Şeirdə
Ana obrazı: Sözün poetik incəlikləri
Ədəbiyyatımızın
ən incə və ən müqəddəs
mövzularından biri Ana obrazıdır. Ana həm həyatın
başlanğıcı, həm də övlad
üçün müqəddəs dayaqlardan biri kimi həmişə
yazıçı və şairlərin diqqət mərkəzində
olub. Azərbaycan poeziyasında Nizami Gəncəvidən Səməd
Vurğuna qədər saysız sənətkarlar bu mövzunu
poetik gücü ilə işləyiblər. Müasir
poeziyamızın istedadlı nümayəndələrindən
olan Zaur Ustacın "Anam" şeiri də bu baxımdan
diqqətçəkən və təsirlidir.
Bu
şeirdəki poetik çalarlar adi bir duyğunun ifadəsi
deyil, ana obrazının ümumbəşəri miqyasda təqdimatıdır.
Ana yalnız bioloji mənada övlad dünyaya gətirən
varlıq deyil, həm də dünyanı övladına sevdirən,
onu sirli-sehrli həyatın (yaşamın) ecazkar məna
çalarları ilə tanış edən, balasına
keçmişi və gələcəyi anladan böyük
müəllimdir. Şair "palaz" və "gəbə"
metaforaları ilə ananın övlad üçün
yaratdığı dünyanı təsvir edir. Bu obrazlarda Azərbaycan
xalqının məişətindən, adət-ənənəsindən
gələn məna qatları var. Çünki xalça,
palaz, gəbə - həm evin istiliyini, həm də həyatın
bəzəyini simvolizə edir. Ana isə bu gözəlliyi
övladının ayağı altına sərən müqəddəs
varlıq kimi təqdim olunur:
Adına
palaz deyib,
Atdı
ayağımızın altına dünyanı...
Adına
gəbə deyib,
Asdı
gözümüzün qabağına dünyanı...
Ata
sözünü öz dilində çatdırdı bizə
Anam.
Buradakı
sonuncu misra həm milli dəyərlərin, həm də mənəvi
irsin qorunmasında ananın rolunu açır. Əslində
ata ocağının da, ana dilinin də övlad
şüuruna hopdurulmasında məhz ananın mövqeyi həlledici
olur:
Ata
sözünü cejimlərə toxuyub,
Xurcunlara
doldurdu Anam,
Övladlara
sovqat olsun deyə...
İlmə-ilmə,
fərş-fərş, xalı-xalı
Gözümüzün
önünə sərdiyi dünyanın
İpliyi,
yunu olduğunu anlatdı Anam.
Zaur
Ustacın "Anam" şeiri yalnız fərdi hisslərin
təzahürü deyil, həm də kollektiv yaddaşın
poetik inikasıdır.
Burada
Ana obrazı təkcə şairin anası deyil,
bütövlükdə Azərbaycan qadınının
simvoludur. Hər bir oxucu bu şeirdə öz anasını
görə bilir, öz həyat yolunda aldığı sevgi və
qayğını xatırlayır:
Ərşi
ərişlərə köçürdü,
Zəmini
bükdü dükcələrə...
İpin
ucunu biləyimizə bağladı,
Kələfin
ucunu itirməyək deyə.
Bir
nişanı min dəfə kirkidlədi,
Qulağımızda
sırğa olsun deyə,
Dünyanı
çeşni-çeşni tanıtdı bizə Anam...
Simgə-simgə,
damğa-damğa
Anamın
arğacından keçdi dünya.
Maraqlıdır
ki, şeirin bədii yükü sadə sözlər üzərində
qurulsa da, dərin fəlsəfi məna daşıyır. Bu
da şairin poetik gücündən xəbər verir. Sadə
məişət sözləri - palaz, gəbə,
naxış - yüksək poetik assosiasiyaya çevrilir. Beləcə,
şair oxucunu gündəlik həyatın içində gizlənən
əbədiyyətə bağlayır:
Sirli
tarixim yatır
Anamın
hər ilməsində,
Hər
naxışında,
Hər
palazında,
Hər
gəbəsində...
Nəticə
olaraq demək olar ki, "Anam" şeiri həm milli, həm
də bəşəri dəyərlərin poeziyada maraqlı
təcəssümüdür. Zaur Ustac burada ananı sadəcə
ailənin mərkəzi kimi deyil, həm də xalqın
yaddaşı, sözün qoruyucusu, mənəvi varislik
simvolu kimi təqdim edir. Bu baxımdan şeir yalnız poetik əsər
deyil, həm də publisistik gücə malik bir
çağırışdır: ananı sevmək, onu
ucalıqda tutmaq, onun verdiyi dəyərləri yaşatmaq
çağırışı.
Zaur
Ustacın "Anam" şeiri əsas türk dillərinin əksəriyyətinə
uyğunlaşdırılmaqla yanaşı, alman, ingilis, ispan, fransız, rus və digər
əcnəbi dillərə də tərcümə olunaraq
yayımlanıb.
Günnur AĞAYEVA,
Ədəbiyyatşünas-tənqidçi
525-ci qəzet. - 2025.- 12 sentyabr (№164).- S.14.