Milli əqidə
və iradənin vəhdəti
Üzeyir
HACIBƏYLİ-140
..Xalqımızda
milli dirçəliş, milli oyanış, milli
özünüdərk hisslərinin yaranmasında,
formalaşmasında, inkişaf etməsində Üzeyir
Hacıbəyovun əsərləri və onun bilavasitə fəaliyyəti
böyük rol oynamışdır. Azərbaycanlılar - gənclər,
vətəndaşlarımız məhz Üzeyir Hacıbəyovun
əsərlərindən ruhlanaraq Vətənimizi daha da
çox sevmişlər; onun musiqisini dinləyərək, onun
əsərlərindən irəli gələn fikirlərin təsiri
altına düşərək hiss etmişlər ki, Vətən,
ölkə, millət hər bir insan üçün nə qədər
əzizdir, doğmadır..." Bu sentyabr günlərində
vətənimizin musiqi ictimaiyyəti 140 yaşlı dahi
Üzeyir Hacıbəylinin yubiley təntənəsini
yaşayarkən, Ulu öndər Heydər Əliyevin bəstəkarın
anadan olmasının 110 illiyinə həsr olunmuş gecədə
dediyi tarixi sözlərin nə dərəcə böyük
həqiqət olduğunu dərk edirik.
Əbdürrəhim bəyin təşəbbüsü
1897-ci ilin avqust günlərinin
birində "Xandəmirov teatrı"nda, Sankt-Peterburq Yol
Mühəndisləri İnstitutunun tələbəsi
Əbdürrəhim bəy Haqverdiyevin quruluşunda, xanəndə
Cabbar Qaryağdıoğlunun iştirakı ilə M.Füzulinin
"Leyli və Məcnun" poeması əsasında "Məcnun Leylinin qəbri
üstündə" adlı tamaşa nümayiş
olunmalıydı. Qarabağ ziyalı mühiti həmin hadisəni
səbirsizliklə gözləyirdi.
Ədbürrəhim
bəy Sankt-Peterburqun mədəni mühitindən,
Aleksandrinski səhnəsinin müqtədir aktyorlarının
ifasında izlədiyi tamaşalardan, mütaliə elədiyi
müxtəlif dünyəvi yazarların bədii irsindən
topladığı zəngin informasiyanı doğma şəhərində
teatr sənətinin yaranışına tətbiq edirdi. Yay tətillərində
Həmid Axundov, Musa Şuşinski, Surxay Abdullayev, Mirzə
Ələkbər Axundov, Xosrov Mamayev və digər həvəskar
aktyorların iştirakı ilə 1891-ci ildə inşa olunan
Xandəmirov teatrında tamaşalar hazırlayırdı.
Teatra olan sonsuz məhəbbətinə görə xalq
arasında "Şəbehgərdan" adını
qazanan Ə.Haqverdiyevin
Şuşa şəhər müəllimlərinin və
Nikolayevski məktəbinin tələbələrinin
iştirakı ilə 1896-cı ildə, ilk səhnə əsəri
"Dağılan tifaq" faciəsini ərsəyə gətirdi.
Həmin tamaşadakı məktəblilər xorunda yeniyetmə
Üzeyir də iştirak edirdi.
Əldə
olunan uğurdan ruhlanan Ə.Haqverdiyev növbəti il
Füzulinin ölməz poeması əsasında musiqili
tamaşa üslubunda hazırlanan quruluşda: "...Ülvi məhəbbəti,
təmiz sevgini tərənnüm edən bu səhnəni təsirli
şəkildə həll etməyə
çalışmışdı. ...Məsələn, Leylinin
qəbri üstündə məlahətli səslə yanıqlı
nəğmələr oxuyan Məcnunun saçında iki
göyərçin yuva salmışdı. Bu naturalist əlamətlər
ondan irəli gəlirdi ki, gənc Əbdürrəhim iki sevən
gəncin faciəsini ürəkdən duymuş və onu mənalandırmaq,
sevən, dövrün qatı qaranlığı içərisində
məhv olan sevgililərin acı taleyini daha həyəcanlı
formada göstərmək istəmişdir..." (Kərimov
İ. Ə.Haqverdiyev və teatr. Bakı, 1975, s. 47).
Həmin
səhnədə də uşaqlardan ibarət xorda
çıxış edən Üzeyir bəy 1938-ci il, 16 mart
"Bakinski raboçi" qəzetində "Leyli və Məcnun"dan
"Koroğlu"yadək məqaləsində
yazırdı: "..."Leyli və Məcnun" necə
yaranmışdır? Mən opera üzərində 1907-ci ildən
işləməyə başlamışam, lakin məndə
bu ideya xeyli əvvəl, təxminən 1897-1898-ci illərdə,
mən on üç yaşlı uşaq ikən doğma
şəhərim Şuşada, həvəskar aktyorların
ifasında, "Məcnun Leylinin məzarı üstündə"
səhnəsini gördükdən sonra yaranmışdır.
Həmin səhnə məni o qədər həyəcanlandırdı
ki, bir neçə ildən sonra Bakıya gəlib operaya bənzər
bir şey yazmaq qərarına gəldim". Yeri gəlmişkən
12 (25) yanvar 1908-ci il Bakı şəhərindəki
Tağıyev Teatrında operanın ilk səhnələşdirilməsinin
dirijoru Əbdürrəhim bəy Haqverdiyev idi.
Qori seminariyasında Azərbaycan izi
XIX əsrin ikinci yarısından
başlayaraq Rus imperiyasında pedaqoji kadrların
hazırlanması üçün görkəmli pedaqoq
K.D.Uşinskinin nəzəriyyəsi əsasında
formalaşdırılan seminariyalar imperiyanın mərkəz ərazilərindən
tutmuş kənar bölgələrinə qədər
yayılırdı. 1876-cı ildə təşəkkül
tapan Qori müəllimlər seminariyası da bu qəbildən
idi. Həmin hadisə barədə 150 yaşlı milli mətbuatımızın
banisi Həsən bəy Zərdabi təsisçisi olduğu
"Əkinçi" qəzetinin 27 may 1876-cı il tarixli
nömrəsində, "Daxiliyyə" adlı bölməsində
məlumat verir: "...Qori şəhərində bir məktəbxana
açılıb ki, orada oxuyan şagirdləri müəllim
eləsinlər. O məktəbxanada 20 nəfər erməni və
gürcü padşahlıq xərcinə oxuyacaq. İndi
"Kafkaz" adlı qəzet yazır ki, doğrudur, müsəlmanların
məktəbxanaları üçün müəllimləri oxutmaqdan
ötrü əlahiddə məktəbxana açılacaq,
amma indi müsəlmanlardan hər kəs xahiş etsə, zikr
olan Qoridə açılan məktəbxanaya öz
uşaqlarını öz xərcinə qoya bilər... "
Mətnin
məzmununa diqqət yetirərkən Həsən bəyin incə
bir məqama eyham vurması nəzərdən qaçmır.
Başqa sözlə, erməni və gürcü bölmələri
üçün dövlət hesabına, göstərilən
say hesabı çərçivəsində şagirdlərin
təhsil almasına problem yoxdur. Müsəlman
övladları isə xüsusi təhsil müəssisəsinin
"qeyri-müəyyən gələcək zamanda"
açılışına qədər mövcud seminariyada
ancaq ödənişli əsaslarla oxuya bilərlər.
H.Zərdabinin
mətbuatda verdiyi açıqlamadan sonra
yazıçı-dramaturq Mirzə Fətəli Axundzadə və
Tiflis müsəlman məktəbinin şəriət müəllimi
Mirzə Hüseyn Qayıbzadə Rusiya imperiyasının
Qafqazda canişini, knyaz Mixail Nikolayeviç Romanovla uzun və
ağır danışıqlara başlayırlar.
Hər
iki müqtədir aydının mücadiləsi nəticəsində,
nəhayət 1879-cu ildə seminariyada tamhüquqlu Azərbaycan
bölməsi faəliyyətə başladı. Bu
addımın tarixi əhəmiyyətinə nəzər yetirərkən
alman filosofu İ.Kantın "Hər nəsil gələcək
varislərini tərbiyələndirir" fikri yada
düşür. Məhz H.Zərdabi, M.F.Axundzadə, M.H.Qayibzadənin timsalında saf
milli əqidəli ziyalıların atdıqları tarixi
addımlar seminariyada Rəşid Əfəndiyev və Firidun
bəy Köçərlinin, Cəlil Məmmədquluzadə
və Nəriman Nərimanovun, Üzeyir Hacıbəyli və
Müslüm Maqomayevin timsalında daha neçə-neçə
yaradıcı şəxsiyyətin ilkin təhsil
ocağına çevrildi.
Sənət
və həyat dərsləri
Seminariya həyatı Üzeyirin
xarakterində vətəndaşlıq, millətsevərlik
cizgizlərinin formalaşamasında mühüm rol oynadı.
Rusiya imperiyası tərəfindən xalqların kimliyini
aşağılamaq üçün tətbiq olunan üsullar
içərisində doğma ana dilindən istifadəyə
göstərilən təpkilər xüsusi çəkiyə
malik idi. Təhsil müəssisəsinin daxili nizamnaməsində
dərsdən kənar hər kəsə ana dilində
danışmağa qoyulan yasaq bundan irəli gəlirdi. Bu
"qayda"nı pozanlar isə Üzeyir bəyin şəxsi
işində 1900-cü il 3 dekabr qeydində
yazıldığı kimi, "tənbeh olunurdular".
Görkəmli publisist, salnaməçi Qulam Məmmədlinin
"Üzeyir Hacıbəyov: 1885-1948: həyat və
yaradıcılığının salnaməsi"
kitabında əks olunun xatirəsində oxuyuruq: "...Mən
seminariyanın ikinci klasında idim ki, ilyarımdan sonra müəllim
olacaqdım. Yazı imtəhanı üzrə - "Mən gələcəkdə
nə iş görəcəyəm" sərlövhəsi
altında bir məqalə yazmağı bizə əmr etdilər.
Mən yazdım ki, məktəblərimiz üçün ana
dilində tədris olmaqdan ötəri dərs kitabları tərtib
edəcəyəm. Bunun üçün Osmanlı və rus
kitablarından istifadə edib, hesab, coğrafiya və sair elmləri
öz dilimizə tərcümə edəcəyəm. Mənim
fikrim direktorun xoşuna gəlməmişdi. Məni
çağırıb dedi: "Müəllimlər sənin
yazdığına "üç" nömrəsi
qoyubdurlar. Amma mən "iki yarım" qoyuram.
Çünki qanmıram ki, sən nə deyirsən".
Üzeyir
bəyin maarifpərvər şəxs kimi uzaqgörənliyi
XX əsrin əvvəllərindən başlayaraq, mütərəqqi
ziyalılıarın, ilk növbədə mollanəsrəddinçilərin
doğma dillə bağlı ideyaları ilə səsləşirdi.
Bu məqamda akademik Məmməd Arif Dadaşzadənin 1948-ci
ildə qələmə aldığı "Dil və
üslub" adlı irihəcmli məqaləsindən bir
sitata müraciət edək: "...1905-ci ildən sonra
xüsusilə şiddətlənən dil mübahisələrində
"Molla Nəsrəddin" jurnalının daha
düzgün bir yol tutduğu hamıya məlumdur. Bu yolun əsas
cəhəti onun xalq dilinə, canlı xalq şivələrinə,
xalq yaradıcılığına əsaslanması, dili sadələşdirməyə
çalışması idi... Deməli, mollanəsrəddinçilər
nəinki sadə dil tərəfdarı idilər, onlar həm
də sadə dilin qızğın təbliğatçıları
idilər. Xalqa xidmət etməyi ən şərəfli bir vəzifə
hesab edən bu demokrat yazıçılar dil sahəsində
də çox düzgün yol tutmuşdular".
Üstəlik,
1906-cı ilin 15-30 avqust tarixlərində Bakıda
keçirilən müəllimlərin
I qurultayında qaldırılan problemlər içərsində
ən kəskini məktəblərdə ana dilində tədrisin
təşkili məsələsi idi. Yazıçı Manaf
Süleymanovun "Eşitdiklərim, oxuduqlarım,
gördüklərim" kitabında həmin tarixi qurultay
haqqında ayrıca paraqrafda bu sətirlərə diqqət
yetirək: "...Qocaman müəllim Səmədbəy Acalov
qurultayda baş verən ixtilafı belə izah edirdi: Bakıda
məktəblər üzrə Livitski adlı bir inspektor
vardı. Qatı irticaçı idi, hərəkət və
rəftarında ayrı-seçkiliyə, yol verirdi. O, məktəblərdə
bir kəlmə olsun belə azərbaycanca
danışmağı qadağan edirdi: "Məbadə dərs
zamanı bir kəlmə də olsa tatarca (Azərbaycanca)
danışasız. Kim bu əmri pozsa, müəllimlikdən
qovulacaq".
Bütün
bunlara baxmayaraq, qurultayın gedişatında "...Azərbaycan
dilində mövcud proqramlara yenidən baxılması və
dövrün tələblərinə uyğun yeni
proqramların tərtib edilməsi, yeni proqramlara uyğun dərsliklərin
hazırlanması, təlimin ana dilində aparılması, kənd
müəllimlərinin vəziyyətinin
yaxşılaşdırılması, müəllim
hazırlığı kimi məsələlər müzakirə
olunub".
Həmyaşıd məsləkdaşlar
Üzeyir Hacıbəyli haqqında
danışarkən, onun həmkarı, həmyaşıdı
və məsləkdaşı Müslüm Maqomayevi
xatırlamamaq olmaz.
Seminariyanın nizamnaməsində müxtəlif humanitar
fənlərlə yanaşı, hansısa musiqi alətində
ifaçılığı öyrənmək və
ibtidai musiqi nəzəriyyəsi
səviyyəsində tədris vacib sayılırdı. Bu,
Müslüm Maqomayevin musiqi bacarığının daha da
inkişaf etdirilməsinə böyük kömək oldu.
"…Seminariyada musiqi dərslərinə böyük
şövq və həvəs göstərən Müslüm
öz müəllimi Mixail Leontiyeviç Pakkerin səyi nəticəsində
skripkanı notla sərbəst çalmağı qısa
müddətdə mənimsəmişdi. Bu barədə
seminariyanın mahnı müəllimi Semyon Pavloviç
Qoqliçidzenin not sistemi, qammalar və sairə musiqi haqda
verdiyi bilik və məlumat Müslümə o qədər
kömək etdi ki, onun seminariya simli orkestrinin konsertlərində
də skripkada sərbəst çalmasına gözəl imkan
yaratdı…"
(İsmayılova Q. Müslüm Maqomayev.Bakı, 1965,
s.8). Məhz bu amillər hər iki istedadlı gəncin isti
ünsiyyətinin əsasını qoymuşdu. Taleyin qismətilə
eyni təvəllüdlü olan Üzeyir və
Müslümün musiqiyə olan sonsuz sevgisi onların gələcək
peşəkar fəaliyyət istiqamətini müəyyənləşdirməklə
yanaşı milli musiqi mədəniyyətinin təşəkkül
tapmasında məsləkdaşlara çevirdi.
M.Maqomayevin
seminariya illəri ilə bağlı bir mühüm tarixi
fakta nəzər salmaq yerinə düşər. 1900-cu ilin 15
aprel-12 noyabr tarixlərində Parisdə yeni XX yüzilliyin
başlanğıcı ilə əlaqədar
Ümümdünya sərgisi təşkil olunur. On səkkiz tematik bölmədən
ibarət, 35 ölkənin iştirakçısı olduğu
sərgidə Rusiya imperiyasının ekpozisiyası da yer almışdı.
Zaqafqaziya Qori müəllimlər seminariyası birinci bölmədə
təmsil olunurdu. Təhsil
ocağının nümayiş etdiyi eksponatlar içərisinə
Müslüm Maqomayevin topladığı folklor nümunələri
və seminariyanın ilk məzunu,
maarifçi-pedaqoqlarından biri
Firidun bəy Köçərlinin "Ərəb əlifbası
və onun qüsurları", "Azərbaycan
komediyaları" kimi qiymətli elmi məqalələrlə
yanaşı, A.S.Puşkindən, M.J.Lermontovdan və
A.B.Koltsovdan tərcümələri də daxil edilmişdi. Sərginin
sonunda seminariyanın ekspozisiyası qızıl medala layiq
görülür.
Qaragüruhun
təpkisinə qarşı
1937-1938-ci
illərdə amansız Stalin repressiya dalğasının
axarında H.Cavidin,
M.Müşfiqin, Ə.Cavadın, S.Mümtazın, A.M.Şərifzadənin,
neçə-neçə başqa
aydınların məhv olunduğu zaman, Üzeyir bəy
gec, ya tez haqqında çıxan qiyabi hökmün əyani
şəkilə keçəcəyini gözləyirdi. Azərbaycan Demokratik Respublikası
himninin musiqisinin müəllifi, ilk addımlarını
atmağa başlayan dövləti öz beşiyində
boğmaq üçün daxili
və xarici qüvvələri mövcud imkanlarla dəstəkləyən
bolşevik Rusiyasını tənqid edən məqalələr,
Fransada məcburi mühacirət həyatı yaşayan
qardaşı Ceyhun bəylə məktublaşma - bu "dəlillərin"
hər biri Üzeyir bəyin həyatını məhv etmək
üçün kifayət qədər "ciddi ittiham
aktı" ola bilərdi. Başqa sözlə, bəstəkarın
boynuna atılan gözəgörünməz ilgək tədricən
sıxılaraq öz gerçək üzünü göstərməyə
başlamışdı.
Amma
böyük sənətkar qaragüruhun təpkisindən
çəkinməyərək qibtə olunacaq iradəsi ilə,
bütün daxili imkanlarını səfərbər etməklə
"Koroğlu" kimi monumental operanı tamamlaya bilir. 1937-ci
il aprelin 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet
Teatrında operanın ilk tamaşasının
yaratdığı qeyri-adi coşqu təkcə müəllifin
deyil, cəmiyyətin də böyük bir hissəsinin real
durumunun pərdəarxasını özündə əks
etdirirdi. 1938-ci il aprelin 5-də
Moskvada Bolşoy Teatrın
səhnəsində sərgilənən "Koroğlu"nun
misli görünməyən müvəffəqiyyəti bəlli
hadisədir.
Məhz
həmin tarixdə, aprelin 5-də "Ədəbiyyat qəzeti"ndə
M.A.Dadaşzadənin
"Koroğlu" dastanı" adlı məqaləsi
işıq üzü görür. Düşünürəm,
operanın Bakı və Moskva premyeraları ilə məqalənin
çapı tarixlərinin
ardıcıllığı dəyərli oxucuların
diqqətindən yayınmaz. Yeri gəlmişkən, onu da deyək
ki, məqalənin rus versiyası Moskva dekadası
üçün nəşr
olunan "Üzeyir Hacıbəyov. "Koroğlu""
bukletinin giriş məqaləsi kimi çap olunmuşdu.
Həssas
qəlbli alim, mövcud dönəmin
sarsıntılarını Üzeyir bəy kimi
bütün vücudu ilə yaşayanlardan idi. Bəstəkar
operanın musiqi dilində soykökümüzün genetik
yaddaşına hopan azadlıqsevərlik, qorxmazlıq, cəsarət,
ülvi məhəbbət kimi ali keyfiyyətləri
böyük ustalıqla təcəssüm etdirirdi. Bu
baxımdan yaradıcı yanğısı
aşıb-daşan hər iki şəxsiyyət
arasında mənəvi
bağlılıq açıq-aşkar özünü
göstərirdi.
Məqalədə Məmməd Arifin Koroğlu xarakterinin səciyyəvi
cəhətləri barədə yazdıqlarına diqqət
yetirək: "…Koroğlu azadlığı sevir, köləliyə
nifrət edir…Xalq maraqları uğrunda mübarizə aparan
Koroğlunun obrazında Azərbaycan xalqının ən
yaxşı xasiyyətləri təcəssüm
etdirilmişdir: mərdanəlik, qəhrəmanlıq,
zalımlara qarşı nifrət, azadlıq sevgisi,
hazırcavablıq, müdriklik və şairlik, sənətkarlıq
Koroğlunun əsas xasiyyətləridir".
Bədii
haşiyə. Xalq yazıçısı Elçinin
"Ölüm hökmü" romanından bir parça:
"…Arzu məktəbdən gəldi, paltarını dəyişdi,
pioner qalstukunu təzədən ütüləyib boynuna
taxdı və həmişə olduğu kimi, Arzu ilə bərabər,
evə bir canlanma, bir hərəkət gəldi...Həmin
qış günü də Ələsgər müəllimlə
Firuzə xanıma yeni bir xəbər verdi:
-
Bundan sonra evdə həftədə bir dəfə divar qəzeti
çıxaracağam!
Firuzə
xanım:
-
A-a-a, - dedi.- Evdə də divar qəzeti olar?
-
Olar. Mən çıxararam, siz də baxarsız. Sizə deməyə
sözlərim var.
- O
sözləri elə ağızla de, biz də qulaq asaq də...
-
Yox, onları divar qəzetinə yazacağam. Baş məqalədə
sizi tənqid eləyəcəyəm.
Ələsgər
müəllim təəccüblə:
-
Bizi? - soruşdu.
- Hə!
"Koroğlu" operasını da tənqid edəcəyəm.
Ələsgər
müəllim bu xəbərə lap məəətəl
qaldı. Firuzə xanım:
-
A-a-a,- dedi. - Bəs, o operadan xoşun gəlirdi, məni də
dartıb aparmışdın ora?
-
Nolar? Əvvəllər xoşum gəlirdi, ona görə ki,
bəstəkar bizim gözümüzə kül
üfürüb. Indi başa düşürəm. Üzeyir
Hacıbəyov "Koroğlu"nu ona görə yazıb
ki, müasir mövzuda yazmasın! Bəstəkar müasir
mövzudan qaçıb. O opera gərək kolxoz həyatından
olaydı. Indi xan, padşah yoxdur. Koroğlu gərək
qolçomaqlara qarşı mübarizə aparaydı.
Kitabxanada pioner disputu keçirəcəyik. Mən bu barədə
məruzə eləyəcəyəm. Bəstəkarı da
çağıracağıq ki, nəticə
çıxarsın..."
Analoji
dramatik vəziyyət Üzeyir bəyin həmkarı
D.Şostakoviçin həyatında da baş verirdi. Bəstəkarın
"Mtsenks qəzasının ledi Maqbeti" operasının
nümayişindən sonra Stalin başda olmaqla partiya funksionerləri
tərəfindən "kəskin tənqid atəşi"nin
ardınca, mətbuatda bəstəkar burjua mədəniyyətinə
rəğbətdə, realist sovet incəsənətinə
laqeydlikdə günahlandırılır,
D.Şostakoviçin "formalist" olduğu
vurğulanmaqla, açıq-aşkar xalq düşməni
adlandırılırdı. Bəstəkarın
xatirələrindən: "...Mən 28 yanvar 1936-cı ildə,
violonçel ifaçısı Viktor Kubatski ilə Arxangelskə
qastrol səfərinə gedərkən, stansiyaların birində
"Pravda" qəzetinin yeni buraxılışında
"Musiqi əvəzinə qarmarışıqlıq"
(Söhbət "Sumbu?r vme?sto mu?zıki" adlı məqalədən
gedir -Y.N.) adlı məqalə
həyatımın ən böyük sarsıntısı
oldu..."
O
zaman məsləkdaşı Üzeyir bəy kimi əqidə
təpəri nümayış etdirən bəstəkar 5 saylı
simfoniyası ilə cağdaş zamanın
amansızlığına öz mövqeyini sərgiləmişdi.
Deyilənə görə əsərin 21 noyabr 1937-ci ildə
dirijor Yevgeni Mravinckinin təfsirində ilk ifasından sonra dinləyicilər
uzun müddət sürəkli alqışlarla müəllifi
səhnədən buraxmayıblar. Cünki həmin konsertdə
iştirak edən hər kəs öz aləmində istədiyi
həqiqəti görürdü. İllər sonra
D.Sostakoviç baş verənləri belə şərh etdi:
"Onlar... maska taxmış riyakarlar idilər... İndi
hamı deyir:" Biz bilmirdik, başa düşmədik. Stalinə
inanırdıq. Aldandıq, eh, necə amansızcasına
aldandıq?!"...Heç vaxt inanmaram ki, "heç nə
anlamayan" Beşinci simfoniyada əsl məğzi hiss etsin".
İstedadlı
gəncliyə dayaq
Üzeyir Hacıbəylinin Azərbaycan
professional milli musiqi sənətinin möhkəm
özülünün yaranması istiqamətində həyata
keçirdiyi titanik islahatların mütərəqqi tərəflərindən biri də peşəkar bəstəkar
kadrların hazırlanmasına verilən önəm idi. Gənclərin
Qərbi Avropa bəstəkarlıq ənənlərinin milli
musiqi ilə sintezindən ortaya çıxan peşəkar
estetik dəyərlərlə tərbiyənlənməsinə
Ustad həssas yanaşırdı. Bu baxımdan
yazıçı Hüseyn Abbaszadənin "Dünyadan
gör neçə insanlar gedib..." kitabından bir
parçanı burada yerləşdirmək yerinə düşər:
"1946-cı
ilin payızı idi. Bəstəkar Ağabacı Rzayeva ilə
"Yadındamı?" adlı bir romans
yaşmışdıq. Ağabacı konservatoriyada Üzeyir
Hacıbəyovun sinifində oxuyurdu...
Bir
gün Ağabacı Rzayeva mənə dedi:
-
Sabah konservatoriyada Üzeyir müəllimin otağında yeni
musiqi əsərlərinə qulaq asacaqlar...O zaman Üzeyir
Hacıbəyov həm Dövlət Konservatoriyasının
direktoru, həm də Azərbaycan Bəstəkarlar
İttifaqında sədr idi...
Həmin
gün bəstəkar Midhət Əhmədovun sinfonik orkestr
üçün yazdığı "Uvertüra"sı ilə
əlaqədar olan söhbət yadımdan
çıxmayıb...
Çıxış
edənlər "Uvertüra"ya müsbət qiymət
verdilər. Axırda bizimlə üzbəüz oturan
ortayaşlı, saqqallı bir kişi söz istədi. Yeni əsərin
məziyyətlərindən danışdı.
Çıxışının sonunda təəssüf hissi
ilə qeyd etdi ki, "Uvertüra"nın bəzi yerləri
orijinal deyil. Dmitri Şostakoviç
yaradıclığından gəlmədir.
Mən
yanımda oturan Ağabacı Rzayevadan saqqallı kişinin kim
olmasını soruşdum. O dedi ki, Azərbaycan Dövlət
Simfonik Orkestrinin yeni baş dirijoru, professor Leo Ginzburqdur.Moskvadan
gəlib.
Leo
Ginzburq pianoçu qadından "Uvertüra"nın
klavirini alıb irad tutduğu yerləri göstərmək istəyəndə
Üzeyir Hacıbəyov dedi:
-
Hörmətli Leo Moritseviç, bilirəm nəyi nəzərdə
tutursunuz. Müdhət Əhmədovun
"Uvertüra"sı "Rast" ladında yazılıb.
"Rast" isə klassik Azərbaycan muğamıdı.
Üzeyir
Hacıbəyov "Rast" muğamı barədə
Qinzburqa müxtəsər məlumat verdi. Axırda da dedi ki,
ola bilsin Şostakoviç də "Rast"dan istifadə
edib.Sonra böyük bəstəkarın təkidi ilə Midhət
Əhmədov piano arxasında keçib "Rast"dan bir
parça çaldı. Ginzburq bundan xəbərsiz
olduğunu etiraf edib müəllifdən üzr istədi..."
Şuşaya
əbədi qayıdış
Üzeyir Hacıbəylinin
ölümündən sonra adının əbədiləşdirilməsi
barədə 16 fevral 1949-cu ildə xüsusi qərarda
Şuşada və Bakıda onun ev-muzeylərinin
yaradılması nəzərdə tutulurdu. 1959-cu ildə
Şuşada Ü. Hacıbəylinin ev-muzeyi açılsa
da, Bakıda bu məsələni
respublika rəhbəri Heydər Əliyevin
tapşırığı və yaxından köməyi sayəsində
20 noyabr 1975-ci ildə həyata keçirmək mümkün
oldu. Ümummilli lider sonrakı
illərdə də Üzeyir
Hacıbəylinin xatirəsinin əbədiləşdirilməsi,
onun çoxşaxəli yaradıcılığının
dünya musiqi aləmində təbliği baxımdan
ardıcıl və önəmli addımlar atdı.
H.Əliyevin göstərişi ilə 1970-80-ci illərin kəsiyində
Şuşada Xurşudbanu Natəvanın (heykəltaraş Həyat
Abdullayeva), Bülbülün və Üzeyir Hacıbəylinin
(heykəlataşlar Xanlar Əhmədov və Namiq Dadaşov)
tunc büstlərinin açılış törənləri
keçirildi.
Lakin
1992-ci ilin mayında
Şuşanın mənfur düşmən tərəfindən
işğalı zamanı ilk mədəni qurbanlar həmin
heykəllər oldu. Gülləbaran edilən sənət əsərləri mənfur düşmənin əsl
simalarını göstərən bariz nümunələrdir.
Bu azmış kimi həmin büstlərin əridilib qiymətli
metal qismində satılması
planlaşdırılmışdı. Həmin məsələdən
xəbər tutan mədəniyyət naziri Polad
Bülbüloğlu bu barədə Prezident Heydər Əliyevə
məruzə edir. Görülən lazımı tədbirlər
nəticəsində sənət əsərləri Bakıya
gətirilərək Milli İncəsənət Muzeyinin həyətində
yerləşdirilir.
1995-ci
ildə dövlət başçısının fərmanı
ilə Üzeyir Hacıbəylinin 110 illik yubileyi ərəfəsində
18 sentyabrın Azərbaycanda Milli Musiqi Günü kimi qeyd
olunmağa başlaması bəstəkarın həyat və
yaradıcılığının təbliginə yönələn
dövlət proqramının əsasına çevrildi.
Prezident cənab Heydər Əliyevin yubiley gecəsindəki
çıxışında
söylədiyi bu fikirlər sanki gələcək nəsillərə
bir çağrış idi: "...Ancaq erməni
işğalçıları heç də belə bilməsinlər
ki, o güllələr Üzeyir Hacıbəyov,
Bülbül, Natəvan yaradıcılığını
sarsıda bilər, yox! Elə düşünməsinlər
ki, bu güllələr Azərbaycan xalqının mənəviyyatını
sarsıda bilər, yox! Elə güman etməsinlər ki,
Şuşanın işğalı daimi ola bilər. Yox, ola
bilməz! ...Biz əminik ki, Azərbaycan torpaqları Ermənistan
işğalçılarının əlindən
qurtaracaqdır. Biz əminik ki, Şuşa azad olacaqdır. Biz
əminik ki, bütün Qarabağ, işğal olunmuş
bütün torpaqlarımız azad ediləcək, müstəqil
Azərbaycan öz ərazilərinin hamısının,
öz sərhədlərinin sahibi olacaqdır... Üzeyir
Hacıbəyov irsinin yaşaması naminə, mədəniyyətimizin,
mənəviyyatın yaşaması naminə sizin
hamınızı şücaətə, qəhrəmanlığa,
vətənpərvərliyə dəvət edirəm".
2020-ci
il sentyabrın 27-də Azərbaycan
Ordusu Ali Baş Komandanın "İrəli!" əmri ilə
başlayan müqəddəs savaşın 42-cü
günü Şuşada üçrəngli
bayrağımız dalğalandı. 2021-ci il yanvarın 14-də
isə Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərinə
gətirilən ədəbi və mədəni irsimizin
üç zirvə şəxsiyyətinin
tunc abidələrinin yenidən açılışında:
"Bu gün Şuşaya gələrkən 30 ilə
yaxın Bakıda İncəsənət Muzeyinin həyətində
saxlanılan dahi şəxsiyyətlərimizin-Xurşudbanu Natəvanın,
Üzeyir Hacıbəylinin və Bülbülün büstlərini
gətirmişəm...
...Dahi
şəxsiyyətlərimizin büstləri bizim Qələbəmizin
rəmzidir. Onların ruhu şaddır. Onlar doğma Vətənə
qayıdıblar.
...Natəvan,
Üzeyir bəy, Bülbül milli ruhumuzun təcəssümüdür.
Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi
yaşayıb və əbədi yaşayacaqdır. Qarabağ
Azərbaycandır!" sözləri ilə müasir
tariximizin yeni şanlı səhifəsini yazdı.
Səməd
Vurğunun misralarında deyildiyi kimi:
Qartal
kimi qanadlanıb fəzaları aşarsan.
Bir
ülviyyət aləminin qucağında yaşarsan.
O aləmin
zinətidir ayın, günün camalı,
Rübabında
qanad açır insanlığın kamalı.
Zaman
görmüş, dünya görmüş müqəddəs
bir Vətənin Övladısınız!..
Dahi
Üzeyir bəy, müqəddəs ruhunuz daim şad olsun!
Yavər NEYMƏTLİ
Sənətşünaslıq üzrə fəlsəfə
doktoru
525-ci qəzet. - 2025.- 16 sentyabr (¹166).- S.10-11.