Reza Deqati
Çində beynəlxalq tədbirdə Qarabağ həqiqətlərini
dünyaya çatdırıb
Dünyaşöhrətli
fotoqraf Reza Deqati Çin Xalq Respublikasının Hunan vilayətində
keçirilən Beynəlxalq Foto Sənəti
Federasiyasının (International Federation of Photographic Art – FIAP)
9-cu Foto Görüşü beynəlxalq foto tədbirinə əsas
çıxışçı və mentor kimi dəvət
olunub. Tədbir FIAP, Çin Foto Sənəti Cəmiyyəti,
eləcə də Hunan vilayətinin Xarici İşlər
İdarəsi və Mədəniyyət-Turizm Departamenti tərəfindən
təşkil edilib.
AZƏRTAC
xəbər verir ki, görüş çərçivəsində
Reza Deqati 15 gün ərzində 40 ölkədən, həmçinin
Çindən olan 400-dən çox fotoqrafla birlikdə səyahət
edib və öz təcrübələrini
bölüşüb.
Tədbirin
iştirakçılarından Rasha Al Abdali öz sosial media səhifəsində
qeyd edir: "9-cu Foto Görüşü zamanı əfsanəvi
fotojurnalist Reza Deqatinin mühazirəsini dinləmək
şansımız oldu. Onun dərin və ilhamverici təqdimatı
hər kəsi ovsunladı – işi bizi həm təsirləndirdi,
həm ümidləndirdi, həm də güldürdü. 60
ildən çox davam edən yaradıcılıq yolunun hikməti
bir anlıq hamını düşündürdü. Deqatinin
insanlıq və dəyərlər haqqındakı mesajı
bizə unudulmaz dərs verdi: sənət vasitəsilə
insanlığın əsas prinsiplərini əks etdirərək
güclü təsir yaratmaq və bu qarışıq
dünyanı bir az da olsa daha yaxşı bir yerə
çevirmək mümkündür”.
Çıxışında
Reza Deqati müxtəlif ölkələrdə çəkdiyi
fotoları və videoları təqdim etməklə
yanaşı, xüsusi olaraq Qarabağ həqiqətlərini
tədbir iştirakçılarına çatdırıb.
Onun Qarabağla bağlı danışdığı hekayələr
beynəlxalq fotoqraflar arasında böyük maraq doğurub.
Reza Deqati çıxışında deyib: “Məni ən
çox təəccübləndirən o oldu ki, Türkiyədən
olan bir fotoqraf istisna olmaqla, digər 399 fotoqraf Qarabağ
haqqında yalnız erməni rəvayətlərini bilirdi. Bu,
Qarabağ həqiqətlərini yaymaq üçün hələ
uzun yolumuz olduğunu göstərir. Amma əminəm ki, həqiqət
qalib gələcək”.
Bu
beynəlxalq platformada Reza Deqatinin çıxışı Azərbaycan
həqiqətlərinin dünyaya çatdırılması
istiqamətində mühüm addımdır.
525-ci qəzet. - 2025.- 10 sentyabr (№162).- S.9.