"Müdriklik
xəzinəsi"ndə gördüklərim
Həyat
özü elə böyük məktəbdir,
Ən
gözəl dərsləri o keçəcəkdir.
Bu sətirlərin müəllifi Aytəkin
Mehmanqızıdır. Günlərin bir günü, Akademiya
bağındakı kitab sərgisində yaxınlaşdı mənə,
nəfis şəkildə çap olunan "Müdriklik xəzinəsi"
adlı şeirlər kitabını təqdim etdi. İlk dəfə
gördüyüm bu xanımın şeir
yazdığını bilmirdim (onsuz da bu gün şeir yazan
qadınların sayı getdikcə çoxalır). Həm də
bu kitaba "Müdriklik xəzinəsi" adının verilməyi
də məni təəccübləndirmədi. Hər
hansı bir şeir kitabının adı şərtidir.
Başladım
kitabı vərəqləməyə. Kitaba ön sözü
yaxşı tanıdığım, filologiya üzrə fəlsəfə
doktoru Tariyel Abbaslı yazıb. Həm də bu kitabın
redaktorudur. Onun ön sözündə müəllifin
ünvanına xeyli təriflər var. Bunların bir qismi ilə
mən də razıyam.
Müəllifin
kimliyi ilə maraqlandım, kitabın lap arxa hissəsində
onun şəkli və haqqında məlumatla tanış
oldum. Özgəsi deyil, o da elə mənim kimi BDU-nun filologiya
fakültəsini bitirib. Müəllif özü haqqında
yazır ki: "Əslən Şuşadan olan Mehman adlı
ziyalı bir şəxsin ailəsində anadan olmuşam.
Uşaq ikən evimizin qonaqları şairlər, rəssamlar,
bir sözlə, ziyalılar, elm və incəsənət
xadimləri olmuşlar". Əlbəttə, belə bir
mühitdə yaşayan qız uşağında şeirə,
sənətə məhəbbət yaranmaya bilməzdi.
Mən
onun öz atasına həsr etdiyi həzin və kövrək
duyğulu şeirlərindən söhbətə başlamaq
istəyirəm.
Kaş
atam sağ olaydı,
Mənə
dayaq olaydı.
Danışaydı,
güləydi,
Yenə
evə dönəydi...
Deyəydi:
"Əziz qızım,
Darıxmışam
səninçün,
O
şən gülüşlərinçün.
Deyəydi:
- Əziz balam,
Ölməmişəm,
mən sağam,
Arxanızda
bir dağam.
"Ata həsrəti" şeiri də
məhz hisslərin ifadəsidir. Onun "Və yenə də
atam haqqında olan xatirələrimdən" nəsrlə
yazısı da eyni həzinliklə, eyni kövrək
duyğularla qələmə alınıb.
Aytəkin
Mehmanqızının istənilən şeirində aforizm,
hikmətli kəlam, nəsihət, didaktika xətti görərsiniz.
Bunlar onun dahi Nizaminin sənət cazibəsinə düşməsindən,
ulu şairimizin "Məxzənül-əsrar" ("Sirlər
xəzinəsi") poemasından irəli gəlir.
A.Mehmanqızı da "Müdriklik xəzinəsi"
kitabında ilk şeirini Allaha həsr edib:
Mənim
könül dostum, vəfalı şahım,
Ey
böyük, ey uca, gözəl Allahım!
Bu qədər
nemətlər yaratmısan sən,
Səni
dərk etmək də çətindir hərdən.
Aytəkinin
şeirlərində Nizami Gəncəvidən bəhrələmələr
çoxdur və mən bütün bunları - bu təsirlənmələri
bircə-bircə sadalamaq fikrində deyiləm. Amma bəzi məqamları
nəzərə çarpdırmaq istəyirəm. Məqsəd
odur ki, Aytəkin xanım hansı aforizmə, hansı
öyüd-nəsihətə ehtiyac duyursa, bu, müasir həyatla
bağlıdır, daha doğrusu, bu müraciətlər daha
çox gənclərə aiddir. Çünki müasir gənclərin
heç də hamısı birmənalı şəkildə
eyni yolun yolçuları deyillər. Onların məhz bu tipli
nəsihət və öyüdləri dinləməyə
ehtiyacları var. Məsələn, insanlar arasında ən
gözəl münasibətlərin başlanğıcı səmimi
ünsiyyətdən və dostluqdan başlanır: "Dostluq
mərdlik istər, sədaqət istər, Əgər bunlar
yoxsa, dostluq da bitər". İnsanlar arasında dostluğu,
qardaşlığı, səmimiyyəti pozan nədir? Yalan.
Odur ki, Aytəkin Mehmanqızı deyir: "Yalanlar doğrunu
yuyub aparar, İnsanı hər yerdə nəzərdən
salar. Öyrətmə dilini gəl sən yalana, Yalan
yaraşmayır təmiz insana". Bəs yaxşılıq?
İnsan bütün ömrü boyu yaxşılıq
çevrəsində yaşamalıdır:
"Yaxşılıq toxumu əksən əzəldən,
Ola bilməz ki, sən pislik biçəsən".
A.Mehmanqızının
müasir həyatla, yaşadığımız
dünyanın reallıqları ilə bağlı şeirləri
də az deyil. Bu dünya, yaşadığımız bu həyat
ziddiyyətlərlə, təzadlarla doludur. Amma bədbinliyə
qapılmaq da olmaz. "Ümidini itirmə" şeirində
deyildiyi kimi: "Hər nəyi itirsən də, ümidini
itirmə".
Aytəkinin
Şuşaya həsr etdiyi şeiri də çox bəyəndim:
İndi
dağlarında hər bir gülünün,
Milyon
qiyməti var mənimçün, Şuşam!
Onun
"Vətən", "Azərbaycan",
"Bakı", "Xəzər dənizi",
"Abşeron bağları" şeirləri də Vətən
torpağının gözəlliklərinə həsr olunub.
Aytəkin
Mehmanqızı süjetli şeirlər yazmağa da meyl edir.
"Şah və kəniz", "Sərçə",
"Bəlkə xeyir bundadır?!", "İlanla
insanın dostluğu" şeirləri ayrı-ayrı məlum
rəvayətlər əsasında qələmə alınıb
və təbii ki, burada təsvir olunan hadisələr
oxucuları nəticə çıxarmağa, həyatda
düzgün yol tutmağa səsləyir.
Ümumiyyətlə,
Aytəkin Mehmanqızının şeirlərində milli-mənəvi
dəyərlərimiz təbliğ olunur, insanların Vətən
sevgisi, həyat eşqi, yaxşılıq, mərdlik kimi
gözəl insani xüsusiyyətlər haqqında söz
açılır. O, "Müəllimim" şeirində
"Ən adi sözü də mənə əzizdir"
deyir. "İsmət" şeirində isməti, həyanı
insan üçün mənəvi bəzək
adlandırır "Ağsaqqal" şeirində isə hər
bir insanı dünyanı dərk etməkdə
ağsaqqallardan öyrənməyi tövsiyə edir. O, əziz
şəhidimiz Xudayarı və digər şəhidlərimizi
də unutmur, axı onlar da bizim mənəvi dəyərlərimizdir:
"Xudayar ölməyib, o bizimlədir".
Əslində,
şairin bütün düşündükləri şeirlərində
ifadə olunur. Aytəkin Mehmanqızının öz
obrazı - bir insan kimi yaşadıqları reallıqlar da bir
çox şeirində əks etdirilib. "Yenidən gəlsəydim
mən bu dünyaya" şeiri bu mənada onun
özünün özünə müraciəti kimi səslənir.
Yenidən gəlsəydim mən bu
dünyaya,
Bənzəmək
istərdim daşa, qayaya.
Bəzi
insanlarçın əlçatmaz olub,
Dönərdim
göylərdə ulduza, aya.
Bu
yazımı müəllifin "Oxuculara ürək sözlərim"
bölməsindəki bir şeirdən misralarla bitirməyi
lazım bilirəm:
Ağıldan çox bilir bəzən
bir ürək,
Bəzən
ürəyi də dinləyək gərək.
Şair
qızıyamsa Vətənin, demək,
Mənim
də dəyərim bilinsin gərək.
Vaqif YUSİFLİ
Filologiya elmləri doktoru
525-ci qəzet. - 2025.- 10 sentyabr (№162).- S.14.