Üzeyir
Hacıbəyli Romada konsert proqramı ilə yad edilib
İtaliyanın
paytaxtı Romada yerləşən məşhur Santa
Çeçiliya Dövlət Konservatoriyasında Azərbaycan
musiqi mədəniyyətinin qurucusu, dahi bəstəkar
Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr
olunmuş konsert proqramı təşkil edilib.
AZƏRTAC
xəbər verir ki, tədbir Azərbaycanın Mədəniyyət
Nazirliyinin dəstəyi, ölkəmizin İtaliyadakı səfirliyi,
səfirliyin tabeliyində fəaliyyət göstərən Mədəniyyət
Mərkəzi və Santa Çeçiliya Dövlət
Konservatoriyasının birgə təşkilatçılığı
ilə reallaşıb. Konsertdə İtaliyanın mədəniyyət
və akademik dairələrinin nümayəndələri, səfirlər,
diplomatlar, həmçinin bu ölkədə yaşayan həmvətənlərimiz
iştirak ediblər.
Mədəniyyət
Mərkəzinin direktor müavini Gülnar Tağızadə
konsertin Üzeyir Hacıbəylinin doğum günü
münasibətilə, Mədəniyyət Nazirliyinin təşkil
etdiyi XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində
keçirildiyini bildirib.
Azərbaycanın
İtaliyadakı səfiri Rəşad Aslanov
çıxışında Prezident İlham Əliyevin
imzaladığı Sərəncama əsasən, 2009-cu ildən
etibarən sentyabrın 18-nin Milli Musiqi Günü kimi qeyd
olunduğunu xatırladıb. O, Üzeyir Hacıbəylinin 140
illik yubileyinin dövlət səviyyəsində geniş qeyd
edildiyini vurğulayaraq bəstəkarın Azərbaycan milli
musiqisinin banisi və Şərqdə ilk operanın müəllifi
kimi mədəniyyət tariximizdə mühüm rol
oynadığını diqqətə çatdırıb.
Diplomat, həmçinin bəstəkarın Azərbaycanın
Dövlət Himninin bəstələnməsində, milli
konservatoriyanın yaradılmasında və musiqi təhsilinin
inkişafında göstərdiyi misilsiz xidmətləri qeyd
edib.
Konsert
proqramında soprano səsinin sahibi, Milan şəhərində
yaşayan həmvətənlimiz, opera müğənnisi
Çinarə Şirinova çıxış edib. O,
fortepiano müşayiəti ilə Üzeyir Hacıbəylinin
əsərlərini səsləndirərək Azərbaycan
musiqisinin zənginliyini tamaşaçılara təqdim edib.
Səhnədə,
həmçinin “Ritm” rəqs qrupu milli rəqslərimizi
nümayiş etdirib. “Uzundərə” rəqsinin zərifliyi və
“Nağara Şou”nun ritmik enerjisi tamaşaçılara
unudulmaz anlar yaşadaraq proqramı daha da zənginləşdirib.
Tədbirə
qatılan İtaliyanın mədəniyyət nümayəndələri
Azərbaycan ifaçılarının peşəkarlığını,
musiqi və rəqs nömrələrinin milli ruhunu yüksək
qiymətləndiriblər. Onlar, həmçinin belə tədbirlərin
iki xalq arasında dostluq münasibətlərinin möhkəmlənməsinə
mühüm töhfə verdiyini vurğulayıblar.
Tamaşaçılar
çıxışları gurultulu alqışlarla
qarşılayaraq Azərbaycan musiqisinə və mədəniyyətinə
böyük maraq və rəğbət göstəriblər.
525-ci qəzet. - 2025.- 18
sentyabr (№168).- S.9.