Elçinin
gündəliklərindən
Xalq
yazıçısı Elçinin vəfatından qırx
gün keçir. Qırxı ərəfəsində arxivimdən
Elçinin vaxtilə mənə verdiyi mətni tapdım. Bu,
gündəliyindən səhifələrdir. Bilmirəm, bu səhifələri
haradasa, haçansa çap edib, ya yox. Çap olunubsa belə,
bu mətni bir daha oxuculara çatdırmaq istəyirəm. Həm
ötüb keçən günlərin munis xatirəsi kimi, həm
də itirdiyim dostlarımın -
Araz
Dadaşzadənin, Elçinin, mənim münasibətlərimizin
dəyərli və kədərli örnəyi kimi.
ANAR
sentyabr,
2025
I
Günorta
Anar zəng elədi ki, Araz xəstəxanadadı, gedək ona
dəyək və axşam mən maşınla Anarı evlərinin
qabağından götürməyə gedəndə Nizama
(Elçinin sürücüsü - A.) dedim:
-
Arazı tanıyırsan da, mənim dostumu?
- O
yaşlı kişini deyirsiniz, Elçin müəllim?
Nizamın
Araz barəsində "yaşlı kişi" deməsi mənə
çox təsir etdi və bir daha, keçib gedən
vaxtın amansız sürətindən xəbər verdi.
Xəstəxanada
əvvəlcə Araza dəydik. Nəriman Həsənəliyev
də orada idi. Xeyli söhbət etdik, zarafatlaşdıq, amma
bu söhbətin də, zarafatın da arxasında mənim
üçün ürəyimi nigarançılıq
içində üzən bir gərginlik var idi. Araz xeylaq zəifləyib.
Allah kömək etsin və şəfa versin.
Sonra
elə həmin xəstəxanada (4-cü idarənin xəstəxanası)
yatan Bayram Bayramova və Hüseyn Abbaszadənin arvadı Solmaz
xanıma baş çəkdik.
Anar
daha bir xəbər verdi ki, hər gün mütəmadi
aldığım mənfi emosiyaları daha da "zənginləşdirdi":
mühacir Məcid Musazadə Münhendə vəfat edib. Abbasəli
Cavidi mərhumun şəklini və bir nekroloq göndərib
ki, mən "Odlar yurdu"nda çap elətdirim. Rəhmətliklə
bir neçə ay bundan əvvəl Türkiyədə Kayseri
konfransında görüşüb tanış olub xeyli səmimi
söhbət eləmişdik. 1970-ci ildə "Əli və
Nino"nu alman dilindən ilk dəfə Azərbaycan dilinə
bu adam çevirib və indi həmin tərcüməni Mirzə
Xəzər öz adıyla bizim "Azərbaycan"
jurnalında nəşr etdirib. Məcid kişi bu barədə
çox yana-yana danışır və romanın 1970-ci ildə
"Azadlıq" radiosu ilə Azərbaycan dilində gedən
hissələrini mənə göstərirdi. Qurban Səid
haqqında məlumatı var idi, dediyinə görə,
İtaliyada onun qəbrini ziyarət etmişdi. Xahiş etdim
ki, xatirələrini yazıb mənə göndərsin.
Söz verdi. Hayıf!.. Allah rəhmət eləsin.
II
Bir dənə
ürəkaçan şey yoxdur ki, adam toxdasın. Hər tərəf
riyakarlıq, hisslər və sözlər qəlp, cahillik və
nadanlıq isə nə qədər istəsən!..
Son
günlər (xüsusən son günlər) içim o qədər
doludu ki, tanış-bilişlər (misal üçün Nəriman
Həsənzadə) onlarla soyuq görüşməyimdən
gileylənirlər və bunu mənim get-gedə daha artıq təkəbbürlü
olmağıma yozurlar (!).
Yazıq
Arazın vəfatı mənim üçün elə bir
stressə çevrilib ki, yaxa qurtarmaq mümkün deyil.
Yayda
xeyli arıqlayıb zəifləmişdi, amma məhz Araz
olduğu üçün (Can-cur Səməd!) adam buna fikir
vermirdi, özünün isə əhvalı yaxşı idi,
deyib-gülürdü. Zuğulbada bir yerdə idik. Sentyabrda
telefonla danışdıq və bu dəfə də böyrəklərindən
şikayət elədi, mən də ona məsləhət
gördüm ki, xəstəxanada özünü birdəfəlik
müayinədən keçirsin. Razılaşdı və xəstəxanaya
getdi, sonra məlum oldu ki, müayinədən ötrü
Moskvaya yola düşməlidi. Sentyabrın sonlarında, ya da
oktyabrın əvvəllərində Anarla birlikdə xəstəxanaya
gedib onu yoluxduq. Çox zəif idi, amma həmişəki kimi
deyib-gülürdü (Yadıma gəlir, həmin gün
Arazdan sonra, Hüseyn Abbaszadənin arvadı Solmaz
xanımı yoluxduq, sonra da həmin xəstəxanada yatan
Bayram Bayramovun yanına getdik. Həkimlər dedilər ki,
B.Bayramov reanimasiyadadır. Ora getdik və Bayram müəllimlə
görüşdük. Çıxanda Anar dedi ki, reanimasiyada
olmağına baxmayaraq, Bayram hamısından
gümrahdır).
Araz
Moskvaya getdi, qayıtdı və məlum oldu ki, yenə də
Moskvaya gedib xəstəxanada yatmaq lazımdı. Oktyabrın
11-də Anarla zəngləşib əvvəlcə Arif
Mansurovun anasının yasına, sonra da Arazgilə getdik. Gecənin
yarısınacan orada oturduq. Araz həmişəki Araz idi,
deyib-gülürdü. Səhər tezdən Moskvaya yola
düşməli idi. Üçümüz də bir yerdə
xeyli zarafat eləyib konyak içdik. Hətta evdəki konyak
qurtardığı üçün, Moskvada həkimlərə
pay vermək üçün qablaşdırdığı
konyakları da içməyə başladıq... (Kimin
ağlına gələrdi ki, Arazın ömrünün
sonuna heç 20 gün qalmayıb?!)
Oktyabrın
12-də Araz Moskvaya yola düşdü. 13-də Anar Moskvaya
sessiyaya getdi. 15-də Nüşabə ilə mən Moskvaya,
16-sı isə tezdən Almaniyaya getdik. Moskvada axşam Anara zəng
etdim və təbii ki, Arazı soruşdum. Anar onu hələ
yoluxmamışdı və sabahda-birigündə yanına gedəcəyini
dedi.
Almaniyada
tez-tez Arazı yada salırdım və yalnız orada birdən-birə
ürəyimi bir nigarançılıq bürüdü: hər
dəfə ürəyimdən bir hiss keçirdi ki, Araz vəfat
edəcək və o hissi içimdən qovurdum. Bir hadisə
heç vaxt yadımdan çıxmır. Bir neçə il
bundan əvvəl rəhmətlik professor Fərhad Zeynalov
(sağlam, gümrah, şövqlü yeyib-içən bir
adam) Şüvəlan Yaradıcılıq evində ötəri
bir şey kimi, mədəsinin ağrıdığını
dedi və həmin an və birdən-birə mən hiss etdim
ki, bu, çox bəd bir işdir və Fərhad bundan qurtara
bilməyəcək. Doğrudan da, belə oldu və o
zaman (elə indi də) mən
mat qaldım ki, o hiss məndə necə yarandı? Bax, Arazla
bağlı beləcə bir hiss də məndə birdən-birə
Almaniyada yarandı.
Biz
28-də Moskvaya, 29-da isə Bakıya qayıtdıq. Öyrəndim
ki, Araz hələ Moskvadadır və əməliyyat gözləyir.
31-də Yazıçılar İttifaqında Respublika
Dövlət Mükafatları Komitəsinin iclası idi, ora
getmişdim. Axşam saat 6-da Nəriman Həsənəliyev
haradansa Anara zəng elədi və Arazın beş saatlıq
çox çətin bir əməliyyat keçirəcəyini
dedi. İclasdan sonra Anarla ikimiz restorana getdik və ilk qədəhi
Arazın sağlığına içdik, onun
zarafatlarından, xasiyyətinin narahatlağından
danışdıq. Anar bir az sözlü adama
oxşayırdı və yalnız Araz vəfat eləyəndən
sonra Anar mənə dedi ki, Abbas (Anarın bacısının əri,
Səhiyyə Nazirliyində işləyir) hələ lap əvvəldən
Arazın xəstəliyinin xərçəng olduğunu ona
deyibmiş.
Noyabrın
2-də işdə telefon zəng çaldı: Arazın
müavini İsmayıl Vəliyev idi, Arazın Moskvada vəfat
etdiyini xəbər verdi.
Həmin
andan da stress içindəyəm.
Anarla
birlikdə MK-ya getdik. Mənasız (ideoloji) katibdən onsuz da
bir şey çıxmayacağını bildiyimiz üçün
təzədən Elmira Qafarovanın yanına getdik və
xahişlərimizi dedik: qəzetlərdə hökumət
nekroloqu olsun, Fəxri xiyabanda dəfn edilsin və ən əsası
isə Moskvada Daimi Nümayəndəliyimiz Aidaya və
Aqşinə kömək eləsinlər ki, cənazəni
Bakıya gətirə bilsinlər. Bu işlərdə Elmira
Qafarovanın böyük köməyi oldu.
Cənazə
2-də axşam gəlməli idi, amma yalnız 4-də səhər
gəlib çıxdı: əvvəlcə tabut (bu
sözü yazıram və yenə də öz-özümə
heyrət edirəm: yəni doğrudan söhbət Arazdan
gedir?) hazır olmayıb, sonra Moskvanı duman basıb... Biz isə
təyyarəni ayın 3-də gecə gözləyirdik,
komendantdan icazə almaq üçün
çalışdıq və s.
Nə
isə... 2-də Anarla birlikdə Arazgilə gedəndə Anar
dedi:
- Elə
həmin şəhərdi, amma Araz yoxdu...
Romiklə
(Dostumuz filosof Rəhman Bədəlov - A.) görüşəndə
bir-birimizə deməyə söz tapmadıq, sonra Romik dedi:
-
Bizimki çox tez başladı...
4-də
səhər gedib təyyarəni qarşıladıq. Aida dəhşətli
bir vəziyyətdə idi.
Günorta
saat 4-də cənazəni Ensiklopediyanın binasından
qaldırdıq. Kiçik bir mitinq oldu. Mən danışmaq
halında olmadığım üçün
danışmadım. Anar danışmaq istədi, amma kövrəldi
və danışa bilmədi, sonra küncə çəkilib
ürəkdən ağladı.
Mən
Anara bir söz deyə bilmədim. Vəli Məmmədov
yaxınlaşıb onu sakitləşdirmək istədi.
5-də
Arazın üçü, 8-də yeddisi oldu. Dekabrın 9-da
qırxı olacaq.
Bu da
qısa və quru rəqəmlər.
Həyat
isə davam edir.
10
noyabr 1990.
lll
27
dekabr 1990.
On
gündür ki, bərk soyuqlamışam və evdən
çıxmıram. Xırda-xuruş yazılar, qəzet-jurnal
(hərdən kitab...) və tamam bir həvəssizlik... Ənvər
Məmmədxanlı bir neçə gün bundan əvvəl
vəfat etdi, amma dəfninə də, indiyəcən təziyyəsinə
də gedə bilməmişəm. Dəfn olunan günün
gecəsi Anar mənə zəng elədi, halımı
soruşdu. Mən də Ənvərin harada dəfn
olunduğunu soruşdum.
-
Arazın yanında...
Bilmirəm,
niyə, amma bu xəbər mənə çox təsir etdi.
Arazın,
yaxud Ənvərin ağıllarına gələrdi ki, II Fəxri
xiyabanda yan-yana yatacaqlar?
Bu
sualın özü də əslində ritorikadan başqa bir
şey deyil...
Ənvər
Məmmədxanlını mən sonuncu dəfə elə
yazıq Arazın dəfnində gördüm: Həmişəki
boz şlyapası başında, həmişəki qara paltosu əynində
siqaret çəkə-çəkə Anarın
bacısı Fidanla yanaşı gedirdi...
525-ci qəzet. - 2025.- 10 sentyabr (№162).- S.8.