi üçün həmişə
müxtəlif tədbirlər görərmiş. Bəzən
"Şah İsmayıl"dakı pərdələr
arasındakı fasilələrdə müxtəlif pəhləvanların
güləşi təşkil olunardı. Həm də bunlar
sadəcə güləşçilər deyil, məşhur
pəhləvanlar olarmış və afişada "Şah
İsmayıl"da hansı rolu kimin ifa edəcəyini
göstərəndən sonra aşağıda qeyd
olunarmış ki, bu gün fasilədə, məsələn,
adı dillər əzbəri pəhləvan Andrey Lodz və
Sali Süleyman, ya Fyodor Margentanger güləşəcəklər.
Üzeyir bəy buna bir dəfə baxır keçir, ikincidə
dinmir, üçüncü dəfə səsini
çıxarmır, amma həmin qurşaqtutdu
dördüncü, beşinci dəfə təkrarlanaraq
artıq bir ənənəyə çevriləndə sancmaya
bilmir. Müslüm bəyin də eşidəcəyi tərzdə
ona söz atır. Soruşur ki, bu gün teatrda nəyi
göstərirlər? Cavab verirlər ki, "Şah
İsmayıl"ı. Daha xəbər almır ki, Şah
İsmayılı kim oynayacaq, ya Ərəbzəngini kim ifa edəcək.
Deyir, hə, nə yaxşı, bəs bu gün kim güləşəcək?
Və
Maestro Niyazi bunu da vurğulayırdı ki, bu cür bir-birini
xırdaca tənqidetmələr heç vaxt qəlbə dəyməz,
küsülülüyə bais olmaz, dərin narazılıq
yaratmazdı, o bunu, bu onu başa düşərdi və həmin
nöqsanı aradan qaldırmağa
çalışardılar.
Ancaq
hər halda Üzeyir bəylə Müslüm bəyin
ömür boyu davam edən sarsılmaz dostluğunda bir balaca
çat da oldu. Bu, 1932-ci ildə baş verdi. Səbəb
"Koroğlu" idi. 1932-ci ildə günlərin birində
Üzeyir bəyə onunla dost olan keçmiş maarif
komissarı (1922-1927, 1928-1929), o dövrdə artıq
Qırmızı Professura İnstitutunda təhsil alan Mustafa
Quliyev (1893-1938) müraciət edir (1932-1934-cü illərdə
həmin vəzəifəni artıq Müseyib Şahbazov
(1898-1938) tuturdu). Deyir ki, vaxtın öz tələbləri
var. İndiyəcən nə yazmısan, hamısı
yaxşıdır. "Əsli və Kərəm" də
gözəldir, "Leyli və Məcnun" da, "Şah
Abbas və Xurşidbanu" da. Amma indi gərək tamam
başqa əsərlər yazılsın. Yeni dövrün tələblərinə
cavab verən əsərlərə, xalqın əzmini,
inqilabi ruhunu, daxili coşqunluğunu göstərən əsərlərə
ehtiyac var. Üzeyir bəy qayıdır ki, elə indi o
mövzuda bir opera üzərində işləyirəm,
"Dəmirçi Gavə"ni yazıram.
Dəmirçi Gavə Firdovsinin
"Şahnamə" əsərinin qəhrəmanı idi
ki, döşlüyünü çıxararaq bayrağa
çevirmiş, zalımlara qarşı savaşa
qalxmış, xalq da onun ardınca gedərək mübarizəyə
başlamışdı. Mustafa Quliyev razılaşır ki, bəli,
burdakı ideya yaxşıdır, ancaq Dəmirçi Gavənin
Azərbaycana, bizə nə dəxli var? Bizim gül kimi
Koroğlumuz var. Sən Koroğlu haqqında bir opera yaz.
Üzeyir
bəy tərəddüdlə dillənir: "Axı onu
Müslüm bəy başlayıb və
"Koroğlu"dan bəzi parçalar da yazıb".
Doğrudan
da, 1930-cu illərin əvvəllərinin mətbuatını
vərəqləyəndə qəzetlərdə
Müslüm Maqomayevin "Koroğlu" operası üzərində
işləməsi barədə ara-sıra soraqlara rast gəlirik.
Mən
Müslüm Maqomayevin əlyazmalarını, arxivini də
müfəssəl araşdırmışam. Onun gündəliklərində
1930-cu illərin əvvəllərində
"Koroğlu"dan artıq ayrı-ayrı
parçaları yazmış olması haqda qeydləri də
qalır.
Ancaq
Mustafa Quliyev təkid edir ki, Müslüm Maqomayevə
böyük hörmətimiz var, çox yaxşı da bəstəkardır.
Ancaq sən yazanı o, yaza bilməyəcək, sən
"Koroğlu"nu yaz. Həm milli əsər olacaq, həm
də siyasi mənası olacaq. Bu, sənə indi çox
lazımdır.
Mustafa
Quliyev dövlətə, onun siyasətinə içəridən
bələd insan idi, Üzeyir bəyə yuxarılardakı
siyasi münasibətdən də agahdı və etdiyi təklifə
əməl olunarsa, bunun Üzeyir bəyi qoruya biləcək
vasitələrdən birinə çevriləcəyi qənaətində
idi. O, Üzeyir bəyin kimliyini yaxşı dərk edirdi və
özünün də perspektivləri genişdi. Nazir işləmişdi
(o vaxtın "xalq komissarı" elə indinin naziri deməkdir),
yüksək dövlət xadimləri hazırlamaqçün
nəzərdə tutulmuş Qırmızı Professuranı
bitirəndən sonra vəzifə nərdivanında bir az da
yüksələcəyinə inanırdı, Üzeyir bəyi
də sabahlar üçün qorumağı vacib
sayırdı.
1937-ci
ilin 5 iyulunda siyasi repressiyalar fırtınasının növbəti
qurbanına çevrilən, Ukraynada həbs olunan Mustafa Quliyev
"Koroğlu"nun möhtəşəm zəfərlərinə
şahid ola bilməyəcək.
Haqqı
itirməmək nəcabəti bizi gərək həmişə
o təkidinə görə Mustafa Quliyevə minnətdar
olmağa səsləyə. "Koroğlu" Azərbaycan mədəniyyətində
büsbütün yeni bir səhifə açdı və bu
opera həm də Üzeyir bəyi bizə təzədən
qaytardı.
Onun
həyatı həmin illərdə daima təhlükə
altında idi. O, hər an həbs edilə, güllələnə,
ən yaxşı halda sürgünə göndərilə
bilərdi. Səbəblər çoxdu - bəy nəslindən
idi, köhnə ziyalılardandı, Azərbaycan Cümhuriyyəti
ilə birbaşa bağlı olmuşdu, odövrkü
yazıları bir yana qalsın, "Azərbaycan" qəzetinə
redaktorluq etmişdi, daha dəhşətli, başının
üstündən sallanan Domokl qılıncı o idi ki,
qardaşı Ceyhun Parisdə siyasi mühacirətdə idi.
Bunların hər biri onun istənilən anda aradan
götürülməsi üçün sovetin
baxımından ən inkaredilməz əsaslar
yaradırdı, həmin dövrdə bir çoxlarını
bioqrafiyasında belə məqamlardan bircəsi olduğu
üçün yox etmişdilər.
Ancaq
1937-ci ildə "Koroğlu" təntənə ilə millətlə
ilk görüşünə gəlir, ardınca görünməmiş
müvəffəqiyyətlə 1938-ci ildə Moskvada
keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti
ongünlüyündə nümayiş etdirilir. Opera rəhbər
Stalini valeh edir, bu isə Üzeyir bəyin həyatında
yenidən doğulmaq sayılacaq qədər həlledici səhifənin
açılmasına gətirib çıxarır. Üzeyir
Hacıbəyli namizədlik stajı keçmədən, elə
birbaşa Stalinin zəmanəti ilə Sovet İttifaqı
Kommunist Partiyası sıralarına qəbul edilir.
Və
Üzeyir bəyi daimi səksəkədə saxlayan mühasirə
yırtılır. 1938-ci ildən - "Koroğlu"nun təntənəsindən
sonra o, artıq daha rahat bir şəraitdə
yazıb-yaratmağa başlayır.
Üzeyir
bəy haqqında mənə çox xatirələr söyləmiş
unudulmaz Qulam Məmmədlinin "Koroğlu"nun səhnəyə
ilk gəldiyi günlə bağlı təsirli
yaddaşları vardı. Deyirdi ki, 1937-ci il aprel ayının
30-da "Koroğlu"nun premyerası olacaqdı və o zaman
mən "Yeni yol" qəzetinin redaktoru idim. Qərara
aldıq ki, əməkdaşlarımızla səyyar redaksiya
quraq, gedək teatra və tamaşa ərəfəsində, pərdələr
arasındakı fasilələrdə müsahibələr
alaq, həmin isti-isti təəssüratlar əsasında əsərin
ilk nümayişi haqda məqalə hazırlayaraq dərc edək.
Aydın
məsələdir ki, "Koroğlu"nun bayram kimi gözlənilən
premyerasına oçağkı Azərbaycan
ziyalılığının xeyli tanınmış
simaları gəlibmiş.
Qulam Məmmədli kədərqarışıq
duyğuyla bunu da söyləyirdi ki, 1937-ci il aprel
ayının 30-dan 1937-ci il iyun ayının 4-dək olan vaxt məsafəsi
qısadır. Ancaq elə bil o 2 gün illər qədər
aralıymış. 1937-ci ilin 30 aprelində
"Koroğlu"nun premyerasında həmin tamaşa salonunda
Salman Mümtaz da vardı, Seyid Hüseyn də, Əhməd
Cavad da vardı, Mikayıl Müşfiq də, Kazım Ələkbərli
də vardı, Hüseyn Cavid də.
Və
Qulam Məmmədlinin "Koroğlu" haqda rəy
almaqçün yanaşdığı növbəti
müsahibi Hüseyn Cavid olur: "Koroğlu" operası Azərbaycanın
opera aləmində öz revolyusion coşqunluğu ilə, bədii
yenilikləri ilə, parlaq xalq musiqisi ilə son dərəcə
yüksək bir yer tutmaqdadır".
Bu sətirləri
"Yeni yol"un növbəti sayında hamı oxuyur. Ancaq
kimsənin ağlına gəlmir ki, bu, Cavidin
sağlığında mətbuatda dərc edilən son
yazısıdır.
Qarşıdan
Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının iyunun
3-də keçirilən nəhs XIII qurultayı, həmin
qurultayda qəddar Mircəfər Bağırovun bir silsilə
parlaq Azərbaycan ziyalısını "xalq düşməni"
elan edən mərdümazar məruzəsi, elə həmin gecə
- iyunun 4-dəcə başlanan kütləvi həbslər gəlirdi.
"Koroğlu"
səhnəyə gəldiyi, ilk səsləndiyi gündən
Üzeyir bəyin də həyatını dəyişdi, Azərbaycan
musiqisinə də yeni bir yön və çöhrə verdi.
Bu, Azərbaycan mədəniyyətindəki yeniləşmənin,
təzə dalğanın təntənəsi idi.
90 ilə
yaxın zaman sovuşub, nə qədər nəsillər dəyişib,
tamam ayrı zövqlərin və baxışların bərqərar
olduğu zəmanədə yaşayırıq. Ancaq dəyişən
təqvimlər "Koroğlu"nun təravətini, əzəmətini,
sevimliliyini əsla azltmayıb. Qoç Koroğlu həmişə
at belində olduğu kimi, Üzeyir "Koroğlu"su da həmişə
şöhrət qanadlarındadır.
Yadıma
düşür unudulmaz şairimiz Bəxtiyar Vahabzadənin elə
həmin çağlarda mənə söylədikləri.
Danışırdı ki, gənc idim, Dram Teatrında
tamaşaya baxırdıq. Əlavə edirdi ki, o zamanlar
insanlar Dram Teatrına bayrama gələn kimi
axışardılar, ən yaxşı libaslarını geyinər,
pərdələr arasındakı fasilələrdə foyedə
gəzişər, rəy bölüşərdilər.
"Həmin
antraktlardan birində aralıdan Üzeyir bəyi gördüm
və yerimdə donub qaldım".
Təsəvvür
edirəm - qəlbi hərarətli gənc şairçün
Üzeyir bəy kimi artıq əfsanələşmiş bir
şəxsiyyəti canlı görmək nə deməkmiş.
"Mənim
yerimdəcə bu cür heykəl kimi dayanaraq gendən onu
heyranlıqla seyr etməyimi Üzeyir bəy də tutdu. Adəti
vardı, burnunun altını, bığını
sığallayardı. Uzaqdan mənə baxdı,
bığını sığalladı,
gülümsündü".
Bəxtiyar
müəllim "O təbəssüm həmişə
gözümün qabağındadır" söyləyirdi.
Amma məgər bu, təkcə Üzeyir bəyi canlı
görmüş Bəxtiyar müəllimin təəssüratıdır?
Üzeyir
bəyin nur yağan çöhrəsi, hər gün səslənən
və ömrümüzü müşayiət edən hər
əsəri onun bu millətlə qalan təbəssümüdür.
Nə qədər ki Üzeyir bəyin o təbəssümü
yurdumuzladır, bu millətin ruhu da həmişə yüksəklərdə
pərvazlanacaq.
11
sentyabr 2025
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet. - 2025.- 17 sentyabr (¹167).- S.12-13; 14.