Ankarada Üzeyir Hacıbəyli irsi ilə
bağlı təqdimat və konsert olacaq
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan
professional musiqi sənətinin banisi, Müsəlman Şərqində
ilk operanın müəllifi, Türk dünyasının
görkəmli bəstəkarı, musiqişünas alim,
dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəylinin
anadan olmasının 140 illik yubileyinin dövlət səviyyəsində
qeyd olunması haqqında imzaladığı Sərəncama əsasən
Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi
tərəfindən tədbirlər, nəşrlər, təqdimatlar
və konsertlər həyata keçirilir.
AZƏRTAC
xəbər verir ki, Azərbaycanda Milli Musiqi Günü
münasibətilə sentyabrın 18-də Qazi Universitetinin
Memar Kəmaləddin adına konsert sarayında “Müsəlman
Şərqinin ilk operasının bəstəkarı, Azərbaycan-Türkiyə
dünya musiqisinin simvolu Üzeyir Hacıbəyli” adlı tədbir
keçiriləcək.
Tədbir
Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin
təşkilatçılığı, Qazi Universiteti, Ankara
Musiqi və Gözəl sənətlər Universitetinin dəstəyi
ilə təşkil olunacaq.
Tədbir
çərçivəsində Azərbaycan Mədəniyyət
Mərkəzinin layihəsi ilə hazırlanmış
“Azerbaycanlı bestecilerden piyano eserleri” adlı kitabın təqdimatı
və Türkiyədə yaşayan azərbaycanlı sənətçilərin
iştirakı ilə dahi Üzeyir Hacıbəyli əsərləri
əsasında konsert proqramı təqdim ediləcək.
Kitab
Ankara Opera və Balet Teatrının mütəxəssisi Nailə
Əhmədova tərəfindən tərtib olunub. Nəşrdə
bir çox Azərbaycan bəstəkarlarının -
Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Soltan Hacıbəyov,
Asəf Zeynallı, Səid Rüstəmov, Fikrət Əmirov,
Qara Qarayev, Cövdət Hacıyev, Tofiq Quliyev, Vasif
Adıgözəlov, Aqşin Əlizadə və b. fortepiano
üçün not əsərləri yer alıb.
Kitabda
dahi bəstəkar Üzeyir Hacıbəyli, onun
yaradıcılığı, musiqi sənətinə verdiyi
töhfələrə dair geniş məlumat verilib.
Tədbir
çərçivəsində keçiriləcək konsert
proqramında Ankara Opera və Baletinin mütəxəssisi,
fortepianoçu Nailə Əhmədova, Azərbaycanın
Əməkdar artisti İslam Manafov, opera sənətçiləri
Ömer Türkmenoğlu, Ali Tuna Güney, Fidan Hüseynova Üzeyir
Hacıbəylinin əsərlərindən parçalar səsləndirəcək,
Azərbaycan Mədəniyyət Mərkəzinin “Zəngəzur”
Rəqs Ansamblı Üzeyir Hacıbəylinin repertuarından
milli rəqslərlə çıxış edəcəklər.
525-ci qəzet. - 2025.- 16 sentyabr (№166).- S.13.