Hacıbəyli qardaşlarının sarsılmayan əməl
və əqidə birliyi
ÜZEYİR VƏ
CEYHUN HACIBƏYLİLƏRİN YAZIŞMALARI ƏSASINDA
Talelərinə
fərqli idarəçilik və idarəetmə formaları
olan dövlət quruluşlarında - monarxist Çar
Rusiyasında, Azərbaycan Xalq Cümhuriyyətində,
totalitar Sovet rejimində, demokratik Avropa ölkəsində
yaşamaq nəsib olmuş Üzeyir və Ceyhun Hacıbəyli
qardaşlarının təzadlar, təbəddülatlar, təlatümlərlə
dolu həyatı onların düşüncə tərzini, əməl
və əqidə birliyini, inamını, mübarizə əzmini
və qətiyyətini nəinki sarsıtmış, əksinə,
daha da möhkəmlətmişdi. Mədəniyyət
tariximizin iki böyük siması - Üzeyir və Ceyhun
Hacıbəyli qardaşlarının yeniyetmə
çağlarından başlayan və ömürləri boyu
davam etdirdikləri bədii, publisistik
yaradıcılığı, epistolyar irsi, fəaliyyət
göstərdikləri digər sahələr fikrimizi təsdiqləyir.
Ailəsinə bağlı, elinə, obasına vurğun
Hacıbəyli qardaşlarının missiyası millətə,
xalqa təmənnasız, sədaqətlə və sonadək
xidmət olub.
Hələ
XX əsrin əvvəllərində Bakının qaynar siyasi,
ədəbi-mədəni həyatına atılan Üzeyir və
Ceyhun Hacıbəyli qardaşları təxminən eyni vaxtda,
eyni mühitdə jurnalistik fəaliyyətinə, bədii
yaradıcılığa başlamışlar. Onların
dünyagörüşü, tərbiyə və təhsil
mühiti, müşahidələri, qarşılıqlı
fikir mübadiləsi, heç şübhəsiz ki,
qardaşların ortaq düşüncə tərzinin
formalaşmasına, yaradıcılıqlarına da bu və
ya başqa şəkildə təzahür edib. Nümunələrə
nəzər salaq. Dahi bəstəkar, opera sənətimizin
banisi, istedadlı yazıçı Üzeyir Hacıbəylinin
(18 sentyabr 1885, Ağcabədi, Şuşa qəzası - 23
noyabr 1948, Bakı) "İrşad" qəzetinin 1905-ci il
tarixli 6-cı nömrəsində "Pristav ağa"
satirik hekayəsi dərc edilib. Bir müddət sonra C.Hacıbəylinin
(3 fevral 1891, Şuşa - 22 oktyabr 1962, Paris) "Proqres" qəzetinin
1907-ci il 6 və 7-ci nömrələrində
"Dağıstanski" imzası ilə eyniadlı felyetonu
çap olunub. Süjeti, kompozisiyası, məzmunu, qəhrəmanları
ilə bir-birinə bənzəyən bu əsərlər
arasında ideya, sənətkarlıq, dil, hadisələrin cərəyan
etdiyi məkan baxımından diqqəti çəkən cəhətlər
var. Birincisi Azərbaycan dilində, ikincisi rus dilində qələmə
alınıb. Çar rus hakimiyyətinə, onun məmurlarına
qarşı sərt tənqidi münasibətin əks olunduğu
bu əsərlər XX əsr bədii irsimizin gözəl
nümunələrindəndir və Hacıbəyli
qardaşlarının gələcək məram və
amallarının göstəricisi kimi nəzəri çəkir...
Ceyhun
Hacıbəylinin qürbətdə, heç bir mənbəyə,
tarixi sənədə yox, yalnız yaddaşına istinad edərək
ömrünün sonlarına yaxın qələmə
aldığı, bir sıra ədəbi, tarixi və mədəni
hadisələrin tədqiqi və dəyərləndirilməsi,
eyni zamanda qardaşların əməl və əqidə
birliyinə dəlalət edən "Leyli və Məcnun
operası necə yarandı" xatirəsi mühüm əhəmiyyət
kəsb edir. Fikrimcə, Üzeyir bəylə Ceyhun bəy
arasındakı qardaşlığın,
silahdaşlığın ötəsindəki münasibətin,
ünsiyyətin, yaxınlığın parlaq nümunəsi
olan məqalədən gətirdiyim aşağıdakı
cümlələrin şərhə ehtiyacı yoxdur. Nə
yazılsa, necə yazılsa, həmin kəlmələrin,
duyğuların kölgəsində qalacaq: "Mən və
qardaşım Üzeyir (o, məndən üç yaş
böyükdür) ilk gənclik illərimizdən musiqiyə
meyl edirdik", "Mənim və qardaşım Üzeyirin məlahətli
səsimiz vardı və tezliklə biz yalnız təcrübələr
yolu ilə klassik musiqinin (muğamların və ya "dəstgahların")
bütün incəliklərini öyrəndik, "təsniflər"
(ritmik oxuma) haqqında heç demirəm", "Deməliyəm
ki, qardaşım Üzeyir skripka çalmağı və not
sistemini hələ biz Şuşadan Bakıya köçəndən
əvvəl, Qori Müəllimlər seminariyasında oxuyan
vaxt öyrənmişdi", "Həm Şuşada, həm
də Bakıda bu təşəbbüs (opera yaratmaq təşəbbüsü
- T.A.) qardaşıma məxsus idi. O, öz ideyalarını mənimlə
bölüşür, sonra isə yaradıcı işin əvvəlcə
ümumi şəkildə, daha sonra təfsilatı ilə rəsmiləşdirilməsi
üçün mənim fikrimi soruşurdu", "Şərait
münasib idi: Üzeyirlə mən "İslamiyyə"
mehmanxanasında yaşayırdıq, ailəmiz isə əyalətdə,
böyük qardaşım Zülfüqarın yanında
idi", "Qardaşım bu təsnifləri nota
köçürürdü. Tədricən o, xorun
çıxışları üçün polifonik
tendensiyaları tətbiq edirdi", "Polifoniyanın tətbiqi
sonralar qardaşım tərəfindən təkmilləşdirilib.
Beləliklə, bu mühüm islahatın pioneri mənim
qardaşım olub", "Qeyd etmək lazımdır ki,
bütün bu gərgin işin çox böyük hissəsini
qardaşım Üzeyir yerinə yetirirdi. Bəzən o, gecə
saat ikiyə-üçə qədər masa arxasında əyləşir,
heyrətamiz səbir və inadkarlıqla musiqili-vokal ifa
üçün harmonik səhnə ansamblı yaratmağa
çalışırdı", "İsabəylə
"İrşad" qəzetindən dost idik.
Mənim
qardaşım Üzeyir həmin qəzetin əsas əməkdaşlarından
biri (mən özüm də jurnalist fəaliyyətimə bu
qəzetdə başlamışam), İsabəy isə
naşir idi".
Amma
bu cümlələr qələmə alınanadək
artıq Hacıbəyli qardaşlarının münasibətlərini
izhar edəcək, üzə çıxaracaq çox olaylar
baş vermişdi. Maddi sıxıntılar onlar və ailələri
arasında gərginlik yaratmamış, əksinə,
mehribanlığı və səmimiyyəti
artırmış, tarixin ağır sınaqlarına iradə
və dözümlə tab gətirmişdi.
Qori
Müəllimlər Seminariyasını (1899-1904) bitirib bir
müddət Hadrutda müəllimlik edən Üzeyir Hacıbəyli
1905-ci ildə Bakıya gəlir, "İrşad", "Həyat",
"Həqiqət", "İqbal", "Yeni
İqbal", "Kaspi" və digər mətbu orqanlarla
sıx əməkdaşlıq edir, "Səadət" məktəbində
dərs deyir, dərslik və dərs vəsaitləri
yazır. Böyük qardaş Zülfüqar Hacıbəylinin
(17 aprel 1884, Şuşa - 30 sentyabr 1950, Bakı) 1907-ci ildə
bacıları ilə Bakıya köçməsi, kiçik
qardaş Ceyhunun ali təhsilə yiyələnməsi məqsədi
ilə Peterburqa, sonra Parisə getməsi ailənin
qayğılarını artırmışdır. İş o
həddə çatmışdı ki, Üzeyir bəy 1911-ci
ildə musiqi təhsilini inkişaf etdirmək məqsədi ilə
Moskvaya - xüsusi musiqi kursuna getsə də, maddi çətinliklər
səbəbi ilə təhsilini yarıda qoyaraq Bakıya
qayıtmışdı. Tamaşalara görə
"Nicat" Cəmiyyətinin müqavilə əsasında
verdiyi qonarar da böyük ailənin problemlərini ödəməyə
kifayət etmirdi.
Hacıbəyli
qardaşlarının müxtəlif illərdə bir-birinə
ünvanladıqları məktublar onların həyat yolunu,
maddi, sosial durumunu, ailədaxili münasibətlərini,
dövrün ictimai-siyasi proseslərini, mühacirət problemlərini,
tanınmış tarixi şəxsiyyətlərlə əlaqə
və əməkdaşlığını hərtərəfli
və dərindən öyrənmək, təhlil etmək və
dəyərləndirmək baxımından, maraq doğurur.
Daha dəqiq, dolğun və sanballı qənaətlər
hasil etmək üçün Bakıdan, Moskvadan,
İstanbuldan, Parisdən, Münhendən yazılan məktubları
qələmə alındığı tarixlərə görə
aşağıdakı kimi qruplaşdırmaq məqsədəuyğundur:
-
1918-ci ilədək yazılan məktublar;
- Azərbaycan
Xalq Cümhuriyyəti dövründə yazılan məktublar;
-
Sovet hakimiyyəti illərində yazılan məktublar.
Qardaşların
məktubları məzmun, mündəricə, yazılma şəraiti
fərqli olsa da, onları bir ana xətt birləşdirir: səmimiyyət,
həqiqət, sədaqət, ailənin hər bir üzvünə
diqqət, qayğı, nigarançılıq, vətənə
bağlılıq, millətə məhəbbət! Bəri
başdan deyək ki, Üzeyir Hacıbəylinin Ceyhun bəyə
yazdığı bütün məktublar "Nuri-didəm"
(gözümün işığı - T.A.), Ceyhun bəyin məktubları
isə "Bəradəri-mehriban" (mehriban qardaşım)
ilə başlayır.
1918-ci
ilədək olan məktubların sayı çox deyil, lakin
onlar təsirli, maraqlı, çox məlumatlıdır.
Yazışmalar qələmə alındığı
dövrdə şəxsi, ailədaxili münasibətləri,
məişət problemlərini əks etdirən məktub idisə,
illər ötdükcə mühüm tarixi, ədəbi,
ictimai, siyasi məzmun kəsb edən sənədə
çevrilmiş və bu gün qardaşların arzu, istəklərini,
fəaliyyət sahəsini, cəmiyyətdə baş verən
prosesləri, eyni zamanda publisistlərin yaradıcılıq
manerasını öyrənmək baxımından nəzəri
çəkməkdədir. Bir-iki nümunəyə diqqət
edək. Ceyhun Hacıbəylinin 23 avqust 1912-ci ildə musiqi təhsilini
davam etdirmək məqsədilə Moskvaya gedən Üzeyir bəyə
ünvanladığı 1912-ci il oktyabr tarixli məktubda əvvəlcə
pulsuzluq ucbatından bu il bütün planlarının -
Peterburqa, Parisə getmək arzusunun alt-üst olduğundan
şikayətlənir, yardım üçün
"Nicat" Cəmiyyətinə, Hacı Zeynalabdin
Tağıyevə, "Kaspi" qəzetinə müraciət
etdiyini yazır. Məktubda oxuyuruq: "Quran haqqı borclular məni
daha lap əldən salıblar. ...Mən Zöhrədən
(Ceyhun Hacıbəylinin həyat yoldaşı - T.A.)
utanıram. Vallah, yazığın geyməyə paltarı,
yatmağa təxti yoxdur. İndi ayın biri olan kimi
çörəkçi, bir yandan qəssab, bir yandan
suçu, neftçi, dükançı, ələlxüsus
ev yiyəsi... utanıb yerə girirəm. Evdə də
uşaqların əyin-başı tökülüb. Aişə
paltosuz və çəkməsiz gəzir. Məhbub) naxoş,
Sayad naxoş (Ceyhun bəyin bacısı Sayad xanımın
qızları) - pis halət, gərək pul ola ki, bunların
hamısı düzələ". Həmin ilin sonrakı məktublarında
da əsasən Ceyhun bəy maddi sıxntıdan, evlərin
darısqallığından giley-güzar edir.
Qardaşların
Azərbaycan Xalq Cümhuriyyəti dövründəki
yazışmaları məzmun, mövzu baxımından fərqlidir,
xoşovqatlıdır. Məktublardan milli dövlətin,
istiqlalın bəxş etdiyi ruh yüksəkliyi, istiqbala inam
və məhəbbət açıq-aydın duyulur.
Üzeyir bəy qardaşına yazdığı 1919-cu il 19
mart tarixli məktubunda ailə üzvlərinin səhhəti,
sağlamlığı barədə "işlərinin
yaxşı", "hər bir şeyin qaydasında
olduğunu", "Bakıda tez-tez veçerlərin təşkil
edildiyini" yazdıqdan sonra Ceyhun bəyi "Azərbaycan"
qəzetinin formatını böyüdəcəkləri,
hökumət kabinetində baş verən dəyişikliklər
barədə ətraflı məlumatlandırır,
qardaşına tezliklə sağ-salamat Vətənə
dönməyi (bu zaman C.Hacıbəyli Əlimərdan bəy
Topçubaşovun rəhbərliyi ilə Paris Sülh
konfransına yola düşən nümayəndə heyətinin
tərkibində səfərdə idi) arzulayır. Üzeyir bəyin
sonrakı yazışmalarında da 1919-cu il 8 oktyabr, 1920-ci il
13 yanvar məktublarında da xoş ovqat aşkar hiss olunur. O,
evlərində "Məhəmməd Əminin, Nəsib bəy
və arvadının, Şəfi bəyin iştirakı ilə
qonaqlıq təşkil etdiklərini", "onların da
sağlığına içib yada
saldıqlarını" qeyd etdikdən sonra "qəzetin
işinin pis olmadığını", redaksiya
üçün təzə mebel və telefon gətirtdiyini
sevinclə xəbər verir. Siyasi işlərdən bəhs
edən Üzeyir bəy yazır: "Əhvali-siyasimiz dedikcə
yaxşıdır. Nəsib bəy işi çox gözəl
apardı və demək olar ki, məmləkəti hər bir təhlükədən
qurtarmaqla bərabər, abad və qüvvətli bir hala
saldı. Bu saat tam mənası ilə müstəqil
dolanırıq. İçimizdə heç bir yad əl
yoxdur. Qarabağ və Lənkəran məsələləri
bizim nəfimizə qan tökülmədən həll edildi.
Bir əndişəmiz varsa, o da Şimaldandır... Qərəz
işimiz "xod" gedir. Yalnız bir arzumuz var ki, siz gələsiniz,
tezliklə görüşək". Başqa bir məktubunda
Üzeyir bəy "Azərbaycanın təsdiqi
bayramına" hazırlaşdıqlarından, qəzet
işinin musiqi fəaliyyətinə çox xələl gətirdiyindən
qəzetdən çıxmaq istədiyindən bəhs edir.
Hacıbəyli
qardaşlarının fəaliyyəti,
yaradıcılığı daim erməni millətçilərinin
məkrli müqaviməti ilə üzləşib. Ceyhun
Hacıbəyli hələ XX əsrin onuncu illərində
"Kaspi" qəzetindəki yazıları ilə erməni
qəzetlərinin və ermənipərəst rus mətbuatının
azərbaycanlılara qarşı qərəzli, düşmən
münasibətini ifşa edir, onları çirkin və yalan
məlumatlardan əl çəkməyə
çağırırdı. Bu mənada publisistin "Sərhəddə"
adlı məqaləsi çox ibrətamizdir. Erməni qəzetləri
İranla sərhəddə yerləşən
soydaşlarının - xristianların
silahlandırılmasını, şahsevənlərin
talanına qarşı yerli müdafiənin təşkilini
canfəşanlıqla təbliğ və müdafiə edirlər.
C.Hacıbəyli tutarlı faktlara istinad edərək opponentlərinin
yalanını, fitnəkarlığını, mənfur niyyətlərini
ifşa edir: "Hər hansı Qafqaz qəzetini
götürün və sərhəd
komissarlığının məlumatlarını izləyin:
şahsevənlərin hücumuna məruz qalan müsəlmandır,
mal-qarası sürülüb aparılan müsəlmandır.
?n yaxşı müdafiə işi görüldüyünə
görə bu günə kimi erməni kəndlərinə
heç bir ziyan dəyməmişdir". C.Hacıbəyli
mühacirət illərində də ermənilərin
xalqımıza qarşı törətdiyi cinayətləri əks
etdirən yazılar qələmə alıb.
Dahi
bəstəkarın çoxşaxəli fəaliyyəti,
yaradıcılığı erməni millətçilərinin
gözünə ox kimi batırdı. Üzeyir Hacıbəyli
1918-ci ilin mart qırğınlarından xilas olmaq
üçün çox sayda azərbaycanlı ziyalı kimi
Arazın o tayına keçməyə məcbur olmuşdu.
Ermənilər, həm də xalqımıza məxsus milli, mədəni,
maddi sərvətləri də hədəfə
almışdılar. Onlar Mart qırğınları
zamanı soydaşlarımızı cismani məhv etməyə
çalışdıqları kimi, Bakıda və Azərbaycanın
bölgələrində mədrəsə, məktəb,
teatr, klub, kitabxana binalarını da yandırır, yer
üzündən birdəfəlik silməyə cəhd
göstərirdilər. Məkrli qonşularımız, mədəni
xəzinəmizə məxsus dəyərli sənət əsərlərini
mənimsəmək üçün dəridən-qabıqdan
çıxıblar. Üzeyir Hacıbəylinin Ceyhun bəyə
ünvanladığı 1920-ci il 16 yanvar tarixli məktubu erməni
oğurluğunu ifşa edən maraqlı mənbədir. Həmin
məktubu sakit, həyəcansız oxumaq olmur. Burada adəti
üzrə "nuri-didə"sindən hal-əhval tutduqdan,
"Avropaya səfər etmək" arzusunu, əsərləri
ilə "Avropa əfkari-ümumiyyəsinin diqqətini cəlb
etmək" istəyini bildirdikdən sonra yazır: "Və
bir də bir neçə gün əvvəl İstanbul səfirimiz
Yusif Vəzirovdan bir məktub aldım. Yazır ki, ermənilərin
fransızca "Renesans" qəzeti iddia edir ki,
"Arşın mal alan"ı yazan ermənidir. Yusif bəy
bu işdən çox mütəəssir olduğunu yazır
və israr edir ki, mən əsərlərimin notlarını
çap edib ona göndərim ki, səfarət xərcinə
bütün Avropada, həmən Amerikaya belə
intişarına səy etsin. Hərgah mən Parisdə
olsaydım, notlarımı tezliklə və yəqin ki, ucuz
çap elətdirərdim". Erməni oğurluğunu
ifşa edən bu tarixi məktubun daha bir özəlliyi var.
Üzeyir bəy qardaşına nəql edir ki, mən bu əhvalatı
Nəsib bəyə danışdım. O da mənə dedi ki,
ermənilərin bu iddiası Zəngəzur iddiasından da
betərdir.
Qardaşların
Sovet hakimiyyəti illərindəki yazışmaları məzmun
baxımından əvvəlki məktublardan kəskin fərqlənir,
rejimin və funksionerlərinin mənfur simasını
açmaq, eyni zamanda Hacıbəylilərin iztirab, təlaş,
təşviş, daxili həyəcan, mənəvi əziyyət,
sıxıntı çəkdiklərini hiss etmək
nöqteyi-nəzərindən də böyük maraq
doğurur. Üzeyir bəyin Ceyhun bəyə
ünvanladığı 1921-ci il 26 noyabr, 1922-ci il 10, 18 mart,
24 iyul, 1923-cü il 18 dekabr, 10 iyun, 20 avqust tarixlərində və
digər məktublarında "Nuri-didəm Ceyhun" sözlərindən
başqa demək olar ki, digər cümlələrin
hamısı sanki kiminsə diktəsi ilə yazılıb. Məktubları
oxuyanda sətirlərin arxasından sovet komissarının qəzəbli
siması görünür. Ceyhun bəy xalq Cümhuriyyəti
dövründə Parisə yola düşəndə
Üzeyir bəy qardaşı üçün
darıxdığını, vəzifəsini yerinə yetirib
tezliklə vətənə dönməsini sidq-ürəkdən,
bütün səmimiyyəti ilə arzulayırdı. Sovet
dövründə zorla, təhdidlə yazdırılan məktublarda
mehribanlığı, səmimiyyəti, məhəbbətli,
şəfqətli münasibəti sovet məmurunun məkrli,
hiyləgər, eyni zamanda şirin vədlərlə dolu
planları əvəz edirdi. Məktubların az qala hər
cümləsində Bakıya qayıtmağın vacib və
qorxusuz, perspektivli olduğu vurğulanır. Amiranə
yazdırılan cümlələr mövcud vəziyyəti
tam əks etdirir: "...sizə bildirirəm ki, buraya
qayıtmaq məsələsini qəti şəkildə həll
etmişik. Əlbəttə, tezliklə buraya
qayıtmağınız yaxşıdır. Məsul
yoldaşlar tərəfindən SSRİ-yə qayıtmağa
izn verilir", "Vacib budur ki, gələsiniz. ...başqa
fikirlərlə vaxtınızı itirməyib səfarətxanaya
müraciət edin", "Bakıda hər kəs
azadcasına yaşayır", "O ki, qaldı buranın
yaşayışına, burada bizlər çox yaxşı
yaşayırıq və getdikcə də daha yaxşı
dolanacağıq", "Səni inandırıram ki, əcnəbi
qəzetlərində oxuduqlarınız pis-pis xəbərlərdən
burada heç bir əsər də görməzsiniz".
1930-cu illərin əvvəllərinədək davam edən bu
məzmunlu məktublar sovet milli və ailə siyasətini dərk
etmək, dəyərləndirmək baxımından da maraq kəsb
edir. Repressiya, cəza edam maşınının işə
düşməsindən ötrü qardaşı qardaşa,
övladı valideynlərə, qonşunu qonşuya
qarşı-qarşıya qoymaq üçün rejim bu
çirkin metoddan yararlanmışdı və heç də
təsadüfü deyil ki, mühacir yazarlar, o cümlədən
Ceyhun Hacıbəyli totalitar sovet rejiminin bu istiqamətdəki
mənfur siyasətini ifşa etmək naminə belə
faktlardan ustalıqla istifadə etmişlər. Mövzu, ideya,
sənətkarlıq baxımından mühacirət nəsrinin,
ümumiyyətlə, Azərbaycan hekayəçiliyinin ən
gözəl nümunələrindən
saydığımız "Müəzzinin lənət" əsərində
bolşevik hakimiyyəti, sovet ideologiyası ata müəzzinlə
ateist övladı, ailənin bütün üzvlərini
üz-üzə qoyur: "Qırmızı kafirlər məmləkətə
mütləq sahib kəsiləndən, hər şey bir-birinə
qarışmış, baş-ayaq olmuşdu: uşaqları
valideynlərinə, arvadları ərlərinə,
yaradılmışları Yaradana qarşı təlim edirdilər".
Yekunda ailə faciələri milli fəlakət həddinə
çatırdı. Hacıbəyli qardaşlarının
yazışmalarından da göründüyü kimi, rejimin
nökərlərinin bütün səylərinə
baxmayaraq, qardaşlar arasında nifaq sala bilməmiş, onlar
arasında isti, səmimi münasibətlər, əməl və
əqidə birliyi sona qədər davam etmişdi.
Hacıbəylilərin
məktublarının məzmunu, mahiyyəti onu deməyə əsas
verir ki, yazışmalar yalnız qardaşlar və ailədaxili
münasibətlər, məişət problemləri
haqqında məlumatla məhdudlaşmır, müəlliflərin
xarakteri, dünyagörüşü, əqidəsi,
yaradıcılıq üslubu haqqında kifayət qədər
təəssürat yaradır, onları əhatə edən
mühit, cəmiyyət həyatı və ünsiyyətdə
olduğu şəxsiyyətlər barədə əhatəli
bilgiyə sahib olma imkanı verir. Yüz il bundan əvvəl qələmə
alınan şəxsi məktublar hazırda tarixi, ictimai, siyasi
əhəmiyyət kəsb edən qiymətli mənbələrdir.
Müstəqil Azərbaycan övladlarında sələflərin
keçdiyi çətin, lakin şərəfli həyata,
mücadilə yoluna bələd olmaq imkanı yaradır,
onlarda istiqlala sevgi, Vətənə məhəbbət, ailəyə,
dostluğa sədaqət, qədirbilənlik kimi məziyyətlərin
formalaşmasına yardım edir.
Abid TAHİRLİ
525-ci qəzet. - 2025.- 16 sentyabr (№166).- S.12-13.