Dövlət
Kukla Teatrının yaradıcı heyəti beynəlxalq
festivalın qalibi olub
Azərbaycan
Dövlət Kukla Teatrı “Aktau – Türk dünyasının
mədəniyyət paytaxtı” layihəsi çərçivəsində
“NOMAD PUPPET” I Beynəlxalq Kukla Teatrları Festivalında
ölkəmizi layiqincə təmsil edib.
525.az-a
bu barədə Dövlət Kukla Teatrından məlumat
verilib.
Bildirilib
ki, TÜRKSOY və Qazaxıstan Respublikası Mədəniyyət
və İnformasiya Nazirliyinin təşkilati dəstəyi ilə
türkdilli ölkələri bir araya gətirən ilk sənət
bayramı öz işini uğurla başa vurub və təmsilçilərimiz
festivalın "Milli ənənələrin qorunmasına
görə" nominasiyasında qalib olublar.
Bundan
başqa, teatr festivalda yüksək səviyyədə
iştiraka görə TÜRKSOY-un Baş katibi Sultan Raev
adından təşəkkürnamə də təqdim edilib.
Yaradıcı
heyət üzvlərimiz qazax teatrsevərlər və
münsiflər heyəti qarşısında tarixi irsimiz, soy
kökümüzlə bağlı hazırlanan “Yalquzaq”
tamaşasını nümayiş etdiriblər.
Yazıçı-dramaturq
Məhbubə Hacıyevanın “Yalquzaq və Simurq quşunun
nağılı” hekayəsi əsasında hazırlanan birhissəli
uşaq tamaşasının səhnələşdirəni və
quruluşçu rejissoru Anaxanım Abdullayeva,
quruluşçu rəssamı İqbal Əliyev, musiqi tərtibatçısı
Əməkdar artist Vüqar Camalzadə, qum rəssamı Lalə
Hüseynzadədir.
Modern
üslubda hazırlanan tamaşanın səhnə tərtibatında
qum üzərində təsvirlər ön plana
çıxır. Beləcə parket kuklalar (biri canlı plan
olmaqla) və iri monitor vasitəsilə qum üzərində rəsmlərin
sintezində vizual həllə nail olunub.
Tamaşada
rolları Rəhim Rəhimov (Ata qurd), Ramiz Qəmbərov
(Yalquzaq), Səbinə Məmmədova (Ana qurd), Könül Nəsibova
(Simurq quşu), Araz Həsənli (Baybora, Bala qurd) və Yasin
Abbasov (Bala qurd) ifa edirlər.
Tədbirdə
kukla teatrı üzrə əməkdaşlığın
möhkəmləndirilməsi, beynəlxalq əlaqələrin
inkişafı, kukla sənətinin təbliği və beynəlxalq
səviyyədə tanıdılması məqsədilə
memorandum da imzalanıb.
Kukla
teatr sənətində müasir tendensiyaların təşviq
olunması, tamaşaların səhnə təqdimatları
vasitəsilə unikal xüsusiyyətlərinin nümayiş
etdirilməsi, gənc nəslin estetik təhsilinə töhfə
verilməsi, kukla teatr sənətinin beynəlxalq nüfuzunun
artırılması və effektiv istifadəsi kimi məqamları
önə çıxaran sənəd sonrakı əməkdaşlıq
üçün uğurlu təməl hesab oluna bilər.
525-ci qəzet. - 2025.- 17 sentyabr (¹167).- S.9.