Ulu Cavidin fədakar
Turanı
On
iki sentyabr böyük mütəfəkkir, Azərbaycan ədəbi
tarixində görkəmli yerlərdən birini tutan Hüseyn
Cavidin qızı Turan Cavidin anım günüdür.
2
oktyabr 1923-cü ildə Hüseyn Cavidin ailəsində
dünyaya göz açan Turan Cavid, 12 sentyabr 2004-cü ildə
ömrünün 81-ci ilində gözlərini əbədi
olarq yumdu. Vəfatının 21-ci ilində Turan xanımı
sevgi və hörmətlə anırıq. Ruhu şad olsun!
Turan
xanım haqqında onu minnətdarlıqla anmadan
danışmaq, nəsə bir söz söyləmək
qeyri-mümkündür. Böyük mütəfəkkir və
maarifçi Hüseyn Cavid irsinin yaşadılmasında, evinin
muzey kimi fəaliyyət göstərməsində, əsərlərinin
toplanaraq bizlərə çatdırılmasında Turan
xanımın çəkdiyi əzab-əziyyəti, zəhmətini,
mətanətini xatırlatmaq kifayətdir.
Amansız
repressiya illərində xalqımızın bir çox
aydın, vətənpərvər, ziyalı övladı kimi,
böyük dramaturq Hüseyn Cavid də öz məfkurəsinə,
azad düşüncəsinə görə təqiblərə
məruz qaldı, son nəticədə həbs edildi. Beləliklə,
həmişə hüzurun, bol sevginin, hörmətin, şən
qəhqəhələrin hakim kəsildiyi ev, ailə
ömürlük qüssəyə, kədərə qərq
oldu. Sürgünə göndərilib məhbus həyatı
yaşayan Cavid Əfəndi ilə birlikdə, gözündən
belə saqındığı ailəsi-istəkli həyat
yoldaşı Mişginaz xanım, sevimli övladları
oğlu Ərtoğrol və qızı Turan fələyin
amansız üzü ilə baş-başa qaldı. Faciələr,
məhrumiyyətlərlər bir-birinin ardınca gəldi.
Tarixin
qaranlıq səhifələrinin yazıldığı həmin
illərdə Hüseyn Cavid adı tabuya çevrilmişdi.
Onun əsərləri qadağan edilərək, ədəbi və
milli tariximizə böyük zərbə vurulmuşdu.
1956-cı il bəraətindən sonra Cavid əsərləri
"Sovet ideologiyası"na uyğunlaşdırılaraq,
yazı dili təhrif olunaraq, böyük dramaturqun
sağlığında həssaslıqla
yanaşdığı, əsərlərini çapa verərkən
yazdığı "imlasına toxunmamalı" istəyinə
əhəmiyyət verilmədən nəşr edilməyə
başlanıldı. Bu məsələ Turan Cavidi bir övlad
kimi bərk narahat edirdi.
Hazırda
görkəmli ədibin ev-muzeyində sərgilənən
dörd cildlik əsərlərinə baxsaq, bu əsərlərin
üzərində Turan xanım tərəfindən əl
yazısı ilə orijinalına uyğun düzəlişlər
etdiyini görərik. Turan xanım əsərlər üzərində
işləyərək onları orijinal variantına
uyğunlaşdırmış, atasının irsini gələcək
nəsillərə olduğu kimi çatdırmaq
üçün böyük zəhmətə
qatlaşmış, dahi Cavidin
yaradıcılığını olması gərəkdiyi
kimi yaşatmaq, gələcək nəsillərə
çatdırmaq fikrini həyatının qayəsinə
çevirmişdi.
Həmçinin
Turan xanımın cavidsevərlərə ən böyük
töhfəsi Hüseyn Cavidin əsərlərinin toplanaraq
yenidən nəşr edilmiş beşcildliyidir. Cavidin yazı
dilinə toxunmadan, təhrifə yol vermədən latın
qrafikasında işıq üzü görən bu əsərlərin
çapdan çıxmağını Turan xanım görə
bilmədi. Təəssüf ki, ömür vəfa
qılmadı. Lakin beşcildliyin ərsəyə gəlməsində,
bu qiymətli əsərlərin nəşrində Turan Cavidin
əməyi, rolu və zəhməti danılmazdır.
Məncə,
hər insan dünyaya bir missiya ilə gəlir, Turan
xanımın missiyası isə pərən-pərən
olmuş ailəsini, doğmalarını bir araya gətirmək,
atasının və qardaşının irsini qorumaq, bərpa
etmək idi. Turan Cavidin tək bir amalı, yaşamaq
üçün tək bir təsəllisi olub: Hüseyn
Cavidin irsini özü yazdığı kimi, tək bir
sözünə, kəlməsinə toxunmadan nəşr
etdirmək, gələcəyə ötürmək,
babasını əsərlərində yaşatmaq,
ömrünün baharında həyatı
yarımçıq qalmış, arzuları puç olan
qardaşı Ərtoğrolun əlyazmalarını, irsini
qorumaq, yaddaşlardan silinməsinə izn verməmək.
Qeyd
etmək yerinə düşər ki, Hüseyn Cavid irsinin
yaşamasında və yeni nəsillərə
ötürülməsində Ümummilli liderimiz Heydər
Əliyevin sonsuz xidmətləri var. Hüseyn Cavidin 100 illiyi ərəfəsində
onun nəşinin uzaq Sibirdən tapılaraq doğma yurdu
Naxçıvanda dəfn edilməsi, məqbərəsinin
tikilməsi məhz Ümummili liderimizin birbaşa göstərişi
və iştirakı ilə gerçəkləşmişdi.
Ulu öndərin Cavid yaradıcılığına olan
hörməti, ailəsinə göstərdiyi diqqət sayəsində
Turan xanım ata irsini yaşatmağa və onu toplayaraq yenidən
nəşr etdirməyə nail oldu.
Ömrünün
son anına qədər əzizləri üçün
çalışan, çabalayan məğrur Turan,
özünü, öz şəxsi həyatını
heç vaxt ön planda tutmadı, yəqin ki, bu fikir heç
onun ağlına da gəlməyib. Axı necə də gələydi?
Repressiyanın qara, qəsvətli dumanının
çuğladığı, süpürüb öz
ağuşuna aldığı ailəsini-sevimli
babasını, qardaşını, paramparça olmuş
ümidlərini, xəyallarını nə əvəz edə
bilərdi ki?
Turan
xanımın illərlə çəkdiyi zəhmət nəticəsində
bu dünyadan arzuları ürəyində qalaraq, nakam
köçüb gedən qardaşı Ərtoğrolun əlyazmaları
bu gün əlimizdədir, sozləri canlı, fikirləri
işıqlı, duyğuları hissediləndir. Bəlkə
də Turan xanım olmasaydı, Ərtoğrolun taleyi kimi, əlyazmalarının
da ömrü qısa olardı, itib-batardı. Amma biz bu
gün həmin irslə tanışıq, ondan
faydalanırıq.
Bu
gün Turan xanımı anarkən, biz təkcə bir
ömrün yaşadıqlarının,
görüb-keçirdiklərinin şahidi olmuruq, həm də
müqəddəs bir amal uğurunda apardığı
mübarizənin şahidi oluruq. Onun həyat yolu bizə bir
daha göstərdi ki, dünyada insanı yaşada biləcək
ən böyük dəyər onun özündən sonra qoyub
getdikləridir.
Turan
Cavidin ömür yoluna nəzər salanda bir həqiqətlə
üzləşirik: fədakarlıqla qorunan irs heç vaxt
ölmür, qorunmayan isə, zamanın axarında itib gedir.
Turan xanımın fəaliyyəti ilə Cavidlərin əlyazmaları,
sözləri tozlu rəflərdə deyil, ürəklərdə,
qəlblərdə və yaddaşlarda yaşayacaq səviyyəyə
çatdırıldı.
Yaddaşını
qoruyan xalq heç vaxt zəifləmir, irsini yaşadan millət
heç vaxt məğlub olmur. "Turan Cavidin ömür
yolundan bizə nə miras qaldı" sualına cavab axtarsaq,
görərik ki, ən böyük miras fədakarlıq
nümunəsidir. İnsan ideyası və amalı uğrunda
daim çalışmalı, onu bu yoldan heç bir məhrumiyyət
çəkindirməməlidir.
Bu
gün Turan xanımı yad edərkən, onun əzizləri
uğrunda çəkdiyi zəhməti, qoruduğu dəyərləri,
son anına qədər göstərdiyi iradəni
özümüz üçün bir nümunə kimi qəbul
etməliyik. Unutmamalıyıq ki, hər bir xalqın
gücü, onun mənəvi yaddaşında, milli və
tarixi irsindədir. Yaddaş qorunarsa, xalq da möhkəm olar.
Qoy fədakarlıq
timsalı Turan Cavidin ruhu şad, onun keçdiyi yol bizə
örnək olsun!
Nuranə NƏRİMANOVA
Hüseyn Cavid Ev-Muzeyinin əməkdaşı
525-ci qəzet. - 2025.- 12 sentyabr (№164).- S.13.