ÜRƏKDƏKİ
ŞƏKİL
Üzeyir Hacıbəyli həmişə
bu millətlə qalacaq solmaz, köhnəlməz miras
yaradıb. Nəsil-nəsil insanlarımız Üzeyir
Hacıbəyli incilərini dinləyib, duyğulanıb, sevib
və gələcəkdə də həmişə belə
olacaq. Ancaq Üzeyir bəyin özünün həyatı da,
keçdiyi yol da bir ayrı dastandır. Millətimiz gərək
bu macəralı ömrü bütün acısı və
şirini ilə yaxşı bilə. Bu, heç də sadə
və onun bizə əbədi sovqatı olan musiqisi kimi gözəl
ömür deyil.
Üzeyir
bəy dünyadan qocalaraq getməyib. Həyatdan ahıl
yaşında ayrılanda isə onun vücudu ömrün son
28 ili ərzində adətən üzə vurmadan
keçirdiyi saysız sarsıntıların, içərisini
gəmirən nigaranlığın, arası kəsilməyən
xofun nəticəsi olan ən müxtəlif ölümcül
xəstəliklərlə dolu idi.
Üzeyir
bəyin vəfatından 70 gün qabaq - 1948-ci il sentyabrın
14-də respublika Səhiyyə Nazirliyi yanında Xüsusi
Müalicə-Sanitariya İdarəsinin rəisi, doktor Belenki xəstənin
vəziyyəti haqda professorlar Afonski, Yeqorov, Abdullayev, Emin
Əfəndiyev, həkimlər Argentov, İdelson, Osipyan,
Veysov, Əhmədovdan ibarət komissiyanın tərtib etdiyi
arayışı imzalayır. Mərəzlər
"buketi" ümidverici nəticə vəd etmirdi:
"Ürək astması ilə dekompensasiya olan hipertoniya xəstəliyindən,
arterosklerozdan, miokardio-sklerozdan, nefro-sklerozdan, diabetdən və
keçirdiyi beyin damarlarının trombozundan qalan fəsadlardan
əziyyət çəkir. Xəstəyə dinclik,
medikamentoz və dietik müalicə təyin edilmişdir.
Yaşaması ilə əlaqədar proqnoz qəlizdir,
tutmaların təkrarlanması və digər kəskinləşmələr
təhlükəli ola bilər".
Bu
yaşında və üzdən baxanda sanki rahat keçən
həyatında bir belə azar onun daxilinə
daraşmışdısa, bais insanaqənim siyasi mühit, qəddar
zəmanə idi.
Bu
arayışın yazıldığı gün Mərdəkana
onu yoluxmağa Mərkəzi Komitənin Birinci katibi Mircəfər
Bağırov özü gəlibmiş. Ertəsi gün,
sentyabrın 15-də Üzeyir bəy həmin təşriflə
əlaqədar bir təşəkkür məktubu da yazıb.
Nə
o gəliş təsadüfiymiş, nə Üzeyir bəyin dərhal
minnətdarlıq məktubu göndərməsi.
Moskvadan
Bakıya Stalin zəng vurubmuş, sözarası Üzeyir bəyi
soruşur, səhhəti ilə maraqlanır, vəziyyəti
necədir soruşur. Soruşan Stalin idisə, quruca sözlə,
"yaxşıdır", "babatdır",
"müalicə alır" və belə-belə ümumi
ifadələrlə ötüşmək olmazdı. Verilən
cavabın dürüstlüyünü təsdiq edən sənəd
də olmalı idi və Stalin xəstənin halını xəbər
alırdısa, demək, Bağırovun daha artıq diqqət
göstərməsi mütləq idi. Öz xoşu ilə gələn
idisə, bu ziyarəti elə daha əvvəlki günlərdə
və həftələrdə də etmək
mümkündü.
Gəlir,
Stalinin onun halı ilə maraqlanmasını Üzeyir bəyə
çatdırır və görünür, məsləhət
də olur ki, bu qayğıya və diqqətə görə
təşəkkür məktubu yazmaq yerinə düşər.
Bu,
ölüm yatağında olan canlı Üzeyir bəyin ən
axırıncı yazılarından biridir. 1948-ci il
sentyabrın 16-da imzaladığı minnətdarlıq məktubu:
"Əziz, möhtərəm Mir Cəfər! Sizinlə Mərdəkanda
olan və məni çox həyəcanlandırmış
görüşümüzün unudulmaz təəssüratı
altında mənə göstərdiyiniz daimi səmimi diqqətə
görə sonsuz təşəkkürlərimi ifadə etməyə
söz tapmıram. Moskva altında və burada təsəvvür
edilə biləcək ən yaxşı şəraitdə
keçən uzunmüddətli müalicəm əsnasında
Sizin şəxsimə ürəkdən göstərdiyiniz
qayğını daim hiss etmişəm.
Mən
hədsiz şadam və Sizin böyük rəhbər
İosif Vissarionoviç Stalinin mühüm dövlət
işləriylə ifrat məşğulluğuna baxmayaraq, səhhətimlə
maraqlanması haqda məlumatınız məni qəlbimin dərinliklərinədək
duyğulandırdı. Bu atalıq qayğısı məni həddən
ziyadə ruhlandırır və ilhamlandırır. Çox
heyifsilənirəm ki, uzun müddət davam edən xəstəliyim
müvəqqəti olaraq yaradıcılığıma mane
olub. Amma ümid edirəm ki, səhhətim imkan verən kimi mən
yenidən qələmə sarılacağam, böyük
Stalinə və Vətənimizə sonsuz məhəbbətimi
musiqidə ifadə edəcəyəm".
...Üzeyir
bəy haqqında cild-cild kitablar var. Amma vaxt ötdükcə
hökmən yeni-yeni cildlər də yaranacaq. Onun haqqında
filmlər var, yeniləri də mütləq çəkiləcək.
Üzeyir bəyin bir çox əsərləri var ki, hələ
heç üzə çıxarılmayıb, indinin musiqisevərinə
təqdim olunmayıb. Amma geci-tezi var, olunacaq, onları
insanlarımız görəcək, eşidəcək, dinləyəcək,
bunlarla Üzeyir bəyə bir qədər də
yaxınlaşacaq, ölməz sənətkara
heyranlığı daha da artacaq.
Ancaq
hər yolun bir başlanğıcı olur. Üzeyir bəy
haqqındakı ilk sanballı kitab 1955-ci ildə, Üzeyir bəyin
onsuz gələn 70 illiyi ərəfəsində nəşr
edildi. Ancaq özü həmin əsərin yazılmasından
xəbərdar idi və mümkündür ki, hansısa fəsilləri
ilə tanışmış da. Həmin kitabın müəllifi
Xurşid xanım Ağayeva (1906-1953) idi.
Xurşid
xanım Azərbaycan Cümhuriyyətinin qurucularından olan,
dilindən İstiqlal Bəyannaməmiz ilk dəfə səslənmiş,
Azərbaycan Məclis-i Məbusanına - ilk parlamentimizə rəhbərlik
etmiş Həsən bəy Ağayevin (1875-1920) doğmaca
qızı idi. Üzeyir bəy Xurşid xanımın
atasıyla elə Cümhuriyyət dönəmindən sıx
və məhrəm münasibətlərdə olmuşdu və
bu qızı lap kiçik yaşlarından
tanıyırdı, sonra ona dərs də dedi, ardınca
oldular həmkar və daha sonra da Üzeyir bəyin rektorluq
etdiyi konservatoriyada 1944-46-cı illərdə Xurşid elm və
tədris üzrə prorektor vəzifəsində
çalışdı.
Və
elə o vaxtlarda artıq Üzeyir bəy haqqında
monoqrafiyasını yazmağa başlamışdı.
Xurşid
xanım bu əsər üzərində işləyirdi, əlbəttə
ki, nə o özü, nə Üzeyir bəy yaxın
ölüm haqqında düşünərdilər, o da, bu da
həmin kitabın buraxılmasını görəcəkləri
ümidində imişlər. Ancaq əcəl niyyəti
qabaqlayır - 1948-ci ildə Üzeyir bəyin ömür yolu
vaxtsız qırılır, 5 il sonra isə amansız mərəz
cavan yaşlı Xurşid xanımı da aparır.
Xurşid
xanımın Üzeyir bəyin sağlığında və
ölümündən sonra onun haqqında qələmə
aldığı çoxsaylı araşdırmalarını
qovuşduraraq dissertasiya kimi müdafiə etmək məqsədi
də varmış. Bu da qismət olmur.
Xurşid
xanımın həmin yadigar kitabının işıq
üzü görməsi Üzeyir bəyin yetirmələrindən
olan və ona həmişə övlad məhəbbəti bəsləmiş,
Xurşid xanımın da xətrini sağlığında
da, ölümündən sonra da uca tutmuş unudulmaz bəstəkarımız
Süleyman Ələsgərovun (1924-2000) sayəsində
gerçəkləşmişdi.
Xurşid
xanımın yas günlərindən birində Süleyman
müəllim onun həyat yoldaşı, Tibb İnstitutunun
rektoru olan Bahadur Eyvazova (1907-1987) deyir ki, gərək Xurşid
xanımın monoqrafiyasını buraxaq (Xurşid
xanımın birinci əri Həsən bəy Ağayevlə
Məclis-i Məbusanda birgə işləmiş, daha sonra
Cümhuriyyət dönəmində Azərbaycanın ilk əmək
naziri vəzifəsini tutmuş, sovet dönəmində də
elm və təhsilin inkişafında əhəmiyyətli xidmətləri
olmuş və Mircəfər Bağırovun şəxsən
qətlə yetirdiyi Əhməd Cövdət Pepinov-Ömərbəyov
(1893-1938) olmuşdu. Bir vaxtlar həmin Bahadur Eyvazov da onun katibi
vəzifəsində işləmişdi).
Süleyman
müəllimin bu sözündən sonra Bahadur 1954-cü ilin
fevralında, həyat
yoldaşının qırxı çıxandan bir neçə
gün sonra Xurşid xanımın Əhməd bəydən
olan qızı Sevda xanıma və Xurşidin bacısı,
dilçi alim Nəzakət Ağazadəyə (1910-1979) zəng
vurub onları evə dəvət edir, Xurşidin Üzeyir bəylə
əlaqədar bütün əlyazmalarını onların
qarşısına qoyur, xahiş edir ki, sahmana salıb kitab
halına gətirsinlər.
(Xurşid
xanımın bütün arxivini vərəq-vərəq mən
də çevirmişəm, nəşr edilmiş həmin
monoqrafiyanı da oxumuşam və hiss etmişəm ki, tam
sistemləşdirilməmiş fəsillərdən, rabitəsiz
məqalələrdən, qeydlərdən ibarət materiallar
toplusunu mükəmməl bir kitaba çevirmək, lazım
olan məqamlarda boşluqları doldurmaq, mənbələri bərpa
etməkçün Sevda və Nəzakət xanımlar nə
qədər əziyyətə qatlaşıblar).
İlkin
mərhələni onlar yerinə yetirir, sonra əlyazma verilir
Süleyman müəllimə. O vaxtlar Mədəniyyət
Nazirliyi İncəsənət İşləri İdarəsinin
rəisi işləyən Süleyman Ələsgərovun
özü və Xurşid xanımın musiqişünas tələbələri
- Qəmər İsmayılova, Əminə Eldarova, bir də bəstəkar
Zakir Bağırovdan ibarət dəstə əvvəldən-sonacan
əsərə yenidən əl gəzdirirlər.
Amma
kitab heç bir nəşriyyatın planında yox idi və
sovet dövründə qayda belə idi ki, gərək
qabaqcadan müraciət edib əlyazmanı təhvil verəsən,
zəruri redaktə mərhələlərini adlayasan,
çap növbəsinə düşəsən və sonra
illərlə kitabının çıxmasının
intizarında olasan. Bu gözləmə ən xoşbəxt halda
kitabın 2 il sonra buraxılması ilə nəticələnə
bilərdi.
Bəs
neyləməli? Azərnəşrdə onlara fəndi
Qılman İlkin öyrədir: "Teatr Cəmiyyətindən
məktub gətirin ki, onların sifarişidir, növbəsiz
buraxaq".
Süleyman
müəllim dikəlir Teatr Cəmiyyətinin sədri Rza Təhmasibin
yanına və məktubla qayıdır.
1955-ci
ilin sentyabrında kitabın siqnal nüsxəsi işıq
üzü görür. Hələ bütün tiraj
hazırlanıb qurtarmamış konservatoriyada bu kitabın
müzakirəsinin keçiriləcəyi haqda elan
asılır. Nadürüstlər baş
qaldırıbmış - Üzeyir bəy haqda ilk
monoqrafiyanın əlüstü müzakirəsini keçirməkdə
məqsəd sevinci bölüşmək yox, balta
çalmaqmış. Kitabın titul səhifəsində
"Üzeyir Hacıbəyov" kəlmələrindən
sonra mötərizədə "Jiznğ i tvorçestvo
velikoqo Azerbaydjanskoqo kompozitora" ("Ulu Azərbaycan bəstəkarının
həyatı, fəaliyyəti və
yaradıcılığı" yazılmışdı). Bədxahların
etirazı "velikiy" - "ulu" kəlməsinəymiş.
İşə
o zaman akademiyanın vitse-prezidenti olan Səməd Vurğun
qarışır: "Müəllifi həyatda olmayan
kitabın nə disputu? İradlarınızı kimə deyəcəksiniz?
Lap, tutalım, hansısa nöqsanlar tutdunuz, onları kim gəlib
düzəldəcək? İkincisi də, o müzakirə
keçirilsə, gəlib özüm çıxış edəcəyəm
ki, Üzeyir Hacıbəyov Azərbaycanın yox,
dünyanın ən ulu bəstəkarlarından biridir"
(Bunu da Süleyman müəllim danışırdı ki, Səməd
Vurğun bu məsələylə bağlı Qara Qarayevə
zəng çalanda sözünü rusca demişdi, rusca daha dəqiq
və tutarlı səsləndiyi üçün həmin ifadəni
də onun dilindən qopan kimi gətirirəm - "Odin iz
veliçayşix").
Üzeyir
bəy də, Xurşid xanım da sağlıqlarında rəzil
həmlələrə az məruz qalmamışdılar.
Ölüb getmişdilər, dövr dəyişmişdi,
ancaq müəyyən siyasi qüvvələr, gözəgörünməz
qara əllər onlara qarşı məkrini davam etdirirdi. Yenə
tək-tük baş qaldıran qanqallar onları - bu dəfə
artıq xatirələrini - dalamaqda davam edirdi. Nə acı
ki, belələri həmişə olub və bundan belə də
olacaq, heyiflər ki, belədir!
Üzeyir bəy ilk gəncliyindən
həyatının sonunacan sıxıntıları, çətinlikləri,
təqibləri az görməmişdi. İndi həyatda yox
idi, həmin sıxıntılar, həmin təqiblər yenə
davam edirdi. Belə-belə hadisələri yaddaşda
sıralayanda, Üzeyir Hacıbəylinin sovet dönəmindəki
ömrünü göz önünə gətirəndə
bunu da düşünürsən ki, hər halda millətimiz
bəxtəvərdir ki, dahi Ustadın, heç olmazsa, bu qədər
yaşamaq və yaratmaq möhləti olub. Çünki qansız
bolşevik dönəmində Üzeyir bəyin həyatına
istənilən anda nöqtə qoyula bilərdi. 1920-ci ilə
qədər hər il azı bir-iki böyük əsər,
bolluca elmi və publisistik məqalələr yazan Üzeyir
Hacıbəyli 1920-ci ildən ta 1930-cu illərin əvvəllərinə
qədər susur. Heç bir böyük əsər
yaratmır. Çünki mütəmadi səksəkədə
idi, ardınca gəlinəcəyini, məhv ediləcəyini
hər gün gözləyirdi.
Bugünü
ilə bərabər üzücü müddət boyunca onun
ortaya qoyduğu yeganə böyük əsər "Azərbaycan
xalq musiqisinin əsasları"dır. Bu da onun konservatoriyada
oxuduğu mühazirələri əsasında yaranmış
elmi-nəzəri araşdırma idi ki, hansısa sözünə
mız qoymaq, cümlələrində sətiraltı məna
axtararaq siyasi bəhanələrlə onu suçlamaq
müşkül idi (Əslində gərək
"mümkünsüz" idi yaza idim. Ancaq həmin
dövrün davranış ədaları və rəzil
günahlandırma üsullarından agah olduğumdan o cür
yazdım. Çünki şəkk yoxdur ki, istəsəydilər,
bu kitabdan da sovetə qarşı ideoloji düşmənçilik
əlamətləri tapıb çıxarardılar).
Vahimə
məngənəsində, ürəkdə qalıb üzə
çıxmayan yeni əsərlərsiz yaşanmış bu
dövr də Üzeyir Hacıbəylinin onsuz da sürəkli
olmayan ömrünün bihudə itirilmiş
parçasıdır. Amma ona görə bəxtiyarıq ki, o
illər Üzeyir Hacıbəylini girdabına çəkə
bilmədi. Çünki həbs olunsaydı, ona da "xalq
düşməni" damğası vurulsaydı, ortada olan
bütün əsərləri də, əlyazmaları da, məktubları
da silinib-süpürüləcəkdi, musiqisinə də millət
bəraətlər mövsümü yetişənəcən
həsrət qalacaqdı. Üzeyir Hacıbəyli o
fırtınalardan, o zaman cəngəlliyindən mərdanə
çıxdı. Bu gün Üzeyir bəy artıq
tarixinkidir və tarixin olan Üzeyir bəy həmişə də
tarixlə qoşa yaşayacaq.
Üzeyir
bəyi candan sevən, ilk gənclik illərindən ondan
gördüyü qayğıların ibrəti ilə sonra həyatı
uzunu özü də xeyirxahlıqlar etməkdən usanmayan
Süleyman Ələsgərovun unutmadığım sözləri
var. Söyləyirdi ki, əsatir 124 min peyğəmbərin
olduğunu deyir, peyğəmbərlərin də
hamısı müqəddəsdir, ancaq biz onların heç
birini görməmişik. Ancaq Üzeyir bəyi ki,
görmüşük. Peyğəmbərlərə aid edilən
keyfiyyətlərin, müqəddəslik xüsusiyyətlərinin
hamısı bu insanda vardı. Odur ki, bizim nəzərimizdə
o, peyğəmbər kimi insandı.
Bunu
canlı şahid, Üzeyir bəyi ən yaxından
tanımış insanlardan biri söyləyirdi. Və mən
o sözlərin həqiqətini qəbul edirəm.
Həmin
müqəddəslik işığı Üzeyir bəyin
kino-xronikalardan, fotolardan bizə baxan çöhrəsində
də var. Hər gün ömrümüzü müşayiət
edən musiqisində də, qələmindən çıxan
hər bir əsərdə də.
Və
nə qədər ki o nur bu millətlədir, Azərbaycanın
işığı heç vaxt əskilməyəcək.
...Üzeyir
bəy fitrətdən millətpərvər, vətənsevər
insan idi. Dünyanın istisini-soyuğunu görəndən
sonra deyil, elə gəncliyindən ağırbatman ağsaqqal
kimi düşünürdü. Sübutu Üzeyir bəyin XX
yüzilliyin başlanğıcında qəzetlərdə
qalan məqalələri, o yazılardan saçan müdriklik,
düşüncənin heyrətamiz miqyaslarıdır.
1906-1907-1908-1909-cu
illərdə Üzeyir bəy yaşı 20-ni yenicə
ötmüş gənc idi. Ancaq həmin dövrdə qələmə
aldığı yazıları oxuyan onu 50-60 yaşından
cavan saymaz, ağsaqqal da olmasa, azı püxtələşmiş
ahıl bir insan hesab edər. Fikir dolu hər cümləsində,
yükü ağır qənaətlərinin hər birində
millət ağrısı, yurdunu daha çiçəklənən,
daha mütərəqqi, daha məsud görmək canatması
var. İstəyir ki, xalqı, yaşadığı məmləkət
qüsurlardan arıtlansın, dünyanın irəli
getmiş xalqlarıyla ayaqlaşa bilsin.
Sovet
dönəmində Üzeyir bəyin çoxcildliyi nəşr
olunmuşdu. O cildlərdə Üzeyir bəyin
ayrı-ayrı musiqi əsərləri, librettolarıyla
yanaşı, XX əsrin əvvəlində qəzetlərdə
dərc edilmiş məqalələri də yer alırdı.
Təbii ki, hamısı yox, heç çoxu da deyil, təkəm-seyrək
seçmələri. Seçmələri də guya ən
yaxşısını götürmək mənasında etməyiblər.
O yazıların çapını uyğun sayıblar ki,
bunlar sovet senzurasından keçə bilərdi. Hətta həmin
yazıların da bir çoxunda düzəlişlər ediblər,
ayrı-ayrı parçaları qayçılayıblar, bir
sözü, ya ifadəni dəyişməklə müəllifin
mövqeyini, baxışını təhrif ediblər.
Bunu
həmin dövrdə o kitabları nəşrə
hazırlayanları qınamaq qəsdi ilə demirəm. Nə
etmək ki, zəmanə o cürdü, nəyisə üzə
çıxarmaq istəyin vardısa, gərək itkilərə
də hazır olaydın. Yoxsa heç o çap olunanlar da
müasirlərə görünmədən hər kəsin əli
çatmayan arxiv künc-bucağında mürgüləyərdi.
İndi
təsəvvür edin ki, yazıldığı vaxtdan 60-70 il
ötəndən sonra da Üzeyir bəyin XX yüzilin əvvəllərində
mətbuatda dərc edilmiş yazıları hakimiyyəti
siyasi nöqteyi-nəzərdən
qıcıqlandırırdısa, müəyyən fikirlərin
üzə çıxmasını hətta XX əsrin
ortalarını adlayandan sonra da rəva bilmirdilərsə,
görün o yazılar hansı kəskinlikdə imiş.
Vətən
və millət təəssübkeşliyi Üzeyir bəyin o
illərdəki məqalələrinin başlıca qayəsidir.
Bir çox yazılarında qaldırdığı ümdə
məsələ ana dilinin aqibəti idi. Ağıllı
adamdı, gözəlcə anlayırdı ki, milləti millət
edən ən vacib dayaq onun ana dilidir. 1909-cu ilin martında
"Tərəqqi" qəzetində dərc edilmiş məqaləsində
"Yeni üsul-i təbii haqqında bir neçə
söz" sərlövhəli silsilə məqalələrindən
birində yazırdı ki, "Qafqazda türk dilini mükəmməl
bilənlərdən Əli bəy Hüseynzadə cənabları
dəfələrlə qəti surətdə elan etmişlər
ki, türk dilində "hansı ki", "hansılar
ki" sözü yoxdur. Mən də deyirəm ki, bu
sözü tərcümə üsuli ilə dərs verən
müəllimlər rusun "kotorıy" kəlməsini tərcümə
etmək üçün özlərindən
çıxardıblar. Onun istemalı dil üçün
lüzumsuz bir ağırlıqdır".
Üzeyir
bəy əslində rusdilli idi. Qori seminariyasında tədris
rusca idi və orda kənd-kəsəkdən rusca bir kəlmə
bilmədən oxumağa gələnlərə həmin dili
qısa müddətdə kamil səviyyədə mənimsətməkçün
hətta öyrəncilərin öz aralarında ana dilində
danışmasına görə cəza da tətbiq edilirdi. Və
mən buna millətçi don geydirməyin əleyhinəyəm,
əksinə, Qoridəki təlimin düzgün şərtlərindən
biri sayıram. Üzeyir bəy də orda ruscanı təmiz
öyrənmişdi. Sonra məktəbdə də rusca dərs
demişdi, gedib Peterburqda təhsil almışdı. Orda da, təbii
ki, rusca oxumuşdu. Sonralar içərisində
yaşadığı mühit, elə
çalışdığı konservatoriya da elə idi ki, dəvət
olunmuş müəllimlərin əksəriyyəti rusdilli
idi. Üzeyir bəyin qardaşı Ceyhun Hacıbəyli ilə
məktublaşmalarını oxumuşam. Bir-birinə
yolladıqları kağızların əksəriyyətini
rusca yazıblar. Ancaq Üzeyir bəyin də, Ceyhun bəyin də,
elə Mirzə Cəlilin də, Əbdürrəhim bəy
Haqverdiyevin və həmin dövrün qabaqcıl
ziyalılarının çoxunun da ruscası nə qədər
mükəmməldirsə, azərbaycancası da, üslub
sarıdan, bədiilik baxımından o qədər gözəldir.
Yəni bu insanlar ana dilini də, bildikləri digər dilləri
də çox mükəmməl şəkildə mənimsəmişdilər.
Ona
görə də Üzeyir bəy 1909-cu ildə "Tərəqqi"dəki
həmin məqaləsində şikayətlənirdi ki,
"öz türk dilimizi bilmirik və bilmədiyimiz
üçün də bədbəxt dilimizi daha da xarab
edirik".
İstəmirdi
ki, millətin ruhu zədələnsin, dilimizə hər
hansı xələl gəlməsinə dözmürdü.
Üzeyir
bəy həmin düşüncələrini qəzet səhifələrində
xalqa çatdıranda 23 yaşında idi, artıq gəlib
140-nı da haqladı. Aralıqdakı bir əsrdən
artıq müddətdə nə qədər dəyişmişik?
Cavabı tapmaqçün mətbuatımızı
açmaq, nəşr edilən kitabları vərəqləmək,
efirləri dinləmək, ayrı-ayrı insanların
çeşidli mərasimlərdəki çıxışlarına,
rəsmi kürsülərdən edilən nitqlərinə, elə
çöldə-bayırda camaatımızın gündəlik
danışığına qulaq asmaq yetər. Şahid kəsiləcəksiniz
ki, həmin alaq otları - "hansı ki, hansılar ki" kəlmələri
bu gün də dildə işləkdir. Üzeyir bəy, onun məsləkdaşları
100 ildən də əvvəl mübarizə aparırdılar
ki, qanqal sözlər dilimizi zibilləməsin, o qəbil
sözlər dilimizin saf havasını korlayaraq türkcəmizin
qayda-qanunlarına xətər yetirməsin. Belə-belə kəsirlər
və Üzeyir bəyin bir əsr bundan qabaq aradan getməsini
arzuladığı qüsurlar yenə qalmaqdadırsa, demək,
onun oyanmağa çağıran əsərlərinə hələ
bundan belə biz dönə-dönə qayıtmalıyıq.
...Üzeyir
bəy yaratdıqlarıyla öz portretini çəkmiş rəssam
idi. Əsərləri ilə sağlığında
özünə abidə ucaltmış heykəltaraş idi.
Ancaq sağlığında da, həyatdan gedəndən sonra
da Azərbaycanın müxtəlif nəsil rəssam və
heykəltaraşları Üzeyir bəyin surətini
fırçaya almağa, heykəlini düzəltməyə
çalışıblar. Bir-birindən gözəl rəsm əsərləri
də, portretlər də, heykəltaraşlıq nümunələri
də az deyil. Rəssamlarımızın, heykəltaraşlarımızın
hər yeni nəslinin Üzeyir bəyin surətini yaratmağa
soyumaz meyil göstərməsi yalnız bir dahi şəxsiyyətə
olan maraqla məhdudlanmaz. Sənətin müxtəlif sahələrində
də, elmdə də, ictimai-siyasi həyatın dürlü
sahələrində də bizim tarixdə əbədilik
qalmağa layiq şəxsiyyətlərimiz bəs deyincədir.
Ancaq Üzeyir bəyin çəkiciliyi başqa heç bir kəsin
cazibəsi ilə müqayisə edilə bilməz. Zənnimcə,
bunun sirri ondadır ki, Üzeyir bəy varlığıyla,
yaratdıqlarıyla Azərbaycanın rəmzi olan bir
insandır. Üzeyir bəyin şəklini çəkən,
Üzeyir bəyin heykəlini düzəldən əslində
öz içərisində Azərbaycanın şəklini
çəkdiyini, Azərbaycanın bir abidəsini düzəltdiyini
fərz edir.
Mikayıl
Abdullayev (1921-2002) Azərbaycanın boyakarlıq tarixinin zirvələrindən
biri idi, həmişə də o yüksəkliyini hifz edəcək,
bəlkə gələcəkdə indikindən də
artıq sevilib qiymətləndiriləcək.
O da
Üzeyir bəyin həm şəxsiyyətinə, həm
yaradıcılığına dərin rəğbət və
məhəbbət bəsləyirdi, dahimizin portretini də bir
neçə dəfə çəkib.
İlk
portreti çəkməyə o, 1943-cü ildə
başlamışdı. Danışırdı ki, Üzeyir bəyin
portretini yaratmaq üçün ona müraciət edənlər
çox olmuşdu. Ancaq kim bu xahişlə ona
yaxınlaşmışdısa, hamısından imtina
etmişdi.
Kim
bilir, bəlkə də sənət məsələlərində
çox vasvası və tələbkar olan Üzeyir bəy
düşünürmüş ki, ürəyi istəyən
kimi alınmayacaq, poza verməyə sərf etdiyi vaxt da
itmiş olacaq, könül açmayan nəticə də
dilxorçuluq gətirəcək? Ya bəlkə hansısa rəssamın
onun portretini çəkməyə kifayət qədər
uğurlu olmayan cəhdi Üzeyir bəydə bu tərəddüdü
yaratdığından sonrakı müraciətləri imtina,
ya etirazla qarşılayırmış? Mikayıl Abdullayevsə
muzeydən sifariş almışdı, ona işi təhvil
verməyin son müddəti də söylənmişdi, odur
ki, gərək nəyin bahasına olur-olsun portreti çəkə
idi. Çıxış yolunu Ramazan Xəlilova (1901-1995)
müraciət etməkdə görür. Sonralar Üzeyir bəyin
ev muzeyinin direktoru olan Ramazan Xəlilov o dövrdə rəsmən
Üzeyir bəyin köməkçisi idi və Mikayılla
da, yaş fərqlərinə baxmayaraq, dostmuşlar.
Ramazan
Xəlilov Mikayılın yaradıcılığına
yaxşı bələd olduğundan əmin imiş ki, onun
çəkdiyi Üzeyir bəyi qane edəcək. Ona görə
Üzeyir bəyə dil tökür və onu razı
salmağı bacarır.
Mikayıl
Abdullayev danışırdı ki, Üzeyir bəyin yanına
gəlmişdim, çox da həyəcanlı idim. Kresloda
yayxanaraq sərbəst əyləşmişdi. Elə görən
kimi gərginliyimi hiss edərək vəziyyəti bir qədər
yumşaltmağa çalışdı.
Gülümsündü ki, necə istəyirsənsə, de, o
təhər əyləşim.
"Qayıtdım ki, elə belə
yaxşıdır, rahat əyləşin, öz fikirlərinizlə
olun, mən də çəkəcəyəm".
Mikayıl
müəllim xatırlayırdı ki, Üzeyir bəy
qarşı tərəfdə əyləşmişdi, mən
də kömürü götürüb eskiz etməyə
başladım. Üç dəqiqə-beş dəqiqə
işləmişdim ki, Üzeyir bəy dilləndi: "Afərin,
yaxşı çəkirsən, əməlli-başlı
oxşadırsan".
Üzeyir
bəy belə deyəndə gənc rəssam heyrətə
düşür. Axı o, qarşı tərəfdə
oturmuşdu. Mikayılın çəkdiyini nə təhər
görə bilərdi?
Mikayıl
müəllim yada salırdı ki, Üzeyir bəy elə deyəndə
bir tərəfdən sevindim, ancaq sevincdən daha artıq mat
qaldım, istər-istəməz qanrıldım arxa tərəfə
ki, bəlkə orda güzgü var, mənim çəkdiyim əks
olunur, Üzeyir bəy də onu görür. Baxdım ki, yox,
güzgü-filan yoxdur.
"Üzeyir
bəyin necə bəsirətli insan olduğu haqqında mən
əvvəldən eşitmişdim. Elə bu səbəbdən
onun yanına gələndə çox təşviş
keçirirdim. Ancaq bu qədərini də gözləmirdim.
Üzeyir bəyin əks tərəfdə otura-otura mənim
necə çəkdiyimi görə bildiyini düşünəndə
lap heyrətə düşdüm. Məndə belə bir təsəvvür
yarandı ki, bu kişi hər şeyi görür, yəqin,
ürəyimi də oxuyur. Ona görə hətta fikirləşməyə
belə qorxurdum. Eskizi eləyib qurtarandan sonra keçdim
boyalara. Bir neçə saat keçəndən sonra Üzeyir
bəy qalxdı ayağa, keçdi mən tərəfə,
baxdı, dedi, hə, gözəl alınır.
Və
məni arxada qalan bir neçə saat ərzində hər an
düşündürən sualın da cavabını elə
özü vermiş oldu. Davam etdi ki, sən bayaq kömürlə
işləyəndə işıq düşürdü, kətan
da nazik olduğundan nə çəkdiyini görürdüm,
amma boyalar artandan sonra daha çəkdiyin görünmədi,
ona görə qalxdım ki, görək nə yarada bilmisən.
Baxıram ki, babat alınır. İmkan olsa, sonra bunun bir surətini
də mənimçün çəkərsən. Çox
sevindim. Dilləndim ki, Üzeyir bəy, yox, elə mən bunu
sizin üçün saxlayaram, muzeyə yenisini işləyərik".
Mikayıl
müəllim bir neçə günə portreti tamamlayıb
Üzeyir bəyə hədiyyə edir, ancaq o biri tərəfdən
də hər gün muzeydən xəbər göndərirmişlər
ki, Üzeyir bəyin portreti necə oldu? Ona görə də
ləngimədən Üzeyir bəyin növbəti portretini
çəkməyə hazırlaşır. Bu dəfə necə
oturmağı Üzeyir bəy özü müəyyənləşdirir.
Keçir kabinetindəki iş masasının arxasına,
deyir ki, obiri portreti təkrarlamayaq, bu dəfə də belə
çək, qoy fərqli olsun.
Bu,
Mikayıl müəllimin səsidir, bir vaxtlar mənimlə
üzbəüz oturub söylədiklərini indi onsuz,
maqnitofondan dinləyirəm: "Üzeyir bəy iş
masasının arxasında əyləşmişdi, dal tərəfində
də divardan bir xalça asılmışdı.
Başladım çəkməyə. Üzeyir bəyin
işimi bəyənməsindən ruhlanaraq bir az da həvəslə,
muzeyin də xəbərdarlıqlarını xatırlayaraq
bir qədər də yeyin işləyirdim. Qısa müddətə
bu portreti də tamamladım. Ancaq iş elə gətirdi ki, həmin
günlərdə Üzeyir bəy xəstələndi və
üç gün işə çıxmadı. Mən də
muzeyə təhvil verməmişdən əvvəl istəyirdim
ki, Üzeyir bəy son dəfə portretə baxsın, "hə"sini
versin. Ancaq rənglər də gərək quruya idi. Ona
görə mən portreti Üzeyir bəyin oturduğu stulun
üstünə dik qoydum, arxasını da dayadım
xalçaya. Üzeyir bəyin işə
çıxmadığı həmin günlərdə
baş vermiş bir hadisə dönüb oldu tezliklə
konservatoriyadan da kənara yayılan lətifə".
Mikayıl
müəllim həmin məzəli əhvalatı
şövqlə, hər dəfə bir az da bəzəyərək
nağıl edirdi. Deyirdi ki, Üzeyir bəy işə
çıxmadığı həmin günlərdən birində
evdən tədris işləri üzrə müavininə zəng
vuraraq masasının üstündəki bir sənədi
götürüb ona göndərməyi təvəqqe edir.
Müavin də xidmətçi qadına tapşırır
ki, gedib Üzeyir bəyin qapısını
açısın, masanın üstündəki qovluğu gətirsin.
Xidmətçi qadın açarı götürüb gedir,
qapını açır, ancaq içəri girmək istəyəndə
diksinib geri qayıdır, direktor müavininə Üzeyir bəyin
özünün işdə olduğunu, kabinetində əyləşdiyini
söyləyir. Konservatoriyanın direktor müavini məəttəl
qalır ki, necə yəni Üzeyir bəy kabinetindədir? Bu
dəqiqə onunla telefonla danışmışam, evi ilə
də konservatoriyanın arası filan qədər yoldur.
İki dəqiqəyə ordan uçsa da, bura çata bilməz.
Ona
görə də bu dəfə katibəni yollayır ki, get
Üzeyir bəyin masasının üstündəki
qovluğu gətir.
Katibə
yaxınlaşır kabinetə, əvvəlcə
qapını açmağa cürət etmir, əyilib
açar deşiyindən baxır ki, bəlkə elə xadimə
deyən düzdür, kişi gəlib, otağındadır.
Baxır
ki, yox, elə yazıq xidmətçi qadın
haqlıymış.
Qayıdır
direktor müavininin otağına ki, Üzeyir bəy yerindədir.
Bu dəfə
müavinin lap matı-mutu quruyur ki, axı ola bilməz,
Üzeyir bəylə beşcə dəqiqə qabaq
özüm danışmışam. Özü qalxıb
yönəlir Üzeyir bəyin kabineti tərəfə.
İki
nəfərin gedib-gəlib "Üzeyir bəy yerindədir"
təsdiqləməsindən sonra özündən də
şübhələnərək əvvəlcə
qapını döyür, sonra astaca aralayır. Görür
ki, elə deyilənlər doğruymuş, Üzeyir bəy
masasının arxasındaymış, ancaq özü yox,
portreti.
Qovluğu
açıb sənədi götürür, tez öz
otağına qayıdaraq Üzeyir bəyin mənzil telefonunun
nömrələrini yığır, gülə-gülə
macəranı ona danışır. Üzeyir bəy dərhal
öz qiymətini verir. Qayıdır ki, Mikayılın
çəkdiyi portretə daha mütəxəssislərin qiymət
verməsinə ehtiyac yoxdur, xadimə ilə katibə o əsərin
əsl qiymətini verib.
Artıq
Mikayıl Abdullayevin fırçasına
inandığından Üzeyir bəy sonralar da Mikayıl ona
başqa sifarişlə yeni bir portret işləmək istəyini
bildirəndə "yox" deməmişdi. Lakin bu dəfə
də sərgüzəştsiz ötüşməmişdi.
Görkəmli rəssam yada salırdı ki, Üzeyir bəyin
növbəti portretini təzəcə
başlamışdıq ki, o, Moskvaya gedəsi oldu; iş
yarımçıq qalmasın deyə özünün
çox bəyəndiyi bir fotosunu mənə verdi ki, bax,
bundan istifadə edərsən. Arxasında da yadigar sözlər
yazaraq şəkli mənə verdi, portreti elə həmin foto
əsasında davam etdirdim.
...Mikayıl Abdullayev 1990-cı illərdə
boyakarlığımızın patriarxlarından idi,
dünyada tanınan rəssamdı və 70-ni arxada
qoyduğundan artıq yaşca da Üzeyir bəydən sinli
idi. Lakin ötən günləri ananda, Üzeyir bəyi
xatırlayanda sanki dönüb olurdu illərin
uzağındakı həmin Mikayıl, qayıdırdı hər
dəfə Üzeyir bəyin yanına ustad
qarşısında imtahan verməyə gəldiyi gəncliyinə.
Söyləyirdi
ki, mənə görə evimdə Üzeyir bəyin
bağışladığı fotodan qiymətli heç nə
yoxdur. Deyirdi ki, rəssamam, bir dəfə gördüyüm
şəkil beynimə həkk olunur, amma Üzeyir bəyin
yadigarı olan həmin fotoya tez-tez baxmağa ürəyimdə
bir ehtiyac həmişə var.
Üzeyir
bəydən sonrakı onillərin rəssamları, elə
bizim günlərin boyakarları onun surətini dönə-dönə
yaradıblar. Təbii ki, fotolarına baxaraq, onun
kinoxronikalardakı simasını seyr edərək. Ancaq
Üzeyir bəyin çöhrəsi hər bir azərbaycanlı
kimi, hər bir rəssamımıza da o qədər
doğmadır ki, həmin şəkil əslində hər kəsin
içərisində var. Heç bir fotoya baxmadan, heç bir
kinolenti seyr etmədən də o surəti yarada bilərlər.
Sevgi saçan bu şəkli ürəklərimizə
Üzeyir bəyin millətə ərməğan etdiyi solmaz
incilər həkk edib.
14
sentyabr 2025
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet. - 2025.- 18
sentyabr (№168).- S.10-11.