Görünməyən
qəhrəmanlar: tərcüməçilərin ədəbiyyata
təsiri
Hər
dəfə dünya ədəbiyyatından bir əsəri Azərbaycan
dilində oxuyanda hər şeydən öncə
gözümüz müəllifin adını axtarır. Amma həmin
əsərin dilimizdə mövcud olmasının, bizim onu belə
rahatlıqla oxuya bilməyimizin arxasında başqa bir qəhrəman
dayanır - tərcüməçi. Onun adı çox vaxt
kiçik hərflərlə yazılır, hətta bəzən
heç qeyd olunmur. Halbuki tərcüməçi əsərin
ikinci müəllifidir və müəyyən hallarda müəllif
qədər məsuliyyət daşıyır.
Bir əsərin
dünya səhnəsinə çıxması çox vaxt
müəllifin yaradıcılığından daha geniş
bir komandanın - tərcüməçinin, redaktorun, nəşriyyatın
və bəzən hətta siyasi kontekstin - zəhməti ilə
bağlıdır. Bu baxımdan tərcüməçilər
ədəbiyyatın görünməz mühəndisləridir.
Onlar fərqli dillərdən gələn mətnləri
başqa bir mədəniyyətdə forma və məna
qazandıraraq təqdim edirlər.
Bir
çox müasir nəzəriyyə tərcüməçini
"köməkçi müəllif" və ya "dil
körpüsü" kimi yox, əsərin yeni dilində
ikinci müəllif kimi görür.
Bu
yanaşma tərcüməyə məsuliyyət və eyni
zamanda yaradıcı azadlıq verir: hansı ifadə
saxlanılmalıdır, hansına bənzər ekvivalent
tapılmalıdır, nə zaman mətnin forması qurban
verilməlidir ki, mənası qorunsun? Bu seçimlər əsərin
hədəf oxucu üçün necə
alınacağını müəyyən edir.
Tərcümə
sadəcə sözlərin bir dildən digər dilə
çevrilməsi deyil. Xüsusən, ədəbiyyat tərcüməsi,
əslində, başqa bir mədəniyyətin
qapısını açmaqdır. Burada tərcüməçi
həm estetik seçim edir, həm də mənəvi məsuliyyət
daşıyır. O, qərar verir: müəllifin orijinal
üslubunu qoruyacaq, yoxsa oxucuya daha doğma gələn
sözləri seçəcək? Hansı ifadəni saxlayacaq,
hansı metaforanı uyğunlaşdıracaq? Hər qərarın
arxasında görünməz bir mübarizə, günlərlə
araşdırma və sonsuz zəhmət dayanır.
Bəzən
tərcüməçinin seçimləri müəllifin
taleyini belə dəyişə bilir. Məsələn, Eduard
Fitzgeraldın fars şairi Ömər Xəyyamdan etdiyi məşhur
tərcümələr bütün Avropaya başqa bir Xəyyam
təqdim etdi, bu sayədə romantik, melankolik bir şair
obrazı yarandı. Konstans Garnett isə Tolstoy və
Dostoyevskini ingilisdilli oxucuya tanıtdı, amma onları bir qədər
sadələşdirməklə. Qabriel Qarsia Markez isə
deyirdi, onun "Yüz ilin tənhalığı" əsəri
Qreqory Rabassa tərəfindən o qədər uğurlu tərcümə
olunub ki, sanki ingiliscə yazılmışdı.
Ən
maraqlısı budur ki, tərcüməçinin işi həm
yaradıcı, həm də siyasi xarakter daşıyır.
Hansı dillərdən, hansı ölkələrin əsərləri
tərcümə olunur, hansıları isə kənarda
qalır - bu, mədəniyyətlərin inteqrasiyasına təsir
edir. Böyük dillərdə yazılan müəlliflər
daha tez dünya ədəbiyyatına çıxış
tapır, kiçik dillərdə yazanlar isə çox vaxt
görünməz qalırlar. Bu mənada tərcüməçi
yalnız sözləri deyil, həm də ədəbiyyatın
gələcək taleyini daşıyır.
Etiraf
edək ki, Azərbaycan ədəbiyyatı tərcümə
və tərcüməçi sarıdan müəyyən qədər
kasaddır. Əlimizdə olan-qalan tərcüməçilərin
işlərini isə ya oxucu, ya da elə öz həmkarları
çox zaman tənqid edir, ondan dəqiqlik və səlislik tələb
edirlər. Doğrudur, tərcüməçi etdiyi
çevirmələrin, işlədiyi dillərin məsuliyyətini
daşımalı, bacardığının ən
yaxşısını təqdim etməlidir həm
özünə, həm müəllifə, həm də
oxucuya. Amma irad tutanlar, tənqid edənlər bəzən də
ifrata varır, dillərin fərqini, lüğətlərin zənginlik
dərəcəsini nəzərə almırlar. Bütün
hallarda tərcüməçilik sənəti ədəbiyyat
üçün olduqca lazımlı və önəmli sahədir.
Bu mənada
son illər həm dünyada, həm də ölkəmizdə
xoşagələn bir hal müşahidə olunmaqdadır: tərcüməçilərin
adı daha çox vurğulanır, festivallarda onların
iştirakı xüsusi qeyd olunur. Çünki artıq hər
kəs anlayır ki, müəllifin səsi başqa bir dildə
yaşamaq üçün mütləq tərcüməçinin
nəfəsindən keçməlidir.
Əgər
bir gün sevimli kitabınızın tərcüməçisinin
kim olduğunu xatırlamasanız, bir anlıq
düşünün: o olmasaydı, bəlkə də həmin
əsəri heç vaxt oxuya bilməzdiniz. Tərcüməçilər
çox zaman görünməz qəhrəmanlardır. Məhz
onların zəhməti sayəsində ədəbiyyat sərhəd
tanımır.
Tərcüməçilərin
əməyinə daha çox diqqət yetirmək, onların
adını görünən etmək və tərcümə
prosesini müzakirəyə açmaq ədəbiyyatın zənginliyini
artıracaq. Əks halda, bir çox dünya səsləri
görünməz qalacaq, halbuki hər bir səs yeni
dünyalara açılan qapıdır.
Şahanə MÜŞFİQ
525-ci qəzet. - 2025.- 12 sentyabr (№164).- S.13.