"Qala" Qoruğunda Əncir Festivalı keçirilib
“İçərişəhər”
Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı,
Kənd Təsərrüfatı Nazirliyi Aqrar İnnovasiya Mərkəzinin
və “EkoSfera” Ekoloji Sosial Mərkəz İctimai Birliyinin tərəfdaşlığı
ilə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda əncir
festivalı keçirilib.
Bu
barədə AZƏRTAC-a “İçərişəhər”
Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat
verilib.
Bildirilib
ki, Abşeronun təbii zənginliklərini və xüsusilə
Qala bölgəsinin əncirçilik ənənələrini
təbliğ etməyi hədəfləyən bu festival yerli
sakinlərin, fermerlərin, turistlərin və media nümayəndələrinin
diqqətini cəlb edib.
Festival
çərçivəsində iştirakçılar əncirin
mətbəxdə və təbiətdə rolu, həmçinin
sosial və mədəni əhəmiyyəti ilə
yaxından tanış olublar. Yerli şeflərin təqdimatında
keçirilən kulinariya şouları zamanı əncirdən
hazırlanan müxtəlif yeməklər nümayiş
etdirilib və dadım nümunələri təqdim olunub.
Festivalın şef arenaları bölməsində
İçərişəhərdə fəaliyyət göstərən
“Shakh Garden”, “Qəbələ”, “La Quzu”, “Pendir Çörək”,
“Çay bağı 145” restoranlarının peşəkar
aşpazları tərəfindən əncirəsaslı yeməklərin
hazırlanması nümayiş etdirilib və mətbəx həvəskarlarına
praktiki məsləhətlər verilib. Bu fəaliyyət həm
peşəkar, həm də həvəskar
iştirakçılar üçün əsl təcrübə
fürsətinə çevrilib.
Tədbir
çərçivəsində qadın
sağlamlığına dair xüsusi müzakirə paneli təşkil
edilib. Ənənəvi təbabət və müasir tibbi
yanaşmaların bir araya gətirildiyi bu sessiyada
iştirakçılar ekspertlərlə fikir mübadiləsi
aparmaq imkanı qazanıblar.
Uşaqlar
üçün isə “Nənənin nağılları”
adlı xüsusi proqram həyata keçirilib. Qədim
Abşeron nağılları balaca ziyarətçilərə
nəql olunub, regionun zəngin folkloru və mədəni irsi
tanıdılıb. “Müdriklik Ağacı” və meditasiya
guşəsi də festivalın diqqətçəkən məkanlarından
biri olub.
Festivalda
kənd təsərrüfatı sahəsində fəaliyyət
göstərən elmi-tədqiqat institutları – Meyvəçilik
və çayçılıq, üzümçülük
və şərabçılıq, əkinçilik,
baytarlıq, heyvandarlıq və Bitki Mühafizəsi Elmi-Tədqiqat
institutları öz fəaliyyət istiqamətləri üzrə
təqdimatlarla çıxış ediblər.
İştirakçılara bu institutların meyvəçilikdə
innovativ yanaşmalar, üzümçülük və şərabçılıqda
yeni texnologiyalar, ekoloji dayanıqlı əkinçilik
üsulları, baytarlıq və heyvandarlıqda
sağlamlıq xidmətləri, həmçinin bitki
mühafizəsi sahəsində qabaqcıl həllər barədə
məlumatlar təqdim olunub.
Bununla
yanaşı festivalda, tingçilik və bitki mühafizə
şirkətləri də öz məhsul və xidmətlərini
sərgiləyiblər.
Tədbirdə
Aqrar Xidmətlər Agentliyi də iştirak edərək
fermerlərə göstərilən xidmətlər – bitki
sağlamlığı, toxumçuluq, laboratoriya xidmətləri,
torpaq və su analizi, baytarlıq və fitosanitar xidmətlər
barədə məlumat verib.
Festivalın
sonunda Qala Qoruğunun ərazisində əncir tingləri əkilib.
Sonda
böyük süfrə başında əncirəsaslı ləzzətli
təamlar iştirakçılara təqdim olunub.
525-ci qəzet. - 2025.- 10 sentyabr (¹162).- S.9.