Azərbaycan
ruhunu yaşadan dahi
Üzeyir Hacıbəyli
- 140
"525-ci
qəzet"in baş redaktoru, Azərbaycan
Yazıçılar Birliyinin sədr müavini
Bu
günlər 140 illik yubileyini qeyd etdiyimiz dahi bəstəkar,
görkəmli musiqişünas, istedadlı dirijor,
tanınmış publisist, librettoçu-dramaturq, qabaqcıl
pedaqoq, nüfuzlu ictimai xadim Üzeyir Hacıbəyli mədəniyyət
tariximizə əbədi imza atan parlaq şəxsiyyətdir.
Azərbaycanın müasir peşəkar musiqi sənətinin
banisi, hər zaman əlimiz köksümüzdə
sayğı duruşunda qürurla dinlədiyimiz Dövlət
Himnimizin, nəinki Şərqdə, bütün İslam
dünyasında ilk operanın müəllifi Üzeyir bəy
zəngin, misilsiz musiqi irsi yaradıb. "Leyli və Məcnun",
"Koroğlu", "Şeyx Sənan", "Əsli və
Kərəm" , "Harun və Leyla", "Rüstəm
və Söhrab",
"Şah Abbas və Xurşid Banu" operaları,
"Arşın mal alan", "O olmasın, bu olsun",
"Ər və arvad" operettaları, çoxsaylı
mahnılar və müxtəlif janrda musiqi əsərləri
məhz Üzeyir Hacıbəyli dühasının misilsiz bəhrələridir.
O, Azərbaycan musiqisi tarixində bir çox ilklərin
yaradıcısıdır: ilk opera, ilk musiqili komediya və bir
sıra digər musiqi janrlarında ilk örnəklər, ilk
azərbaycanlı folklorçu-bəstəkar və
musiqişünas alim, Şərqdə ilk musiqili teatrın və
ilk Konservatoriyanın banisi... Onun zəngin irsini
araşdıranlar, yəqin ki, bu siyahını xeyli genişləndirə
də bilərlər.
Üzeyir
bəyin musiqisi hər birimiz dünyaya gözümüzü
açandan, dinləməyə başlayandan elə layla kimi
iliyimizə işləyib, ruhumuzu qanadlandırıb. Üzeyir
Hacıbəyli musiqisi ilə
tanışlığımın dəqiq tarixini
xatırlamasam da, bilirəm ki, lap körpəlikdən, hələ
dil açmazdan onun cazibəsində olmuşam.
1979-cu
ildə, hələ 15 yaşında ikən Şuşada -
Cıdır düzündə ülvi duyğular, qeyri-adi hisslər
məni ağuşuna alanda tarixin möcüzə sərgisinə
bənzətdiyim "Cıdır düzü" şeirimdə
Üzeyir bəyi xatırlamışdım:
Dili tutulubmu torpağın,
daşın,
Görən
niyə belə səssizdir bu yer?
Haçansa
Üzeyir ayağı dəyib,
Yəqin
ona görə əzizdi bu yer...
Bu, həyatı yenicə anlamağa
başlayan bir gəncin Üzeyir bəy musiqisinə
ehtiramının və heyranlığının ifadəsi
idi. Lap gənclik illərimdən Üzeyir Hacıbəylinin
ev-muzeyi ilə tanışlığım vardı və o
muzeyə tez-tez baş çəkirdim, onun əlinin dəydiyi,
toxunduğu hər bir əşyaya müqəddəs nəsnə
kimi baxırdım.
Doğulduğum
Ağcabədi ilə Üzeyir Hacıbəylinin
bağlılığı isə mənim üçün məxsusi
fəxarətli bir məqam idi. Orta məktəb
çağımda Üzeyir Hacıbəylinin
bioqrafiyasını hər dəfə oxuyanda onun məhz
Ağcabədidə doğulmasına görə çox
qürurlanırdım və dahi bəstəkarın xatirəsinə
ithaf etdiyim, yeniyetmə könlümdən gələn ilk qələm
təcrübələrimdən biri olan "Burda
görüşüb" şeiri o vaxt Ağcabədidəki
"Sürət" adlı rayon qəzetində çap
olunmuşdu:
Böyük sənətiylə,
istedadıyla,
O
keçdi ən çətin, uca səddi də.
Yanaşı
yazıldı dahi adıyla:
"Dünyaya
gəlibdir Ağcabədidə".
O
burda cahana açıb gözünü,
Torpaqla
ilk dəfə burda görüşüb.
Böyük
sənətinə Üzeyir bəyin,
Bir
çınqı alov da bu yerdə düşüb.
Yeri gəlmişkən, Üzeyir
Hacıbəylinin Ağcabədi ilə
bağlılığına dair bir az da mifə, əfsanəyə
çevrilən məqamı yada salmaq istəyirəm.
Ağcabədinin mərkəzində qayım-qədim
ağacların kölgəsində bir bağ var. Yaşlı
adamlar, o cümlədən atam Müseyib Məcidov
danışardı ki, təxminən ötən əsrin 50-ci
illərində o bağda Mircəfər Bağırov
böyük sənətkar Bülbülün qoluna girib gəzişir,
söhbət edirmişlər. Bu əhvalat Ağcabədidə
əfsanə kimi dillərdə dolaşırdı. Sonrakı
illərdə beynimdə fikirlər dolanırdı ki, o illərdə
- Üzeyir bəyin 1948-ci ildə vəfatından bir az sonra -
Azərbaycanın rəhbəri Bağırovla əslən
Qarabağdan - Şuşadan olan böyük sənətkar
Bülbül Ağcabədidə nədən söhbət edərdi
ki?.. Əlbəttə, bu, həm də bir bədii təxəyyülün
yaradacağı bədii əsər ola bilər. Amma mən
uşaqlıqdan eşitdiyim bu söhbəti sonrakı illərdə
də düşünürdüm. O bağda düşüncələrə
dalanda fikirləşmişəm ki, ola bilsin, onlar Üzeyir
Hacıbəylinin burada muzeyini yaratmaq, yaxud xatirəsini
hansısa formada əbədiləşdirmək
üçün müzakirə aparıblar. Həmin bağda
indi Üzeyir Hacıbəyli adına Muğam Mərkəzi
var və dahi bəstəkarın özünün
büstü, eləcə də qəhrəmanlarının
fiqurları var. Deyilənə görə, Üzeyir Hacıbəyli
ilə bağlı Ağcabədinin mərkəzində bir ev
olub, sonradan sökülüb. Bəzi versiyalara əsasən,
Üzeyir bəy Ağcabədinin Rəncbərlər kəndində,
qohumlarıgildə dünyaya gəlib. Bioqrafiyasını,
irsini araşdıranlar bu barədə müxtəlif fikirlər
səsləndiriblər...
Aradan
illər keçəndən sonra bizim əziz şəhərimiz,
Üzeyir bəyin də doğma yurdu Şuşa işğal
ediləndə və dərin mənəvi ağrılarla müşayiət
olunan o müddətdə dahi bəstəkarın ölməz
musiqisi əzəməti, möhtəşəmliyi ilə bərabər,
həm də müdhiş kədər doğururdu. 2020-ci ildə
xalqımızın Böyük Zəfəri ilə o kədər
arxada qaldı və mən 2021-ci il mayın 12-də, otuz illik
ayrılıqdan sonra Şuşaya gedəndə növbəti
şeirimi qələmə aldım. Şuşa
işğaldan azad ediləndən sonra mən dəfələrlə
orada oldum, hər dəfə Şuşanın ilahi gözəlliyi
və sirli aurası barədə yazdım. "Şuşa dəftəri"
silsiləsində yer alan son şeirlərimdən birində
yenə də dahi Üzeyir bəyi yad etmişəm:
Dahiləri yetişdirib
suyu-şörəyi,
Vaqif,
Cabbar, Bülbül, Xandı çarpan ürəyi.
Bəstəsinə
təzim üçün Üzeyir bəyin
Sidq-ürəklə
ibadətdi Şuşaya getmək...
Həqiqətən
sonrakı illərdə də nə vaxt Şuşada
olmuşuqsa, Üzeyir Hacıbəylinin xatirəsinə ehtiramımızı
bildirmədən keçməmişik, bunu özümüzə
bir mənəvi borc, ruhun ehtiyac duyduğu ziyarət hesab
etmişik.
Ötən
il Azərbaycan Yazıçılar Birliyinin 90 illiyi ilə
bağlı türk dünyasından gələn
qonaqlarımızla birlikdə Şuşada olarkən,
Cıdır düzündə gəzərkən yenə də,
az qala hər dəqiqə Üzeyir bəyi, onun möhtəşəm
musiqisini xatırladıq. Və mən çox sevinirdim ki,
türk dünyasından olan sanballı qonaqlar Üzeyir
Hacıbəylini yaxşı tanıyırlar, onun musiqisinə
bələddirlər.
Üzeyir
Hacıbəyli mənim üçün ilk növbədə
Azərbaycan ruhunu bizim yaddaşımıza, canımıza
hopduran, zəngin yaradıcılıq irsi ilə bu ruhu
yaşadan dahi bəstəkardır. Biz onun əbədiyaşar,
dillər əzbəri olan əsərləri ilə
böyümüşük və bu ənənə nəsil-nəsilə
davam edir.
Üzeyir
Hacıbəylinin publisist, jurnalist kimi fəaliyyəti də məni
həmişə qürurlandırıb. Onun zəngin
publisistik irsinə həm Azərbaycan, həm də rus dillərində
yazdığı felyeton, məqalə, resenziya, açıq
məktub, satirik miniatür və publisistik janrın bir
çox növündə yazdığı yüzlərlə
əsər daxildir. Üzeyir bəy
peşəkar jurnalist kimi müxtəlif illərdə "Azərbaycan",
"Həyat", "Kaspi", "İrşad", "Həqiqət",
"Molla Nəsrəddin", "Tərəqqi",
"İqbal" kimi dövrünün nüfuzlu jurnal və
qəzetlərində
felyetonçu, tərcüməçi, naşir və
redaktor kimi fəaliyyət göstərərək Azərbaycan
mətbuatında da imzasını uğurla, həmişəlik
təsdiqləyib.
Yadımdadır
ki, ustad Şirməmməd Hüseynov "525-ci qəzet"də
vaxtilə Üzeyir Hacıbəylinin çap olunmamış əsərlərini
silsilə şəklində uzun illər çap etdirdi. O
yazılar ayrıca kitab kimi də nəşr olundu. Təqdirəlayiqdir
ki, son illərdə Üzeyir Hacıbəylinin publisistik irsi
ayrıca kitablar şəklində işıq üzü
görür. Mən onun məqalələrini,
felyetonlarını oxuyanda Üzeyir bəyin böyük vətən
və millət sevgisini, hər bir yazısında
xalqımızın maariflənməsi yolunda fədakarlıqla
çalışdığını aydın hiss etmişəm.
Millətin tərəqqisi, xalqın inkişafı, dilimizin və
mədəniyyətimizin qorunması,
övladlarımızın, xüsusilə qızların təhsil
alması, cəhalətə, xurafata qarşı mübarizə
mövzularını əhatə edən bu möhtəşəm
publisistik irs milli kimlik şüurumuzun, müasir zənət
zövqümüzün formalaşmasına elə Üzeyir bəyin
musiqisi qədər müstəsna təsir göstərib.
Xüsusilə qeyd etmək istərdim ki, Qarabağ və Zəngəzurla
əlaqədar hələ o zamandan başlanan əsassız
erməni iddialarına qarşı vətəndaşlıq mövqeyi
Üzeyir bəyin bir çox publisistik yazılarında
qabarıq əks olunub. O, tarixi ədalət prinsipləri
qorunmaqla Qafqazda sülh və əmin-amanlığın bərqərar
olmasını arzulayıb, ictimai-publisistik fəaliyyətində
məhz buna çalışıb.
Qabaqcıl
pedaqoq olan Üzeyir bəy yazılarında da təhsilin,
savadın önəminə həmişə diqqət yetirib.
O, 1909-cu ilin avqust ayında "Tərəqqi" qəzetinin
137-ci sayında çap edilən "Xəbərdarlıq"
felyetonunda yazırdı: "Keçən səfər müəllimlər
barəsində işarə edib tərbiyəyi-ətfaldan bəhs
açdıq. Doğrudan da uşaq tərbiyəsi çətin
bir əmrdir. Evladı xeyir yolda tərbiyə etmək
üçün tərbiyənin yolunu da bilmək
lazımdır. Tərbiyənin yolunu ancaq elm sayəsində
bilmək mümkündür. Yəni bütün ömürlərini
uşaq tərbiyəsinə sərf etmiş olan əzim
pedaqoqların tərbiyə haqqındakı mülahizat və
təklifatından layiqincə xəbərdar olmalıdır.
Bizim başımıza gələn bunca fəlakətlərin
hamısına bais əksəriyyətimizin elmsizliyidir... Bu barədə
möhtərəm Firidun bəy Köçərli cənabları
şirin dilli məqalələrlə tərbiyə və təlimi-nisvanın
lüzum və vücubunu qəzetəmiz səhifəsində
vazeh surətdə bəyan buyurublardır..." Bu ruhda davam
edən felyetonda mahir publisist uşaq tərbiyəsi və
müəllimlik sənətinin əhəmiyyətinə dair
dərin düşüncələrini satirik dillə qələmə
alıb. Müəllimlərin rolu, tərbiyə işinin
mürəkkəbliyi və valideynlərin təhsildəki məsuliyyəti
haqqında millətinin savadlanmasını arzulayan əsl vətəndaş
yanğısı ilə söz açıb. Üzeyir
Hacıbəyli təhsil işinin təkmilləşdirilməsi
üçün Qori seminariyası kimi xüsusi seminariyaların
açılmasına, yerli məktəblərin
inkişafına da öz yazılarında təsirli
çağırışlar edib. Demək olar ki, bütün
yazılarında xalqın aydınlanması, təhsili,
inkişafı, tərəqqisi naminə öz dövrü
üçün də, müasir çağımızda da
aktual olan məsələləri qabardaraq onların həlli
yollarını təklif edib və beləliklə də, uzun
illər ərzində həm də əvəzsiz pedaqoji
maarifçilik missiyası yerinə yetirib.
Təxminən
25 il əvvəl - 2001-ci ilin noyabr ayında Üzeyir bəyin
qardaşı Ceyhun Hacıbəylinin nəvəsi,
tanınmış musiqiçi, caz perkussionisti Klement Bailly
Hacıbəyli Azərbaycana gəlmişdi. Biz Aqil Abbasla birgə
onu Bakının görməli yerlərində gəzdirdik. O,
Bakıdakı "Caz Klub"da Hacıbəylilər nəslindən
bir qrup insanla görüşüb tanış olmuşdu. Heyrətə
gəlmişdi ki, ilk dəfə ayaq basdığı Azərbaycanda
onun babasının qardaşı - nəslinin böyük
nümayəndəsi Üzeyir Hacıbəyli necə məşhurdur
və xalq tərəfindən necə sevilir, ehtiramla
xatırlanır. Sonralar Fransa mətbuatında bütün
bunları qürurla ifadə etmişdi...
Üzeyir
bəyin işğaldan azad olan doğma Şuşası
hazırda Azərbaycanın Mədəniyyət
Paytaxtı kimi yenidən dünyaya tanıdılır, dahi bəstəkarın
ölməz musiqisinin ritmləri ilə də bu sehrli şəhər
təkrar canlanır. Musiqimizi və mədəni irsimizi
bütün dünyaya tanıdan, eyni zamanda gələcək
nəsillərimizin mənəvi ilham qaynağı, milli
qürurumuzun tərənnümçüsü olan Üzeyir
Hacıbəylinin 140 illik yubileyi həmçinin gözəl
Şuşamızın inkişafı ilə əlaqələndirilən
rəmzi məqama çevrilib və bütün bunlara görə
çox fərəhlənir, qürurlanırıq...
İnanıram
ki, doğma Şuşa yer üzündə var olduğu
müddətcə dahi bəstəkarın əsərlərinin
əzəmətli ahəngi daima səslənəcək və
hər notunda Şuşa eşqi canlanan Üzeyir Hacıbəyli
musiqisi sonsuza qədər Azərbaycan ruhunu yaşatmağa
davam edəcək.
Rəşad MƏCİD
525-ci qəzet. - 2025.- 18 sentyabr (№168).- S.8.