AMEA-da
“Üzeyir Hacıbəyli: ədəbi-mədəni dəyərlər
və mənəvi-estetik zənginlik” mövzusunda elmi konfrans
keçirilib
Sentyabrın
17-də AMEA-da “Üzeyir Hacıbəyli: ədəbi-mədəni
dəyərlər və mənəvi-estetik zənginlik”
mövzusunda elmi konfrans keçirilib.
AZƏRTAC
xəbər verir ki, tədbir AMEA Rəyasət Heyəti,
Humanitar və İctimai Elmlər bölmələrinin birgə
təşkilatçılığı ilə baş tutub.
Konfrans çərçivəsində Üzeyir Hacıbəylinin
həyat və yaradıcılığını əks etdirən
sərgi də təşkil olunub.
Konfransı
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq tədbirin
ölkə rəhbərinin “Üzeyir Hacıbəylinin 140
illiyinin qeyd edilməsi haqqında” 2025-ci il 3 fevral tarixli Sərəncamına
əsasən keçirildiyini bildirib. Dövlətimizin
başçısının Sərəncamının
icrası ilə bağlı AMEA-nın Tədbirlər
planının təsdiq edildiyini söyləyən akademik
İsa Həbibbəyli akademiyanın elmi müəssisə və
təşkilatlarında, regional bölmə və mərkəzlərində
Üzeyir Hacıbəyliyə həsr olunan silsilə
konfransların keçirildiyini, bir sıra kitabların
çap olunduğunu, məqalələrin
hazırlandığını diqqətə
çatdırıb. O, bu günlərdə akademik Zemfira Səfərovanın
“Üzeyir Hacıbəyli: həyat və yaradıcılıq
karyerası” kitabının ingilis dilində işıq
üzü gördüyünü deyərək,
sözügedən nəşrin dahi bəstəkarın
irsinin araşdırılması və dünyada
tanıdılması istiqamətində böyük elmi-mədəni
məxəz rolunu oynayacağını vurğulayıb.
AMEA
rəhbəri Şərqdə ilk operanın
yaradıcısı, dahi bəstəkar, tanınmış
ictimai xadim, Xalq artisti, Dövlət mükafatları
laureatı, akademik Üzeyir Hacıbəylinin Azərbaycanın
mədəniyyət və musiqi tarixində oynadığı
roldan bəhs edərək, onun “Sənsiz”, “Sevgili canan” kimi qəzəl
incilərinə layiq musiqi əsərləri
yaratdığını vurğulayıb. Qeyd edib ki, Üzeyir
Hacıbəyli yaradıcılığında Azərbaycan
xalq musiqisinin, muğam və aşıq sənətinin incə
xüsusiyyətlərini birləşdirərək
özünün orijinal üslubunu yarada bilmişdir. O, Məhəmməd
Füzulinin poeması əsasında “Leyli və Məcnun”
operası ilə milli operamızın əsasını
qoymuş, Azərbaycanın əsrlərdən bəri miras
qalmış zəngin musiqisini ilk dəfə nota
köçürmüşdür. Akademik İsa Həbibbəyli
ötən il Məhəmməd Füzulinin 530 illik yubileyi
çərçivəsində AMEA kollektivinin Azərbaycan
Dövlət Akademik Opera və Balet Teatrı kollektivinin
ifasında “Leyli və Məcnun” operasına
baxışının təşkil olunduğunu
xatırladıb.
Üzeyir
Hacıbəyli yaradıcılığının şah əsəri
olan “Koroğlu” operası ilə bağlı fikirlərini
bölüşən AMEA prezidenti bildirib ki, dünya musiqi
incilərinin siyahısına daxil olan bu əsərdə bəstəkar
Şərq-Qərb ənənələrinin tam vəhdətinə
nail olub, vətənpərvərlik ideyasını dolğun
şəkildə ifadə edib. Dərin məzmuna malik olan
“Koroğlu” operasını dünya qəhrəmanlıq
operasının nadir nümunələrindən biri kimi dəyərləndirib.
Həmçinin dahi bəstəkarın “Arazbarı”, “Cəngi”
əsərlərinin Azərbaycan milli mədəniyyətinin
təkrarsız nümunələri olduğunu
vurğulayıb.
Üzeyir
Hacıbəylinin Azərbaycan musiqi elmini yazan şəxsiyyətlərdən
olduğunu söyləyən AMEA rəhbəri onun “Azərbaycan
xalq musiqisinin əsasları” adlı fundamental elmi əsərinin
bu gün də musiqi dərsliyi kimi istifadə edildiyini deyib.
Qeyd edib ki, bundan başqa, Üzeyir Hacıbəyli “Hesab məsələləri”
adlı dərslik tərtib edib, dünya miqyasında
böyük şöhrət qazanmış “Arşın mal
alan” operettasını yazıb. Akademik İsa Həbibbəyli
Üzeyir Hacıbəylinin ictimai-siyasi fəaliyyətinə də
toxunaraq, bəstəkarın mühacirətdə olan
qardaşı Ceyhun Hacıbəyli ilə münasibətlərindən
danışıb.
1945-ci
ildə Akademiyanın 15 təsisçisindən birinin
Üzeyir Hacıbəyli olduğunu vurğulayan akademik İsa
Həbibbəyli bildirib ki, bu dahi şəxsiyyət
AMEA-nın yaranmasında və inkişafında əvəzsiz
xidmətlər göstərib.
“Üzeyir
Hacıbəyli Azərbaycan mədəniyyət tarixində
zirvədə dayanan dahi şəxsiyyətdir. Bəstəkarın
möhtəşəm əsərləri musiqi mədəniyyətimizin
inkişafına bu gün də güclü təkan verir və
düşündürür”, - deyən AMEA rəhbəri ölməz
sənətkarın musiqisinin xalqımızın zəngin xəzinəsi,
mənəvi sərvəti olduğunu qeyd edib. Akademik İsa Həbibbəyli
AMEA-da görkəmli bəstəkara həsr olunan ümumiləşdirilmiş
və böyük həcmə malik kitabın
hazırlandığını söyləyib.
Tədbirdə
AMEA-nın Memarlıq və İncəsənət
İnstitutunun şöbə müdiri professor İradə
Köçərlinin “Dahi Üzeyir Hacıbəylinin elmi irsinə
bir baxış”, həmin institutun şöbə müdiri
professor Nailə Rəhimbəylinin “Ənənələrin
sintezi və mədəniyyətin müasirləşməsi:
Üzeyir Hacıbəylinin irsinin kulturoloji aspektdən təhlili”,
Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə
müdiri professor Adil Əsədovun “Muğamın fəlsəfi
təqdimatına ilk söz müəllifi”, Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun baş elmi
işçisi filologiya elmləri doktoru Şahbaz Musayevin
“Üzeyir Hacıbəylinin publisistikası”, Nəsimi
adına Dilçilik İnstitutunun şöbə müdiri
professor İsmayıl Kazımovun “Üzeyir Hacıbəylinin
felyetonlarının dili” və Folklor İnstitutunun şöbə
müdiri filologiya elmləri doktoru Leyla Məmmədovanın
“Üzeyir Hacıbəylini dramaturgiyasında folklor kodları:
xalq poetikasından bədii sintezə” adlı məruzələri
dinlənilib. Həmçinin Azərbaycan Bəstəkarlar
İttifaqının sədri AMEA-nın müxbir üzvü
Firəngiz Əlizadə çıxış edərək
Üzeyir Hacıbəylinin Azərbaycan mədəniyyətinin
və musiqi sənətinin inkişafında roluna toxunub.
525-ci qəzet. - 2025.- 18
sentyabr (¹168).- S.9.